AZE | RUS | ENG |


Gənclik, azadlıq və sevgi şairi

Gənclik, azadlıq və sevgi şairi
Onun adı bir xalqın tanınması üçün kifayətdir

Budapeştin mərkəzi küçəsində - Karolyi utça 16-da yerləşən "Şandor Petefinin Ədəbi Muzeyi” dünyanın hər yerindən Macarıstana gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Muzeyin hətta istirahət günləri də işləməsinin səbəblərindən biri də məhz budur.  Beş otaqdan ibarət muzeyin bütün eksponatları macar xalqının milli qəhrəmanı və sevimli şairinin mübarizlik dolu hekayətindən danışır. Muzeydə müasir muzeyçiliyin bütün standartlarına cavab tapmaq olur. Macar  ədəbiyyatında yer alan yazıçı və şairlərin vaxtilə işlətdiyi boşqablar, qaşıqlar və badələr də muzeydə yer alıb. Otaqlardakı eksponatlar ümumilikdə macar ədəbiyyatı barədə ziyarətçilərə geniş məlumat verir. Şairin şeirləri az qala muzeyin divarlarında dekora çevrilib. Petefinin uşaqlıq, gənclik illərinin şəkilləri boylanır bütün divarlardan. Şeirləri elektron kitaba köçürülüb. Qulaqcıqlarla həmin şeirlərə qulaq asmaq mümkündür. Döşəmələr boyu sıralanan qırmızı rəngli şüşələr isə həyatının illərini addım-addım sıralayır. Otaqlarda quraşdırılan monitorlarda şairin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş olunur. İnqilabçı demokratın həyat hekayətini də elə muzeyin divarları arasında dinlədim.
 
Üsyankarlıq və vətənpərvərlik nümunəsi

1848-1849-cu illər macar inqilabının rəhbərlərindən biri Şandor Petefinin adı bu xalqın milli simvolu kimi səslənir. Milliyyətcə slavyan olsa da, Şandor Petefi (Aleksandr Petrofih) həmişə  bir macar vətənpərvəri kimi Macarıstanı ürəkdən sevməsi ilə tanınıb. Kasıb ailədə doğulan Şandorun atası mal-qara ilə məşğul olur, anası işləmirdi. Bir yaşı olanda ailələri Kişkunfeledhaza köçür və balaca Şandor bu balaca yeri doğma  şəhəri hesab etməyə başlayır. Atası imkansız olsa da, oğluna yaxşı təhsil verməyə çalışırdı. Ancaq maliyyə çətinliyi üzündən Şandor oxuduğu liseyi yarıda qoymalı olur. 1839-cu ildə Petefi orduya çağırılır, ancaq 1841-ci ildə xəstəliyi üzündən hərbi xidmətdən azad edilir. O, aktyorluq edib pul qazanırdı, sonra isə əlavə qazanc üçün tərcümələr etməyə başlayır. Arabir qələmini sınayıb şeir də yazırdı. "Şərab içən” adlı ilk şeiri 1842-ci ildə "Athenaeum” adlı nəşrdə çap olunanda oxucular ədəbiyyata yeni nəfəs gəldiyini hiss edirlər. Həmin il onun "Şandor Petefi” adı ilə ilk əsəri də çap edilir. Əsərində şairin xalqla yaxın əlaqələri, xalqın həyatına yaxından nüfuz etməsi, ətraf aləmə yumoristik-ironik baxış yer almışdı. Ədəbiyyatda realist istiqamətdə mövqe tutan şair eyni zamanda ayrıca romantizmin motivlərinə üstünlük verirdi. İlk yazdığı şeirlərdən başlayaraq onun yaradıcılığına üsyankarlıq ruhu hakim idi. İlk növbədə  Avstriya Habsburqlarının despotizminə qarşı çıxır, xalqı üçün demokratiya istəyərək "Krallar əleyhinə”, ”Vəhşi çiçək” kimi şeirlər yazmışdır. O, macar ədəbiyyatına, poeziyasına ümumilikdə üsyan ruhu gətirmişdi. Ş.Petefinin adı macar xalqının azadlıq mübarizəsi ilə bərabər səslənirdi. O, 1846-cı ildə yaxın dostu Yanoş Arenlə macar azadlıq inqilabı hərəkatı yaratmağa cəhd edir. Bir il sonra isə artıq "Gənc Macarıstan” adlı inqilabi təşkilata rəhbərlik edirdi. Yuliya Sendrei ilə ailə qurduqdan sonra Petefi inqilabi fəaliyyətini daha da genişləndirir. Onun vətəndaşlıq poeziyası ümumavropa demokratik hərəkatında müəyyənedici təsirə malik idi. Demokratik düşərgənin rəhbəri kimi o, silahdaşları ilə 1848-ci ilin mart ayında Peşt və Budada inqilabı hərəkata rəhbərlik edir. Bütün universitet tələbələri ona qoşulur. Petefinin "Milli mahnı”sı minlərlə tirajla nəşr olunub kütlələrə paylanır. Azadlıq və müstəqilliyə həsr olunan şeirini isə böyükdən kiçiyə hamı əzbər bilirdi. Petefi Milli Muzeyin pillələrində bu şeiri oxuyaraq, hamını azadlıq uğrunda mübarizəyə səsləyirdi. 
Petefi şeirlərində kəndlilərin hüquqlarını, xalqın mənafeyini müdafiə edir, sadə xalqın maraqlarının müdafiəsində dayanırdı. O, döyüş mahnıları yazır, əksinqilabi qüvvələrlə şeirləri ilə vuruşurdu. Onun döyüş mahnıları macar inqilabı əsgərlərinin ruhunu qaldırırdı. Şairin qəhrəmanları canlarını xalqın azadlığı uğrunda qurban verirdi. "Həyat və ölüm”, "Dəhşətli vaxtlar” şeirləri, "Apostol” poeması üsyankarlıq və sonsuz vətənpərvərliyin nümunələri idi. Petefinin xalqın həyatından bəhs edən şən və qəmgin,  gülməli və sərt mahnıları dinləyənlərin qəlbini ovsunlayırdı. "Əsil poeziya xalq poeziyasıdır. Biz onu  qüdrətli etməliyik.  Əgər xalq  poeziyaya səcdə edəcəksə, o, siyasətə də səcdə etməyə başlayacaq. Bu isə əsrlərin işidir. Bunu həyata keçirmək hər bir xeyirxah qəlbin məqsədidir. Milyonların çəkdiyi iztirablar o şeirlərdə əksini tapmalı, insanlar həyatdan zövq almağı bacarmalıdırlar”- deyə Petefi 1847-ci ildə dostu Yanoş Arana yazırdı.

Həqiqət, yoxsa əfsanə?
 
Macar xalqının sevimli şairi və milli qəhrəmanı Ş.Petefi 1849-cu il 31 iyulda Transilvaniyada döyüşlərdə həlak olur. Onun ölümü haqqında ümumi rəy rus səhra həkiminin gündəliyində yazdığı qeydlər əsasında formalaşıb. Bundan əlavə, onun ölümü haqqında məlumatın dəqiq olmadığı da qeyd edilir. Petefinin əsir düşdüyünü, Sibirdə öldüyünü söyləyənlər də var. 1893-cü ildə Zakarpat ədəbiyyatçısı Vasiliy Vasilyeviç Paqiryanın "Madyarorsaq” qəzetindən əldə etdiyi hissədə  Şandor Petefinin Sibirdə əsirlikdə olması ilə bağlı məlumatlar yer alıb. Mənbədə Birinci Dünya müharibəsi zamanı Baykal gölü ətrafında macar əsirlərinin saxlanması haqqında məlumatlar var. "Aleksandr Stepanoviç” yazılan qəbirin üzərində "Mayor və şair may ayında İllsunskidə həlak olub” sözləri yazılıb. Cəsəd əldə edilərək Moskvaya, daha sonra Budapeştə göndərilib. Məqalədə həmçinin şairin şeiri də yer alıb. Bu, Petefinin yaradıcılığını araşdıran rus tədqiqatçılarının diqqətini cəlb edib. Onlar bununu həqiqət, yoxsa Petefi haqqında əfsanə olduğunu araşdırmaq üçün tədqiqatlara başlayıblar. 
1987-ci ildə ilk kino sənətçilərindən ibarət macar ekspedisiyası Baykal gölü sahillərinə yollanıb. Bir il sonra ədəbiyyatşünas Edit Keri macar şairinin qəbri hesab edilən ərazidə axtarışlar aparıb. 1989-cu ildə isə həmin ərazilərə macar, sovet və Amerika mütəxəssislərindən ibarət antropoloji ekspedisiya cəlb edilib.   
Ancaq  Rusiyada aparılan təhqiqatlar skeletin qadın bədəninə aid olduğu qənaətinə gəlib.  Nəhayət, kompaniyaya macar siyasi xadimləri də qoşularaq, skeleti Nyu-Yorka göndərməyə müvəffəq olublar və cəsəd Amerika ekspertizası tərəfindən tədqiq olunub. Nəhayət, 15 elmi institutun qatıldığı komissiya, həmçinin İsveçrə və Yaponiya mütəxəssisləri 2007-ci ildə rus ekspertlərinin rəylərini təsdiqləyiblər. 
 
Berns və Beranje ilə müqayisə oluna bilən şair
 
Macar xalqının fikrincə,  Petefinin yaradıcılıq və fəaliyyətini qiymətləndirmək çətindir. O, Macarıstanın milli şairidir.  Rus ədəbiyyatında Dostoyevski, Puşkin, Ukrayna ədəbiyyatında Şevçenko, Belarus ədəbiyyatında Yanka Kupala, Polşa xalqı üçün Mistkeviç kimdirsə, Şandor Petefi də macar xalqı üçün həmin şəxsiyyətdir. Petefinin xalq tərəfindən sevilməsini sübut edən məqamlardan biri bütün şeirlərinə nəğmələr yazılmasıdır. Rusiyada macar ədəbiyyatından tərcüməyə məhz onun şeirləri ilə başlayıblar.
Bu gün macar xalqı Şandor Petefinin xatirəsini əbədiləşdirərək, ölkənin ən böyük küçələrini onun adı ilə adlandırıb. Budapeştdə şairin adını daşıyan körpü, muzey, kitabxana və radiostansiya var. Həmçinin Cənibi Slovakiya, Rumıniya, Bratislava, Polşa, hətta Tbilisidə, Ujqorodda xalq qəhrəmanının adını daşıyan küçələr var. Milanda Sempion Parkındakı xiyaban da Petefinin adını daşıyır. Fəzadakı kiçik planetlərdən birinə şairin adı verilib. Kiyevin mərkəzi küçəsi sayılan Vorovskidə Petefinin heykəli ucalıb. 1952-ci ildə macar bəstəkarı Endre Seke "Petefi” kantatasını yazıb. Doğma Kişkereçdə isə şairin  memorial ev-muzeyi var. Muzey heykəllər parkını xatırladır. Burda şairin 14  heykəl portreti yer alıb. 
Macar xalqı ədəbiyyatlarını zənginləşdirdiyinə görə, Petefiyə çox borcludur. alman şairi Henriz Heynenin "Petefi - yalnız Berns və Beranje ilə müqayisə oluna bilən şair” deyərək  yüksək dəyər verdiyi Şandor Petefi haqqında xalqı fəxrlə belə düşünür: "Petefi beş il ərzində yazıçı və şairlərin 50 ildə yazmadığı əsərləri yazıb. Onun qısa həyatı özlüyündə zəngin romandır. Əsərləri isə bu romanın şanlı səhifələridir”.  Xalq həmçinin "macar xalqının tanınmasında elə təkcə Şandor Petefinin adı kifayətdir” deyir.
 
Təranə Məhərrəmova
Budapeşt
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202