Gənclər Yeni ili necə qeyd edəcək?
Həm əyləncə, həm də istirahət bayram proqramına
daxil olmalıdır
Artıq
2019-cu ilin son günlərini yaşayırıq. Qarşıdan Yeni il gəlir. Deyirlər, ili
necə qarşılasan, elə də keçirərsən. Ona görə də uşaqdan-böyüyə hər kəs bu
bayramı qeyd etmək üçün səbirsizlənir. Bəs görəsən, gənclərimiz Yeni ili necə
qeyd edir? Ümumiyyətlə, bu bayramı necə keçirmək lazımdır ki, yaddaqalan olsun?
10 avrodan pul toplayırıq
Macarıstanın Eötvös Lorand (ELTE) Universitetində kompüter elmləri
üzrə təhsil alan həmyerlimiz Elmir Quliyevdeyir ki, dekabrın 31-i Budapeşt
əhalisi üçün adi günlərdən biri sayılır. Hətta macarlar ilin son günü də
işləyirlər. Ancaq ilin son günü Budapeştdə yaşayan həmyerlilərimiz yığışıb
bayramı qeyd edirlər: "Yeni ildə azərbaycanlılarla toplaşıb öz aramızda 10
avrodan pul toplayırıq. Sonra alış-veriş edib müxtəlif yeməklər hazırlayırıq.
Axşama qədər öz aramızda şənlik təşkil edib bayramı birlikdə qeyd edirik. Bu
şənliyimizdə yalnız azərbaycanlılar iştirak edir. Gecə yarısı isə şəhərə çıxıb
bütün dost-tanışlarımızla Yeni ilin gəlişini qarşılayırıq. Mən gecə saat 12-ni
Budapeştin yüksək nöqtələrində qeyd etməyi sevirəm. Hansı ki, bu ərazilərdən
şəhəri ovcunun içindəki kimi aydın görə bilirsən. Atəşfəşanlıq başa çatdıqdan
sonra isə şəhərin müxtəlif klublarında və kafelərində Yeni il əyləncələri davam
edir. Çox vaxt bu əyləncələrə dostlarımla birgə qatılıram. Demək olar ki,
gecəni səhərə qədər müxtəlif oyunlar, keçirir, doyunca əylənirik”.
Elmir
deyir ki, gecə şənlikləri üçün adətən 20-25 avro məbləğində pul xərcləyir: "Bu dəfə
Yeni il bayramına xüsusi hazırlaşıram. Çünki bu il Azərbaycandan dostlarımı
qonaq edəcəm. Yəqin ki, dekabrın 31-ni dostlarla birgə keçirəcəm. Mənim üçün
önəmli olan həmvətənlərimlə birgə olmaqdır. Ailədən kənarda olduğumuza görə, bu
bizim üçün çox önəmlidir. Xarici ölkələrdə adətən Milad bayramı - yəni dekabrın
25-i xüsusi qeyd olunur. Yeni il onlar üçün xüsusi bayram deyil. Hər kəs Milad
bayramını öz ailəsi ilə birgə qeyd edir. Həmin gün heç bir mağaza işləmir. Amma
dekabrın 31-i Budapeştdə iş günüdür. Ona görə də dekabrın 31-i çalışırıq ki,
hamımız bir yerə toplaşıb öz aramızda bayramı qeyd edək”.
Kiçik, amma çox əyləncəli şənliyə qatılacam
Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və
menecment fakültəsində təhsil alan Elşən Rəhimovdeyir ki, Yeni ili öz ailəsi və dostları ilə birgə qeyd edəcək: "Təbii ki, Yeni
il ən sevdiyim bayramlardan biridir. Çalışıram ki, bu bayramı özüm üçün
yaddaqalan edim. Təhsil aldığım universitetdə qrupumuzla şənlik planımız var.
Öz aramızda təşkil etdiyimiz kiçik, amma çox əyləncəli şənliyə mən də
qatılacam. Həmçinin universitetdə Tələbə Həmkarlar İttifaqının heyəti ilə də Yeni
ili qarşılayacağıq. Ailəm Goranboyda yaşayır. Bayramda onları görməyə gedəcəm
və tətil günlərində ailəmlə birgə vaxt keçirəcəm”.
Elşən
deyir ki, Yeni il üçün böyük büdcə ayırmayıb: "Tələbə büdcəsi çox da böyük
deyil. Yəni bu bayramı da imkan daxilində özümüz üçün maraqlı etməyə çalışırıq.
Ona görə də xərclərlə bağlı daha qənaətcil olmaq lazımdır. Bütün planlarıma təxminən
100-150 manat məbləğində vəsait ayırmışam. Ümid edirəm, 2020-ci il mən də daxil
olmaqla hamıya uğur gətirər”.
Elşən
düşünür ki, bayram, əyləncə bir tərəfə, həm də hər kəs ilin sonunda özünə bir
hesabat verməlidir: "Məncə, hər birimiz ilin sonunda özümüzə hesabat verməliyik
ki, mən bu il nə etdim, hansı uğurları qazandım. 2019-cu il mənim üçün uğurlu
oldu. Bu illə bağlı qarşıda hədəflərim var. Çalışacam ki, ixtisasım üzrə
müxtəlif təcrübə proqramlarına qatılım. Öz sahəmdə təcrübə qazanmaq istəyirəm
ki, universiteti bitirdikdən sonra iş tapmaq asan olsun. İmtahanlarımı kəsrsiz,
uğurla başa vurmaq istəyirəm. Əgər bütün bunlardan vaxt qalsa, əlavə xarici dil
öyrənmək planım var”.
Rayona ailələrinin yanına gedənlər daha
şanslıdırlar
Azərbaycan Dövlət Memarlıq və İnşaat
Universitetinin tələbəsi Rəvan Həsənəliyev deyir
ki, ötən illərdən fərqli olaraq, bu il bayram əhval-ruhiyyəsindədir: "Məncə, Yeni
il ab-havası bu il daha çox hiss olunur. Azərbaycanda gənclər Yeni ili adətən
istirahət və əyləncə mərkəzlərində keçirirlər. Yəqin ki, bu il də elə olacaq.
Məncə, rayona ailələrinin yanına gedənlər daha şanslıdır. Çünki Bakıdakı sıxlıq
bayram günlərində bir az da böyüyür. Hər kəs eyni yerlərə gedir, eyni şeyləri
edir deyə, bir neçə gün monoton keçir. Amma bütün hallarda bayram sıradan
günlərimizə bir az rəng qatır”.
Rəvan
deyir ki, 2020-ci ilə dair ümidləri böyükdür: "Yeni illə bağlı yeni hədəflərim
var. Uzun zamandır ki, üzərində işlədiyim romanı, nəhayət bu il çap etdirəcəm.
Bir neçə yazının modelini beynimdə qurmuşam. Yəqin ki, il başlayanda, mən də
yazmağa başlayacam. Geridə qoyduğumuz il kimi, bu ilin də uğurlu olacağını
fikirləşirəm”.
Dəb xatirinə yox, ürəkləri istəyən kimi
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə
prorektoru, dosent Elçin Süleymanov deyir
ki, bayramları xoş əhvalla qeyd etmək vacibdir. Amma Yeni il həm də hər
kəsin özlüyündə bir ilin hesabatını
aparması üçün əlverişli məqamdır: "Yeni ilə xoş əhval-ruhiyyə ilə girmək hər
kəsə motivasiya olaraq müsbət təsir göstərir. Dolayısıyla, bu günü ailə üzvləri
və dostlarla qeyd etmək müsbət emosiya verər. Amma düşünürəm ki, Yeni il
proqramı təyin edilərkən gənclər öz büdcələrinə görə qərar verməlidir. Əslində,
gənclərin tətil və bayram proqramı büdcədən yox, necə keçirmələrindən asılıdır.
Gənclər çalışmalıdır ki, dəb xatirinə yox, ürəkləri istədikləri istiqamətdə
proqram müəyyənləşdirsinlər”.
E.Süleymanovun
sözlərinə görə, söhbət tələbələrdən gedirsə, Yeni il tətili həm də tələbələrin
imtahan öncəsi istirahət məqsədi daşımalıdır: "Tətil günlərində imtahanlara
hazırlaşmaq üçün asudə vaxt yaranır. Eyni zamanda, tətil vaxtı tələbələr keçən
ilin hesabatını etməli və yeni ilin plan və hədəflərini dəqiqləşdirməlidirlər”.
Dostlarla əylənmək üçün gözəl fürsət
Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, Yeni il bayramı gənclərin dostları ilə əylənməsi üçün
xüsusi fürsətdir. Ona görə də yaxşı olar ki, universitetlərdə onlar üçün xüsusi
bayram şənliyi təşkil edilsin: "Adətən tələbələr öz aralarında müstəqil Yeni il
şənliyi təşkil edir. Amma yaxşı olar ki, universitet rəhbərliyi bu məsələlərə
diqqət etsin. Çünki universitet tərəfindən təşkil olunan tədbirlərdə iştirak
etmək daha məqsədəuyğundur”.
Ekspertin
sözlərinə görə, universitetlərin tələbələr üçün təşkil etdiyi tədbirlər təkcə
əyləncə xarakteri daşımamalı, həm də gənclərin xüsusi qabiliyyətini nümayiş
etdirmək üçün bir imkan rolunu oynamalıdır: "Gənclər müxtəlif teatr oyunları,
musiqi alətlərində ifa etmək və digər bacarıqlarını göstərə bilərlər. Məncə, Yeni
il gecəsi təkcə əyləncədən ibarət olmamalıdır. Bu həm də gənclər üçün mədəni
bir tədbir mahiyyəti daşımalıdır”.
Q.Məhərrəmov
deyir ki, indiki gənclər qloballaşan dünyada müxtəlif trendlərə uyğunlaşmaq
istəyirlər. Ona görə tələbələrimiz arasında Yeni il bayramı adətən xarici
ölkələrin adət-ənənələrinə uyğun qeyd edilir: "Düşünürəm ki, milli ornamentlərə
uyğun tədbirlərin təşkili daha yaxşı olar. Bayram ərəfəsində təşkil olunan
tədbirlər zamanı diqqətli olmaq lazımdır. Çünki tələbələr adətən hazır qidalara
üstünlük verirlər. Bu da müxtəlif qida zəhərlənmələrinə gətirib çıxarır.
Tələbələr hələ müstəqil həyatın ilk pilləsinə qədəm qoyublar. Əksər ali təhsil
ocaqlarında gənclər üçün əyləncələr təşkil olunur. Amma bu tədbirlər təşkil
olunarkən təşkilatçılıq işində ehtiyatlı olmaq önəmlidir. Bu bayramın gənclər
üçün səmərəli keçməsinə çalışmaq lazımdır”.
Şəbnəm Mehdizadə