• cümə, 29 Mart, 08:54
  • Baku Bakı 5°C

Gənclərdə özünüifadə problemi nədən qaynaqlanır? - Araşdırma

19.05.17 11:00 9032
Gənclərdə özünüifadə problemi nədən qaynaqlanır? - Araşdırma
"Normalda öz əhatə dairəmdə aktiv insanam, deyib-gülürəm. Amma dost-tanışın əhatəsindən çıxdıqda, işlə bağlı başqa bir auditoriyaya düşdükdə, tamam özümə qapanıram. Getdiyim tədbirlərdə bir yerdə sakit otururam, bitəndə də çıxıb gedirəm. Demək istədiyim sözləri demirəm, elə insanlar var ki, yaxınlaşıb əlaqə qurmaq istəyirəm, amma bundan da çəkinirəm”. Bu sözləri qatıldığım təlimlərdən birində gənc xanım dedi.
Universiteti bitirib, artıq işə başlamasına baxmayaraq, deyir ki, hələ də özünü cəmiyyətdaxili münasibətlərə uyğunlaşdıra bilməyib: "6-7 aydır işə başlamışam, hələ kollektivdə çox adamla "salam”, "sağ ol”um yoxdur. Bilmirəm, xarakterim belədir, yoxsa nədir, amma bunu aradan qaldırmağa çalışıram. Valideynlərim buna görə çox narahat olurlar. Maraqlı təlim, seminar olan kimi, qiymətindən asılı olmayaraq, qatılmağa məcbur edirlər. düşünürlər ki, bəlkə bu üsulla açılışa, insanlara qaynayıb-qarışa bilərəm”,
Əslində həmin xanımın dediklərini bir çox gənclərdə müşahidə etmək olur. Bəzən yaxşı təhsili, savadı, qabiliyyəti olan gənclər sırf cəmiyyətdaxili münasibətlərdə uğursuz olduqları üçün özlərini düzgün ifadə edə bilmirlər. Bəs bu problemi necə aradan qaldırmaq olar? Gəncləri cəmiyyətdaxili münasibətlərə necə hazırlamalı?

"Uşaqlar ailə daxilində elə tərbiyə olunmalıdırlar ki...”

"Uğur Akademiyası”nın həmtəsisçisi, sosioloq Cavid İmamoğlu "Kaspi”yə açıqlamasında bildirdi ki, sosial qanuna uyğun olaraq, insanın sosial bacarıqlar əldə etməsi, sosiallaşması üçün bir neçə vacib məkan var: "Onlardan biri ailədir. Uşaqlar ailə daxilində elə tərbiyə olunmalıdırlar ki, sosial həyata açıq olsunlar, münasibətlərə adekvat rəftar göstərə bilsinlər. İkinci məkan məktəbdir. Uşaqlar yeniyetməlik rəftarını daha çox burada öyrənirlər. Çünki ətraflarında həmyaşıdları olur. Üçüncü məkan isə uşaqların istirahət vaxtlarını keçirdikləri həyət, yaxud parklar, ətraf aləmdir”.
C.İmamoğlu deyir ki, qeyd etdiyi üç məkanın hər birində kifayət qədər boşluqlar var. Bunlar isə nəticədə uşaqlarda sosial bacarıqsızlıq yaradır: "Ailədə uşaq və valideyn arasında münasibət düzgün qurulmadığı üçün bir çox hallarda uşaqlar yeniyetməlik yaşına çatandan sonra valideynləri ilə ünsiyyəti azaldırlar. Məktəbdə tədris prosesində bəzən uşaqlara həyat, sosial bacarıqlar, ayrı-ayrı məsələlərə münasibət, ictimai yerlərdə necə rəftar etmək kimi və s. bacarıqlarla bağlı məlumatlar verilmir. Eyni zamanda, uşaqlarımızın sosial yönünü təmin edəcək parkların, ödənişsiz istirahət yerlərinin sayı azdır. Buna görə, uşaqlar sosiallaşmaq, müəyyən kollektiv işlər görmək, oyunlar oynamaq əvəzinə, daha çox fərdi şəkildə işlər görməyə üstünlük verirlər.
Bu gün yeniyetmələrin əksəriyyəti kompüter oyunlarından asılı vəziyyətdədir. Evdən kənarda kollektivçiliyi təmin edəcək heç bir maraqlı əyləncələri yoxdur. Nəticədə, bunlar uşaqlarımızın sosial həyatlarına təsir göstərir, bacarıqsız bir gənc yetişdirmiş oluruq. Ailə quranda, işə qəbulla bağlı müraciət edəndə bacarıqsızlıqları özünü göstərir, hətta ictimai yerlərdə necə rəftar etməli olduqlarını bilmirlər”.

"Hər bir gənc öz şəxsi inkişafında maraqlı olmalıdır”
C.İmamoğlunun sözlərinə görə, hər bir gənc öz şəxsi inkişafında maraqlı olmalı, sosial bacarıqsızlığı varsa, bunu aradan qaldırmaq üçün çalışmalıdır: "Şəxsi inkişaf dedikdə, hər bir gəncin öz üzərində işləməli olduğu məqamlardan söhbət gedir. Xüsusilə mühitə uyğunlaşa bilmədiyini, ünsiyyət qurmaqda çətinlik çəkdiyini, assosial olduğunu, yaxud ictimai yerlərdə necə rəftar edəcəyini bilmədiyini düşünən insanlar daha çox narahat olmalıdırlar. O gənclər bu prosesdən bezirlərsə, şəxsi inkişafları haqqında ciddi düşünsünlər. Düşünmək oradan başlayır ki, insan problemlə bağlı özünə suallar verir, özünün güclü və zəif tərəflərini, potensialını müəyyənləşdirir. Sonra isə qarşısına həyatı ilə bağlı məqsədli planlar qoymalıdır. Uzun və qısa müddətli planlar qurmalı və onları müfəssəl şəkildə həyata keçirməlidir. Həmin gənclər mütəxəssislərin, müəllimlərin, hansısa təcrübəli şəxslərin köməyindən bəhrələnsələr, ortaya daha gözəl nəticə çıxar”.

"Birdən danışaram, səhv edərəm”

Psixoloq Elnur Rüstəmov deyir ki, bu problem hazırda cəmiyyətdə geniş yayılıb: "Ünsiyyət problemi olan, sosial fobiyadan əziyyət çəkən, insanlardan uzaq gəzən gənc və yeniyetmələrimiz çoxdur. Bu, onların insanlarla ünsiyyət qurmaq istəmədikləri anlamına gəlməməlidir. Onlar da ünsiyyət qurmaq istəyirlər. Sadəcə, onların bir qismi o qədər mükəmməliyyətçidirlər ki, "birdən danışaram, səhv edərəm”, yaxud "məni yanlış anlayarlar” düşüncəsinə qapılır və buna görə susmağa üstünlük verirlər. Digər bir qisim insanlarda ailədaxili konfliktlərdən dolayı, bir qismində başqa səbəblərə görə problemlər yaşanır. Amma ümumi götürəndə, bu problemlər bizdə konkret olaraq keçən əsrin sonlarında, informasiya, internet əsrinə qədəm qoyandan sonra yarandı, real ünsiyyət virtuala keçdi. Müşahidə edərkən görürük ki, həmin insanlar imkan olan kimi telefonda zaman keçirməyə çalışır, hansısa musiqiyə qulaq asır, film seyr edir, yaxud telefonu, sadəcə, əllərində saxlayırlar. Onlarda real ünsiyyət virtualla əvəzlənib. Bu kimi məqamları çox saymaq olar”.

"Sosial aktivlik nə qədər çox olsa, problem bir o qədər az olacaq”
E.Rüstəmov deyir ki, gələcəkdə belə problemin yaşanmamağı üçün valideynlər uşaqların kiçik yaşlarından sosial aktiv olmaları üçün bütün imkanlardan yararlanmalıdırlar: "Tövsiyə olunur ki, mümkündürsə, 2-3 yaşdan sonra uşağı bağçaya qoysunlar. Sonra uşaq məktəbə getməli, dərnəklərdə iştirak etməlidir. Sosial aktivliyinə şərait yaradılmalıdır. Təlimlərdə iştirak edə bilərlər, müəyyən sosial qruplarda aktiv olmalıdırlar. Sosial aktivlik nə qədər çox olsa, problem bir o qədər az olacaq. Ali məktəblərdə də sosial aktivliyi təmin edəcək kifayət qədər vasitələr var”.
Psixoloq onu da bildirdi ki, cəmiyyətə açılmaq üçün özünü hazır etməyən gənclər problemlərinin fərqinə varsalar, bu istiqamətdə lazım olan addımları atacaqlar.

"Bəzi valideynlər özləri övladları ilə düzgün ünsiyyət qurmağı bacarmırlar”

Ünsiyyət qurmaq üçün danışıq qabiliyyəti də önəmlidir. Danışıq qabiliyyətinin olmamağını əsas gətirənlər də çox olur. ASAN radionun redaktoru, nitq təlimçisi Cəlalə Nəzəroğlu bizimlə söhbətində bildirdi ki, bütün bilik və bacarıqların tək ifadə üsulu nitqdir. Bunun təməli isə ailədə qoyulur: "Yalnız fikrini sərbəst, aydın, səlis ifadə edən insanların nə istədiyi dəqiq başa düşülür. Təəssüf ki, Azərbaycanda nitq mədəniyyəti məsələsi olduqca geridə qalıb. Bir çoxunun bəlkə də düşündüyü ən axırıncı məsələ nitqdir. Ünsiyyət pozuqluğunun, nitq qüsurlarının təməli əlbəttə, ailədə qoyulur. Bəzi valideynlər özləri övladları ilə düzgün ünsiyyət qurmağı bacarmırlar. "Sən uşaqsan, get, o tərəfdə oyna”, "telefonla danışıram, sən cizgi filminə bax”, "baş-beynimi xarab elədin, az danış”, "uşaqsan, öz yerini bil” və s. kimi dəhşətli ifadələrin zərbəsi altında böyüyən uşaqlar, elə yenicə dil açmağa başladığı illərdə öz qınına girib gizlənirlər. İşlənməyən dəmir pas atar. Onlar da özünü ifadə etməmək kimi pis vərdişə yiyələnirlər. Uşaq eşitdiyini təkrar edir. Valideyn ləhcə, jarqon, parazit ifadə, tələffüz xətaları ilə dolu nitqə sahibdirsə, uşaq da bunu süngər kimi özünə çəkəcək. Bağça və məktəblərdə də bu kimi nitq qüsurlarına sahib müəllimlər var ki, öz "izlərini” uşaqda qoyurlar”.

"Problemi aradan qaldırdıqdan sonra özünəinam hissi yerinə oturcaq”

C.Nəzəroğlu deyir ki, son vaxtlar fərdi inkişafa meyllilik artıb: "Bəzən yaşı 40-dan çox olan insanlar da nitq mədəniyyətini öyrənməyə can atır. Çünki bütün həyatı boyu irəli getməyin, cəmiyyətdə daha hörmətlə qəbul olunmağın bütün yollarını yoxlayıb. Axırda dərk edib ki, savadı, bacarığı, səmimiyyəti, gözəl duyğuları göstərməyin tək yolu nitqdir. Kifayət qədər parlaq düşüncəsi olan gənclərimiz var. Onlar cəmiyyətdə baş verən hadisələrə, proseslərə öz münasibətini bildirmək iqtidarındadır. Amma danışarkən maraqla dinlənmədiyini bildiyi, və ya düşüncəsini sözə düzüb, dilinə gətirə bilmədiyi üçün bağlı qutu kimi qalmaqdadırlar. Yalnız bu problemi aradan qaldırdıqdan sonra özünəinam hissi yerinə oturacaq. Özünəinam hissi ilə insanın öhdəsindən gəlməyəcəyi iş yoxdur”.

"Birinci növbədə valideynlərin və cəmiyyətin adını çəkmək olar”


AAAF Holdinq vitse-prezidenti Fəxri Ağayevin sözlərinə görə, insanın özünü ifadə etməsi, nitq, ünsiyyət qurmaq qabiliyyəti onun həm şəxsi, həm peşəkar həyatında böyük əhəmiyyət daşıyır: "Dəfələrlə şahidi olmuşam ki, çox bacarıqlı, savadlı insan öz biliklərini zamanında və doğru şəkildə ifadə edə bilmədiyi üçün karyerasını qura bilməyib. Bu isə onun daxilində bir əziklik yaradıb. Bu kimi problemin səbəbləri müxtəlifdir. Amma birinci növbədə valideynlərin və cəmiyyətin adını çəkmək olar. Kiçik yaşdan etibarən övladlarımıza "sus, böyük danışanda sən danışma”, "dinlə, səsin çıxmasın” kimi sözlər deyirik və bununla onların öz fikirlərini ifadə etmə sərbəstliyini boğuruq. İkincisi, istər universitetlərdə, istərsə də məktəblərdə şagirdlərin, gənclərin fikirlərini sərbəst ifadə etmələrinin qarşısını alırıq. Adətən, müəllim danışır, şagird, tələbə yazır. Sual verən tələbəyə qarşı müəllimin yanaşması mənfi olur. Problemin kökü kiçik yaşlardan başlayır, sonra məktəbdə, universitetdə davam edir. Problemi aradan qaldırmaq üçün cəmiyyətdə, gündəlik həyatlarında insanlara sərbəstlik verilməlidir ki, öz fikirlərini rahatlıqla deyə bilsinlər”.

"İnsan öz içində özü ilə mübarizə aparmağı bacarmalıdır”

F.Ağayev deyir ki, məsələnin həll olunması üçün hər bir insan özü cəhd etməlidir: "Təlimlərlə bu iş həll olunan deyil. Azərbaycanda nədənsə təlimlərə çox əhəmiyyət veririk. Təlim nəticə etibarilə 2-3 saat ərzində bizə 10-15 texnika və ya üsul başa salacaq. Daha sonra onları özümüz tətbiq etməliyik. Təlimlərdə öyrədilən hər şey internet və kitablarda da var. Onları öyrənmək üçün təlimlərə getməyə ehtiyac yoxdur. Sadəcə, vacib olan məqam nə etməli olduğumuzu bilməyimizdir. Utancaq insanlarda belə bir rəy var - mən danışanda insanlar məni dəyərləndirəcəklər, danışığım, fikirlərim haqqında insanlarda mənfi bir rəy yarana bilər. İnsan başa düşməlidir ki, əksər hallarda insanlar onu dəyərləndirmirlər, fikrini sərbəst ifadə etməyə özünü məcbur etməlidir. Bunu heç bir təlimçi, psixoloq insana aşılaya bilməz. İnsan öz içində özü ilə mübarizə aparmağı bacarmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər