• şənbə, 20 Aprel, 09:29
  • Baku Bakı 14°C

Gənclər müstəqilliyin əhəmiyyətini nədə görür? - Polemika

17.10.14 13:29 2395
Gənclər müstəqilliyin əhəmiyyətini nədə görür? - Polemika
Sabah ölkəmizin tarixində əlamətdar günlərdən sayılan 18 oktyabr - dövlət müstəqillik günüdür. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və xalqın mübarizəsi nəticəsində Azərbaycan ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi və biz artıq bu qələbənin 23 yaşını qeyd edirik. Bundan 23 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bəs bu tarixin gənclər üçün əhəmiyyəti nədir? Onlar müstəqilliyin ən böyük nailiyyətini nədə görürlər?
İllərlə gözlədiyimiz gün
Rauf Məmmədov, biznesmen
Rauf deyir ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, şirin nemətdir. Onun sözlərinə görə, xalqımızın bu illərdəki ən böyük nailiyyəti müstəqilliyimizi qoruyub saxlamasıdır: “Belə bir deyim var: “ Bir gün azad yaşamaq, yüz il əsarətdə qalmaqdan yaxşıdır”. Biz artıq 23 ildir ki, azad yaşayırıq. Azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Ən böyük nailiyyətimiz də məhz müstəqilliyimizi qoruyub saxlamağımızdır. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur”.
Biznesmen kimi ölkənin iqtisadi uğurlarından danışan həmsöhbətimiz uğurun başlanğıcında uğurlu neft strategiyasının dayandığını düşünür: “Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında Azərbaycanın yeni neft strategiyası durur desək, yanılmarıq. Çünki bu strategiyanın uğurlarının nəticəsi olaraq ölkəmiz regionun lider dövləti, eləcə də qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınıb”.
Sonda bu gün münasibətilə xalqımızı təbrik edən müsahibimiz vurğuladı ki, müstəqillik gününün sevindirici tərəfi ilə yanaşı, kədərli üzü də var: “Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Həmin tarixi və möhtəşəm gündən artıq 23 ilədək bir müddət keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə inkişafa, tərəqqiyə nail oldu. Amma əldə edilən nailiyyətlər, uğurlar asanlıqla başa gəlmədi. Firavan həyat, gözəl yaşayış, rifah halının yüksəlməsi elə-belə, özbaşına olmur. Azadlıq kimi, xoş gün-güzəran da qurbanlar bahasına, çətinliklə əldə edilir. Bizim də ən böyük çətinliyimiz torpaqlarımızın 20 faizinin işğal altında olmasıdır. Hər birimizin qəlbində bir inam var. Torpaqlarımız işğalçılardan azad olunacaq. Ərazisi bütöv olmayan, torpaqlarım işğal altında olan bir məmləkətin Müstəqillik günü sevindirici olsa da, kədəri də böyükdür”.
“XX əsr - xalqımızın mübarizə əsridir”
Sevil Məmmədova, tərcüməçi
Sevil deyir ki, müstəqil yaşamaq hər bir xalqın arzusudur. Onun sözlərinə görə, bu illər ərzində xalqımızın ən böyük nailiyyəti demokratik, hüquqi və müstəqil dövlətin qurulması idi: “Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçib. Bunların hamısının bir məqsədi, bir məramı olub: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoyub. Buna görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaq. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur”. Müstəqilliyimizin əhəmiyyətindən danışan həmsöhbətimiz vurğuladı ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib: “İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Biz bu gün beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Vətəndaşlarımız dünyaca məşhur yarışmalarda ölkəmizi təmsil edirlər. 2012-ci ildə Bakıda Avropanın ən mötəbər mahnı yarışması olan "Eurovision" müsabiqəsi keçirildi. Sayca 57-ci olan bu müsabiqə dünyaya səs saldı. Bu yarışma yüksək səviyyəsinə görə bundan əvvəl keçirilən 56 müsabiqəni geridə qoydu. Bunu Bakıya qonaq gəlmiş bir çox əcnəbi vətəndaş da qeyd etdi. Ölkəmiz bir daha sivilizasiyaların birləşdiyi məkan olduğunu sübut etdi. Bu müsabiqədən sonra böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana olan marağı daha da artdı.
Tarixdə ilk dəfə 2015-ci ildə Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. Bu isə bir daha sübut edir ki, dünya dövlətləri sırasında nüfuzu artan Azərbaycana inam daha da yüksəlib. Demək olar ki, 2015-ci ildə ilk dəfə keçiriləcək bu oyunlar ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından, Azərbaycanın Avropada artan nüfuzundan xəbər verir. Bütövlükdə götürdükdə, deyə bilərik ki, artıq “millətlər içində imzası var millətimizin”.
Bu gün dünyada 8-9 min xalq var. Lakin bu xalqlardan cəmi 194 ölkənin bayrağı Birləşmiş Millətlər Təşkilatının iqamətgahı qarşısında dalğalanır. Onların sırasında Azərbaycanın üçrəngli bayrağı da var. Bütün bunları görməmək yüksək qiymətləndirməmək mümkün deyil. Müstəqil olmasaydıq, təbii ki, bütün bunları edə bilməzdik. Əgər biz gənclər sərbəst şəkildə söz deyə biliriksə, demək, azad və müstəqil bir ölkənin gəncləriyik”.
“Müstəqillik bizə öz kimliyimizi verdi”
Rövşən Nəcəfov, ictimai fəal
Rövşən düşünür ki, bu gün müstəqil dövlət olmaq, uzun müddət müstəqil olaraq dövləti yaşatmaq çətin prosesdir. Həmsöhbətimizin sözlərinə görə, müstəqillik bizə kimliyimizi verdi: “Cəmiyyətimizin formalaşmasında, dünya ilə əlaqələrin gücləndirilməsində milli kimlik vacibdir. Vətənimiz üçün bu kimliyi qorumaq, yəni müstəqilliyimizi qorumaq üçün biz də kimliyimizə sahiblənməliyik”.
Müstəqilliyimizi qorumaq yolunda gənclərin üzərinə düşən vəzifələrdən danışan Rövşən deyir ki, ən böyük öhdəliyimiz müstəqilliyimizi gələcək nəsillərə miras qoymaqdır: “Müstəqilliyimizi qorumaq üçün, biz gənclər cəmiyyətimizin, dövlətimizin və ölkəmizin inkişafında əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, bizim yaratdığımız müsbət nümunələr olsun. Yaxşı təhsil almalı, öz sahəmizdə peşəkar olmalıyıq. Təhsilimizlə, gördüyümüz işlərlə bütün sahələrdə töhfələr verməliyik. Ən böyük öhdəliyimiz isə, özümüzdən sonrakı nəsilə müstəqilliyimizi miras qoymaqdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər