AZE | RUS | ENG |


Gənclər, sağlam olmaq üçün nələrə diqqət etməlisiniz? - Gənclərə məsləhət

Gənclər, sağlam olmaq üçün nələrə diqqət etməlisiniz? - Gənclərə məsləhət
Hərəkətdə olmaq, düzgün qidalanmaq...

Sağlam orqanizmin təməli hələ uşaq ana bətnində olarkən qoyulur. Dünyaya gəldikdən sonra isə valideynlər artıq uşağın sağlamlığına məsuliyyət daşıyırlar. Lakin müəyyən yaşa çatdıqdan sonra – gənclik illərində artıq sağlamlıqları ilə bağlı məsuliyyət öz üzərlərinə düşür. Qaynar həyat tərzi tələb edən bu dövrdə işləyən, oxuyan gənclər sağlamlıqlarına bəzən o qədər də fikir vermirlər. Bəs sağlam, güclü immunitetə sahib olmaq üçün gənclərimiz necə həyat tərzi keçirməlidirlər, nələrə diqqət etməlidirlər?
 
Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, gənclik daha çox hərəkət demək olsa da, gənclərimiz bundan bir az uzaq düşüblər: "Fiziki hərəkətdə olmaq hər kəs üçün önəmlidir, lakin gənclərimiz çox hərəkətsiz həyat tərzi keçirirlər. Bunun səbəbi isə bu gün bütün dünyada olduğu kimi, müasir texnologiyalardır. Həmin texnologiyalar bizim işimizin sürətini artırsa da, hərəkət imkanlarımızı məhdudlaşdırır. Hazırda ölkəmizdə çoxlu idman zalları fəaliyyət göstərir. Amma təəssüflər olsun ki, gənclər həvəskar olaraq, idmana maraq göstərmirlər. Peşəkar idmanla məşğul olanlar mütəmadi olaraq idman edirlər. Az sayda gənclərimiz var ki, sağlamlıqlarına fikir verirlər. Sağlamlıq üçün hərəkət etməyin, idmanın önəmi böyükdür. Bunu uşaqlıqdan aşılamaq lazımdır ki, gənclər də müəyyən yaşda artıq özləri vərdiş olaraq, idman etsinlər. Məsələn, ibtidai siniflərdə bəzən müəllimlər idman dərsi yerinə başqa fənləri keçirlər”.

M.Abbasova deyir ki, sağlam olmaq üçün qida məsələsi də önəmlidir, lakin gənclərin çoxu bu cəhətdən də məsuliyyətsiz davranırlar: "Gənclərimiz ən çox ayaqüstü yeməklərdən istifadə edirlər. Amma mən həmişə ev yeməklərinə üstünlük verilməsini məsləhət görürəm. Fikirləri o qədər kompüterdə cəmlənir ki, bəzən nə yediklərinə diqqət etmirlər. Ona görə mütləqdir ki, iş yerlərində bir saat yemək üçün vaxt ayırsınlar. Meyvə-tərəvəzi gündəlik qida rasionlarından əskik etməsinlər. Havalar da getdikcə soyuduğu üçün isti yeməklər daha məqsədəuyğundur. Demirəm ki, tamamilə "fast food”dan imtina etsinlər. Sadəcə olaraq, arada 10 gün, bir ay fasilələrlə yesinlər. Hər gün o yeməkləri yemək mədə-bağırsaq sisteminə ziddə zərbə vurur. Qəbzliyin yaranmasına, hormonal zəifliyə səbəb olur”.
 
Həkim qeyd etdi ki, normal qidalanmamaq, hərəkətsiz həyat tərzi keçirmək gənclərin immun sistemini aşağı salır, bu da orqanizmin xəstəliklərə qapı açması deməkdir: "Gənclər enerjilidirlər, güclüdürlər, amma bunun qədrini bilmək lazımdır. Müəyyən müddət sağlam qidalanmamaq, hərəkətsiz qalmaq, saatlarla fasiləsiz kompüter qarşısında zaman keçirmək immun sistemini zəifləməyə doğru gedir. Bədənin immun sisteminin zəifləməsi isə xəstəliklərə qarşı zəiflik nümayiş etdirməsinə səbəb olur. Kompüterdən istifadəyə diqqət etsinlər, fasilə verməyi unutmasınlar”.
 
M.Abbasova onu də əlavə etdi ki, fəsil dəyişkənliyi zamanı geyim məsələsində də diqqətli olsunlar: "İmmun sistemi güclü olan gənclər bəzən digərlərinə nisbətən fəsil dəyişkənliyinə qarşı daha müqavimətli olurlar. Amma bütün hallarda, havanın nəbzini tutub geyinmək daha yaxşıdır”.
 
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN