Ögey ananı dünyaya sevdirən aktrisa - Fotolar
"O, məlahətli, emosional, lirik-dramatik aktrisa
idi. Özünəməxsus yaradıcılıq yolu olan Nəcibə Məlikovaya həmişə gözəl qadınların obrazını həvalə
edirdilər”. Xalq artisti Nəcibə Məlikova haqqında söz düşəndə həmkarları onu məhz
bu cür xatırlayırlar. Təbəssüm dolu sifəti, şux yerişi, qeyri-adi aktyorluq
istedadı, mehribanlığı onu təkcə sənət yoldaşlarının deyil, həm də tamaşaçıların
sevimlisinə çevirmişdi.
Nəcibə Məlikova 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini yaşadığı
kənddə alsa da, daha sonra Bakıda oxuyub. Bakı Teatr Məktəbində xalq artisti
Fatma Qədrinin sinfini bitirdikdən sonra öz istəyi ilə Gəncə Dövlət Dram
Teatrında işləməyə yollanıb. Gəncə teatrının səhnəsində bir neçə tamaşada çıxış
etdikdən sonra Bakıya qayıdıb və yenicə təşkil olunmuş Azərbaycan Dövlət Teatr
İnstitutuna daxil olub. 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında
fəaliyyətini davam etdirən aktrisa bütün yaradıcı həyatını bu teatra bağlayıb.
Bu teatrın tamaşalarında oynadığı epizodik rollar onu tezliklə təkcə
tamaşaçılara sevdirməyib, həmçinin rejissorların baş qəhrəmanlarını oynayan
aktrisasına çevirib.
Nəcibə xanım dramatik xarakterlərin mahir ifaçısı
kimi tanınıb. Ona həvalə olunan rolları Nəcibə xanım istedadının bütün gücü ilə yaradıb. 50-70-ci
illərin teatr repertuarında, elə əsər olmayıb ki, aktrisa həmin tamaşalarda
oynamasın. N.Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya
ədiblərinin dram əsərlərində, həmiçinin komediyalarında səhnəyə çıxıb. Hüseyn
Cavidin "Şeyx Sənan” (Xumar), "Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri cadu” (Şamama cadu), Cəfər Cabbarlının "Aydın”
(Böyükxanım), "1905-ci ildə” (Sona), "Sevil” (Edilya), Mirzə İbrahimovun
"Həyat” (Atlas), "Kəndçi qızı” (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda”
(Qönçə), "Qəribə oğlan” (Məlahət), Nəbi Xəzrinin "Əks-səda” (Zərifə), Mirzə
Şəfi Vazeh (Zübeydə), Səməd Vurğunun "Vaqif” (Xuraman), Maqsud İbrahimbəyovun
"Kərgədan buynuzu” (Diləfruz), Lope de Veqanın "Sevilya ulduzu” (Estrelya) və
s. əsərlər əsasında hazırlanan tamaşalarda rollar oynayıb.
Nəcibə xanımın kinodakı rolları isə onun yaradıcılığında
ayrıca səhifədir. "Ögey ana”da Dilarə, "Aygün”də Aygün, "Arşın mal alan”da
Cahan xala, "Əhməd haradadır?”da Nərgiz xala rolları ilə aktrisa kinosevərlərin
qəlbində özünə əbədi yer qazanmaqla bərabər, adını kino tariximizə yazdıra
bilib.
Ögey
ana
N.Məlikova kinoda bir-birindən maraqlı rollar
oynayıb. Düzdür, aktrisa kinoda o qədər də çox çəkilməyib, amma onun yaratdığı
rollar milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduqları üçün xalq tərəfindən
sevilib, kinoaktrisa kimi ona böyük şöhrət qazandırıb.
İlk dəfə onu "Fətəli xan” filminə dəvət edirlər. Bu
ekran əsəri tarixi hadisələri əks etdirməklə, həm də qadınlarımızın o dövrdəki
həyat tərzini bizə aydın şəkildə çatdırır.
1950-ci ildə "Bakının işıqları” filmində oynayan aktrisa, nəhayət ki, 1959-cu
ildə "Ögey ana” filmində ən böyük rolunu yaradır.
Deyilənə görə "Ögey ana” filmində Dilarə rolu elə
aktrisanın öz taleyindən bəhs edir. Belə ki, görkəmli rejissor Adil İsgəndərov
Gəncədə olanda onların evinə tez-tez gedib-gələrmiş. Hər dəfə də qaynanası ilə
Nəcibə xanımın dartışmasına tənə edib:
"Əşi, bəsdirin, sizinki oldu kino, gərək deyim, bir film çəksinlər sizdən” deyərmiş.
Rejissor bu sözü elə-belə, söz xətrinə deməyib. Həqiqətən də, filmin ideyasını
Həbib İsmayılova o verib. Az sonra Nəcibə Məlikovanın ailəsindəki münasibətlər
haqda yazılan ssenari əsasında kinorejissor Həbib İsmayılov "Ögey ana” filmini
çəkib. Filmdə baş verənlər cüzi dəyişikliklə çəkilib. Aktrisa da öz taleyini
oynayıb. "Ögey ana" ekranlara çıxandan
sonra SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub
ünvanlanıb.Nəcibə xanım gününün çox hissəsini teatrda, çəkiliş
meydançalarında keçirdiyindən, məktubların əksəriyyətinə cavabı oğlu yazmalı
olub: "Məktəbi rusca bitirdiyimdən, bu tapşırığı yerinə yetirmək mənim üçün
çətin deyildi. Mənim üçün çətin olan bu ağır məzmunlu məktubları oxumaq idi. Onların
əksəriyyətini qadınlar yazırdılar. Mən onları oxuya-oxuya özüm üçün daha bir
həqiqəti kəşf elədim. Nə qədər eynitaleli qadınlar var imiş. Onların çoxu,
az-az istisnalar olmaqla, bu taleyə davam gətirmirdi. Yüzlərlə məktubda
yüzlərlə ailənin dağılmasından söhbət gedirdi. Hətta aralarında intihar həddinə
gəlib çatanlar da az deyildi. Məktublar mənim gözümü açdı. Mən bir daha bu
qadının, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın daxilindəki qüvvənin,
onun mənəvi qüdrətinin şahidi oldum. O, filmdə deyil, həyatda da bu vəziyyətdən
qalib çıxdı. Film xoşbəxt sonluqla bitir. Elə həyat da. Amma filmdən fərqli
olaraq, həyat analığım üçün daha ağır oldu. O, sevdiyi əri tərəfindən atıldı.
Bütün çətinliklərdən tək çıxmalı oldu. Nə üzündəki nurlu ifadəyə kölgə, nə də
əynindəki ağ paltarına ləkə salmadan”- deyə oğlu danışıb.
Xəyalmdakı
aktrisa
«Közərən ocaqlar» əsərini səhnələşdirəndə əsərdəki
Tükəz xala obrazını Nəcibə xanıma həvalə etdim. Ancaq aktrisanın hələ bundan
xəbəri yox idi. O, gəlib teatrda adını siyahıda görəndən sonra mənə telefon
açdı: «Mən heç Tükəz xalaya oxşayıram? Mən bu obrazı oynaya bilərəm?» - deyə
zarafatlaşdı. Sonra xəstələndiyi üçün bu rolu oynaya bilmədi. Yoxsa biz onunla
hələ çox tamaşalarda işləyəcəkdik” deyə Xalq
artisti Mərahim Fərzəlibəyov rejissor kimi Nəcibə Məlikova ilə iş
birliyindən qürur duyur. «Nəcibə Məlikova elə sənətkarlardandır ki, o özünə
artıq sağlığında böyük bir heykəl ucaldıb. Aktrisanın kino və teatr
yaradıcılığını kənara qoyub təkcə «Ögey ana» filmini xatırlasaq, Nəcibə
Məlikovanın necə bir aktrisa olduğunu söyləmək kifayətdir. Psixoloji-lirik
filmdə o, gözəl ana obrazı yaradıb. Film həmin illərdə Moskvada nümayiş
etdiriləndə Nəcibə Məlikova ilin sovet filmləri arasında "Ən gözəl qadın
ifaçısı” mükafatına layiq görülmüşdü. Həmçinin uşaq roluna görə Ceyhun Mirzəyev
mükafata layiq görülmüşdü”. M.Fərzəlibəyov deyir ki, uşaq vaxtı heyrətlə seyr
etdiyi "Ögey ana” filmində oynayan aktrisa ilə nə vaxtsa birgə çalışacağını
ağlına belə gətirməyib: "İnana bilməzdim ki, nə vaxtsa Nəcibə Məlikova kimi
böyük aktrisa ilə işləmək mənə nəsib ola bilər. Tale elə gətirdi ki, Beydulla
Rəsulovun «Qarabağ əfsanəsi» adlı əsərində işlədik. Nəcibə xanım həmin tamaşada
Türkiyədə yaşayan həmyerlilərimizin obrazını yaratdı. 30-40 il bacısını
görməyən bir adam birdən öz bacısı ilə görüşür. İki bacı – Hökumə Qurbanova ilə
Nəcibə Məlikova bir-birinə baxır və gözyaşı tökürdülər. Həmin səhnəni izləyən
tamaşaçılar da göz yaşlarını saxlaya bilmirdi”. Daha sonra İlyas Əfəndiyevin
«Tənha iydə ağacı» əsərində işləmişəm. Bu tamaşada da Nəcibə xanım özünəməxsus
obraz yaradıb. Mən bu obrazları məhz Nəcibə xanımın oynamasına görə, bir
rejissor kimi fəxr edirəm”. N.Məlikovanın aktyorluq bacarığı və istedadı ilə tamaşaçıların ürəyində böyük iz buraxdığını
deyən rejissor aktrisanın yoxluğunu mili teatr və kinomuz üçün böyük itki
adlandırır: "Nəcibə xanımın ölümündən sonra teatra gələnlər aktrisanın
yoxluğunu hiss edir və bu itkidən kədərlənirdilər. Bu gün də böyük aktrisanın
teatr və kino tarixində tutduğu özünəməxsus yeri heç kim əvəz edə bilməz».
"Bir
də onda gördüm ki, Nəcibə xanım qışqırır”
"Əhməd haradadır?” filmində aktrisa
ilə tərəf-müqabili olan Əməkdar artist,
rejissor və aktyor Elxan Qasımov filmdəki Nərgiz xala rolunu yüksək peşəkarlıqla
oynayan Nəcibə xanımı məhəbbətlə xatırlayır: "Nəcibə xanım Azərbaycan kinosuna
korifey sənətkarların çalışdığı bir vaxtda gəlib. Qısa müddətdə bir-birindən
gözəl, yaddaşlarda əbədiləşən obrazlar yaradaraq, sənətsevərlərin rəğbətini
qazanıb. "Əhməd haradadır?” filmində birgə çəkilməyimiz aktrisanın mənə təkcə
peşəkarlığını deyil, həm də insan kimi yüksək keyfiyyətlərini yaxından tanıtdı.
Hacıkənddə Nərgiz xalanın mənim maşınımı sürüb getməsi kadrı çəkilirdi. Nəcibə
xanıma maşın sürməyi öyrətsələr də, hər ehtimala qarşı, xəlvəti içəridə bir
nəfər gizlənib nəzarət edirdi. Çəkiliş zamanı elə oldu ki, Kamil adlı həmin
şəxs gecikdi və maşını Nəcibə xanım nəzarətsiz olaraq sürməli oldu. O naşı olduğundan maşın qəfildən geri getməyə
başladı. Tez özümü maşına atıb sükanı tutdum və maşını dayandırdım. Çəkiliş
təbii alındı, hamı məni təriflədi. Bir də onda gördüm ki, Nəcibə xanım
qışqırır. Çaşıb qaldım. Sən demə, mən həyəcandan onun ayağını tapdalamışam və
geyindiyi "kapron” corab cırılıb. Çox pis oldum və qaşqabağımı salladım. Adil
müəllim Nəcibə xanıma başa saldı ki, əgər Elxan tez tərpənməsəydi, pis hadisə
baş verə bilərdi. Bundan sonra Nəcibə xanım mənə baxıb zarafatla "qaşqabağını
sallama” dedi. Yaxşı ki, mən elə bir aktrisa ilə bir filmdə rol almışam”.
27 iyul Nəcibə Məlikovanın dünyaya vida etdiyi
gündür. Aktrisanın uzun illər çalışdığı teatrın divarlarından boylanan
fotoları, eləcə də Qızıl Fondda saxlanan filmlərin və tamaşaların lent
yazıları, tamaşaçıların yaddaşında qalan obrazları onun heç vaxt
unudulmayacağından xəbər verir. Sənətin böyük gücü də budur.
Təranə
Məhərrəmova