• cümə, 26 Aprel, 02:08
  • Baku Bakı 16°C

Gənclər necə geyinir? - Polemika

08.04.14 11:26 4208
Gənclər necə geyinir? - Polemika
Son zamanlar gənclərin geyim tərzi cəmiyətin əsas diqqət mərkəzinə çevrilib. Kimisi qızların açıq-saçıq, yaxud qlamur geyimindən, kimisi də oğlanların rəngli paltarlara üstünlük verməsindən şikayət edirlər. Xüsusilə yaşlı nəsil gənclərin geyimindən narazılığını bildirir. Bəs gənclər nə düşünür? Onların fikrincə, müasir gənclik necə geyinir?
“Gənclərin geyimi ürəkaçan deyil”
Arzu Sadıqzadə, gənc modelyer.
Arzu deyir ki, bu gün ümumilikdə götürdükdə gənclərin geyimi ürəkaçan deyil. Onun sözlərinə görə, gənclər gündəliyə cah-cəlallı, ziyafət paltarına bənzəyən açıq-saçıq geyimlərdən istifadə edirlər: “Düşünürəm ki, gənclər gündəlik üçün daha çox bədən üzvlərinin hərəkət etməsi üçün rahatlıq yaradan geyimləri seçməlidirlər. Əgər söhbət gündəlik geyimdən gedrisə, ilk öncə rahatlığa və ekoloji rənglərə üstünlük verməliyik. Çünki insan nə qədər sərbəst və sakitləşdirici rənglərdən istifadə etsə, gərginlikdən bir o qədər uzaq olar. Günümüzün ən böyük problemi xanımlarımızın daha çox yaşlarını böyük göstərən geyimlər seçməsidir. Əksər xanımlarımız ən cox səhvi geydikləri libasların rəngində edirlər. Şərt o deyil ki, geyimlərdəki rənglər müxtəlif olsun. Əsas şərt geydiyimiz libasın bədənimizə uyğun olmasıdır”. Həmsöhbətimiz deyir ki, bu gün xüsusilə kilolu gənc xanımlar geyim seçimini düzgün edə bilmir: “Bəzən artıq kilolu xanımlarımız çox dar geyimlər seçərək öz qüsurlarnı rahatlıqla göstərirlər. İlk öncə belə xanımlarmıza məsləhətim odur ki, bədən ölçülərini gizlədən rənglərdən istifadə etsinlər. Dar geyimlər kilonu çox, yaşı böyük göstərir. Belə xanımlar geyim seçərkən xırda naxışlı, xırda güllü geyimlərə üstünlük verməlidirlər”. Gənc modelyerin sözlərinə görə, bu gün oğlanlar qızlardan daha dəbli geyinir: “Qızlarımıza nisbətən oğlanlar daha çox gözoxşayan rənglərə üstünlük verirlər. Xüsusən də gündəlik geyimlərində seçdikləri stil uğurlu hesab oluna bilər”.
Bu ilin dəbindən də danışan həmsöhbətimiz vurğuladı ki, yaz fəslində rəngli geyimlər üstünlük təşkil edəcək: “Bu il daha çox şifon və cins geyimlərin kombinasiyası dəbdə olacaq. Rənglərdən isə əsas günəş, qum, səma və çəmən rənglərindən istifadə ediləcək”. Modelyer sonda bir daha vurğuladı ki, istər oğlanlar, istərsə də qızlar son zamanlar dar və narahat geyimlərə üstünlük verirlər: “Geyim insanın rahatlığını təmin etməlidir. Bu, sağlamlıq baxımından da önəmlidir. Buna görə də, gənclər gündəlik həyatlarında göstərişli geyimlərdən qaçmalıdırlar”.
“Məndə bu var və göstərməliyəm”
Nuranə Məhərrəmova, magistr.
Nuranə düşünür ki, gənclərin geyimlərinin onların xarakterləri ilə əlaqəsi var. Onun sözlərinə görə, gənclərin formalaşmış xarakterləri onların geyimlərində özünü biruzə verir: “Ölkəmizdə bir qrup gənc var ki, yetərli qədər geyim zövqü formalaşıb və hara nə geyinmək lazım olduğunu yaxşı bilir. Sevindirici haldır ki, artıq sırf Bakının mərkəzi küçələrində deyil, regionlarda da belə gənclərlə rastlaşırıq. Təəssüfləndirici haldır ki, digər qrup gənclər getdikləri məkanın fərqinə varmadan, sadəcə, “məndə bu var və göstərməliyəm” şüarı ilə, az qalır, qarderobundakı paltarların hamısını üstündə gəzdirsin. Təəssüflər olsun ki, bu gün zövqsüz geyinən bu qrup gənclərin sayı digərlərinə nisbətən daha çoxdur”.
Həmsöhbətimiz deyir ki, geyim məsələsində zövq önəmli rol oynayır: “Gənclər unutmamalıdır ki, geyimlər xarakterimizi göstərir. Geyim problemini həll etmək üçün düşünürəm ki, gənclər seçdikləri geyimləri geyinib özlərinə kənardan baxmağı və düzgün qiymətləndirməyi bacarmalıdırlar”.
“Fiqura” göstərən geyimi oğlanlara yaraşdırmıram”
Pərviz Şükürov, jurnalist
Pərviz dəblə yox, zövqlə geyinməyin tərəfdarıdır. Onun sözlərinə görə, kimə nə yaraşır dəbə fikir vermədən onu da geyinməlidir: “Psixoloqlar hesab edir ki, insanların geyimləri onların daxili keyfiyyətlərindən xəbər verir. Bu doğurdan da belədir. İnsanın əhval-ruhiyyəsi yaxşı olan zaman bu, onun geyiminə də təsir edir. Bu zaman rəngarəng, daha səliqəli geyinir. Əgər bizim geyimimizdə diqqətsizlik, səliqəsizlik varsa, demək, həyatımızda nəsə yolunda getmir. Dəb məsələsi isə mənim üçün hər zaman önəmsiz olub. Düşünürəm ki, insana nə yaraşır, onu da geyinməlidir”. Oğlanların saç, saqqal saxlamalarına gəldikdə isə, müsahibimiz deyir ki, hər şeyin çoxu insana zərərdir: “Belə bir məsəl var: “Çox içəndə su da insana zərərlidir”. Hər kəs istədiyi kimi geyinməkdə sərbəstdir. Kişinin saçının, saqqalının uzun olması qəbahət deyil, lakin saç-saqqal normadan artıq olduqda onun imicinə xələl gətirir, kənardan yaxşı görünmür. Bu gün oğlanlar dar şalvar geyinir, qızlar isə açıq-saçıq geyimə üstünlük verirlər. Buna çox pis baxıram. Çünki, kənardan gülməli görünürlər”. Pərviz deyir ki, kişi qadından hər zaman fərqlənməlidir. Onun sözlərinə görə, bəzi oğlanların qızlardan fərqli geyinməməsi onda ikrah hissi oyadır: “Bir zamanlar şəhərdə qırmızı ayaqqabı və qırmızı kəmər dəbdə idi. Paytaxtda gənc oğlanların əksəriyyəti belə geyinirdilər. Hətta oğlanların belə geyinməsi ictimai qınağa səbəb olmuşdu. Düzdür, dəblə ayaqlaşmaq lazımdır. Lakin, dar şalvar geyinib bədəninin “fiqurasını” göstərməyi oğlanlara yaraşdırmıram”. Pərviz düşünür ki, müasirləşmə ilk növbədə insanın özünün dəyərlərinə hörmət etməsi deməkdir: “Daha sonra iqtisadi, mədəni, texniki inkişaf deməkdir. Müasirləşməni geyimdə tətbiq etməzdən öncə ilk növbədə küçədə, ictimai yerdə öz hərəkətlərinə fikir vermək lazımdır. Çox təəssüf ki, bəzən biz hər şeyin pis tərəfini qəbul etməyə çalışırıq”.
Aygün Əziz
banner

Oxşar Xəbərlər