• cümə, 29 Mart, 04:39
  • Baku Bakı 7°C

“Gəncsən? Başla!” tələbələrə təqdim olundu

08.12.17 20:44 8185
“Gəncsən? Başla!” tələbələrə təqdim olundu
Dünən Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri, hüquqşünas Nadir Adilovun müəllifi olduğu "Gəncsən? Başla!” kitabının imza günü keçirildi.
Tədbirin açılışını Universitet Tələbə Həmkarlar İttifaqının sədri Bayram Aslanov etdi. Bildirdi ki, kitab gənclərin düzgün istiqamətə yönəldilməsində böyük əhəmiyyətə malikdir.
"Asan Könüllülər” təşkilatının sədri Bəxtiyar İslamovun sözlərinə görə, "Gəncsən? Başla!” kitabını sadəcə, bir neçə saatlıq motivasiya mənbəyi adlandırmaq olmaz: "Burada gündəlik həyatımızda önəmli olan, bizi əhatə edən bütün məqamları sualları və cavabları ilə görmək olur. Bu kitab oxucularının fikrini 180 dərəcədə dəyişmək qüdrətinə malikdir”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirdi ki, kitabın mövzusu kifayət qədər aktualdır: "Kitabda cəmiyyətdə müəyyən yer tutmağa çalışan, orta məktəbi əla qiymətlərlə oxumuş, universitetlərin tələbəsi olmuş gənclərin cəmiyyətə, iş dünyasına inteqrasiyasından bəhs edilir. Etiraf edək ki, bu sahədə bizim problemlərimiz var. 700 balla universitetə qəbul olan tələbələrin bir qismini sonradan iş dünyasında görmürük. Bunlar da səbəbsiz deyil. Bu kitabda həmin səbəblər bir-bir araşdırılıb, həlli üçün hansı addımların atılmalı olduğu əks olunub”.
Sonda çıxış edən Nadir Adilov gəncləri könüllü olmağa çağırdı. Bildirdi ki, iş dünyasına atılmaq, bir çox keyfiyyətləri hələ tələbə vaxt öyrənmək üçün könüllü olmaq gənclərin gələcək karyeraları üçün böyük önəm kəsb edir. N.Adilov dedi ki, kitabın satışından əldə olunan gəlir, təqaüd kimi, 6 tələbəyə veriləcək: "Mən də tələbə olmuşam, sizin indi keçdiyiniz yolu keçmişəm. Bu aspektdən yanaşaraq sizin üçün maraqlı, lazımlı ola biləcəyini düşündüyüm məlumatları kitabda qeyd etmişəm. Hər şey sizdən asılıdır. Kapitalizm dövrüdür, yaxud başqa bir dövrdür, bunların fərqi yoxdur. Özünüzü realizə etmək üçün hər imkanlar var. Yetər ki, siz başlayın”.
Aygün



banner

Oxşar Xəbərlər