• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

Gənclər niyə kitab oxumur? - Diskussiya

27.09.16 10:16 5722
Gənclər niyə kitab oxumur? - Diskussiya
"Kitaba etibar et, o, ən yaxşı dostdur” deyirlər. Çünki kitablar axtardığımız sualların cavablarını tapmaqla yanaşı, təfəkkürümüzü qidalandırır, intellektual istirahətimizə kömək edir və dünyagörüşümüzü artırır. Lakin o da faktdır ki, ölkəmizdəki gənclərin kitab oxumağa marağı qənaətbəxş səviyyədə deyil. Biz də bunun səbəbini gələcəyin filoloqları ilə müzakirə etdik. Elə məsələnin həlli yollarını da gələcək nəsillərə mütaliəni sevdirəcək şəxslərin dilindən eşitmək istədik.
Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin tələbələri ilə kitabsevərlərin doğma məkanı olan universitetin kitabxanasında görüşdük.

Bahar Talıbova:
- Kitab oxumaq vacibdir. İnsanın ruhunu gözəlləşdirir. Gənclərin kitab oxumamasının əsas səbəbi, məncə, dərslərdən çox vaxtın qalmamasıdır. Bu, bəlkə də bəhanədir. Amma elə düşünürəm. Ən böyük problem isə sosial şəbəkələrdir. Sosial şəbəkələr gənclərdə kitab oxumağa marağı "öldürür”.
Bahar deyir ki, dostları çox kitab oxuduğu üçün onu qınayırlar: "Mən məktəb illərimdən kitab oxuyuram. Mütaliə zamanı aldığım zövqü nə televiziyadan, nə də sosial şəbəkələrdən ala bilirəm. Amma dostlarım mənə gülürlər və deyirlər ki, bekarsan, kitab oxuyursan?

Ayşən Alışanova:
Ayşən də Bahar kimi düşünür. Deyir ki, vaxt məhdud olduğu üçün gənclər kitab oxumur.
- Düzdür, gənclərimizin çoxu bədii əsər oxuya bilmir. Buna səbəb vaxt azlığıdır. Dərslərindən kənar məşğuliyyətlərinin olması, müxtəlif kurslara getmək kitaba olan vaxtı azaldır. Biz Filologiya fakültəsində təhsil alırıq və tələbələrin bir çoxu müxtəlif xarici dillər öyrənirlər. Ona görə də universitet dərsləri ilə yanaşı, əlavə dil kurslarının tapşırıqları da vaxtı azaldır. Ola bilsin, gənclərin çoxunun kitaba həvəsi var. Amma vaxtın az olması buna imkan vermir. İkinci ən böyük səbəb isə yönləndirmədir. Biz ikinci kursda oxuyanda ədəbiyyat müəlliməmiz kitabları bizə sevdirdi. Mən onun kitab haqqında təbliğatından sonra daha çox oxumağa başladım. O bizə deyirdi ki, hər ay aldığımız təqaüdə özümüzə bir kitab hədiyyə edək və həmin kitabı oxuyaq. Bundan sonra mən hər təqaüd alanda özümə bir kitab alıram. Tələbəni istiqamətləndirəndən də çox şey asılıdır. Böyüklər nəsə məsləhət görəndə o, bizə daha yaxşı təsir edir.

Hürzad Vəliyeva:
- Ayşənin fikirləri ilə tam razıyam. Yönləndirmə mütləq olmalıdır. Bizim müəlliməmiz deyirdi ki, öz kitabxananızı yaradın. Onun məsləhətindən sonra mən də özümə, balaca da olsa, kitabxana yaratmışam. Hər dəfə də kitabların sayını artırmağa çalışıram. Artıq bu, məndə hobbiyə çevrilib.


Ülkər Bəxtiyarlı:
Ülkər yoldaşlarına etiraz edir. Deyir ki, vaxt hər kəsdə eyni qədərdir və vaxt məhdudiyyətinə görə kitab oxumayanlar bəhanə gətirənlərdir.
- Mənim də dərslərimin çox olduğu vaxtlar olub. Kitablarımın əksəriyyətini metroda və avtobusda oxumuşam. Hətta bir kitabı evdə oturub oxumaq mənə o qədər də xoş gəlmir, nəinki metro və avtobusda. Məncə, "kitab oxuya bilmirəm, çünki vaxtım yoxdur” demək gülməli bəhanədir. Kitablara marağın az olmasının əsas səbəbi yeni çıxan əsərlərdən xəbərimizin olmamasıdır. Onların anons edilməməsi əsas səbəblərdən biridir. Məsələn, mən elə bir yazıçı tanıyıram ki, onun yalnız bir və ya iki kitabının adını bilirəm. Amma həmin yazıçının bir çox kitablarından xəbərsizəm. Buna görə reklam vacibdir. Bir çox yerlərdəki lazımsız afişalardansa, kitabların afişaları asılmalıdır.

Ürfanə Məmmədova:

- Kitaba sevgi insanın içindən gəlməlidir. Əgər kiminsə kitab oxumağa həvəsi yoxdursa, nə qədər reklam etsən də, həvəsi olmayacaq. Həvəsi olan isə hətta pulu olmasa belə, o kitabı internetdən tapıb oxuyacaq. Texnologiya indi sürətlə inkişaf edir və istənilən kitabı internetdən tapmaq olur. Təki valideynlər və müəllimlər tərəfindən uşaqlara, gənclərə kitab sevgisi aşılansın.

Əfsanə Məmmədzadə:
- Yoldaşlarım kimi düşünmürəm. Mən gənclərin kitab oxumamasının başlıca səbəbini texnologiyanın inkişafında görürəm. Gənclərin bir çoxu lazımsız şeylərlə başlarını yorurlar. Ona görə də bədii əsər oxumağa vaxt qalmır. Bu, daha çox təhsil almayan gənclərdə müşahidə olunur. Belə gəncləri kitaba cəlb etmək üçün məşhur simalar fəaliyyətə keçməlidir. Reklamdan çox şey asılıdır. Məsələn, Röya konsertlərində bir kitabı reklam etsə, inanıram ki, gənc fanatları arasında o kitabı oxuyanlar olacaq. Məncə, insanları dinlədiyi, sevdiyi adamların məsləhəti ilə yönləndirmək olar. Məşhur simalar və yaxud tələbələrin iştirakı ilə kitabın faydası haqqında sosial çarx hazırlansa, kitaba olan maraq da artar.

Bəs kitab oxumaq sizə nə verir?

Hürzad Vəliyeva:

- Mənəviyyatımızı zənginləşdirir. Kitab oxuyarkən gözünün qarşısında başqa həyat canlanır. Başqa həyatların içinə girdiyinə görə öz problemlərin yadından çıxır. Əsəblərin sakitləşir, ağıllı, təmkinli, səbirli olmağı öyrənirsən. Ən əsası isə çox kitab oxuyan şəxs intellektual baxımdan digərlərindən fərqlənir. Mən bir dəfə televizorda bir ayaqqabı ustasının müsahibəsinə qulaq asdım. Mirzə Şəfi Vazehdən o qədər çox şeylər bilirdi ki... Anladım ki, tələbə, müəllim, yaxud təhsilsiz insan olması fərq etməz. Hər kəs kitab oxumalıdır.

Əfsanə Məmmədzadə:
- Kitab oxumaq insana sərbəstlik, özgüvən verir. Fikrini sərbəst ifadə edə bilirsən. Məndə kitaba olan marağı valideynlərim formalaşdırıb. Bəlkə də atama olan sevgim burada böyük rol oynayıb. Çünki o, həmişə deyir ki, mütləq oxuyun. Bunun üçün ona minnətdaram. Əvvəllər mən qapalı idim. Hər şeyi danışa bilmir, fikrimi ifadə etməkdə çətinlik çəkirdim. Çünki söz bazam az idi. Fərqli kitablar oxuduqca hiss edirəm ki, artıq məndə irəliləyiş var. Deyirlər, əsəbi adam da kitab oxuyanda əsəbləri sakitləşir. Bu, həqiqətən belədir. Kitabı oxuduqca insanın gözündə başqa bir obraz yaranır. Yazıçı obrazın portretini verir. Və sən onu gözünün önündə canlandırırsan. Mən kitab oxuyanda özümü teatrda hiss edirəm. Obrazın saçının quruluşunu gözlərimin önünə gətirir, hisslərini başa düşürəm və fərqli həyatları öz təxəyyülümdə öyrənirəm.

Dekan Sevda Vahabova
– Uşaqlar, bəlkə də bu, vərdişdən asılıdır. Mənim qardaşımın ailəsi Rusiyada yaşayır. Bu yay bizə qonaq gəlmişdilər. Mən onun özünə və nəvələrinə fikir verəndə gördüm ki, onlar yatanda da kitabla yatırlar. 6 yaşlı nəvəsi hər axşam nənəsini məcbur edirdi ki, ona kitab oxusun. Uşaqlar kitab oxuyaraq yuxuya gedirdilər. Hətta mən səhər nə oxuduqları haqda soruşanda onlar bu haqda mənə danışırdılar. Əlbəttə, bu uşaqlar böyüdükdən sonra da kitab oxumağa davam edəcəklər. Bizim ailələrdə valideynlər, nənələr uşaqlarına kitab oxumurlar və bu vərdişi yaratmırlar.

Bahar:
- Bəzən deyirlər ki, bu, vərdişdən asılıdır. Məncə, bir çox səbəblər var. Bəzi insanlar oxumağı vərdişə çevirir, bir qismi oxumağı özünə borc bilir, bir qismi də sevdiyi üçün oxuyur.

Nə üçün daha çox xarici ədəbiyyat oxuyursunuz?

Əfsanə :

- İndi hər yerindən qalxan kitab yazır. Onlar fikirləşmir ki, bu, oxucunun zövqünü formalaşdırmaq əvəzinə zövqü korlayır. Azərbaycanlı yazıçılar hər şeydən öncə maddiyyatı fikirləşirlər. Onlar üçün əsas maddi gəlirdir. Müasir kitablar maraqlı deyil.

Hürzad:
- İndi gənclərin daha çox xarici ədəbiyyata marağı var. Elə mən özüm də xarici ədəbiyyata meyilliyəm. Xarici müəlliflər daha fərqli yazırlar. Təəssüflər olsun ki, xarici ədəbiyyatın tərcüməsi daha çox türk dilində olur. Azərbaycan dilində o kitabları oxuyanda tərcümə süni alınır. Təhriflərə daha çox yol verilir. Türkcə tərcümələrdə isə insan kitabdakı səhnələri daha canlı təsəvvür edir.

Əfsanə
:
– Yoldaşımızın fikrinə mən də qatılıram. Türk dilində kitablar daha maraqlı olur. Amma biz Azərbaycan dili və ədəbiyyat müəlliməsi olduğumuza görə başqa dildə oxumaq düzgün deyil. Artıq dil korlanır. Kitabları oxuduqca bizdə vərdiş yaranır və fikrimizi ifadə edərkən türk dilindən istifadə edirik. Öz sözlərimizin qarşılığını tapa bilmirik. Bizim üçün bu, gələcəkdə problem yarada bilər. Ya tərcümələr üzərində işlənməli, ya da yazıçılar daha keyfiyyətli əsər yazmalıdırlar.

Bahar:
– Azərbaycan dili zəngin və poetik dildir. Amma dilimizdən düzgün istifadə edilmir. Bu, filmlərdə də belədir. Keçmiş filmlərimizin replikaları indiyə qədər dillər əzbəridir. Amma indiki filmlərə baxanda adama süni gəlir. Həmçinin bu, kitablarda da eynidir.

Hürzad:
- Əslində yaxşı tərcüməçilər və yaxşı tərcümə kitabları var. Məsələn, mən Xalid Hüseynin kitablarını Azərbaycan dilində oxuyuram. Kitab həm Azərbaycan, həm də türk dilinə tərcümə olunub. Amma mən Azərbaycan dilində olanını daha üstün tuturam. Bu yazıçını oxuyanda həqiqətən də təsir edir. Tərcüməçidən çox şey asılıdır.

Nə üçün kitab oxumalıyıq?

Sevinc Ağammədli

– Gələcəkdə gözəl bir ailənin təməlini qurmaq üçün kitab oxuyun. Ailə zəngin mənəviyyatla qurulsa, daha yaxşı olar.
Əfsanə:
- Əgər gənclər ruhlarını oxşamaq, gözəl tərbiyə olunmaq istəyirlərsə, məncə, kitab ən yaxşı vasitədir. Həyatı daha gözəl görmək istəyirlərsə, kitab oxusunlar. Çünki indiki gənclər özlərini daha çox neqativə kökləyirlər. Kitabı oxuduqca həyatdan zövq alacaqlar.
Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ

banner

Oxşar Xəbərlər