• cümə axşamı, 28 mart, 18:03
  • Baku Bakı 13°C

Gimnastikamızın Olimpiya ümidi - Portret

24.06.14 11:38 4916
Gimnastikamızın Olimpiya ümidi - Portret
İyunun 13-15-i tarixlərində Bakıda yeni istifadəyə verilən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - XXX Avropa çempionatı keçirildi. 33 ölkədən 300-yə yaxın idmançının iştirak etdiyi bu turnir möhtəşəm açılış və bağlanış mərasimləri, yüksək səviyyəli təşkilatçılıq, medallar uğrunda gərgin mübarizə ilə yadda qaldı. Rio-2016 Olimpiadasına cəmi iki il qalmış, Azərbaycanın belə mötəbər turnirə ev sahibliyi etməsi və bu sınaqdan layiqincə çıxması qürurvericidir. Artıq 3-cü dəfə idi ki, dünya gimnastikasının mərkəzi sayılan Avropa qitəsinin əsas çempionatı paytaxtımızda keçirilirdi və bu dəfə medallara ümidimiz daha çox idi. Sevindiricidir ki, gənc qızlarımız bu vəzifənin öhdəsindən layiqincə gəldilər. Bu yazımızda onlardan biri – cəmi 14 yaşı olmasına baxmayaraq yetərincə qələbələr qazanmış, bir neçə gün əvvəl isə yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı olmuş Jalə Piriyeva haqda danışacağıq.
İdmançı ailəsi və təsadüfən gimnastika

10 may 2000-ci ildə Bakıda anadan olan Jalə, kiçik yaşlarından gimnastika ilə məşğul olmağa başlayır. Uşaqlarını artıq 4 yaşında bu idman növünə gətirən valideynləri qərarlarından peşman olmurlar. Maraqlıdır ki, Jalənin ailəsində yetərincə idmançı var. Nənəsi yüngül atletika və voleybol, bibisi həndbolla məşğul olmuş Piriyevanın dayısı sabiq futbolçudur. Gimnastikaya isə təsadüfən gəlib. Anası Nailə xanım onu hər hansı bir idmana yazdırmaq istəyib. Qarşılarına ilk olaraq gimnastika çıxıb və hər şey də buradan başlayıb. Respublika Kompleks İdman Məktəbinin yetirməsi olan Piriyeva ilk məşqlərdən bacarığını nümayiş etdirə bilib. Həmyaşıdlarından bir baş üstün olan, onları bir neçə xal qabaqlayan Jalə müəllimələrin sevimlisinə çevrilib. Məşqçisi, məşhur mütəxəssis Valentina Ukleina da onda olan potensialı görür və xüsusi diqqət yetirməyə başlayır. Qızımız tezliklə ölkədaxili yarışlara çıxmağa başlayır. 2009-cu ilin fevralında həmyaşıdlarını böyük fərqlə arxada qoyan Piriyeva Bakı çempionu olur. Sonra isə böyük uğurlar özünü gözlətmir.
Çempionluqlar, medallar…

2012-ci ilin fevralında yeni Olimpiya mövsümünün rəsmi açılışında – “Sevgililər günü” ərəfəsində Estoniyanın Tartu şəhərində keçirilən "Miss Valentine" ənənəvi turnirində ilk beynəlxalq medalını qazanan Jalə, top və gürzlərlə yarışda birinci, halqa ilə yarışda isə ikinci yeri tutaraq böyük gələcəyə malik olduğunu nümayiş etdirdi. Cəmi bir ay sonra Macarıstandakı turnirdə 12 yaşlı Piriyeva çoxnövçülükdə öz həmyaşıdlarından texniki və artistlik baxımından bir baş yüksək olur və qızıl medala layiq görülür. İki həftə sonra “Alina Kabayeva Xeyriyyə Fondu”nun təşkilatçılığı ilə Rusiyanın Nijnekamsk şəhərində keçirilən “Alina-2012” beynəlxalq festivalının seçmə mərhələsində gimnastımız hamını qabaqlayaraq mütləq çempion olur. Həmin ayın sonunda Budapeştdə bədii gimnastika üzrə beynəlxalq turnirdə hamıdan çox medalı Azərbaycan qızları qazanırlar ki, onlarına içərisində Jalə də olur. O, çoxnövçülük üzrə turnirdə və topla qalib gəlir, habelə halqa və lentlə hərəkətlərə görə gümüş mükafata sahib çıxır. Qazaxıstanın paytaxtında “Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş beynəlxalq turnirdə də uğurla çıxış edən Piriyeva çoxnövçülükdə ikinci yeri tutaraq uğur seriyasını davam etdirir.
…və yenə də medallar

2013-cü ildə də qələbələr azalmır. Yenidən fevralda Tartu şəhərindəki beynəlxalq “Miss Valentine” turnirinə qatılan gənc qızımız, üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxır (halqa, top, gürzlər), bir dəfə isə lentlə üçüncü oldu. Artıq bu, Azərbaycan və dünya gimnastika səmasında yeni ulduzun parlaması demək idi. Cəmi bir ay sonra Qran-prinin birinci mərhələsi çərçivəsində Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanan Piriyeva, çoxnövçülükdə yerli idmançı və ukraynalı gimnastdan sonra üçüncü yerə (55.383 bal) sahib çıxır. Üstəlik, Jalə ən gənc idmançılardan biri olur və 1998-99-cu il təvəllüdlü özündən böyük gimnastlarla mübarizə aparır. Bu da son deyil. İsrailin Holon şəhərində keçirilən beynəlxalq turnirdə 13 yaşlı gimnast 4 medal əldə edərək adını tarixə yazdırır. O, üç dəfə fəxri kürsünün üçüncü pilləsinə (çoxnövçülük, gürzlər və lentlə hərəkətlərdə) qalxır, turnirin başa çatması ərəfəsində isə topla tapşırıqda gümüş medala sahib çıxır. Lissabonda keçirilən Dünya kubokunun növbəti mərhələsi çərçivəsində beynəlxalq turnirdə fərdi gimnastlardan təşkil olunmuş yeniyetmələrdən ibarət digər komanda ilə dördüncü olan Piriyeva, zirvəyə doğru yürüşünün davam etdirdi. Oktyabrın sonlarında Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva yaşca böyük olan komanda yoldaşları Lalə Yusifova və Marina Durunda ilə birlikdə Yaponiyada başa çatmış klublararası dünya çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edir. Komandanın yekunda yüksək 5-ci yeri tutmasında xidməti böyük olan Piriyevanın özü isə “Tokyo Gymnasium Metropolitan” arenasına toplaşan azarkeşlərin alqış sədaları altında finala çıxaraq gənclərin turnirində 4-cü yeri tutur. Üç həftə sonra İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatında 1998-2000-ci təvəllüdlü iştirakçılar arasında birinci yeri tutan Jalənin bu nəticəsi artıq normal qəbul olunur. Çünki özünü sübut etmiş idmançıdır.
Gözlənilən Bakı zəfəri

2014-cü ildə uğurlar davam etdi. Yenidən Tartudakı yarışda rəqiblərinə aman verməyən Piriyeva, halqa ilə tapşırıqda 2 qızıl medal qazanır. 10 gündən sonra yığmanın bu gimnastları Budapeştə digər beynəlxalq turnirə yollanırlar. Orada da 14 yaşlı bakılı gimnast Jalə Piriyeva halqa və topla tapşırıqda bürünc medal qazanır. Komanda hesabında ikinci yerə layiq görülən qəhrəmanımız, Macarıstanda Dünya Kuboku ilə eyni vaxtda keçirilən beynəlxalq turnirdə komanda hesabında bürünc medal əldə edir. Jalənin aktivində halqa ilə hərəkətlərinə görə bürünc medal da əlavə olunur. 14 yaşlı gimnastımızın hələ startında olduğu karyerasının ən böyük uğuru isə Bakıdakı Avropa çempionatında gəldi. Yeniyetmələrin komanda yarışında Jalə Piriyeva və Züleyxa İsmayılova çıxış etdilər. Onlar əvvəlcə halqa ilə kompozisiya nümayiş etdirdilər. Piriyeva hakimlərdən 16,100 xal alaraq seçmə mərhələdə üçüncü, topla yarışda da yeddinci olaraq final mərhələsinə vəsiqə qazandı. Orada da uğurunu davam etdirən qızlarımız Avropa çempionatını bürünc medalla başa vura bildilər. Üstəlik, Piriyeva fərdi yarışlarda bütün finallara vəsiqə qazanaraq necə universal gimnast olduğunu nümayiş etdirdi. Komanda yarışındakı qələbə onu ruhlandırdı və gümüş medal özünü gözlətmədi. Halqa ilə çıxışlarda 16,300 xal toplayan Piriyeva, yalnız rusiyalı Yuliya Bravikovadan (16,750 xal) geri qaldı. Bütün yarışlarını az qala fasiləsiz, sıx çıxış qrafiki ilə, yəni istirahət etmədən keçirdiyini nəzərə alsaq, Jalənin həqiqətən də böyük uğur qazandığını söyləyə bilərik.
Uğurun sirri – çalışqanlıq!
Gənc olsa da, çox maraqlı bir inancı var Jalənin. Özünün də dediyinə görə, yarışda istifadə etdiyi qırmızı dodaq boyası ona uğur gətirir. Təbii ki, uğurların səbəbi kimi sadəcə bunu qeyd etmək olmaz. Piriyevanın son üç il ərzində mütəmadi çıxış etdiyi yarışlardan medalla dönməsi, onun böyük gələcəyindən xəbər verir. İdman dözümlülük, ağır çalışmalar, fiziki və mənəvi hazırlıq tələb edir. Özü də etiraf edir ki, onun üçün çətindir, ancaq öyrəşib. 14 yaşında günün yarıdan çoxunu məşqlərlə keçirən qızımız, eyni zamanda utancaq biridir. Qələbələri haqda çox danışmağı sevmir, uğurları ilə öyünməyə çalışmır. Olimpiada çempionluğu haqda sualımıza isə qısaca “Allahın köməyi ilə” cavabını verir. Əsl nümunədir.
Portreti
Adının qarşısında “Avropa çempionatının gümüş medalçısı” sözü yazılsa da, o hələ də məktəbli qızdır. Gəncdir, enerji doludur, iddialıdır. Onun hələ 9 yaşında müsahibə verərkən dediyi “Dinarə Gimatovanı üstələyəcəm” cümləsi isə böyük mesajdır. Azərbaycanın ən güclü gimnastlarından olan Gimatovanı - kumirlərindən birini özünə hədəf seçməsi və onu üstələmək istəməsi bir idmançı üçün alqışlanacaq haldır. Çünki istək, qələbənin yarısıdır. Jalə bunu 5 il əvvəl edib, indi də arzusuna doğru inamla addımlayır. Heç şübhə yoxdur ki, bu gedişlə o, Azərbaycan bədii gimnastikasının ən böyük ulduzuna çevrilə biləcək. Çalışqanlığı, əzmi və potensialı buna imkan verir. Portretindən də balaca qız bizə boylanır. Balacadır, ancaq inamlı nəzərləri yuxarı – lap zirvəyə istiqamətlənib. Gözlərində qələbə qığılcımı yavaş-yavaş alova çevrilməkdədir. O, hələ çox uğurlar qazanacaq.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər