Generalı öndə olan Ordu
Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən
özünü fərqləndirmir, Vətənə ləyaqətlə xidmət edir
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli
döyüşlər davam edib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov
Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarkən
döyüşdə Azərbaycan Ordusunun 1 polkovnik, 2 mayor, 2 gizir və 1 müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla daha 6 hərbçisi şəhid olub. Döyüşlərdə
yaralananlar da var. Onlara dərhal tibbi yardım göstərilib və həyatları üçün təhlükə
yoxdur. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza
tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri,
komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı
qüvvəsi məhv edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor
Polad Həşimovun qəhrəmancasına şəhid olması Azərbaycan Ordusunda generallarla əsgərlərin
bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir. Bir
daha aydın olunur ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən
özünü fərqləndirmir, Vətənə ləyaqətlə xidmət edirlər. Generallarımız qarşıda
duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər
an qurban verməyə hazırdır. İşğalçı Ermənistan ordusunda isə generallar sıravi əsgərlərin
arxasında gizlənir, öz canlarını qorumaqla məşğul olurlar. Azərbaycan xalqı
Polad Həşimov kimi qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr
edir. Döyüşlər itkisiz olmur və əminik ki, şəhidlərimizin yaralıların qanı yerdə
qalmayacaq.
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənmillət vəkili Sahib Alıyev şəhidlikdən
böyük rütbənin və zirvənin olmadığını söyləyib. Deputatın sözlərinə görə, bir xalqın ki, generalı
döyüşə əsgərindən öndə gedir, şəhid olur, ona torpaqlarının işğal altında
qalmasını həzm etdirəcəklərini düşünənlər yanılırlar. S.Alıyev vurğulayıb ki, Xəzər
dənizi Volqa çayı ilə üzü geri axa bilər, amma Ali Baş
Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan torpaqlarında
ikinci qondarma hay dövləti yaratmaq mümkünsüzdür: "Mənim törəmdə və dinimdə torpağı Vətənləşdirməkdən,
Vətən yolunda şəhid olmaqdan uca heç nə yoxdur. Elə bir Azərbaycan əri
tanımıram ki, o, toraqlarının işğal altında qalmasıyla razılaşmaq rüsvayçılığı,
yaxud da onun yolundan öz canından keçmək dilemması qarşısında birincini seçmək
istəsin. Hayların güclü havadarları, onlara bu günlərdə də gizli kəşfiyyat və hərbi-texniki
dəstək verənləri ola bilər, ancaq onların Azərbaycan torpaqlarında ikinci
qondarma dövlət yaratmaq planı alınmayacaq. Hərbçilərimizin bugünkü şücayəti
göstərir ki, Azərbaycan dövləti və xalqı buna imkan verməyəcək. İşğal altındakı
torpaqlarımız haylardan - forpost ünsürlərdən son qarışınadək təmizlənəcək. Biz
bir reallığı da unutmamalıyıq ki, bu savaş indi təkcə mahiyyətcə deyil, həm də
formaca xalq savaşıdır. Yəni, təkcə ön xətdə və ancaq hərbiçilər arasında
getmir. Ona görə də cəmiyyətin hər bir vətənpərvər üzvü ayıq-sayıq olmalı,
xarici dili bilənlər əlləri çatan hər yerdə hay vəhşiliyi və bölgədəki real vəziyyət
haqda informasiya yaymalı, düşmən təxribatı gördükdə qətiyyətlə qarşısını
almalı, adını azərbaycanlı qoyub ölkədə qarışıqlıq yaratmağa, dövlətimizə
inamsızlıq aşılamağa çalışan şərəfsizlərə yerlərini və hədlərini göstərməlidirlər.
Hər bir vətəndaşımız cəbhədəki vəziyyətlə bağlı ancaq rəsmi qurumların yaydığı
xəbərləri paylaşmalıdır. Bir sözlə, müsəlləh əsgər kimi davranmalıyıq”.
Milli Məclisin
deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı da bildirib ki, təcavüzkar Ermənistanın dövlət sərhədimizin
Tovuz rayonundan keçən hissəsində bir neçə məqsəd üçün törətdiyi təxribatın
qarşısı qəhrəman hərbçilərimiz tərəfindən alınıb: "Düşmənin çoxlu əsgər və
zabiti məhv edilib, maşın və texnikası sıradan çıxarılıb. Təhlükəsizlik
Şurasının iclasında etdiyi çıxışında dövlət başçımızın qətiyyətlə dediyi sözlər
həm Ermənistana, həm işğalçını müdafiə edən ölkələrə, həm də vəziyyətdən
sui-istifadə edərək iyrənc niyyətə düşən bəzi şəxslərə açıq-aydın xəbərdarlıqdır.
Dövlət başçısı bildirmişdi ki, hərbçilərimizin qisası alınıb, bundan sonra da
alınacaq, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Ali Baş Komandan dedi ki, biz bütün imkanlardan istifadə edib özümüzü
qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Bu hadisədən alınan
dərslər bunlardır. Əgər Ermənistan ordusu Azərbaycan ordusu qarşısında cılız və
gücsüzdür, Ermənistan işğalçılıq siyasətinə son qoymasa, torpaqlarımızdan
vurulub çıxarılacaq, onu himayə edən dövlətlər işğalçı Ermənistanı xilas edə
bilməyəcəklər. Daxilimizdə bu vəziyyətdən sui-istifadə edərək çağırışlar edənlərin
də arzuları ürəyində qalacaq. Çünki millətimiz Ali Baş Komandanın, dövlətimizin
yanındadır. Dövlətimizin qanunlarını pozanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar.
Həm işğalçı ölkə və onu himayə edənlər, həm də içimizdən çıxan bəziləri
anlamalıdırlar ki, artıq 1990-cı illərin əvvəlləri deyildir. Bizim işimiz haqq
işidir, qələbə də bizim olacaq”.
Rufik İSMAYILOV