• cümə, 26 Aprel, 02:44
  • Baku Bakı 16°C

Georgi Marqvelaşvili Rusiyanın könlünü almaq istəyir

01.11.13 08:28 1424
Georgi Marqvelaşvili Rusiyanın könlünü almaq istəyir
Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına çalışacağını bəyan edib. Marqvelaşvili BBC-nin “Newshour” verilişinə müsahibəsində Rusiya ilə barışıq üçün “Yol xəritəsi”ni hazırlamaq niyyətində olduğunu bildirib. Qeyd edək ki, 2008-ci il müharibəsindən sonra Gürcüstan Rusiya ilə münasibətlərinə son qoyub. Gürcüstanda keçirilən prezident seçkiləri zamanı səs çoxluğu ilə qalib gələn Georgi Marqvelaşvili, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün yeni plan üzərində işləyəcək. Yeni prezident Britaniya mediasına müsahibəsində Moskva ilə barışıq üçün “yol xəritəsi”ni tərtib etməyə hazır olduğunu söyləyib. Mütəxəssislər isə hesab edirlər ki, onun Avropa İttifaqı ilə ticarət sazişinin imzalanması üzrə planı iki ölkənin münasibətlərinə bir o qədər də təkan verməyəcək. Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2008-ci ilin avqust müharibəsindən sonra soyuqlaşıb.
Georgi Marqvelaşvili bir daha Gürcüstanın heç vaxt MDB-yə qayıtmayacağını da bəyan edib. G. Marqvelaşvili xatırladıb ki, Gürcüstan öz gələcək inkişafı ilə bağlı mövqeyini 2008-ci il referendumunda bildirib: “Avropa və Avroatlantik strukturlara inteqrasiya hansısa siyasətçinin yox, gürcü xalqının arzusudur”. Prezident deyib ki, Gürcüstanın MDB-də üzvlüyü effektli olmayıb və MDB ölkəyə heç bir təminat verməyib: “Biz Belarus və digər ölkələrdən olan həmkarlarımızın bəyanatlarına hörmətlə yanaşırıq. Lakin Gürcüstan MDB istiqamətində yox, birmənalı şəkildə Avropaya doğru hərəkət edir”. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko MDB sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Gürcüstanın MDB-yə qayıtmasını istədiyini bildirib. O ki qaldı İvanişvilinin mövqeyinə, baş nazir Rusiya ilə münasibətlərdə heç nə dəyişməiyb. «Biz münasibətlərin normallaşdırılmasını nümayiş etdiririk. Lakin Cənubi Osetiya və Abxaziya sərhəddində baş verənlər suallar doğurur. Lakin mən istənilən halda problemin diplomatik yolla həllinə ümid edirəm» - deyə baş nazir vurğulayıb. O da bəlli olub ki, Gürcüstan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Vilnüs sammitinə yeni prezident və yeni baş nazirlə qatılacaq. “Qruziya Online” portalın xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri İrina İmerlişvili deyib. O bildirib ki, zirvə toplantısına hazırlıq artıq yekunlaşmaq üzrədir: “Sammitə yeni prezident və yeni baş nazir gedəcək. Bunu mən dəqiq deyə bilərəm. Ona görə də istəyirik ki, yeni Nazirlər Kabineti vaxtında təsdiqlənsin”. Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident seçkilərindən sonra istefaya gedəcəyini və qeyri-hökumət sektorunda fəaliyyətə başlayacağını açıqlamışdı.
Öz növbəsində Gürcüstanın artıq sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, yeni hakimiyyətin siyasəti Rusiyanın boyunduruğu altına düşməyə yönəlib. Bidzina İvanişvilinin hökumətindəki məmurlar prezidentlik müddəti bitəndən sonra onu məhkəmə çəkişməsi ilə hədələyiblər. Saakaşvili Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşüb. Gürcüstan prezidentinin sözlərinə görə, ona hədə-qorxu gələn hökumət üzvləri hətta onun saxlanılacağı konkret həbsxananı da qeyd ediblər. Saakaşvili onun həbsinin Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasının şərtlərindən biri olduğunu hesab edir. “Mən düşünürəm ki, bu bizim demokratik Avropa gələcəyimizə uyğun deyil. Bu gürcü xalqının iradəsinə və demokratiyanın ruhuna ziddir” - deyə Saakaşvili qeyd edib. Joze Manuel Barrozu isə öz növbəsində, qeyd edib ki, Gürcüstan hökuməti ədaləti bu cür seçmə yolla müəyyən etməkdən boyun qaçırmalıdır. Qeyd edək ki, hazırkı prezidentin səlahiyyətləri seçkilərdə qalib gəlmiş Georqi Marqvelaşvilinin andiçməsindən sonra dayandırılacaq. İnauqurasiya noyabrın 17-də təyin olunub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər