• şənbə, 20 Aprel, 06:00
  • Baku Bakı 14°C

Geyinib-keçinib, ətirlənib, gülə-gülə cəbhəyə gedən şəhid

20.02.21 11:00 1524
Geyinib-keçinib, ətirlənib, gülə-gülə cəbhəyə gedən şəhid
"Heç vaxt döyüş meydanında kimisə tək qoyub getməzdi”

"Oktyabrın 18-i səhər mənə zəng vurdu, sevinə-sevinə "Füzulini azad etdik, artıq bizimdir” dedi. Düzdür, ondan bir gün öncə Ali Baş Komandan İlham Əliyev Füzulinin azad olunması xəbərini elan etmişdi. Yəni xəbərimiz var idi, amma qələbə xəbərini oğlumun dilindən almaq, üstəlik bu qələbədə onun da payı olduğunu bilmək məni daha da sevindirdi, fərəhləndirdi” – bu sözləri İkinci Qarabağ Savaşının iştirakçısı, şəhid Vüsal Şahmarlı haqqında danışan atası Mərdan Tarverdiyev söylədi.

Daha sonra əmisi ilə əlaqə saxlayır, şad xəbəri ona da çatdırır "Bir neçə dəqiqə sonra hücuma keçəcəyik” deyir və əlavə edir: "Şəhid olsam, mənimlə fəxr elə, qürur duy ki, sənin belə qardaşın oğlu var”. Döyüş yoldaşlarının dediyinə görə, ailəsi ilə danışandan bir saat sonra şəhid olur.
Füzuli şəhərinin düşmən tapdağından azad edilməsində, bu sevincin bütün azərbaycanlılara yaşadılmasında böyük payı olan şəhidimizi yaxından tanıyaq.
Qeyd edək ki, Vüsal Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. Ailəsi Rusiyaya köçdüyü üçün 1-ci sinfə Rusiyanın Tümen şəhərində gedib. 4-cü sinfi bitirəndə, ailə Azərbaycana qayıdır, Vüsal orta təhsilini 138 saylı tam orta məktəbdə davam etdirir. Məktəbi bitirəndən sonra isə 2014-cü ildə hərbi xidmətə yollanır. Qayıtdıqdan sonra isə bizneslə məşğul olur. İkinci Qarabağ Savaşı dövründə isə ehtiyatda olan atıcı əsgər olaraq orduya çağırılır, təlimlərdə iştirak edir, oktyabrın 6-da isə döyüşlərdə iştirak etmək üçün Füzuli rayonuna gedir.
"Şərəflə yaşadı”
Anası Sevər Səfərovanın sözlərinə görə, Vüsal təkcə ailənin sevimlisi deyildi, həm də onu tanıyan hər kəsin sevgisini, hörmətini qazanırdı: "Rusiyada Vüsalın uşaqlığı çox gözəl keçib. Dil, din fərqi olsa da, orda özünə çox yaxşı dostlar qazanmışdı. Həm sinif yoldaşları, həm də yaşadığımız binadakı, məhəllədəki uşaqlarla gözəl münasibəti var idi. Vətənə gələndən sonra da burda çox qısa müddətdə yaxşı dostları oldu, müəllimlərin, sinif yoldaşlarının, məhəllədəki insanların sevgisini, hörmətini qazandı. 24 il bu dünyada qonaq oldu, amma baxıram ki, bu yaşa hər şeyi sığdırıb. Qeyrətli, namuslu, şərəflə yaşadı, ətrafındakıların hörmətini qazanırdı. Hara gedibsə, harda olubsa, həmişə özünə hörmət qazanıb. Çağırış gəlməmişdən 3 gün əvvəl yeni işə düzəlmişdi. Şəhid olandan sonra yas mərasiminə 3 gün birgə işlədiyi iş yoldaşları da gəlmişdilər. Deyirdilər ki, 3 gün bizimlə işlədi, amma qəlbimizdə xüsusi yer tutmuşdu. Deyirmişlər ki, bu necə qeyri-adi insandır? 3 gün ərzində necə insan olduğunu göstərmişdi. Harda 1-2 saatlıq da olurdusa, orda hörmət, sevgi qazanırdı. Fəxr edirəm ki, elə oğlum olub”.
Anası deyir ki, Vüsalın ali təhsil almaq arzusu da olub, amma gerçəkləşmir, o da digər sevdiyi sahəyə - biznesə yönəlir: "Birinci qrupa hazırlaşırdı. Aviasiya Akademiyasına qəbul olmaq arzusunda idi. Birinci il daxil ola bilmədi deyə, hərbi xidmətə getdi. Qayıdandan sonra biznesə yönəldi. Biznesə, ticarətə marağı var idi. Atasının da işi bu sahədə olduğu üçün elə o istiqamətə getdi”.

Sevər xanım bildirdi ki, Vüsal maraqlı gənc idi və zövq alacağı istiqamətlərə köklənirdi: "Rusiyadan qayıdandan sonra cüdoyla məşğul olmağa başladı. 4 il öz istəyi ilə cüdoya getdi. Amma idmanın bütün növlərinə hədsiz marağı var idi və çox növü ilə həvəskar kimi məşğul olub. Fotoqraflığa da həvəsli idi. Fotoqraf deyildi, amma şəkil çəkməyi sevirdi. Başqalarının çəkdiyi şəkilləri bəyənmirdi. İstəyirdi ki, kimsə qəşəng pozalar versin, o da çəksin. Bundan zövq alırdı. Dostlarının qəşəng şəkillərini çəkirdi. Təbiət mənzərələrini, təbiət qoynunda olmağı çox sevirdi. Demək olar ki, Azərbaycanın hər guşəsində olub. Həm vətən sevgisi güclü idi, həm də ümumiyyətlə, səyahət etməyi sevirdi. Xarici ölkələrə tez-tez gedirdi. Məkkəni də ziyarət etməyi arzulayırdı, amma qismət olmadı. Dinli, imanlı uşaq idi. Bizim ailədə hamı namaz qılır, o da özü istəyərək 14 yaşından namaz qılmağa başlamışdı”.
El qeyrəti çəkən oğul…
S.Səfərova deyir ki, Vüsal el qeyrəti çəkən oğul idi: "Sentyabr ayında, hələ heç müharibə başlanması söhbəti yox idi, söz gəldi, Xocalı faciəsindən danışdıq. Vüsal 1996-cı ildə doğulub, Xocalı hadisəsini dərslərdə oxuyub öyrəniblər. Mən həmin gecə ermənilərin Xocalı sakinlərinə, qadınlarımıza, körpələrimizə, qocalarımıza etdiyi işgəncələri danışırdım. Gördüm ki, dərin əsəb keçirir, halı pisləşir. Dedi ki, danışma. El qeyrəti çəkən oğul idi. Döyüşdə iştirak etmək üçün çağırış gələndə də, geyinib-kecindi, ətirləndi, gülə-gülə döyüşə getdi. Rusiyada böyümüşdü, amma vətənə bağlılığı çox idi. Vətəni, bayrağı sevirdi. Bayraq günü, Qurtuluş günü, Müstəqillik günü olanda, sosial şəbəkədə Heydər Əliyevin "Mən fəxr edirəm ki Azərbaycanlıyam” videosunu paylaşırdı. Azərbaycanlı olmağı ilə fəxr edirdi”.

Sevər xanım oğlunun tabutunun onun çiyinləri üstündə getdiyini böyük ağrı ilə qeyd etdi: "Şəhid olmamışdan əvvəl iki yaralı döyüş yoldaşını xilas edib. Onları xilas edəndən bir-iki dəqiqə sonra düşmən arxadan snayperlə vurub. Balamın onurğasından keçib. Elə orda da şəhid olub. Balamın son sözü isə "ana” olub. Mənim tabutum onun çiynində getməli idi, amma tale elə gətirdi ki, mən onun tabutunu çiynimdə aparmalı oldum. Başımın üstündə apardım. Çünki balam şəhid idi. Ağır olsa da, şəhidlik məqamının nə olduğunu bilirəm. Təntənəli günləri çox sevirdi, 18 oktyabr kimi. Elə 18 oktyabrda da şəhidlik zirvəsinə ucaldı”.
"Onu arxam-dayağım bilirdim”
Atası Mərdan Tarverdiyev deyir ki, həmişə Vüsal kimi oğlu olduğu üçün fəxr edib: "Çox qabiliyyətli, qanacaqlı, böyük-kiçik yerini bilən, qohum-əqrəba içərisində hörməti olan oğul idi. Onu arxam-dayağım bilirdim. Elə bir oğul böyütdüyüm üçün fəxr edirdim. Nə isə bir iş tapşırsam, öhdəsindən qısa vaxtda gəlirdi. Sevinirdim, fərəhlənirdim ki, bacarıqlı oğlum var. İndi də fəxr edirəm ki, elə bir oğlum olub. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda döyüşdü və şəhid oldu. Həmişə başımızı uca tuturdu, indi də tutdu”.

Vüsal həm də Aprel döyüşlərinin iştirakçılarından olub. Atası bildirdi ki, Vüsal "kaş müharibə dayanmazdı, torpaqlarımızı geri alardıq” deyirmiş: "Vüsal 2016-cı il aprelin 1-də hərbi xidmətini başa vuracaqdı. Həmin vaxt aprel döyüşləri başladı, o döyüşlərdə də iştirak etdi. Aprel döyüşü qısa müddət davam etdi, həmişə istəyirdi ki, torpaqlarımız azad olunsun, o da döyüşlərdə iştirak etsin. Gələndən sonra dedi ki, kaş müharibə dayanmayaydı, torpaqlarımızı azad edəydik. Vətən, torpaq, el-obası üçün yanan, vətənini, bayrağını sevən oğul idi. 2020-ci ilin sentyabrın 21-də çağırış gəldi və o, hərbi komissarlığa getdi. Bir müddət hərbi hissədə təlim keçdilər. Sentyabrın 27-si müharibə başlayanda, onlar hələ də təlimdə idilər, danışanda deyirdi ki, əsgərlikdə də olmuşuq, 24 yaşım var, orda müharibə gedir, biz hələ təlim keçirik. Biz döyüşdə olmalıyıq. Oktyabın 6-sı sevinərək zəng vurub döyüşə getməsi xəbərini verdi. Füzuli bölgəsində döyüşə başladı. Deyirdi ki,
Qarabağ bizimdir və onu geri alacağıq”.
"Onu nə qədər çox sevdiyimi bildirdim”
Döyüşdə olduğu müddətdə isə tez-tez ailəsi ilə əlaqə saxlayırmış. Bir zəngdə isə atasından halallıq istəyir: "Bilirdi ki, fikrimiz ondadır, ona görə, imkan tapdıqca zəng vururdu, yaxşı olduğunu deyirdi. Bir gün axşamüstü zəng elədi. Dedi ki əməliyyata gedirəm, hücuma keçirik. Hər şey ola bilər. Öz aləmində şəhidlik zirvəsini nəzərdə tutub bunu deyirdi. Xahiş etdi ki, 24 ildə nə əziyyətimi çəkibsənsə, halal elə. Tutuldum, telefonu anasına verdim. Heç kimə heç nə demədim, amma gecəni yata bilmədim. Səhəri gün yenə əlaqə saxladı, onu nə qədər çox sevdiyimi bildirdim. Onun haqqında danışmaq çox çətindir”.
"Haqsızlığa susmurdu”
Döyüş yoldaşı Xaliq Həsənzadə Vüsalı qısa müddətdə çox yaxşı tanıdığını deyir: "Vüsalla döyüşə getməmişdən öncə iştirak etdiyimiz təlimdə tanış olduq. Oktyabrın 6-da döyüşdə iştirak üçün bizi Füzuliyə apardılar. Şəhid olana qədər də bir yerdə olduq, bir yerdə döyüşdük, əməliyyatlarda iştirak etdik. Müharibə elə yerdir ki, adamları tanımaq üçün elə də çox vaxt lazım olmur. Qısa müddətdə onu tanıdım. Heç vaxt döyüş meydanında kimisə tək qoyub getməzdi. Son nəfəsinə kimi yanında olmağa çalışırdı. Hamımız belə idik, bir-birimiz üçün canımızdan keçməyi hər an gözə alırdıq. Vüsal şəhid olanda, bizim qrup 2-3 gün özünə gələ bilmədi”.
Dostu, adaşı Vüsal İbrahimov şəhidimizlə olan 14 illik dostluğundan danışdı: "Vüsal Rusiyadan gələndən sonra dost olduq. Aramızda ilk bağ yaradan adımızın eyni olması idi. Sonra da maraqlarımız, söhbətlərimizin uyğunluğu və s. 14 il dostluq etdik, bir dəfə də olsun münasibətimiz korlanmadı, heç nə də dostluğumuza mane olmadı. Nə problem olsa, oturub şirin dillə danışırdıq, həll edirdik. Qoymurduq ki, cüzi bir problem dostluğumuza mane olsun. Mən ona dost yox, qardaş deyirdim. Elə bilirdim ki, bir yox, iki qardaşım var. Haqsızlığa susmurdu. Onu tanıdığıma gündən həmişə buna şahid olmuşam. Haqsızlıq olurdusa, mütləq reaksiya verirdi”.
Bəli, haqsızlığa susmayan Vüsal Azərbaycanın haqqı olan doğma torpağını geri qaytarmaq üçün də susmadı, bunun üçün öz canından keçdi.
Qeyd edək ki, Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər