• cümə, 29 Mart, 06:22
  • Baku Bakı 5°C

Gənclər necə mahnılara qulaq asır? - Polemika

29.04.14 10:15 4408
Gənclər necə mahnılara qulaq asır? - Polemika
Yəqin ki, son vaxtlar maşınlarda, bazarlarda, avtodayanacaqlarda “valehdici” musiqi sədalarını eşitmisiniz. “Nağaracuğa”, “hi ha ha haa”, “avtoş qaqaş”, “vur damara, ol avara” , “hələ cavan oğlanam mən, dumandır başım” və s. bu kimi “mahnılar” müasir dövrün dəbinə çevrilib. Xüsusilə yeniyetmələr arasında sevilən və yayılan ara mahnıları birmənalı qarşılanmır. Hətta bəyənmədiyimiz bu mahnıların baxış sayı “youtube”da digərlərindən daha çox olur. Bəs gənclər nə düşünür? Onlar necə mahnılara qulaq asır və ara mahnılara münasibətləri necədir?
“Karifey sənətkarlara qulaq asıram”
Cəsarət Yusifov, “Müsbətə doğru” İB-nin baş katibi.
Musiqi Cəsarətin həyatında önəmli yer tutur. Həmsöhbətimiz uzun iş günündən sonra istirahətini mahnı dinləməklə təmin edir. O, bizimlə söhbətində bildirdi ki, müasir Azərbaycan müğənnilərinin mahnılarına qulaq asmır: “Mən uşaqlığımdan karifey sənətkarlarımızı dinləyərək böyümüşəm. İndi də o musiqilərin mənə verdiyi həzzi heç bir musiqidən ala bilmirəm. Hətta Azərbaycan estradasında olan gənc müğənnilər karifey sənətkarların repertuarlarına müraciət edəndə də mənə maraqlı gəlir və mən bu sənətkarlara qulaq asmaqdan zövq alıram. Müasir musiqilərimizdən isə “Avrovizion” mahnı müsabiqəsində iştirak edən təmsilçilərimizin səhnə performanslarını çox bəyənirəm”.
Son zamanların dəbi olan bayağı mahnılara gəldikdə isə, müsahibimiz deyir ki, insanın musiqi zövqünün formalaşmasında əsas rolu onun ətrafı oynayır. Həmsöhbətimizin sözlərinə görə, gələcək nəslin musiqi zövqünün formalaşmasında əsas rol KİV-in üzərinə düşür: “Özüm heç vaxt belə mahnılara qulaq asmamışam. Hesab edirəm ki, biz heç kimin musiqi zövqünü mühakimə edə bilmərik. Yəni hansısa şəxsə deyə bilmərik ki, Üzeyir Mehdizadəyə yox, Üzeyir Hacıbəyova qulaq as. Hər kəsin özünə görə zövqü var. İnsanın musiqi zövqü onun ətrafındakıların nələrə qulaq asmasından asılıdır. Gənc nəslin gələcəkdə musiqi zövqlərinin korlanmaması, Azərbaycan musiqi mədəniyyətinin qorunub saxlanması üçün KİV-lər karifey sənətkarların mahnılarını daim təbliğ etməlidirlər”.
Musiqinin insanın dünyagörüşünə təsir etdiyini vurğulayan müsahibimizin sözlərinə görə, ara mahnılarının gənclər arasında bu qədər yayılması və sevilməsi gələcəkdə musiqi mədəniyyətimizin formalaşmasına mənfi təsir göstərəcək: “Belə musiqilər Azərbaycan musiqisinin təbliğinə ciddi maneələr yaradır. Bu tip mahnıların bazarda özünə yer tapması ve genişlənməsi onu deməyə əsas verir ki, ölkəmizdə bayağı mahnılara tələbat var. Bu isə şəxsin dünyagörüşündən doğan prosesdir. Demokratik dövlət olduğumuz üçün dəyişən musiqi xarakterlərinə qarşı senzura qoymaq qeyri-mümkündür. Məsələnin gizlin mahiyyəti isə kütləviləşən musiqi mədəniyyətinin yanlış istiqamətə getməsidir. Burada təhsil və fundamental baza ilə yanaşı, ailə tərbiyəsinin geniş ümumi təsirlərini də görmək olar. Mədəniyyət və musiqi elə bir sahədir ki, çərçivələr daxilində inkişaf etdirmək qeyri-mümkündür. Çox təəssüflər olsun ki, bu tip ara mahnılar da gələcəkdə “Azərbaycanın musiqi mədəniyyəti” adı altında cəmiyyətdə özünə yer tapacaq”.
“Qurunun oduna yaşı yandırırıq”
Fatimə Səlimli, magistr.
Fatimə isə düşünür ki, müasir Azərbaycan musiqisi inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, bu gün ölkəmizdə kifayət qədər istedadlı, gənc musiqiçilər yetişir: “Mahnılarımız bu gün çoxlarını qane etmir, lakin bu sahədə kifayət qədər inkişafın olması göz qabağındadır. Biz dəyərləndirməkdən daha çox aşağılamağa üstünlük verir, qurunun oduna yaşı da yandırırıq. Ümumiyyətlə, bizdə hər şey pessimizm yüksək dərəcəsindədədir”.
Musiqini ruhun qidası adlandıran həmsöhbətimiz xüsusilə Azərbaycan mahnılarını çox dinləyir: “ Gərgin iş rejimindən sonra musiqiyə qulaq asmaq ruhumu qidalandırır. Ən çox Azərbaycan müğənnilərinin mahnılarını sevir və dinləyirəm. Əsasən də Zülfiyyə Xanbabayeva, Sevda Ələkbarzadə və Röyaya qulaq asıram”. Ara musiqiləribnə gəldikdə, həmsöhbətimiz deyir ki, ictimai yerlərdə belə musiqilərə qulaq asmaq məcburiyyətində qalsaq da, heç kimi mühakimə etməyə haqqımız yoxdur: “Məncə, bunu özümüzə etriaf etməliyik ki, ölkəmizdə bayağı mahnılara da tələbat çoxdur. Belə mahnılar müəyyən kütlə tərəfindən sevilir və dinlənilir. Xüsusilə metro çıxışlarında, disk satılan mağazalarda, ticarət mərkəzlərində bu cür musiqilərlə bəzən ruhumuzu korlayırlar, biz də onlara qulaq asmaq məcburiyyətində qalırıq. Lakin, bayağı mahnıları sevməyənlərin belə mahnılara qulaq asanlara sərt mövqe tutması və səviyyəsizlik kimi qiymətləndirməsi düzgün deyil”.
“Darıxanda “rakka çuko, çukkoda çuko”ya qulaq asıram”
Azər Şabiyev, işsiz.
Azər digər gənclərdən fərqli olaraq ara mahnılarına qulaq asır və belə mahnıları dinləməyi sevir. Onun sözlərinə görə, belə bayağı mahnılar kefsiz olanda onun kefini açır: “Düzdür, ara mahnılarının sözlərində məna olmur. Amma bayağı mahnıları maraqlı edən və onlara məna verən də elə bu mahnıların mənasızlığı, məzəli olmasıdır. Məsələn, mən əsəbi olanda, yaxud darıxanda “rakka çuko, çukoda çuko” adlı mahnı var ki, ona qulaq asıram. Nə qədər əsəbi olsam da, bu mahnı məni güldürə bilir”. Azər ara mahnılarla yanaşı pop, rok, rep janrlarını da sevir. Lakin klassika onun zövqünü oxşamır. Hər kəsə məlumdur ki, ara mahnılara daha çox avtomobildə qula asırlar. Müsahibimiz isə deyir ki, sükan arxasına bayağı musiqilər sürücüyə müsbət təsir göstərir:
“Bayağı mahnılar daha çox sükan arxasında olarkən insana zövq verir. Çünki, maşın sürərkən təsirli, ağır musiqilərə qulaq asmaq pis xatirələri yada salır və insanı başqa aləmə aparır. Bu zaman sürücünün fikri qarışdığı üçün onun qəza törətmək şansı daha çox olur. Bu səbəbdən maşında bayağı mahnılara qulaq asırlar ki, sükan arxasında dərin fikirlərə dalmasınlar” . Azərin sözlərinə görə, bu gün ara mahnılarını bəyənməyən gənclərin özləri də bu mahnılara zaman-zaman qulaq asırlar: “Məni ən çox təəccübləndirən cəhətlərdən biri odur ki, lağ-lağı obyekti olan mahnılar “youtube”a yüklənilən kimi yüksək baxış sayı əldə edir. Hələ baxış sayı bir yana dursun, mahnıya ünvanlanmış şərhlər, ifadələr də təəccüblüdür. Əgər bu mahnılara kütlənin marağı yoxdursa, nə üçün bu qədər baxılıb, dinlənilir? Məncə, problem belə mahnıları ifa edənlərdə yox, kütlənin bayağı mahnılara marağının olmasındadır. Əgər tələbat olmasa, bu kimi mahnıların da sayı azalar”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər