AZE | RUS | ENG |


GERÇƏYİN DİAQRAMI

GERÇƏYİN DİAQRAMI
Onlar nəyi və nə üçün aşkara çıxarmaq istəyirdilər?

Xətlərlə müəyyən edilən fikirlər obyekti, yoxsa subyekti təmsil edir? Çətin sualdır. Axı təsvir edən subyekt, təsvir edilən isə obyektdir. Onda belə çıxır ki, hər hansı böyük iddia obyekt haqqındakı subyektiv fikirdir. Çünki iş subyektin üstünə gəlirsə, oradan obyektivlik gözləmək olmaz. Bu, gerçəkdən də belədirmi? Axı nə deyilirsə, nə yazılırsa, insan ağlının, insan əlinin məhsuludur. İnsandan başqa məhsul verən varmı? Yaradılış ona görə obyektdir ki, onun üzərində iddia, dəyişkənlik, inkar və ya təsdiq yoxdur. O, sadəcə mövcuddur. Buna görə də hər kəs və hər şey tərəfindən qəbul olunur. Niyə də qəbul olunmasın? Bu hər kəs və hər şeyin özü yaradılışın bir parçası deyilmi? 
 
Yarasa kimi işıqdan qaçdılar

Əslində xətlərlə müəyyən edilən və ya edilməyə çalışılan həndəsi kainat sonsuzluğun əlacı olaraq istehsal edilib. İşə yarayırmı, yaramırmı, o başqa məsələ. Sonsuzluğun nəticəsi qeyri-müəyyən bir Tanrıdır ki, xətlər onu müəyyən etməyə çalışır. Bu mənada, həndəsə fəlsəfəni boşluqdan və cəhalətdən qurtarmaq üçün yaradıldı. Aristotelin üsyan etdiyi çoxtanrılıqla Qalileyin üsyan etdiyi təktanrılığın heç bir fərqi yoxdur. Əgər kütlə qeyri-müəyyənlik sayəsində dibsiz inanc uçurumuna yuvarlanaraq, din tacirləri tərəfindən maddi və mənəvi istismar edilirsə, bu kütlə üçün nə fərqi var, Tanrı təkdir, yoxsa çoxdur...
Xətlərin təyin etmək istədiyi gerçəklər xətləri inkar edənlər tərəfindən bu gün də təqib olunur. Hətta cəhalət öz donunu dəyişərək, mərifət kisvəsinə bürünür və antik dünyanın bu gün belə sirr qalan elmi nailiyyətlərini kəhanət, fal, şeytani cadu və sehr adlandırır. Axı biz bilmirik... Necə olur ki, məsələn, ekvator xətti qədər dəqiqliklə çəkilən (kim tərəfindənsə), vaxtı və məkanı saniyəsinə qədər konkret olan xətlər gəlib Sfinksin burnundan keçir və onun gözləri ilin eyni vaxtında günəşin şüalarını dəqiq bucaq altında əks elətdirir. Biz bunların necə baş verdiyini hələ ki, anlamırıq.
Vatikan Qalileyi yalan danışmağa məcbur elədi. Əks təqdirdə onun da üzərinə illuminat damğası vuraraq, məbəd cəngavərləri kimi edam edəcəkdilər. İlluminatın Gündoğandakı başqa üzü olan işraqiliyi də xilafət eyni məntiqlə qarşıladı. Yarasa kimi işıqdan qaçdılar. Şeyx İşraq da xətlərlə danışırdı. Onun da diaqramı Günbatandakı xətlərlə kəsişirdi. Çünki gerçək birdir. Palıd ağacı burda qoza, başqa yerdə armud gətirmir ki... Qərbdəkilər də Şərqdəkilər də eyni günəşdən, eyni parametrlərdən bəhs edirdilər. Lakin elmin birləşdirdiyini din ayırıb parça-parça elədi. Bir olan Tanrını min yerə böldülər. Çoxallahlığı zahirdə öldürüb, batində diriltdilər. Sonra da Tanrını birləşdirib, insanları parçaladılar.
 
Həqiqət budur ki, xətlər dairənin içərisindədir

Ancaq xətlərin müəyyənlik iddiası nəhəng bir saat qeydə aldı. Bu saatın ölçülərini milyonlarla dəfə kiçiltmək mümkün olsaydı, biz onu evdəki divar saatı kimi aydın görərdik. Bu saatın dəqiqliyi, qüsursuz işləməsi kainatın hərəkəti, müdhiş bir xaotik kosmosun varlığından xəbər verir. Bu saatın əqrəbləri və rəqəmləri planetlər, ulduzlar və onların diaqramıdır. O, fırlanır və böyük qravitasiyanı tənzimləyir. Böyük ağıllar həmin saatla çalışmağa başladılar. Qüsursuz və aralıqsız xətlər çəkərək, gerçəyi müəyyən etmək istədilər. 
Lakin onlar buna müvəffəq ola bildilərmi? Gerçək müəyyən edildimi? Onlar nəyi və nə üçün aşkara çıxarmaq istəyirdilər? Həqiqət budur ki, xətlər dairənin içərisindədir. Yəni, müəyyənlik qeyri-müəyyənliyin içindən sıyrılır. Dairənin ölçüsünü belə dairə ilə deyil, düz xətlərlə ölçdülər. Dairə əvvəlin və sonun eyni nöqtəyə bağlı olduğu tanrısallıqdır. Başlanğıc və bitiş bir nöqtədən qaynaqlandığı üçün tanrıçılıq düşüncəsi xətlərin mövcudiyyətini rədd etdi. Daha doğrusu, buna ehtiyac görmədi. Elə yuxarıdakı həmin kütləni də boynundakı iplə o dairənin başına fırlatdılar. Bəşər döndü, dolaşdı, yenə başladığı yerə gəldi. Dairənin kənarına çıxmağa izn verilmədi. Özünə hər hansı bir xətt cızanlar bu dairənin prinsipini pozmuş sayıldılar. Onlar edam edildilər, təqib olundular, yasaqlandılar. Bu gün də belə davam edir. Əks təqdirdə, adına inam dedikləri din səltənəti dağılıb gedər. Kütlələri isə elmlə yox, yalnız dinlə idarə etmək mümkündür. Baxın görün, dünyada hansı bir təşkilatın, hansı bir dövlətin və ya hansı bir cəmiyyətin orta nüfuzlu bir din qədər tərəfdarı vardır? Bunu dəyişdirmək sadəcə, mümkün deyil. Yaradılışın gərəyi budur. Əfsanələr, təlqinlər və toxunulmazlıqlar insan oğlunun diqqətini daha çox cəlb edir. Kütlə alimlə peyğəmbər arasındakı fərqi görmür. Sadəcə, ağlını işlətmək istəmir, vəssalam.
 
Görən yoxdursa, göstərmək, göstərən yoxdursa, görmək mümkün deyil
 
Əgər insan oğlu öz inancına ağılla, yetişkin və əzabkeş idrakla yanaşsaydı, onun tanrısı çox daha gözəl, daha faydalı olardı. Din də bir əsərdir. Sadəcə, hər kəs öz əsərinin müəllifidir. Özü necədirsə, nə qədərdirsə, dini də, inancı da həmin ölçüdədir. İnanc sistemi mütləqliyi nə qədər təbliğ etsə də, nisbiliyin tanrısallığa zidd olduğunu bəyan etsə də, xətlərin inkarı və dairənin kor-koranə təsdiqi həmin mütləqliyin üzərinə qorxunc bir kölgə salır. Mütləqin təsdiqi xətlərin müəyyənliyində mümkün ola bilərdi. Buna izn versəydilər, bəlkə də nisbilik nəzəriyyəsinə birdəfəlik son qoyulacaqdı.
Gündoğanlı, Günbatanlı bütün "kafirlər"i hər iki qütbdəki din və dindarlar yaratdılar. Düşüncəni inkar etmək müfrədatdan imtina etməklə nəticələndi. Müfrədat fərdi və detallı düşüncə deməkdi. Yəni "mən özüm düşünürəm və üstəlik hər şeyin necəliyini, niyəliyini düşünürəm". Xətləri pozmağa çalışanlar isə "yox, səndən öncə və sənin yerinə düşünüblər, necəlik və niyəlik isə şeytanın icadıdır" dedilər. Əslində, şeytanı da özləri icad etdilər ki, özlərindən olmayanların yerini "müəyyən" etsinlər. Qarşı cəbhə hər zaman üçün mütləq şəkildə "şeytanidir". Başqa cür ola da bilməz. Əslində isə cəbhələşməni yaradaraq, şeytanın istəyini onlar özləri yerinə gətirdilər. Ümumi düşmənin, yəni elmin işini bitirdikdən sonra, bir-birilərinin canına düşdülər. Bütlərlə savaşanlar  özləri ilə savaşdılar. Dinləri ayırdıqdan sonra sandılar ki, vəhdaniyyət bərqərar oldu. Lakin bilmirdilər ki, şeytan, yəni həqiqəti inkar edən öz vücudları onlardan əl çəkməyəcək. Eyni dinlərin içində məzhəb qovğaları başladı. Bitdimi? Bitmədi və heç zaman bitməyəcək. Vəhdaniyyətin parçalanma effekti sonsuzdur. Ən xırda parçalara bölünənlər dəfələrlə daha xırda parçalara bölünəcək və bu proses heç zaman durmayacaq. Dialektikanın qanunu budur. Halbuki, Kopernik mövcud olanı daha yaxından göstərəcəkdi, Bruno ənginliyi, sonsuzluğu sözlə yox, gözlə nümayiş etdirəcəkdi, Qaliley gerçəyin diaqramını bir fəsillik mətləblə izah edəcəkdi, Sühreverdi ağlın rəngini müəyyənləşdirəcəkdi, Nəsimi nəhayət Tanrı dedikləri mütləqin gerçək əzəmətini təmsil edəcəkdi. Göstərə bilmədilər. Çünki bu akt iki hissədən ibarət olur: göstərmək və görmək. Görən yoxdursa, göstərmək, göstərən yoxdursa, görmək mümkün deyil. Allahın yaratdıqlarına eşqə xidmət edən ağıl deyil, nəfsə xidmət edən güc sahib çıxdı. Dünyanı mərifət yox, cəhalət idarə etdi. Halbuki, xətlərin digər bir üzü olan hərflər və rəqəmlər Şah Fəzlullah Nəiminin fərdi və detallı şüurunun bəhrəsi olaraq, həqiqətən də dünyanı cəhalətdən xilas edəcəkdi. İnsan yaradılışın qayəsini, xasiyyətini, hərəkət surətini, məğzini və mahiyyətini biləcəkdi!
 
Onun harayı nur çeşmələri yaradacaqdı
 
 
Dinin qorxusundan elm də yalan danışmağa başladı. Differensiallaşdı, yəni parçalandı, bölmələrə, şöbələrə ayrıldı. Öz yaxasını tanrıdan qurtardı. Bu hərəkəti ilə elm eyni zamanda cəhaləti məhv olmaqdan xilas etdi. Halbuki, Aristoteldən Qalileyə, İbn Ərəbidən Fəzlullaha qədər elm məhz Tanrı idrakının mənşəyini, həqiqətin xətlərini, yəni gerçəyin diaqramını cızırdı. Cəhalətin qəfəsə saldığı Tanrı xilas olacaqdı. Hərra mağarasında öz məşuquna qovuşan aşiqin halı sirr olmaqdan çıxacaqdı. Onun harayı nur çeşmələri yaradacaqdı. İndi o çeşmələrin içindən qan axır. Milyonlar elmin və eşqin işığına toplanacaqdı. Halbuki indi tənəzzülün, məhvin, vəhşiliyin alovunda yanır! Bəşəri öldürənlər bəşər üçün ölənlərdən daha üstün oldu bəşərin gözündə!
Əlbəttə ki, həqiqət xətlərlə ölçülə bilməz. Lakin bu o demək deyil ki, həqiqətin ölçüsü yoxdur və bəşər xətlərdən imtina etməlidir. Elə düyün nöqtəsi və əslində isə cahillik burasındadır ki, o xətləri çəkmədən və bilmədən guya mütləq dairəyə pənah gətirənlərlə o xətləri bilib, çəkib, sonra isə o xətlər əsasında ölçüləri mütləqə yaxınlaçdırıb dairə cızanlar sonunda eyniləşdirilir. "Hə, nə olsun, axırda alimlər də möminlərin dediyinə gəlib çıxdı" deyirlər. Mən bundan daha insafsız bir cəhalət tanımıram. Elə bu səbəbdən də ağıllı insanların bir çoxu  ateizmə meyl edib. Tanrını inkar etdikləri üçün yox, Tanrının cahilanə təsdiqi ilə barışmadıqları üçün!
Fəqət, hər şeyə rəğmən, xətlərin simfoniyası davam edir. Tanrı özünü elmin içində gizlədib. Elm vəhdaniyyətə qovuşduğu zaman Tanrı aşkara çıxacaq. O zaman inanc da əsarətdən qurtulacaq. Hələlik isə həmin simfoniyanı dinləyək. Şərqli, qərbli, mədəniyyətləri zorla deyil, tək Tanrının təcəlla etdiyi böyük simaların nəzdində birləşdirək. Onsuz da Mirzə Cəlil demişkən, nə mollanın ərəbcə oxuduğunu anlayırsınız, nə mənim fransızca dediklərimi. Elə isə gəlin Amadey Motsartı dinləyək. Sonra Ravi Şankarın sitarını su kimi içək, daha sonra ustad Lütfinin barmaqlarına, avazına və simasına aşiq olmağı bir anlıq sınaqdan keçirək. Alınacaq, başqa çıxış yolu yoxdur. Lüdviq Van Bethoven ən dahiyanə əsərlərini qulaqları tam tutulandan sonra yazdı. Necə yazdı? Bəs sonra necə eşitdi onları? Çox sadə. O, gerçəyin xətlərini bilirdi. O xətləri 5-ci simfoniyada çəkmişdi. O xətlər o səsləri yönləndirdi. Bethoven musiqinin həndəsəsini bilirdi. Bunun üçün isə xüsusi eşitmə qabiliyyətinə gərək yox idi. O, gizli ölçüləri aşkara çıxarmışdı. Gənc yaşlarında Şillerin odasına musiqi yazanda da, "yakobinçi" adını üstünə götürəndə də hələ tam bişib həll olmamışdı. Ona onu dünyadan qoparacaq bir fəlakət lazım idi. O da baş verdi. Bəzi gerçəklər var ki, zəlzələ nəticəsində yaranan göllər, vulkan nəticəsində ucalan dağlar kimi fəlakət, faciə, bədbəxtlik və dəhşət nəticəsində ortaya çıxır. 
Hələlik isə biz Sebastian Baxı dinləyək. Dinləyək yox, görək. Çünki Baxın musiqisi səslərdən çox xətlərdən ibarət idi. Onun fuqalarını, prelüdlərini, Branderburq konsertlərini bu gün musiqişünaslardan çox, riyaziyyatçılar araşdırır. Çünki Bax əsrləri geriyə adlayaraq, Pifaqorla birləşmişdi. Bu fövqəlağıla sahib insanlar Tanrı gerçəyinin içini, mexanikasını, yaradılışın mürəkkəb strukturunu yaratdıqları əsərlər vasitəsilə incələdilər, yalnız və yalnız ən az özləri qədər yüksək intellekt və ultra cəsarət sahiblərinə çatdıra bildilər. 
Şah Fəzlullah Nəiminin ölçüləri və təsbitləri isə daha da irəli gedərək, elmin və incəsənətin pərdəsi altından çıxdı. Əslində o zamanın İslam Şərqində belə bir pərdə də yox idi. Olsaydı, bəlkə onlar da Bax kimi abbat qiyafətində 40 il kilsədə, pərdə arxasında orqan çalar və ölənə qədər kimliyini bildirməzdi. Lakin Təbrizin baş məscidində, Konyanın mərkəz camiəsində belə biri yox idi. Oradakı pərdə yalnız qadınlar və kişilər arasında idi. Bəlkə elə buna görə də, Sebastian Bax bu gün yaşayır, ancaq İmadəddin Nəsimi üç dildə müraciət elədiyi bütün İslam Şərqi üçün ölüdür!
Ancaq, yerlə göy birləşsə də, gerçək gerçəkdir və onun diaqramı hər zaman çəkiləcək. Zaman içində fərqli ağılların, biri digərinin təməlini təşkil edən intellektlərin kosmik səviyyəsi hər zaman vəhdaniyyətin qızıl açarı olaraq qalacaq.
 
Fəxrəddin Salim
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN