• cümə, 26 Aprel, 11:10
  • Baku Bakı 12°C

Gənclər yay tətilini necə keçirdi? - Polemika

16.09.14 13:02 13739
Gənclər yay tətilini necə keçirdi? - Polemika
Artıq payız fəslinin astanasındayıq. Sentyabr ayı yayın bitməsi ilə yanaşı tətilin də bitməsindən xəbər verir. Artıq isti yay günləri geridə qalır və yeni mövsüm başlayır. Bəs bir neçə ay əvvəldən səbirsizliklə gözlənilən yay tətilini gənclər necə keçirib?
“Daha çox film izləmək imkanı qazandım”
Tural Abbas, Fəlsəfə ixtisasının məzunu
Tural deyir ki, bu il yay tətilini arzuladığı kimi həyata keçirə bilməyib. Onun sözlərinə görə, hər il olduğu kimi, bu ildə akademik məqalələr və kitablar oxuyub: “Bu il bəzi subyektiv səbəblərə görə yay tətilini sırf arzuladığım kimi keçirə bilmədim. Bu tətildə mənim üçün yadda qalan məqam o oldu ki, daha çox film izləmək imkanı əldə etdim. Mən bütün yay tətillərini təbiət qoynunda keçirməyə çalışıram. Düşünürəm ki, təbiətə yaxın olmaq istirahət zamanı çox uğurlu seçimdir, çünki insanı öz təbiiliyindən məhrum edən modern dünyanın imkanlarına qarşı təbiət çox gözəl alternativdir. Həm də dünyada insanın varlığına çox doğma olan nişanələr var ki, biz istəsək onu asanlıqla təbiətdə tapa bilərik”.
Həmsöhbətimiz deyir ki, gənclər yay tətillərində səmərəli istirahət etmək üçün mənəvi ehtiyaclarını ödəyən istirahətin yollarını axtarıb tapmalıdır: “İlk olaraq cəmiyyətdə insanların “iştaha dayanan istirahət anlayışı” dəyişməlidir, çünki hər bir toplumun nümayəndəsi kimi biz gənclər də sosial varlığımızın nəticəsi olaraq yaşadığımız cəmiyyətin xüsusiyyətlərini özümüzdə daşıyırıq. İştaha dayanan istirahət isə yalnız və yalnız fiziki baxımdan fərahlıq vermək imkanına malikdir. Hər bir insan intellektual – mənəvi durumunu razı sala bilən istirahətin yollarını axtarıb tapa bilər. Uğurlu və səmərəli istirahət də məhz elə budur. Məsələn, bir düşüncə adamının, yazıçının, rəssamın həyatında dərin bir iz buraxan hadisənin baş verdiyi məkana səyahət etmək və saatlarca həmin məkanı seyr etmək, təxəyyülünün imkanlarından yararlanaraq həmin hadisəni təsəvvüründə canlandırmaq əslində orada baş verənləri bir daha yenidən yaşamaq deməkdir və mənə görə bu, ən uğurlu istirahətlərdən biridir”.
Tural düşünür ki, hər bir insan səmərəli istirahət etməyi bacarmalıdır: “Düzdür, intellektual səviyyəsi yüksək olan bir insanın istirahət anlayışının da fərqli olması ayrı bir reallıqdır, amma bu, yenə də bizə istirahətin “intellektual” bir formada keçirilməsi yanaşmasını müdafiə etməyə əsas vermir. İstirahəti daha çox müəyyən bir zamanda insanın öz həyatını özünəməxsus bir şəkildə yaşamaq cəhdi kimi qiymətləndirilə bilər ki, bu cəhdin özü də birbaşa yaşamla bağlıdır və “intellektual” istirahət bu məqamda da köməyimizə çatmır. Məncə, səmərəli istirahət insanda dərin təəssüratların izini qoyan və hətta yaşadığı saniyələri xatırlamağa belə imkan verən müəyyən bir zaman aralığıdır. Yəni insanın könlünün xoş olmasını, ruhunun yaşadığı hüzuru həm zehni səviyyədə, həm də mənəvi səviyyədə hiss etməsidir”
“Bolluca kitab oxumaq imkanı əldə etdim”
Telli Əmirova, tələbə
Telli deyir ki, bu yay tətilini çox səmərəli keçirib. Həmsöhbətimizin sözlərinə görə, o tətildə belə hərəkətli zaman keçirib: “Mən boş qalmağı sevmirəm. Bəziləri tətil günlərini yeyib yatmaqla keçirirlər. Lakin mən tətil müddətini mənə verilən fürsət kimi dəyərləndirirəm və planlarımı məhz bu müddətdə həyata keçirirəm. Tətilin ilk vaxtları kompyuter kurslarına yazıldım və ofis proqramlarını öyrəndim. Kursumu uğurla başa vurduqdan sonra iki günlük Qəbələyə getdim və orada unudulmaz günlər yaşadım. Azərbaycanda keçirilən hind məhsullarının sərgisi üçün bukletlər paylayır, təşkilata könüllü şəkildə kömək edirdim”.
Tətil günlərini lazımınca dəyərləndirdiyini söyləyən müsahibimiz deyir ki, istirahət günlərində xeyli kitab oxumaq imkanı əldə edib: “Tədris ili başlayanda dərslərimiz çox olduğu üçün bədii əsərlər oxumağa o qədər də vaxt qalmır. Bu yay demək olar, kitab və film limitimi doldurdum. Oxuduğum kitablar içində Paulo Koelonun “Kimyagər”, Serdar Özkanın “Kayıp gül”, Qabriel Qarsia Markezin “100 ilin tənhalığı”, Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərlərini çox sevdim”.
Telli tətil müddətində onun üçün ən yadda qalan hadisədən də danışdı. Müsahibimizin sözlərinə görə, o, bu yay heyvanlara toxunma qorxusuna qalib gəlib: “Heyvanları çox sevsəm də, onlara heç vaxt əl vura bilmirəm. Qəbələdə olarkən qərara gəldim ki, ən sevdiyim heyvan olan ata əlimi vurum və bu qorxunu aradan qaldırım. Nəhayət həyatımda ilk dəfə bu yay rəfiqəmin köməkliyi ilə bütün cəsarətimi toplayıb ata toxundum. Uşaqlıq qorxumun öhdəsindən gəlməyim mənim üçün gözlənilməz oldu”.
Telli tətil müddətinin bitməyinə pis olsa da, yeni dərs ilinin başlamasına sevinir: “Düzünü desəm, tətilin bitməyinə pis oldum. Çünki tətildə kitab oxumaq üçün kifayət qədər vaxt olur. Dərslər olmadığı üçün seminarlara, layihələrə qatıla bilirdim. Amma yeni tədris ilinin açılmasını da səbirsizliklə gözləyirəm. Müəllimlərim, qrup yoldaşlarım üçün çox darıxmışam”.
“Mütaliə etmək ən gözəl istirahətdir”
Xan Abdulla, hüquqşünas
Xan bəzi həmyaşıdlarından fərqli olaraq bu yay istirahət etməyib. O, tətilini yay boyu işləməklə keçirib: “Bakıda fəaliyyət göstərən zavodlardan birində mühafizəçi kimi işləyirəm. Zavodun ərazisində hovuz kimi yer tikilib, hansı ki, beton düzəldəndə onun suyundan istifadə edirlər. Sərinləmək üçün bir neçə dəfə həmin hovuza girmişəm”.
Müsahibimiz mütaliə etməyi sevdiyi üçün bu yay iş saatlarında da kitab oxuyub. O deyir ki, əlinə hansı kitab keçdi onu oxuyur: “Əsasən Azərbaycan ədəbiyyatını oxumağa üstünlük verirəm. Çünki düşünürəm ki, oxucu ilk öncə öz ədəbiyyatını tanımalıdır ki, başqa xalqların da ədəbiyyatını anlaya bilsin”.
Xan isti yay günlərində bir gün belə istirahət etməməsinə baxmayaraq, özünü yorğun hiss etmir. Deyir ki, yeni tədris ilinin açılmasını səbirsizliklə gözləyir: “Əgər insan mütaliə etməyi bacarırsa, məncə, bu onun üçün ən gözəl istirahətdir. Çünki kitab oxumaq insanın ruhunu dincəldir, bu dünyadan alıb başqa dünyaya götürür. Mən kitab oxuyarkən aldığım həzzi heç bir istirahətə dəyişmərəm. Məhz mütaliə mənim yay boyunca beynimi dincəldib”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər