• cümə, 29 Mart, 00:07
  • Baku Bakı 7°C

Gənclər spirtli içkilərə necə baxır? - Polemika

10.06.14 11:42 2492
Gənclər spirtli içkilərə necə baxır? - Polemika
Spirtli içki qəbulu bu gün insanlar, xüsusən gənclər arasında geniş yayılıb. Spirtli içkinin faydaları və zərərləri haqqında çox danışılıb. Ancaq nə qədər danışılsa da, insanların ona münasibəti heç vaxt birmənalı olmayıb. Yaşadığımız cəmiyyətdə fikir, düşüncə, inanc müxtəlifliyi içkiyə münasibətdə də özünü büruzə verir. Kimi içki qəbul etməyin normal hal olduğunu söyləsə də, kimisi şiddətlə qarşı çıxır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən qonşu Rusiyada əhalinin kütləvi şəkildə azalmasının bir nömrəli səbəbi kimi içki göstərilir. İngiltərədə Britaniya Müstəqil Elmi Narkotik Komitəsində və Avropa Narkotik Asılılığı Müşahidə Mərkəzində işləyən elm adamlarının apardığı araşdırmalar nəticəsində spirtli içkilərin bədənə narkotik vasitələrdən daha çox zərər verdiyi məlum olub. Azərbaycanda gənclərimizin spirtli içkiyə münasibəti necədir?
Böyük problemlərin səbəbkarı
Rəşad Əlirzayev, 21 yaş, tələbə
Rəşad içkiyə münasibətinin yaxşı olmadığını deyir. O, düşünür ki, ziyalı insanlar içki içməməlidir. Rəşadın fikrincə, hər kəsin içində az da olsa, içkiyə həvəs var: “Spirtli içki içmək yaxşı vərdiş deyil. Çünki içki böyük problemlərin səbəbkarıdır. Bəzən insanlar bir ömür bağışlanmayacaq səhvlərini də içkili anlarda törədirlər. Əgər içki belə şeylərə rəvac verirsə, onu heç cür yaxşı bir şey kimi qəbul edə bilmərəm”.
Spirtli içki qəbul etmədiyini söyləyən həmsöhbətimiz bunun ona heç bir problem olmadığını, əksinə özünü içki içənlərə nisbətən daha xoşbəxt hiss etdiyini söyləyir. İçki içən dostlarına münasibətinin yaxşı olduğunu deyən Rəşad onların da bu vərdişdən qurtulmalarını istədiyini bildirdi: “İçki həyatımızın bir hissəsi deyil, sadəcə vərdişdir. Bundan qurtulmaq isə hər kəsin iradəsiylə mübarizəsində bəlli olur. Bu gün gənclər istirahət edərkən içki qəbul edirlər. Bu kimi vərdişlərin gələcəkdə ağrısını çəkməkdənsə, indidən bu zərərli vərdişdən uzaqlaşmaq lazımdır. Gənclər içki içməyə sərf etdikləri zamanı başqa xeyirli işlərə sərf etsələr, daha yaxşı olardı. Onlar içki içməkdənsə, hər hansı idman növü ilə məşğul olsalar, həm özlərinə, həm də bütün cəmiyyət üçün daha faydalı ola bilərlər”.
Rəşad həmçinin içki satışında məhdudiyyətlərin olmasına tərəfdar olduğunu söylədi: “Bunlardan biridə qiymətlərin yüksəldilməsi ola bilər. Həmçinin valideynlər də övladlarına dost kimi yanaşıb onların problemlərini bölüşəcək insana çevrilsələr, gənclər də çarəni içkidə axtarmazlar. Bütün hallarda içki bizim milli düşüncəmizə yad ünsürdür. Xalqımızın inancları da bu məsələdə öz sözünü deyir”.
Stresi yox etmək üçün əla vasitə
Bahar Fəttahova, 22 yaş, jurnalist
Bahar bildirir ki, içki öz-özlüyündə insanda xoş əhval-ruhiyyə yaradan, günümüzün müəyyən anında stressi, sıxıntını atmaq üçün əla vasitədir: “İçki gərginliyimizin yox edilməsində də faydalıdır. Əsas odur ki, içkini qəbul etdikdən sonra özümüzün ondan asılı hala salınmasına imkan verməyək. Spirtli içkinin pis vərdiş kimi qəbul olunmasına gəldikdə isə, bu ona görə baş verir ki, hələ çoxları içdiyi içkinin təsirindən çıxmaq iradəsinə sahib deyil. Hər şeydə olduğu kimi, bu məsələdə də bir limit olmalıdır”.
Çoxlarının içkinin “problemlərin həllinə kömək” etdiyi fikrinə qarşı çıxan Bahar bunun yanlış düşüncə olduğunu söyləyir: “İçki birmənalı olaraq problemlərin həlli demək deyil, sadəcə müəyyən mənada insanların üzərindən gərginliyin anlıq götürülməsidir. Yəni biz içkinin təsirindən çıxsaq, yenə həyatımıza problemlərlə davam edəcəyik. Yaxşı olar ki, içkili anda insan hansısa problemini həll etməyə cəhd etməsin. Çünki bu özüylə daha böyük problemlər gətirə bilər”.
Müsahibimiz özü hərdən içkinin dadına baxsa da, düşünür ki, gənclərin içki ilə tanışlığına müəyyən sərhədlər qoyulmalıdır: “Məsələn dünya ölkələrində günün müəyyən vaxtından sonra içki satışına qadağa qoyulur. Bu, özünü onların reklamında da göstərir. Bu gün əksər reklamlarda olduğu kimi, spirtli içkilərində reklamında da məşhur simalardan istifadə olunur. Bu, özlüyündə həmin reklamı maraqlı edir. Bununla yanaşı, reklamı seyr edən tamaşaçı əgər həmin insanın fanatıdırsa, içkiyə münasibətində müəyyən dəyişikliklər yaranır. Nəticədə bazar iqtisadiyyatı şəraitində məhsulun istehlakı və istehsalının artmasına şərait yaranır”.
“O qızı unutdum, amma içkini unuda bilmirəm”
Elnur Xəlilov, biznesmen
Elnur deyir ki, spirtli içkidən uzaqlaşmaq güclü iradə tələb edir. Onun sözlərinə görə, bunu hər insan bacara bilmir: “Çünki vərdiş etdikdən sonra orqanizm onu ixtiyarsız tələb edir. Mən uşaqlıqdan, yəni orta məktəb vaxtlarından içkinin dadına baxmağa məcbur oldum. Nə qədər gülünc görünsə də, sevdiyim qızdan ayrılandan sonra onu unutmağın yollarını axtarırdım. Dostlar mənə təklif etdi ki, araq içsəm, hər şeyi bir anlıq unudacam. Elə o vaxtlar içkiyə qurşandım. Amma o qədər də çox içən deyildim. Çünki kənddə hamı bir-birini tanıyır. Əgər məni içkili vəziyyətdə kimsə görsəydi valideynlərimə deyə bilərdi. Həm də ailənlə birgə olduğun yerdə içki içmək alınmır. Universitetə qəbul olandan sonra təhsilimi davam etdirmək üçün Bakıya gəldim. Bakıda isə artıq sən özünsən. Sənə dəyib dolaşacaq kimsə yoxdur. Yəni burada azadsan. Öz əlin, öz əməlin. Təxminən ikinci kursda oxuyandan içkiyə elə bağlandım ki, hər gün içməsəydim, qala bilmirdim, bağrım çatlayırdı, sanki nəfəsim kəsilirdi. Düzdür, sevdiyim qızı unutmaq üçün içkini seçdim. Artıq o qızı çoxdan unutmuşam, amma içkini unuda bilmirəm”.
Elnurun sözlərinə görə, içki içəndə insan özünü bu dünyadan təcrid olunmuş hesab edir: “İçki elə bir şeydir ki, tərkibindəki kimyəvi maddələrin orqanizmlə mübadiləsi prosesi baş verərkən insan artıq özünü unudur. Yəni, dünya artıq sənin vecinə də deyil. Hər şey gözündə sönür. Nə dərd çəkirsən, nə bir şey. Fikrimcə, bunu da içkinin tərkibindəki maddələrin insanın şüurunu darmadağın etməsi ilə əlaqələndirə bilərik. Adi vaxtda sən düşünə bilirsənsə, içkili vaxtda artıq sənin düşünmə qabiliyyətin yox olur”.
Elnur deyir ki, içki sağlamlığa zərərli olsa da, ondan ayrıla bilmir : “Mən də bilirəm içki zərərlidir, sağlamlığa ziyandır. Amma onu tərgitmək çox çətin bir işdir. Hələ bunu bacarmıram. Amma hər halda heç kimə məsləhət görmürəm ki, içkiyə qurşansın. Xüsusən, həmyaşıdlarıma- gənclərə üzümü tutub demək istəyirəm ki, gəncliyinizin qədrini bilin. İçki insanı uzaqbaşı bir neçə saatlıq rahatlada bilər. Ayılandan sonra isə artıq bəlkə də bir neçə illik ömrünü bir neçə anlığa qurban vermiş olursan”.
Səid QƏRİB
Elvin SƏLİMOV
banner

Oxşar Xəbərlər