• cümə, 29 Mart, 14:39
  • Baku Bakı 14°C

Gənclərimiz gözdəyməsinə, bədnəzərə inanırmı? - Polemika

15.05.17 12:07 3837
Gənclərimiz gözdəyməsinə, bədnəzərə inanırmı? - Polemika


Üzərliksən, havasan

Hər bir dərdə dəvasan.

Başı börüklü üzərlik

Dibi köklü üzərlik

Çıxdım dağa

Səslədim baba ağa!

Dedi: nə var binəva?

Dedim: bu dərdə dəva!

Dedi: get üzərlik sal ocağa,

Bir, iki ,üç, dörd, beş, altı, yeddi

Qada-bala bu evdən getdi

Atlasın, partlasın
Yaman gözlər partlasın
Yəqin ki, çoxlarınızın evində üzərlik yandırılarkən, bu sözlər deyilir. Əksəriyyət insan gözdəyməsinə, bəd nəzərə inanır. Hər hansısa bir işi düz getmədikdə, başına xoşagəlməz hadisə gəldikdə, bunu kiminsə nəzəri ilə əlaqələndirir. Gözdəymədən, nəzərdən qorunmaq üçün müxtəlif üsullardan istifadə edir. Kimisi üzərlik yandırır, kimisi başına duz fırlayır, bəziləri də gözmuncuğu taxır. Bəs, görəsən, gənclər bu haqda nə düşünür? Onlar gözdəyməsinə, bəd nəzərə inanırlar?

Nəzər və niyyət vəhdət təşkil edir
Günay Nəbiyeva, jurnalist

Günay bildirir ki, gözdəyməyə, nəzərə inanır. Amma bunları ifadə olaraq qəbul etmir. "Əslində "gözdəymə" insanların el arasında işlətdiyi, hamının lap qədimdən bu cür anlayıb, qəbul etdiyi sözdür. Amma məncə, bunu mənfi enerjinin ötürülməsi kimi qəbul etsək, pis olmazdı. Göz, sadəcə, o enerjini ötürən vasitədir. Adətən, bunu daha çox gözü rəngli, xüsusilə də mavi gözlü insanlara aid edib, onlardan çəkinirlər. Bu, mənim üçün qaranlıq qalan məsələlərdən biridir. Nəzəri nəyə görə göz rəngi ilə əlaqələndirirlər? Bəlkə də elmi izahı var, amma biz bilmirik. Məncə, nəzər və niyyət vəhdət təşkil edir. Əgər niyyətin pisdirsə, o enerjinə hopur və bu zaman qarşındakına mənfi enerji ötürürsən. Qarşı tərəf həm əşya, həm də insan ola bilər. Yəni hər hansısa bir əşya heç nə olmadan sına, həmçinin insan da heç bir fiziki təsir olmadan yıxıla və yaxud da başına bədbəxt bir hadisə gələ bilər. Qısacası, bu məqamda hər şeyin baş verməsi mümkündür”.
Günay deyir ki, bütün insanlarda həm mənfi, həm də müsbət enerji var. Amma bundan hər kəs istifadə edə bilmir: "Elə insanlar var ki, mənfi enerji ötürməsi onlarda daha çox olur. Fikrimcə, bu insanlar iki cür olur: bilərək bunu edənlər və istəmədən enerjisini ötürənlər. Dinlə dərindən maraqlanan biri olmasam da, dində də gözdəymənin, nəzərin olduğunu eşitmişəm. Varlığını danmaq olmaz”.
Müsahibimizdən gözdəymədən, nəzərdən qorunmaq üçün nələrdənsə istifadə edib etmədiyini soruşduq. Günay düşünür ki, nəzərdən müdafiə olunmaq üçün istifadə edilənlər qəbuledilməzdir: "Çox absurd bir şeydir. Nəzərdən qorunmaq üçün muncuq taxan çox insan görmüşəm, amma nədənsə mənim o tip əşyalara inamım yoxdur. Düşünmürəm ki, hansısa bir muncuq insanı başına gələcək bədbəxt hadisədən qoruya bilsin. Məncə, aksesuar kimi istifadə edilsə, daha yaxşıdır. Ümumiyyətlə, nəzərdən qorunmaq üçün istifadə edilən bütün əşyalar mənasızdır. Üzərlik də bunların sırasındadır. Onu yandıraraq bir insanı olacaqlardan necə qorumaq olar? Onun iyi insanı rahatlada bilər. Məncə, bundan başqa müsbət təsiri yoxdur. Özüm də üzərlik yandırıram. Amma gözdəyməsinə qarşı yox, qoxusundan və yandırarkən çıxan səsi dinləməkdən zövq aldığım üçün bunu edirəm. Bəzən "çırt-çırt" edir, elə vaxt olur, ümumiyyətlə, səssiz yanır. Hər iki halda bu, mənə çox yaxşı təsir bağışlayır”.

İnanclar yenidən dəyərləndirilməlidir
Müşfiq Həsən, işsiz

Müşfiq gözdəyməyə inanmadığını deyir: "Məncə, bu köhnə düşüncəliyin göstəricisidir. Keçmişdə insanlar baş verən hadisəni düzgün qiymətləndirə bilmədikləri üçün bunu gözdəyməsi, nəzər kimi izah edirdilər. Çünki bununla bağlı bilgiləri bir yana, heç təsəvvürləri belə yox idi. Ona görə də, məsələyə mistik yanaşır, gözdəymə kimi izah edirdilər. Gözdəyməsinə inanmaq, həmin adamın düşüncəsinin hələ də miflərə söykəndiyini göstərir. O, dünyagörüşü, bilgisi az olan adamlar kimi düşünür. Həmin insanların möcüzəyə inamı dərin olub. Amma bu izah rasional deyil. Bu, izahdan daha çox yozumdur.Əslində, bütün irrasional hərəkətlərin bir rasional izahı var. Açığı, bu üzərlik yandırmanın, baş duz fırlamanın hansı hadisədən qaynaqlanaraq yarandığını dəqiq bilmirəm. Amma bununla bağlı miflərə, qədim nağıllara, rəvayətlərə baxmaq lazımdır. Mütləq orada bu cür düşüncələrin başlanğıcı ilə bağlı hansısa "əsas” vardır. Məncə, bu, ilkin insanların bəsit müalicə üsulu, ümidsizcə çarə axtarma çabası da ola bilər.Gözdəymə heç vaxt mənə inandırıcı gəlməyib. Və müşahidələrimə görə, gözdəyməyə adətən qadınlar daha çox inanır. Görünür, bu inanc matriarxlıqdan qalmadır”.
Müsahibimiz bu cür inanclara inanmağın köhnə fikirli düşüncə ilə əlaqəli olduğunu deyir: "Əslində, mən öyüd verməyə qarşıyam. Mütəxəssisi olmadığım sahə ilə bağlı düşünmürəm ki, kiməsə məsləhət verməyə haqqım var. Bu dediklərim mənim düşüncəm, şəxsi qənaətimdir. İnsanlar inanırlarsa belə, bəzi məqamları sorğulamaq lazımdır. Atalarımız inanıb deyə, biz də inanmalıyıq, ya da əksinə inanmamalıyıq deyə, bir qayda yoxdur. İnanclar yenidən dəyərləndirilməlidir”.

Şəxsən öz başıma da gəlib
Xanım Əliyeva, aktrisa

Xanım da gözdəyməsinə, nəzərə inananlar sırasındadır: "Gözlər güclü enerjiyə malikdir, onlar enerji ötürürlər. Xüsusilə də, mənfi enerjinin ötürülməsində gözlər böyük rol oynayır. Bircə baxışla belə qəfil bir toxunuş baş verə bilir. Gözdəki enerjinin qarşı tərəfə ötürülməsi çox sürətli olur. Heç nə hiss etmədən, hər şey bir anının içində baş verir. Şəxsən öz başıma da gəlib. Dəfələrlə olub ki, kimsə baxanda ani olaraq yıxılmışam, əlimdə olan nəyisə sındırmışam. Bunu insanın xasiyyəti ilə əlaqələndirmirəm. Tutaq ki, nəzəri dəyirsə, "həmin insan pis insandır” demək, məncə, düzgün deyil. Sadəcə, onların gözündə xüsusi bir enerji var ki, qarşı tərəfə ötürülür. Bəzi ölkələr var ki, orada bu cür insanlara eynək taxdırırlar ki, gözlərindəki enerji heç nəyə dəyməsin. Göz dəyməsi hər iki halda baş verə bilər. Bir insana bilərək paxıllıq etdikdə və ya əksinə, bir insanı çox istəməkdən də ona gözün dəyə bilər. Tutaq ki, bir insan qarşı tərəfin ayaqqabısına yaxud paltarına "a, nə qəşəngdir” deyir. Bu an onun paxıllıqla olan niyyəti mənfi enerjiyə çevrilərək qarşı tərəfə ziyan vurur. Mən bununla razıyam ki, insandakı paxıllıq hissi də gözdəymənin , nəzərin stimullaşmasına və daha sürətli təsir etməsinə şərait yaradır. Çox istəməkdən də göz dəyə bilir. Yəni bir insanı o qədər çox istəyirsən ki, bilmədən ona gözün dəyir”.
Həmsöhbətimizdən özünün də kiməsə gözünün dəyib dəymədiyini soruşduq. Xanım deyir ki, insanlara diqqətlə baxmır. Çünki nəzərin dəyməsi üçün diqqətin bir nöqtəyə cəmlənməsi lazımdır. Amma o, kiməsə və ya nəyəsə diqqətlə baxmır.
Günel AZADƏ
banner

Oxşar Xəbərlər