• cümə axşamı, 18 aprel, 05:33
  • Baku Bakı 15°C

Gənclər öz ana dilini bilməyənlər haqqında nə düşünür? - Polemika

22.07.14 09:38 3647
Gənclər öz ana dilini bilməyənlər haqqında nə düşünür? - Polemika
Bir müddət öncə orta məktəblərdə aparılan buraxılış imtahanlarının nəticələri dəhşətli statistikanı ortaya çıxardıb. Statistikaya görə, şagirdlərin demək olar ki, yarısı bu fənn üzrə aparılan imtahandan “2”, «3» qiymətləri alıblar. Dil haqqında görkəmli rus pedaqoqu Konstantin Uşinski belə deyib: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. Şairlərimiz, yazıçılarımız yaradıcılıqlarında dəfələrlə ana dili mövzusuna toxunub və öz ana dilini bilməyənləri nankor, nacins adlandırıblar. Bəs gənclərimiz necə düşünür? Onların ana dilini bilməyən həmyaşıdlarına münasibətləri necədir?
“Ana dilini bilməmək ölü kimi yaşamağa bərabərdir”
Sahil Nağızadə, blogger
Sahil uzun müddətdir Türkiyədə təhsil alır və orada yaşayır. Deyir ki, harada yaşamağından asılı olmayaraq ana dilini bilməmək ölü kimi yaşamağa bərabərdir. Ana dilimizi müqəddəs sərvətimiz adlandıran müsahibimiz azərbaycanlı adını daşıyıb, bu dili bilməyənləri şiddətlə qınayır: “Ana dili bizim müqəddəs sərvətimizdir. Bu dili qorumaq, bu dildə danışmaq bizim borcumuzdur. Dil millətin həyat tərzi, mədəni irsidir. Ana dilini bilməmək mənim fikrimcə, ölü kimi yaşamaqdır. Hər bir insan yasadığı ölkənin, mənsub olduğu millətin dilini mükəmməl bilməlidir”.
Sahilin sözlərinə görə, bu gün gənclərin əksəriyyəti xarici dil öyrəndikdən sonra ana dillərini yaddan çıxarırlar: “Azərbaycan dili qrammatik quruluşuna görə çox zəngin dildir. Bu gün sevindirici haldır ki, gənclərimiz ana dilimizdən başqa rus, ingilis və türk dillərində danışa bilirlər. Lakin bəziləri xarici dil öyrəndikdən sonra, öz dillərini yaddan çıxarırlar. Xaricdə təhsil alan gənc kimi deyə bilərəm ki, başqa ölkələrin dilini öyrənmək bizim üçün asan olur”.
Sahil vurğuladı ki, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, dilimizə sahib çıxmalı, onu qorumalı və inkişafı üçün əlimizdən gələni etməliyik.
“Ana dilini bilməyən insan nankordur”
Röyanə Cəfər, tələbə
Röyanə ana dilində danışa bilməyən insanları nankor adlandırır. O deyir ki, gənclərin ana dillərini mənimsəyə bilməməsinin səbəbi valideynlərdən və cəmiyyətdən asılıdır: “İmtiyazlarından, sərvətlərindən yararlandığı, torpağında böyüdüyü vətəninin, ölkəsinin dilini bilməyən birini birmənalı olaraq nankor adlandırıram. Uzun zamandır ki, maraqlı bir tendensiya yaranıb və cəmiyyətdə sürətlə kök atmaqdadır. Belə ki, xarici dillərdən hər hansı birini bilməyən insanın iş tapması və uğurlu karyera qurması getdikcə müşkülə çevrilir. Əksər hallarda ingilis və rus dilini mütləq şəkildə bilmək işə götürən tərəfin əsas tələblərindən biridir. Bu səbəbdən də valideynlər övladlarının gələcək iş həyatında uğur əldə etməsini təmin etmək üçün onların ya rus bölməsində, ya da ingilis təmayüllü təhsil ocaqlarında oxumasını seçirlər. Təbii ki, oxuyub yazdığı dildə danışmaq uşaqlara daha asan gəlir və onlar kiçik yaşlarından ana dilində danışmaq vərdişindən məhrum olurlar. Mən bunun əleyhinə deyiləm, yaxşı, başa düşürəm ki, günü-gündən qloballaşan dünyada əmək bazarında rəqabətə davam gətirmək üçün əlavə dil bilgiləri mütləqdir. Ancaq dediyim ki, bu əlavə dil olmalıdır və Azərbaycanda fəaliyyət göstərən hər bir müəssisə əgər bu millət üçün çalışırsa, ona xidmət edirsə, işə qəbul zamanı ana dilini səlis bilməyi əsas tələb kimi qoymalıdır”.
Müsahibimizin sözlərinə görə, bütün bunların əsas kökündə qloballaşma və inteqrasiya proseslərinin mənfi nəticələri dayanır: “Qloballaşma və inteqrasiya xalqların mənsub olduğu fərdi mədəniyyətlərin və milli mənəvi dəyərlərin tədricən unudulub yerində bütün dünya xalqları üçün ümumi bir mədəniyyətin formalaşmasına şərait yaradır. Dil hər bir xalqın fərdiliyini özündə təcəssüm etdirən çox mühüm bir amil olduğu üçün bu proseslərin təsiri ilk öncə ana dilində hiss olunur. Bunun nəticəsidir ki, bu günlərdə cəmiyyətimizdə “ingilis dili beynəlxalq dildir”, və ya” ikinci ana dilidir” kimi ifadələr tez-tez işlənməyə başlayıb. Çox təəssüflə etiraf etməli olduğum başqa bir səbəb isə son zamanlar insanlarımızın xarici dildə danışmağı prestij hesab etməsidir. Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, xarici dildə danışan insan daha səviyyəlidir. Əgər sosial şəbəkələrdə yazılan statuslara və rəylərə fikir versək, görərik ki, əksər fikirlər ingilis, rus, ya da türk dilində yazılıb. Amma mən bunun ana dilimizə hörmətsizlik olduğunu düşünürəm. Mən özüm ingilis, alman və bir az da rus dilini bilirəm, amma onlardan yalnız dərs və iş prosesində, bir də əcnəbi insanlarla danışarkən istifadə edirəm. Bu günə qədər xarici dildə hansısa fikir paylaşdığımı xatırlamıram, çünki ana dilində danışamağı onu təbliğ etməyin əsas üsulu hesab edirəm. Bir də ki, mənim ana dilim hər bir fikri, emosiyanı və situasiyanı ifadə edə biləcək qədər zəngin dildir, bunun üçün hansısa xarici dilə ehtiyacım yoxdur”.
“Ana dilini bilməyən insan qüsurludur”
Tural İsmayılov, yazar
Tural öz ana dilində danışa bilməyən insanı qüsurlu hesab edir. O düşünür ki, ana dili məsələsi yeganə nüansdır ki, oraya heç bir ideoloji baxış sığımır: “Ana dili millətin var olma səbəbi və eyni zamanda xalqların birliyini ayaqda tutan ən önəmli nüansdır. Bu səbəbdən hansısa bir insanın ana dilində danışa bilməməsini qüsur hesab edirəm. Bundan əlavə, ana dilini mənimsəyə bilməyən insanların bunu böyük bir üstünlük kimi qiymətləndirməsi daha gülüncdür”.
Həmsöhbətimiz deyir ki, çox dil bilmək önəmlidir. Amma hər bir vətəndaş öz ana dilini digər dillərdən daha yaxşı bilməlidir: “Bu gün Azərbaycanda ana dilimizin qorunması istiqamətində mühüm işlər görülür. Azərbaycan ədəbiyyatına, incəsənətinə və eyni zamanda filologiyasına ayrılan diqqət nəticəsində ana dilimiz yad dillərdəki “dilimizə sirayət etmə” fəndlərindən qurtulmağı bacarır. Hazırkı dünyada kimilərinin texnika-texnologiya dili, kimlərininsə sosial şəbəkə və internet əsrində yarandığını iddia etdiyi “veb dil” bir növ hiyləgər üsullarla dilimizə girməyə çalışa bilər. Lakin Azərbaycan dilinin ədəbi fonetik və orfoqrafik normalarını mənimsəyən gənclər dilimizin strukturunun möhkəmlənməsində mühüm rol oynayır”.
Gənc yazar sonda vurğuladı ki, ləhcələr bir dilin zənginliyinin göstəricisidirsə, eyni zamanda yazılı və ictimai sferalarda ləhcə ilə danışıqlara yol vermək ədəbi dilimizə təhdid yaradır: “İstənilən formada dil insanlar arasında ünsiyyət yaradan vasitə, bir millətin varlıq və bütövlük meyarıdır. Ana dilimizi qorumalı və bu məsələdə məsuliyyət hiss etməliyik”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər