• cümə, 29 Mart, 02:49
  • Baku Bakı 7°C

Ögey ananı dünyaya sevdirən aktrisa - Fotolar

26.07.17 14:20 8490
Ögey ananı dünyaya sevdirən aktrisa - Fotolar
"O, məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Özünəməxsus yaradıcılıq yolu olan Nəcibə Məlikovaya həmişə gözəl qadınların obrazını həvalə edirdilər”. Xalq artisti Nəcibə Məlikova haqqında söz düşəndə həmkarları onu məhz bu cür xatırlayırlar. Təbəssüm dolu sifəti, şux yerişi, qeyri-adi aktyorluq istedadı, mehribanlığı onu təkcə sənət yoldaşlarının deyil, həm də tamaşaçıların sevimlisinə çevirmişdi.

Nəcibə Məlikova 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini yaşadığı kənddə alsa da, daha sonra Bakıda oxuyub. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirdikdən sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə yollanıb. Gəncə teatrının səhnəsində bir neçə tamaşada çıxış etdikdən sonra Bakıya qayıdıb və yenicə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa bütün yaradıcı həyatını bu teatra bağlayıb. Bu teatrın tamaşalarında oynadığı epizodik rollar onu tezliklə təkcə tamaşaçılara sevdirməyib, həmçinin rejissorların baş qəhrəmanlarını oynayan aktrisasına çevirib.

Nəcibə xanım dramatik xarakterlərin mahir ifaçısı kimi tanınıb. Ona həvalə olunan rolları Nəcibə xanım istedadının bütün gücü ilə yaradıb. 50-70-ci illərin teatr repertuarında, elə əsər olmayıb ki, aktrisa həmin tamaşalarda oynamasın. N.Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində, həmiçinin komediyalarında səhnəyə çıxıb. Hüseyn Cavidin "Şeyx Sənan” (Xumar), "Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” (Şamama cadu), Cəfər Cabbarlının "Aydın” (Böyükxanım), "1905-ci ildə” (Sona), "Sevil” (Edilya), Mirzə İbrahimovun "Həyat” (Atlas), "Kəndçi qızı” (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda” (Qönçə), "Qəribə oğlan” (Məlahət), Nəbi Xəzrinin "Əks-səda” (Zərifə), Mirzə Şəfi Vazeh (Zübeydə), Səməd Vurğunun "Vaqif” (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu” (Diləfruz), Lope de Veqanın "Sevilya ulduzu” (Estrelya) və s. əsərlər əsasında hazırlanan tamaşalarda rollar oynayıb.

Nəcibə xanımın kinodakı rolları isə onun yaradıcılığında ayrıca səhifədir. "Ögey ana”da Dilarə, "Aygün”də Aygün, "Arşın mal alan”da Cahan xala, "Əhməd haradadır?”da Nərgiz xala rolları ilə aktrisa kinosevərlərin qəlbində özünə əbədi yer qazanmaqla bərabər, adını kino tariximizə yazdıra bilib.

Ögey ana

N.Məlikova kinoda bir-birindən maraqlı rollar oynayıb. Düzdür, aktrisa kinoda o qədər də çox çəkilməyib, amma onun yaratdığı rollar milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduqları üçün xalq tərəfindən sevilib, kinoaktrisa kimi ona böyük şöhrət qazandırıb.
İlk dəfə onu "Fətəli xan” filminə dəvət edirlər. Bu ekran əsəri tarixi hadisələri əks etdirməklə, həm də qadınlarımızın o dövrdəki həyat tərzini bizə aydın şəkildə çatdırır.

1950-ci ildə "Bakının işıqları” filmində oynayan aktrisa, nəhayət ki, 1959-cu ildə "Ögey ana” filmində ən böyük rolunu yaradır.

Deyilənə görə "Ögey ana” filmində Dilarə rolu elə aktrisanın öz taleyindən bəhs edir. Belə ki, görkəmli rejissor Adil İsgəndərov Gəncədə olanda onların evinə tez-tez gedib-gələrmiş. Hər dəfə də qaynanası ilə Nəcibə xanımın dartışmasına tənə edib: "Əşi, bəsdirin, sizinki oldu kino, gərək deyim, bir film çəksinlər sizdən” deyərmiş. Rejissor bu sözü elə-belə, söz xətrinə deməyib. Həqiqətən də, filmin ideyasını Həbib İsmayılova o verib. Az sonra Nəcibə Məlikovanın ailəsindəki münasibətlər haqda yazılan ssenari əsasında kinorejissor Həbib İsmayılov "Ögey ana” filmini çəkib. Filmdə baş verənlər cüzi dəyişikliklə çəkilib. Aktrisa da öz taleyini oynayıb. "Ögey ana" ekranlara çıxandan sonra SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub ünvanlanıb.Nəcibə xanım gününün çox hissəsini teatrda, çəkiliş meydançalarında keçirdiyindən, məktubların əksəriyyətinə cavabı oğlu yazmalı olub: "Məktəbi rusca bitirdiyimdən, bu tapşırığı yerinə yetirmək mənim üçün çətin deyildi. Mənim üçün çətin olan bu ağır məzmunlu məktubları oxumaq idi. Onların əksəriyyətini qadınlar yazırdılar. Mən onları oxuya-oxuya özüm üçün daha bir həqiqəti kəşf elədim. Nə qədər eynitaleli qadınlar var imiş. Onların çoxu, az-az istisnalar olmaqla, bu taleyə davam gətirmirdi. Yüzlərlə məktubda yüzlərlə ailənin dağılmasından söhbət gedirdi. Hətta aralarında intihar həddinə gəlib çatanlar da az deyildi. Məktublar mənim gözümü açdı. Mən bir daha bu qadının, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın daxilindəki qüvvənin, onun mənəvi qüdrətinin şahidi oldum. O, filmdə deyil, həyatda da bu vəziyyətdən qalib çıxdı. Film xoşbəxt sonluqla bitir. Elə həyat da. Amma filmdən fərqli olaraq, həyat analığım üçün daha ağır oldu. O, sevdiyi əri tərəfindən atıldı. Bütün çətinliklərdən tək çıxmalı oldu. Nə üzündəki nurlu ifadəyə kölgə, nə də əynindəki ağ paltarına ləkə salmadan”- deyə oğlu danışıb.
Xəyalmdakı aktrisa

«Közərən ocaqlar» əsərini səhnələşdirəndə əsərdəki Tükəz xala obrazını Nəcibə xanıma həvalə etdim. Ancaq aktrisanın hələ bundan xəbəri yox idi. O, gəlib teatrda adını siyahıda görəndən sonra mənə telefon açdı: «Mən heç Tükəz xalaya oxşayıram? Mən bu obrazı oynaya bilərəm?» - deyə zarafatlaşdı. Sonra xəstələndiyi üçün bu rolu oynaya bilmədi. Yoxsa biz onunla hələ çox tamaşalarda işləyəcəkdik” deyə Xalq artisti Mərahim Fərzəlibəyov rejissor kimi Nəcibə Məlikova ilə iş birliyindən qürur duyur. «Nəcibə Məlikova elə sənətkarlardandır ki, o özünə artıq sağlığında böyük bir heykəl ucaldıb. Aktrisanın kino və teatr yaradıcılığını kənara qoyub təkcə «Ögey ana» filmini xatırlasaq, Nəcibə Məlikovanın necə bir aktrisa olduğunu söyləmək kifayətdir. Psixoloji-lirik filmdə o, gözəl ana obrazı yaradıb. Film həmin illərdə Moskvada nümayiş etdiriləndə Nəcibə Məlikova ilin sovet filmləri arasında "Ən gözəl qadın ifaçısı” mükafatına layiq görülmüşdü. Həmçinin uşaq roluna görə Ceyhun Mirzəyev mükafata layiq görülmüşdü”. M.Fərzəlibəyov deyir ki, uşaq vaxtı heyrətlə seyr etdiyi "Ögey ana” filmində oynayan aktrisa ilə nə vaxtsa birgə çalışacağını ağlına belə gətirməyib: "İnana bilməzdim ki, nə vaxtsa Nəcibə Məlikova kimi böyük aktrisa ilə işləmək mənə nəsib ola bilər. Tale elə gətirdi ki, Beydulla Rəsulovun «Qarabağ əfsanəsi» adlı əsərində işlədik. Nəcibə xanım həmin tamaşada Türkiyədə yaşayan həmyerlilərimizin obrazını yaratdı. 30-40 il bacısını görməyən bir adam birdən öz bacısı ilə görüşür. İki bacı – Hökumə Qurbanova ilə Nəcibə Məlikova bir-birinə baxır və gözyaşı tökürdülər. Həmin səhnəni izləyən tamaşaçılar da göz yaşlarını saxlaya bilmirdi”. Daha sonra İlyas Əfəndiyevin «Tənha iydə ağacı» əsərində işləmişəm. Bu tamaşada da Nəcibə xanım özünəməxsus obraz yaradıb. Mən bu obrazları məhz Nəcibə xanımın oynamasına görə, bir rejissor kimi fəxr edirəm”. N.Məlikovanın aktyorluq bacarığı və istedadı ilə tamaşaçıların ürəyində böyük iz buraxdığını deyən rejissor aktrisanın yoxluğunu mili teatr və kinomuz üçün böyük itki adlandırır: "Nəcibə xanımın ölümündən sonra teatra gələnlər aktrisanın yoxluğunu hiss edir və bu itkidən kədərlənirdilər. Bu gün də böyük aktrisanın teatr və kino tarixində tutduğu özünəməxsus yeri heç kim əvəz edə bilməz».
"Bir də onda gördüm ki, Nəcibə xanım qışqırır”
"Əhməd haradadır?” filmində aktrisa ilə tərəf-müqabili olan Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov filmdəki Nərgiz xala rolunu yüksək peşəkarlıqla oynayan Nəcibə xanımı məhəbbətlə xatırlayır: "Nəcibə xanım Azərbaycan kinosuna korifey sənətkarların çalışdığı bir vaxtda gəlib. Qısa müddətdə bir-birindən gözəl, yaddaşlarda əbədiləşən obrazlar yaradaraq, sənətsevərlərin rəğbətini qazanıb. "Əhməd haradadır?” filmində birgə çəkilməyimiz aktrisanın mənə təkcə peşəkarlığını deyil, həm də insan kimi yüksək keyfiyyətlərini yaxından tanıtdı. Hacıkənddə Nərgiz xalanın mənim maşınımı sürüb getməsi kadrı çəkilirdi. Nəcibə xanıma maşın sürməyi öyrətsələr də, hər ehtimala qarşı, xəlvəti içəridə bir nəfər gizlənib nəzarət edirdi. Çəkiliş zamanı elə oldu ki, Kamil adlı həmin şəxs gecikdi və maşını Nəcibə xanım nəzarətsiz olaraq sürməli oldu. O naşı olduğundan maşın qəfildən geri getməyə başladı. Tez özümü maşına atıb sükanı tutdum və maşını dayandırdım. Çəkiliş təbii alındı, hamı məni təriflədi. Bir də onda gördüm ki, Nəcibə xanım qışqırır. Çaşıb qaldım. Sən demə, mən həyəcandan onun ayağını tapdalamışam və geyindiyi "kapron” corab cırılıb. Çox pis oldum və qaşqabağımı salladım. Adil müəllim Nəcibə xanıma başa saldı ki, əgər Elxan tez tərpənməsəydi, pis hadisə baş verə bilərdi. Bundan sonra Nəcibə xanım mənə baxıb zarafatla "qaşqabağını sallama” dedi. Yaxşı ki, mən elə bir aktrisa ilə bir filmdə rol almışam”.
27 iyul Nəcibə Məlikovanın dünyaya vida etdiyi gündür. Aktrisanın uzun illər çalışdığı teatrın divarlarından boylanan fotoları, eləcə də Qızıl Fondda saxlanan filmlərin və tamaşaların lent yazıları, tamaşaçıların yaddaşında qalan obrazları onun heç vaxt unudulmayacağından xəbər verir. Sənətin böyük gücü də budur.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər