• çərşənbə axşamı, 16 aprel, 18:49
  • Baku Bakı 18°C

Geotermal mənbələrin potensialından necə yararlanmalı?

10.01.20 10:00 1569
Geotermal mənbələrin potensialından necə yararlanmalı?
Mütəxəssislər deyirlər ki, Azərbaycanın əksər bölgələrində olan geotermal ərazilərin turizm sektoruna qazandırılması çox vacibdir
Qafqazda ilk dəfə olaraq Azərbaycanda geoparkların yaradılması konsepsiyası işlənib hazırlanıb. Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, geoparkların yaradılması konsepsiyası Azərbaycanda nadir geoloji obyektlərin qorunması və davamlı istifadə edilməsinə dair milli tədbirlər planına uyğun olaraq hazırlanıb və elmi əsaslandırılıb. İnstitut tərəfindən Azərbaycan ərazisində mövcud olan geotermal mənbələr, termal su quyuları və səthə yaxın süxur komplekslərinin geotermik parametrləri toplanıb və araşdırılıb. Yeni məlumatlardan istifadə etməklə geotermal mənbələrin ilkin enerji resursları qiymətləndirilib və elektron məlumat bazasında yerləşdirilib.
Geoloji obyektlərin potensialından yararlanmaq, onların turizm obyekti kimi formalaşması üçün hansı addımlar atılmalıdır?
Azərbaycan Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov qeyd etdi ki, həmin ərazilərdən faydalanmaq üçün ilk olaraq ciddi təhlil aparılmalıdır: "Bu geotermal mənbələr, termal sular haqqında geniş informasiya və xəritə var. Sadəcə, onlardan necə istifadə olunması haqqında bir məlumat yoxdur. Bunun üçün xüsusi təhlillər, araşdırmalar aparılmalıdır. İqtisadi baxımdan səmərəlikləri yoxlanılmalıdır. Çünki belə yataqların sənayedə, məişətdə istifadəsi üçün hərtərəfli texniki-iqtisadi əsaslandırma olmalıdır. Onlardan kortəbii şəkildə istifadə etmək olmaz. Bundan başqa, həmin bulaqlardan gündə nə qədər su çıxır, onun kimyəvi tərkibi, uzunmüddətli istifadədən sonra hansı təsirləri ola bilər və s. kimi məlumatları öyrəndikdən sonra onlardan faydalanmaq olar”.
Turizm üzrə ekspert Elçin Rüstəmov qeyd etdi ki, bu işdə dünya təcrübəsindən yararlana bilərik: "Bu tip mənbələrin araşdırılıb tapılması və turizmə qazandırılması olduqca faydalıdır. Xüsusilə də müalicə, sağlamlıq turizmini inkişaf etdirmək istəyən bir ölkə üçün bu, çox vacib addımdır. Hazırda ölkəmizdə turizmin bu növü ilə bağlı bəzi sağlamlıq-istirahət kompleksləri var. Buna misal olaraq, Naftalan müalicə və sağlamlıq mərkəzinin adını çəkmək olar. Sovet dövründən tanınan ən yaxşı kurort mərkəzidir. Əslində, bölgələrimizin əksəriyyətində belə termal sular, geotermal mənbələr var. Onların tapılması və turizmə qazandırılması mütləqdir. Sadəcə, bu iş bir az zaman alır. Bizim ilk işimiz regionlardakı belə mənbələri tapmaqdır. Növbəti mərhələdə onu turistlər üçün cəlbedici əraziyə çevirmək olar. Təbii ki, bu mənbələr tapıldıqdan sonra orada turizmin digər növlərini də inkişaf etdirmək olar. Məsələn, həmin ərazidə restoran, otel açmaqla, turizm agentliklərinin ora tur təşkil etməsi ilə gəlirli sahəyə çevirmək mümkündür. Düşünürəm ki, bunun üçün ilk növbədə dünya təcrübəsindən də yararlana bilərik. Belə ki, dünyanın bir çox ölkələri müalicə-sağlamlıq turizmi sahəsində böyük işlər görüb”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, Azərbaycanda bir neçə il bundan öncə Sağlamlıq və Termal Turizm Assosiasiyası yaradılıb. Bu Assosiasiya sağlamlıq turizminin inkişafında mühüm rol oynayıb: "Assosiasiya Naftalan, Duzdağ, Qalaaltı kimi bölgələrdə sağlamlıq turizminin inkişafı üçün mühüm işlər görüb. Azərbaycanın təbii, coğrafi iqlimi sağlamlıq və termal turizmin inkişaf etdirilməsi üçün əlverişlidir. Hal-hazırda Qalaaltı, Duzdağ, Naftalanda bir çox bərpa işləri aparılıb. Amma bu sadalananlarla kifayətlənmək olmaz, bunlar Sovet dönəmindən qalanlardır. Ölkəmizin hər bir bölgəsində belə geotermal mənbələr var. Onları tapıb, aidiyyəti üzrə istifadə etməliyik. Geotermal mənbələrin, termal suların aşkara çıxarılması turizmin də inkişafına böyük töhfə verər. Çünki bəzi turistlər sırf belə yerləri görmək üçün ölkələrə səfər edirlər. Biz həmin əraziləri tapıb dünya bazarına çıxartmalıyıq. Necə ki, "Kislovodsk”, "Truskavets”, "Karlovı vodi” kimi yerlər dünyada məşhurlaşıblar, eləcə də bizim Masallıdakı "İsti su”, Naxçıvandakı "Duzdağ” və digərləri sağlamlıq turizminin əsas obyekti kimi tanına bilər”.
Həmsöhbətimiz həmin əraziləri tanıtmağın yollarından da danışdı: "İlk olaraq sağlamlıq və müalicə turizminə faydalı olacaq geotermal əraziləri tapıb sertifikatlaşdırmaq lazımdır. Xarici mütəxəssisləri ölkəmizə cəlb edib, həmin ərazilərin faydalılığını tam şəkildə sübuta yetirmək vacibdir. Xarici mütəxəssislər sertifikat verdikdən sonra dünya bazarında məşhurlaşmaq asandır. Çünki turistlərə belə yerlər çox maraqlı gəlir. Xüsusilə, elə bir yaş dönəmində olan turistlər var ki, onlar müalicəvi əhəmiyyəti olan yerlərə getməyə üstünlük verirlər”.
Amma bir məsələni də qeyd etmək lazımdır ki, belə yerlərə girişlərin qiyməti çox baha olur. "Kim hansı qiyməti istəyir, onu da tətbiq edir” deyən M. Ağakərimov turizmdə bu cür yüksək qiymətin əleyhinə olduğunu bildirdi: "Çünki bu, həmin ərazilərin əlçatanlığını çətinləşdirir. Qiymətlər obyektiv şəkildə müəyyən edilməlidir. Bəzi turizm agentlikləri belə bahalı yerlərə tur təşkil etməkdə maraqlı olmurlar. Qiymət bahalılığını, bəzən rəqabətlə əlaqələndirirlər. Əgər belə müalicəvi yerlər bütün bölgələrimizdə olsa, o zaman qiymət də aşağı olar. Əminəm ki, ölkəmizin bir çox bölgəsində belə geotermal mənbələr var. Sadəcə, onları araşdırıb üzə çıxarmaq və faydalanmaq lazımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər