• cümə axşamı, 28 mart, 19:28
  • Baku Bakı 13°C

GERÇƏKLİYƏ OBRAZLI BAXIŞ

30.05.17 12:40 6969
GERÇƏKLİYƏ OBRAZLI BAXIŞ
Azərbaycan rəngkarlığının ölkəmizin müstəqillik illərinə təsadüf edən inkişaf mərhələsi yeni adlarla nə qədər zəngin olsa da, çoxdan ənənəviləşən mövzu və motivlərə özünəməxsus münasibət bildirməklə, fərdi sənətkar "mən”ini sərgiləyənlərin sayı o qədər də çox deyildir. Həyat və yaradıcılığı Sumqayıt şəhəri ilə bağlı olan İntiqam Ağayevin adı bu azların arasındadır...
Onun elə də uzun olmayan, təzadlarla dolu bioqrafiyasına nəzər yetirməli olsaq, onda 1966-cı ildə Sumqayıtda dünyaya göz açan gələcək rəssamın ilk gözəllik qaynaqlarının bir tərəfdən o vaxtlar "gənclik şəhəri” ayaması ilə tanınan Sumqayıtın sənaye obyektləri olduğunu qeyd etməliyik. Şəhəri əhatələyən Corat və Saray kəndlərinin təbiətinin onun rəssam kimi formalaşmasında əhəmiyyətli rol oynadığını da bura əlavə etsək, onda sonralar yaradıcılığında əsas yer tutacaq şəhər və təbiət motivlərinə marağın yox yerdən qaynaqlanmadığını söyləyə bilərik.
Bioqrafiyanın sonrakı səhifəsini onun arzularını rənglərlə ifadə etmək istəyi ilə Bakıya yollanması və dörd il buradakı məşhur "Əzimzadə məktəbi”ndə təhsil alması təşkil edir. Respublikanın məşhur fırça ustaları ilə canlı təmas, muzey və sərgi salonlarla tanışlıq onun həyatımızın gözəlliklərini başqaları üçün də maraqlı görünə biləcək tutumda əyaniləşdirməkdə yardımçı ola biləcək "bədii güzgü”nü tapmağa imkan verdi. Amma onun gerçəklikdə heyrət qaynağı axtaran baxışları əmin-amanlığa bələnmiş məkanlar əvəzinə, cəbhə bölgəsində gedən ölüm-dirim mübarizəsi, barıt qoxusunda "boğulan” təbiət motivləri oldu. Bir-neçə illik cəbhə həyatında fırçanı avtomatla əvəzləyən İntiqam Ağayevin yaradıcı– vətəndaş borcunu yüksək dəyərləndirən silahdaşları onu Sumqayıta "Asiman” ayaması ilə yola saldılar. Ona zaman-zaman cəbhədə yaşananları xatırladacaq bu təxəllüs özünün də xoşuna gəldiyindən, vaxtaşırı təşkil olunan yaradıcılıq hesabatlarında onun adı ilə qoşa çəkilməkdədir. 2016-cı ildə V.Səmədova adına salonda açılan "Xatirələrim” adlı fərdi sərgisinin afişasında rəssam adı ilə bu ayama bir-birini sözün əsl mənasında yaxşı tamamlayırdı. Belə ki, bu sərginin ekspozisiyasında onun geri baxmasını, uzaq-yaxın keçmişin yaşantılarını yada salan-xatırladan çox şey vardı...
Heç şübhəsiz onların arasında rəssamı bir-neçə il ölümün gözünə dik baxdığı günlərə qaytaracaq, müxtəlif ağır situasiyaları xatırladacaq tablolar xüsusi yer tuturdu. Bu əsərlərdə döyüş dostlarının Qarabağ müharibəsində göstərdikləri şücaətlərlə yanaşı, onların tuş gəldikləri çətin anları da özündə əks etdirən tabloların bədii-estetik əhəmiyyəti, eləcə də tarixi mahiyyət daşıması duyulurdu. Ayrı-ayrı tablolarda hadisələrin realist-gerçəkçi təqdimatı da, baş verənlərin obrazlı ifadəsi də kifayət qədər təsirli idi. Zamanında şəxsən yaşadıqlarına "bədii güzgü” tutmağı bacaran İntiqam Ağayev, əslində bununla Qarabağ savaşının bədii-sənədli salnaməsinə yaddaqalan töhfələr vermişdir. Bütün hallarda həmin əsərlər hadisələrin bilavasitə iştirakçısının göz yaddaşının və yaradıcı təxəyyülünün bədii təcəssümü kimi çox dəyərlidir. Bunu yaxşı başa düşən rəssam həmin əsərləri ictimaiyyətə, xüsusilə də yetişməkdə olan gənc nəslə təqdim etməkdən usanmır. Həmin lövhələrin Sumqayıt Tarix Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına salonunda və C.Naxçıvanski adına hərbi liseydə təşkil edilən sərgilərdə nümayişi də dediklərimizi təsdiqləyir.
Təhsilsonrası bir müddət fırçanı silahla əvəzləyən və Qarabağ müharibəsinin iştirakçısı olan rəssamın yaradıcılığında cəbhə təəssüratları ilə yanaşı, bizi əhatə edən gerçəkliyin müxtəlif mövzuları da əsas yer tutur. Bu mövzuların ciddi axtarışlardan sonra aldıqları bədii görkəm çox yeni və cəlbedicidir. Rəssamın həm də təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlara diqqət yetirəndə inanırsan ki, əsl rəssamlıq doğrudan da, başqalarının görə bilmədiklərini "kəşf” etməkdən və yaxud da adi gözlə yaxşı görünənlərə çox fərqli rakursdan göz qoyub, onları bədiiləşdirə bilməkdən başlayır. Onun Bakıya və Sumqayıta, qədim İçərişəhərə və Atəşgaha, Abşeron təbiətinə və Xəzərə, eləcə də "Böyük İpək yolu”na münasibətində sərgilədiyi obrazlı-bədii həll çox şaşırdıcı tutum aldığından cəlbedici və təsirli, həm də düşündürücüdür...
Müstəqillik dövrü milli rəngkarlığımızda gerçəkliyə özünəməxsus baxış sərgiləyən İntiqam Ağayevin bütün yaradıcılığı boyu fərdiliyi ilə seçilən rəng duyumunun, əsərlərinin forma-biçimini səciyyələndirən ifadə vasitələrinin yeni məziyyətlərlə zənginləşdiyinin şahidi oluruq. Bu mənada onun dəst-xəttinin və ifadə tərzinin tanınan olması birmənalıdır. Bu özünü ilk növbədə klassik miniatür üslubuna yaradıcı münasibətin nəticəsi olan şərti-dekorativ rəng həllində, bu qaynağın rənglər məcmusundan "şirələnən” nikbinlikdə və yaxşı improvizələrində təzahür etdirir. Bənzərsizliyi danılmaz olan bu cür ifadə vasitəsinin köməyi ilə gerçəkləşən tablolarda təbiətin əsrarəngiz gözəlliyi, insanların gündəlik qayğıları cəlbedici və yaddaqalandır. Gördüklərini həm də geniş bədii ümumiləşdirmələrlə, romantik biçimdə təqdim edən rəssam həm də onların duyğulandırıcı tutum almasını şərtləndirmişdir. Onun "Vaqif Mustafazadə dünyası”, "İçərişəhər”, "Naxçıvan motivi”, "Əlincə”, "Muğam”, "Əncir ağacı və şanapipik”, "Laylay”, "Karvan”, "Bakı”, "Rəqs”, "Toy”, Ömür keçdi...”, "Mis qablar” və s. lövhələrində bu məziyyətləri görmək mümkündür.
İsti və soyuq rənglərin qovşağından cəlbedici təzad yaratmağa nail olan İntiqam Ağayev, bununla həm də kompozisiyaların arzulanan bütövlüyünü əldə etmişdir. Belə ki, tamaşaçının gözləri qarşısında sadəcə olaraq detaldan-detala keçid yox, rəng tutumunun, forma-biçim plastikasının zəngin ritminin yaratdığı gözəllik canlanır. İşıq-kölgə təzadlarının plastik formanı təsdiqləməkdən daha çox, xətlərin ahəngini, kompozisiyanın arxitektonikasını aşkarlaması ifadə-sənətkarlıq baxımından şaşırdıcıdır. Rəssamın əsərləri bizi inandırır ki, gözəlliklə dolu həyatımız ona diqqətlə baxışın sayəsində yeni libasda, fərqli görkəmdə bizi qarşılamaq gücündədir. Bu mənada sənətkar təfsirində bu gözəllik qaynaqları daha canlı və obrazlı tutum aldığından kifayət qədər yaddaqalandırlar. Yaradıcılığının "estetik xəritəsi”nin zənginliyi məhz ənənə və müasirliyin qovşağına kökləndiyindən əsərləri zamansızlığa qovuşmuş kimidirlər. Bu da çox az-az yaradıcıya müyəssər olan keyfiyyət sayıldığından, bütünlükdə rəssamın özünü təsdiqi kimi dəyərləndirilməlidir.
İntiqam Ağayevin əsərlərinin başlıca mahiyyəti onların ifadə olunduğu rənglərin insan duyğularına duyulası nüfuzetmə gücünə malik olmasındadır. Odur ki, onun bədii şərhi gerçəkçi-realist ənənələrdən qaynaqlanan, eyni zamanda miniatür üslubunun şərtiliyi və dekorativliyi əlavə olunan əsərləri reallıqla irrealığın romantik tutumlu qovşağı kimi diqqət çəkir. Görünənlərə "inamsızlığın” nəticəsi olan bu əsərlər bir çox hallarda haralarınsa – nələrinsə dəqiq əksi yox, onların rəssam təxəyyülündən qaynaqlanan obrazlı görüntüləridir. Başqa sözlə desək, bizim seyr etdiklərimiz həm də romantik ruhlu müəllifin görmək istədikləridir.
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər