• cümə axşamı, 28 mart, 20:33
  • Baku Bakı 13°C

Gəzməyə qərib ölkə...

30.08.13 10:20 4789
Gəzməyə qərib ölkə...
Hər il istirahət mövsümü başlayandan bitənədək insanları düşündürən ən ümdə suallardan biri də “harada, necə istirahət etmək olar”dır. İldən ilə dəyişən qiymətlər, məkanlar da istər-istəməz bu sual ətrafında düşünməyi tələb edir. Bir tərəfdən də televiziya və radio efirlərində, kütləvi məkanlarda qulaq deşən, göz çıxaran reklamlar…
İlbəil statistikalar da, istirahət imkanları da, şərait də fərqli olur. Amma vətəndaşı ən az maraqlandıran da o məlum-məchul statistikadır. Çünki onlar reallıqla az hallarda uyğun gəlir. İstirahət mövsümünün sonuna doğru getməyimizə baxmayaraq, oxucularımız üçün qısa araşdırma apardıq. Görəsən, orta statistik azərbaycanlı yayın davam edən bu cırhacırından qurtulub, ölkənin daxilindəki və xaricindəki hansı istirahət guşələrində dincələ bilər?
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, bu il daxili turizmdə təxminən 7-8 faiz ucuzlaşma proqnozlaşdırılır. Onu da bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin turizm obyektlərində apardığı monitorinqlərin nəticələri yaxın günlərdə açıqlanacaq.
Cənub zonasına “Uzunömürlülər marşrutu” 30-60 manatdır
Yerli turizm şirkətlərinin təqdim etdiyi xidmət və qiymətlərə gəldikdə, şirkətlər arasında apardığımız sorğu göstərir ki, əksəriyyəti Azərbaycanın yox, Türkiyənin istirahət zonaları ilə əməkdaşlıqda maraqlıdır. Çünki həm yerli istirahət mərkəzlərində qiymətlər bahadır, həm də vətəndaşlar ora getməkçün çox vaxt şirkətlərin xidmətindən istifadə etmirlər. Ümumi araşdırmalarımız müəyyən etdi ki, Nabran, Quba, Qax, Şəki, Altıağac, Qalaltı, Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Yardımlı, Lənkəran, Lerikdə yerləşən istirahət zonaları son illər xeyli populyarlaşıb. Sözügedən rayonlardakı istirahət zonalarında bir nəfərin birgünlük istirahəti 30-80 manat arasında pul tələb edir. Qiymət fərqi turistin qalacağı mehmanxanadan (ulduzların sayından), yeməkdən, eləcə də əyləncə şəraitindən asılıdır.
“Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, xarici turistlər Azərbaycanda mövcud olan 8 turizm zonasına - Bakı-Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan, Gəncəbasar, Qarabağ və Naxçıvana aparılırlar. Cənub zonasına “Uzunömürlülər marşrutu” layihəsi işlənərək turistlər cəlb edilib. Bölgədə yüzdən artıq insan bir əsrdən artıq yaşayıb. 95-100 yaş arasında olan şəxslərin sayı isə təxminən 500 nəfərdir. Uzunömürlü şəxslər də turistlər üçün maraq kəsb edir. Xarici vətəndaşlar bir əsrdən artıq yaşayan həmin şəxslərlə təmasda olmağa maraq göstərir. Bölgəyə təşkil edilən turlar zamanı MDB ölkələri, Şərqi Avropa və Almaniya, Türkiyə, İran, Çin və Yaponiyadan turistlər cəlb edilib. Gələn xarici turistlər daha çox Gəncəbasar və Lənkəran-Astara zonasına getməyə üstünlük verirlər.
Nabranda 7 günlük istirahət 1200 manat...
Təbiətinə və populyarlığına görə fərqlənən Nabrandakı istirahət mərkəzlərində 2 nəfərin birotaqlı kottecdə gecələməsi üçün 90-100 manat tələb olunur. Bu məbləğə bütün əyləncələr daxildir - “Aqua Park”dakı istirahətdən başqa. Əgər ürəyiniz gündə 3 dəfə yemək istəsə, adambaşına əlavə 20 manat pul ödəyirsiniz. Uzun sözün qısası, bəzi istirahət mərkəzlərinin bir günü 120-140 manata (ən yaxşı halda) başa gəlir. Deməli, 7 günlük istirahət üçün yol xərcini və sair əyləncəni də nəzərə alsaq, minimum 1200 manat ödəmək lazımdır.
Amma bu, şükürlü qiymətdir. Nabranda “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün 1 günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır.
Zağulbada dənizin yaxınlığında yerləşən istirahət mərkəzlərində isə komfortu ilə fərqlənməyən birotaqlı kottecin birgünlük kirayəsi 40 manat dəyərindədir. Amma kondisionerli, televizorlu, birotaqlı kottec 50 manatdır. İşdir, siz ikiotaqlı kottec arzusundasınızsa, bununçün 60 manat ödəməlisiniz. Burada təkcə səhər yeməyini pulsuz verirlər. Amma nahar və şam turistə “endirimli” tariflərlə başa gəlir.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, istirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropa yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri hotel xidmətlərinə 15-20 manatadək endirim ediblər. Meşələrdə və çayların sahilində yerləşən istirahət guşələrində üçotaqlı kottecin birgünlük kirayə haqqı 90-100 manatdan 70-80 manata endirilib. Beşulduzlu hotellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir.
Antalyada 7 günlük istirahət cəmi 500-600 manata!
Dünya turizminin qəlbinin döyündüyü məkanlar sırasında Türkiyə özünəsməxsusluğu ilə seçilir. Özəlliklə də Antalya, Bodrum, Bələk, Kəmər, Alanya ərazisində yerləşən saysız-hesabsız hotellərlə yerli şirkətlərimizin əməkdaşlığı sayəsində vətəndaşlarımız ora ayaq açmağa başlayıb.
Əslində istirahət üçün bu məkanları seçənlər də haqlıdırlar. Türkiyənin Bodrum vilayətindəki üçulduzlu “Blue Bodrum Beach” hotelində 8 gün/7 gecə istirahət etməyin qiyməti uzağı 380-400 AZN-dir. Bura təyyarə biletləri, gündə üç dəfə yemək, hər cür əyləncədən istifadə etmək, üstəlik, maşınını və özünü qaldığın müddətdə sığorta da daxildir. Bu şərtlər daxilində 4 ulduzlu “Bellacasa Suites” 8 gün üçün 520-550 AZN, 5 ulduzlu “Green Beach Resort”da 600-650 AZN, Antalyadakı 4 ulduzlu “Grand Beauty”da 500-550 AZN ödəmək kifayətdir.
Təbii ki, çox vaxt əhalinin ulduzların sayına aldanmasıyla yanaşı, bu faktora heç bir əhəmiyyət vermədiyi vaxtlar da olur. Turizm şirkətlərindən aldığımız məlumata görə, ulduzların sayına hotelin böyüklüyü, ordakı atraksionlar, yeməklərin növü, spirtli içkilərin çeşidliliyi, uşaqlar üçün əyləncə məkanlarının, habelə hovuzların sayı əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, bəzi üçulduzlu hotellərdə gündə cəmi 2 dəfə yemək verilir, bəzi otaqlarında kondisioner əvəzinə sərinkeş olur, isti-soyuq su müəyyən qrafiklə verilir və s.
Avqustda qiymətlər yüksəlir
Sirr deyil ki, insanların əksəriyyəti istirahətini yayın ən isti ayına - avqusta salır. Bu isə turizm, habelə hava yolları şirkətləri üçün əlavə qazanc imkanları yaradır. Nəticədə iyun-iyul aylarında istirahətlə avqustdakı istirahət arasında minimum 200-250 manat fərq olur. Məsələn, avqustda birbaşa Antalyaya gedib-gəlməkçün təyyarə biletinə 500 manat ödəmək lazımdır. Bu pul istirahət məsrəfinin əsas hissəsini təşkil edir. Bundan başqa, Türkiyədəki hotellərdə avqust ayında sıxlıq olur. Bununla yanaşı, əksər hotellər maraqlı proqramlarını, atraksionlarını, turlarını avqusta saxlayır, habelə həmin aya maksimum hazırlıq görürlər.
Dünya üzrə turist səfərlərində 5 faiz artım qeydə alınıb
Yeri gəlmişkən, Dünya Turizm Təşkilatının dünyada turist səfərləri ilə bağlı 2013-cü ilin ilk yarısı üzrə açıqladığı məlumata görə, hesabat dövründə dünya üzrə 500 milyon turist səfəri qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım deməkdir. Bu göstərici DTT-nin ilin əvvəlində 3-4 faiz artımın olacağı ilə bağlı proqnozlarının, eyni zamanda “Turizmin 2030-cu il perspektivləri” adlı sənədin doğruluğunu göstərir.
Eyni zamanda bu, bazar iqtisadiyyatına keçmiş ölkələrin büdcələrində 6 faiz, iqtisadiyyatı yenicə inkişaf etməkdə olan ölkələrin büdcələrində isə 4 faiz artım deməkdir. “Beynəlxalq turizmin səviyyəsinin yüksəlməsi ilə bağlı proqnozların özünü doğrultması bir daha onu göstərir ki, insanların səyahət etmək istəyi onların iqtisadi vəziyyəti ilə az bağlıdır”, - deyə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai nəticələri şərh edərkən bildirib: “Hər bir ailə ildə bir dəfə səyahət etmək xətrinə öz büdcəsinə qənaət etməyi bacarır. Bu onun sübutudur ki, artıq turizmin iqtisadiyyatın aparıcı istiqaməti olduğunu, həmçinin yeni iş yerlərinin yaranmasında, ölkələrin sosial-iqtisadi inkişafında bu sahənin əvəzsiz rolunu etiraf etməyin zamanıdır”.
Təşkilatın məlumatında ayrı-ayrı regionlar və subregionlar üzrə nəticələrə də toxunulub. İlin altı ayında Avropa üzrə 5 faiz, Mərkəzi və Şərqi Avropa üzrə 10 faiz, Cənubi Avropa və Aralıq dənizi ölkələri üzrə 6 faizlik artım qeyd alınıb. Həmçinin Asiya-Sakit okean ölkələri 6 faiz, Cənub-Şərqi Asiya 12 faiz, Cənubi Asiya 7 faizlik artımla gözlənilən proqnozları doğruldub. Bununla bərabər, regionlar içərisində gözlənilməz nəticə göstərənlər də olub. Belə ki, Cənubi Amerika və Karib dənizi ölkələri turist səfərlərinə görə ən aşağı nəticəni (2 faiz) göstərib.
2013-cü ilin birinci yarısının nəticələrinə görə, Çin 31 faiz, Rusiya isə 22 faiz gəlirlə turizmdən ən yüksək gəlir əldə edən 10 ölkə arasında liderlik edir.
Bu ilin Azərbaycan üzrə cari göstəricilərinə gəlincə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, 2013-cü ilin ilk 6 ayı ərzində ölkəmizin sərhədlərini 1 milyon 196 min 953 nəfər keçib. Azərbaycana gələn turistlərin sayına görə Rusiya ənənəvi olaraq 1-ci, Gürcüstan 2-ci, Türkiyə 3-cü, İran və Ukrayna isə 4-cü və 5-ci yerləri tutur. Belə ki, 6 ayda 418 min Rusiya, 400 min Gürcüstan, 173 min Türkiyə, 70 min nəfərdən çox İran və 24 min Ukrayna vətəndaşı ölkəmizə səfər edib.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər