AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gerçəkləşən missiya

Gerçəkləşən missiya

İqtisadiyyat
08 Yanvar 2021, 15:00 153
Azərbaycanın gələcəkdə dünya qaz bazarında mühüm yer tutması üçün zəmin yaradılır
 
 
2020-ci il Azərbaycan üçün siyasi və hərbi sahədə ciddi uğurlarla yadda qaldı. Ən önəmlisi odur ki, Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etməklə BMT-nin qətnamələrini təkbaşına həll etmiş oldu. 44 günlük hərbi əməliyyatlarla Azərbaycan dünya hərb tarixində əvəzsiz iz buraxmış oldu. Təsadüfi deyil ki, əksər dövlətlər artıq Azərbaycanın ən müasir texnoloji vasitələrdən istifadə etməklə əldə etdiyi uğurları tədqiq edir, hesabatlar hazırlayır. Sözsüz ki, bu uğurların arxasında güclü iqtisadiyyat durur. Əgər vaxtında bütün bu işlər görülməsəydi ciddi uğurlar əldə etmək bir qədər çətin olardı. İrimiqyaslı iqtisadi layihələr – Bakı-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz və Bakı-Qars kimi nəqliyyat dəhlizi reallaşdı. Azərbaycan enerji habına çevrildi. Ölkəyə axan milyardlarla dollar investisiya iri siyasi və iqtisadi layihələrin reallaşmasına zəmin yaratmış oldu. Bütün bunlar da 44 günlük zəfərin əldə edilməsində önəmli rol oynadı.
 
Missiya gerçəkləşdi və...
 
Bu ilin ən ciddi hadisəsi, sözsüz ki, Azərbaycanın Transadriatik qaz kəməri (TAP) ilə qazın Avropa İttifaqına nəqlinə başlanılması oldu. Bu kəmər Qərbdə Avropa İttifaqının Rusiya qazından asılılığının azaldılmasına xidmət edən layihələrdən biri hesab edilir. Artıq Xəzərdəki nəhəng "Şahdəniz-2” yatağından çıxarılan qazın İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə başlanıb. İllər əvvəl bu layihəyə çoxları şübhə ilə yanaşırdı. Amma indi missiya gerçəkləşdi və Azərbaycan qazı Avropaya gəldi. 878 kilometrlik TAP kəməri Cənub Qaz Dəhlizinin bir hissəsidir. Onun 7 il davam edən tikintisi 30 milyard dollara başa gəlib. Bu dəhlizə Azərbaycanın ən böyük qaz yatağı "Şahdəniz-2” ilə birlikdə Xəzər dənizi ilə Qərbi Avropanı birləşdirən 3500 kilometrlik kəmərlər daxildir. Azərbaycan qazı Avropaya Gürcüstan və Türkiyədən keçən kəmərlərlə çatdırılır. Azərbaycan Avropanın qaz bazarına ildə 10 milyard kubmetr təbii qaz nəql etməyi planlaşdırır. Təhlilçilər bildirirlər ki, Azərbaycan qazı Rusiya qazı ilə rəqib sayılır, amma Avropa bazarında Moskvanın dominant mövqeyinə o qədər də təsir göstərməyəcək. Rusiya Avropanın qaza olan ehtiyacının üçdə birini təchiz edir. Moskva bu il Türkiyə də daxil, Avropaya 170 milyard kubmetr qaz ixrac edib. Rusiya 2021-ci ildə bu rəqəmi 183 milyard kubmetrə çatdırmağı planlaşdırır. Rusiya hazırda Baltik dənizinin dibi ilə Almaniyaya qaz nəql etməli olan "Şimal Axını- 2” kəmərinin tikintisini başa çatdırmağa çalışır. ABŞ sanksiyaları tikintinin başa çatdırılmasını ən son mərhələdə əngəlləyib. Bunun əleyhinə olan Vaşinqton bildirir ki, kəmər ABŞ-ın Avropadakı NATO müttəfiqlərini Rusiyadan asılı vəziyyətə salacaq. O da qeyd edilir ki, SOCAR eyni zamanda Belarusa neftin nəqli üçün bu ölkənin dövlət neft şirkəti ilə uzunmüddətli saziş imzalayıb. Belarus illərdir ki, neft və qazın qiymətinə görə, onun əsas təchizatçısı olan Rusiya ilə mübahisədədir. Artıq soyuq Avropa həm də Azərbaycan qazına qızınmağa başlayacaq.
 
Layihənin hədəfi: həm sərmayəni çıxartmaq, həm də...
 
Bəs Azərbaycanın gəliri nə olacaq? Layihənin açıqlamasına görə, Türkiyə üzərindən Avropaya daşınması hədəflənən qazın miqdarının ildə 10 milyard kubmetr olması gözlənilir. TAP-ın 20 faizi BP, 20 faizi SOCAR, 20 faizi İtaliyanın "Snam” şirkətinə aiddir, yerdə qalan hissə 3 başqa şirkət arasında bölünür. Layihənin hədəfi həm sərmayəni çıxartmaq, həm də 10 milyardlarla dollar mənfəət əldə etməkdir. Enerji üzrə təhlilçisi Brüs Panniyer deyir ki, gələn il Azərbaycanın payına düşən gəlirin bir neçə milyard dollar olacağı gözlənilir, amma burda SOCAR-ın götürdüyü kreditlər və qoyduğu investisiyaları da nəzərə almaq lazımdır. TAP-ın uzunmüddətli perspektivi barədə bir çox təhlilçilər nikbindir. Lakin skeptik yanaşanlar da var. Məsələn, "Bloomberg” agentliyi Avropada son iki ildir ki, qışın isti keçdiyini, koronavirus pandemiyasının işgüzarlığı aşağı saldığını, təbii qazın qiymətinin son 10 ildə ən aşağı həddə düşdüyünü yazır.
 
Brayza deyir ki...
 
Üstəlik, Rusiyadan asılılığı azaltmaq üçün Avropa başqa imkanlar da yaradır. Məsələn, Norveç qazını Polşaya qədər gətirəcək Baltik kəməri, Avropa sahillərində tikiləcək maye qaz terminalları kimi layihələr var. Lakin ABŞ Dövlət Departamenti katibinin müavini olmuş, həm də regionun enerji siyasəti ilə məşğul olmuş Metyu Brayza deyir ki, TAP üçün problem yaranmayacaq: "TAP-la yola salınan 10 milyard kubmetr qaz artıq satılıb. Amma TANAP -ın bütün gücü ilə işləyə biləcəyi sual altındadır. TANAP böyükdür və hazırda nəql edilən qazdan daha böyük həcm üçün tikilib. Amma TAP investorların sata biləcəyi həcmdə inşa olunub. Mən TAP-ın genişlənəcəyini gözləyirəm. Amma TANAP bir müddət öz potensialından daha aşağı fəaliyyət göstərəcək. Avropa İttifaqı Türkiyə ilə bağlı müəyyən sanksiyaları nəzərdən keçirsə də, bunun, ümumilikdə qaz kəmərinə təsir edəcəyi gözlənilmir. Çünki Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaza olan ehtiyatının iki faizini ödəsə də, ayrı-ayrı ölkələrin bu qaza ehtiyacı böyükdür. Bu qaz Yunanıstanın qaz ehtiyacının 20 faizini, Bolqarıstanın qaz ehtiyacının üçdə birini, İtaliyanın ehtiyacının 10 faizini ödəyir. İspaniya Türkiyəyə silah satır, Almaniyanın Türkiyəyə münasibəti daha yumşaqdır. Odur ki, Avropanın Türkiyə ilə bağlı mövqeyi birmənalı deyil. Ayrı-ayrı Türkiyə rəsmilərinə sanksiya qoyula bilər, amma bunun qaz layihəsinə təsiri barədə əmin deyiləm”. Bununla belə, şərhçi Brüs Pannier hesab edir ki, növbəti mərhələdə TAP Avropa üçün hələ azı 40 il aktual ola bilər. Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə qoyulub, layihənin ümumi dəyəri, təxminən, 40 milyard ABŞ dollardır. Əsas qənaət budur ki, "Şahdəniz” yatağının ikinci fazasının reallaşdırılması Azərbaycanın gələcəkdə dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır. Qaz hasilatının ildə-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir. Aparılan işlər sayəsində qısamüddətli perspektivdə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi artacaq. Yeni qaz kəmərlərinin istismara verilməsi Avropa ölkələrinə əlavə 102,5 mlrd. kubmetr qaz əldə etməyə imkan verəcək.
 
Qərb mediası Azərbaycanın uğurundan yazır
 
Yeri gəlmişkən, Azərbaycan qazının Avropaya nəqli, eləcə də, Avropanın qaz təminatı məsələsi Qərb mediasının əsas müzakirə mövzularından biridir. "2021-ci ilin əvvəlində Cənub-Şərqi Avropanın qaz bazarında elə üç hadisə baş verib ki, bunların Rusiyanın "Qazprom” şirkətinin bu regiondakı və bütünlükdə Avropa İttifaqındakı biznesi üçün uzunmüddətli nəticələri olacaq”. Bu barədə dünyaca məşhur "Deutsche Welle” yazır. Qeyd olunur ki, bunlardan yalnız biri Rusiya mediasında geniş işıqlandırılıb: yanvarın 1-də Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya qazının onun ölkəsinə yeni marşrutla – Türk Axını kəmərinin ikinci qolu olan Balkan axını kəməri ilə gəlməsinə təntənəli şəkildə start verib. Lakin bu hadisədən bir neçə saat əvvəl, bitməkdə olan ilin son günündə Bolqarıstana Transadriatik kəməri – TAP-la Azərbaycan qazı gəlib. Bu hadisənin əhəmiyyətini vurğulamaq üçün Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 1-də Yunanıstanla sərhəddə yerləşən Kulata kəndindəki qaz kompressor stansiyasına baş çəkib və deyib: "Bu gündən tam diversifikasiya!” Məqalədə deyilir ki, başqa sözlə, Bolqarıstan bazarında "Qazprom” şirkətinin monopoliyasına son qoyulub. Yeni ilin üçüncü böyük hadisəsi isə Xorvatiya sahillərindəki Krk adası yaxınlığında maye qaz qəbul edən yeni üzən terminalın istifadəyə verilməsi olub. Terminal ilk olaraq Amerika maye qazını daşıyan tankeri qəbul edib və ABŞ qazı Xorvatiyanın Avropa sisteminə bağlı milli qaz nəqli şəbəkəsinə axıb. "Qazprom” şirkətinin Xorvatiyadakı monopoliyası da başa çatıb. Bundan sonra Xorvatiya öz qaz təchizatçılarını diversifikasiya edə, hətta, məsələn, Macarıstan və Ukraynaya da qaz verə biləcək. Məqalədə deyilir ki, sözügedən üç böyük hadisənin əhəmiyyətinin dərk edilməsi üçün Rusiya qazının Avropaya nəqlinin statistikasına baxılmalıdır. Lakin müqayisə üçün 2020-ci yox, 2019-cu ilin rəqəmlərinə baxılıb. Belə ki, pandemiyaya görə 2020-ci ildə qaz təchizatı rəqəmləri real vəziyyəti əks etdirmir.
 
Sofiyanın niyyəti
 
Ekspertlər hesab edir ki, Cənub Qaz Dəhlizi Rusiya şirkətini Bolqarıstandakı monopoliyadan məhrum edəcək və onu Yunanıstan və İtaliyada rəqabətin artması ilə üzləşdirəcək. Həm də bu halda təkcə, məsələn, Qətər, Əlcəzair və ABŞ-ın maye qazı ilə yox, Azərbaycandan kəmərlə gələn daha sərfəli qazla rəqabət aparmaq lazım gələcək. Cənub Qaz Dəhlizi iki kəmərdən ibarət sistemdir. Hələ 2019-cu ildə istifadəyə verilmiş TANAP Azərbaycan qazını Gürcüstan ərazisi ilə Türkiyənin Yunanıstanla sərhədinədək nəql edir. Bu nöqtədə kəmər artıq istifadəyə verilmiş TAP-la birləşdirilib. Bu kəmər Yunanıstan və Albaniya ərazisi, daha sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. TAP-ın tutumu ildə 10 milyard kubmetrdir və bunun ildə 8 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Halbuki İtaliya, əhəmiyyətinə görə "Qazprom” şirkətinin Avropada Almaniyadan sonra ikinci böyük müştərisidir. "Qazprom” 2019-cu ildə İtaliyaya 22.1 milyard kubmetr qaz nəql edib. İndi TAP-ın istifadəyə verilməsi, nəzəri baxımdan Rusiya qazına olan tələbatı 30 faiz azalda bilər. "Deutsche Welle” yazır ki, "Qazprom”un daha ciddi itkiləri Balkanlarda ola bilər. Artıq 2021-ci ildə TAP kəməri ilə Yunanıstan və Bolqarıstana, hərəsinə ildə 1 milyard kubmetr olmaqla qaz nəql ediləcək. Nəzərə alınsa ki, bu iki ölkə 2019-cu ildə Rusiyadan 2.4 milyard kubmetr qaz alıb, onda "Qazprom” şirkətinin bu bazardakı payı təxminən 40-45 faiz azala bilər: "Bütün hallarda Bolqarıstan baş naziri Boyko Borisovun "tam diversifikasiya” barədə bəyanatı və onun Azərbaycan prezidenti ilə yanvarın 3-də yer almış telefon söhbəti zamanı İlham Əliyevi Bolqarıstana dəvət etməsi, Sofiyanın Azərbaycandan maksimum həcmdə qaz almaq niyyətini göstərir”. Buna baxmayaraq, ola bilsin, Bolqarıstan 2021-ci ildə Azərbaycandan sırf texniki səbəblərlə 1 milyard kubmetr qaz ala bilməsin. Çünki payızadək TAP-la nəql olunan qaz Kulata kəndi yaxınlığındakı müvəqqəti nöqtədən keçəcək. Belə ki, Yunanıstan və Bolqarıstanın qaz təchizatı sistemlərini birləşdirəcək 182 kilometrlik borunun çəkilişi 2020-ci ilin sonunadək başa çatmayıb. Lakin layihə gücü ildə 3 milyard kubmetr olan bu boru kəməri Sofiyaya TAP kəməri ilə Azərbaycan qazını tam həcmdə almaq və hətta Yunanıstandakı maye qaz terminalından qaz idxal etmək imkanı verəcək.
 
Azər NURİYEV