• cümə, 29 Mart, 14:49
  • Baku Bakı 14°C

“Gənclərin maliyyə savadlılığının artırılması” layihəsi başa çatıb

08.10.16 14:28 1016
“Gənclərin maliyyə savadlılığının artırılması” layihəsi başa çatıb
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin maliyyə savadlılığının artırılması” layihəsinin icrası başa çatıb. Layihə tələbələrin, sahibkar olmağa hazırlaşan gənclərin dünya maliyyə bazarlarındakı vəziyyət, Azərbaycanda maliyyə sabitliyinin qorunması, davamlı iqtisadi inkişafın təmin olunması, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması ilə bağlı atılan addımlar, eyni zamanda maliyyə məhsul və xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədi daşıyıb.
Layihənin icrası zamanı gənclərin maliyyə savadlılığı üzrə mövcud vəziyyət öyrənilib, gənclərin bu sahədə öyrənməyə ehtiyac duyduğu məsələlər barədə məlumatlar toplanılıb. Layihə heyəti tərəfindən gənclərin maliyyə savadlılığının artırılması məqsədilə, bu mövzuda veriliş hazırlanıb.Daha geniş auditoriyanın əhatə olunması məqsədilə İTV-də yayımlanan verilişdə müasir iqtisadi şəraitdə gənclərin maliyyə və iqtisadi biliklərinin artırılmasının vacibliyi xüsusi vurğulanıb.
Layihənin yekunları ilə bağlı layihə rəhbəri Sevda Quliyeva qeyd edib ki, müraciət edilən problem bu gün çox aktualdır və bu istiqamətdə daha böyük maarifçilik səylərinə ehtiyac var: "Maliyyə savadlılığı əhalinin maddi rifahı, habelə ölkənin iqtisadi artımı və maliyyə sabitliyi üçün vacib bir elementdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumunda bir çox ölkələrdə əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olmasının böhranın birbaşa səbəbi olmasa da, onu yaradan əsas amillərdən biri kimi vurğulanmışdır.
2009-cu ildə Dünya Bankı, 2013 dekabr – 2014-cü ilin yanvar aylarında Beynəlxalq Maliyyə Korporasiyası (BMK), 2014-cü ilin aprel-may aylarında isə Azərbaycan Mərkəzi Bankının (AMB) sifarişi ilə Dövlət Statistika Komitəsi (DSK) tərəfindən ölkədə maliyyə savadlılığı üzrə aparılmış sorğular nəticəsində aşkar edilmişdir ki, ölkə əhalisinin təxminən 70%-i gəlir və xərclərinin uçotunu aparmır, təqribən 80% əhali pul vəsaitlərini evdə saxlayır, respondentlərin 45%-nin isə riyazi hesablama bacarığı qeyri-kafidir. Bundan başqa, əhalinin təxminən 26%-i ödəniş kartına sahib deyil və 98%-i isə ödəniş kartlarından ancaq nağd pulun çıxarılması üçün istifadə edir.
Layihə fəaliyyətləri məhz əhalinin maliyyə savadlılığının artırılmasına töhfə verib. Eyni zamanda bu problemlərin hökumət strukturları və QHT-lərin diqqətində saxlanılması üçün çox yaxşı təşəbbüs olub".
banner

Oxşar Xəbərlər