AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənclər internetsiz həyatı necə təsəvvür edir? Polemika

Gənclər internetsiz həyatı necə təsəvvür edir? Polemika

Gənclik qəzeti
04 Mart 2014, 08:23 2600
Müasir dövrdə internet həyatımıza elə daxil olub ki, onsuz həyatı təsəvvür etmək mümkün deyil. O, bütün dünyanı hörümçək toru kimi birləşdirib və bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu ixtira vasitəsilə insanlar evlərindən çıxmadan işlərini həll edir, dostları, qohumları ilə internetdən istifadə edərək ünsiyyət qururlar. Hətta internetin imkanları o həddə çatıb ki, onun vasitəsilə tanış olub, ailə quranlar belə getdikcə çoxalır. İnternet istifadəçilərinin əsas hissəsini isə gənclər təşkil edir. Bu gün gənclərin böyük bir hissəsinin nəinki asudə vaxtı, hətta gündəlik həyatı internetdə keçir. Bəs gənclər necə düşünür? Onlar internetsiz həyatı necə təsəvvür edirlər? Bu sualla sosial şəbəkələrdə aktiv olan gənclərə müraciət etdik.

Qeyd edək ki, İngiltərədə aparılan bir araşdırmaya görə, gənclərin böyük hissəsi internetsiz yaşaya bilməyəcəyi hissini yaşayırlar. “YouthNet”in açıqladığı araşdırmada, 16-24 yaşlarındakı gənclərin 75 faizi internet olmadan “yaşaya bilməyəcəyi”ni dolayısı yolla etiraf edib. Araşdırmaya qatılan gənclərin üçdə biri, İnternet dostları olduğu halda, problemləri haqqında kiminləsə üz-üzə danışmanın lazım olmadığını bildiriblər.

“İnternetsiz dünya dəhşətli yuxu kimidir”
Aynur Niftəliyeva, əczaçı.

Aynur deyir ki, o, həyatını internetsiz təsəvvür etmir. Müsahibimizin sözlərinə görə, internet gündəlik həyatda ona hər hansı məlumatı axtarmağa, dostları ilə əlaqə saxlamağa və əylənməyə kömək edir: “İnternet mənim üçün azadlıq deməkdir. Evimdən çölə çıxmadan istədiyim məlumatı alıram, dostlarımla istər yazılı, istərsə də görüntülü danışıram. Hətta evdən çölə çıxmadan rahat bazarlıq belə edirəm. Ticarət mərkəzlərindən fərqli olaraq burada seçim imkanım daha çox olur. Nə yaxşı ki, internet həyatımızda var”. Aynurun sözlərinə görə, 18-35 yaşlı bir çox gənc kimi, o da internetdən asılıdır: “Vaxtımın yarıdan çoxunu internetdə keçirirəm. Hesab edirəm ki, internet həyatımın bir parçasına çevrilib. Onsuz həyatımın necə maraqsız olacağını təsəvvür belə edə bilmirəm. İnternetsiz bir dünya mənim üçün dəhşətli yuxu kimidir. Zənnimcə, internet yalnız mənim həyatımda yox, ümumiyyətlə, cəmiyyətdə mühüm rol oynayan vasitədir. İstər maarifləndirici, istərsə də əyləncəli olması baxımından internet əvəzedilməz informasiya sferasıdır”.

“İnternet hər şey deməkdir, amma çox şey demək deyil”
Tural İsmayılov, ictimai fəal gənc.

Tural deyir ki, internet olmadan müasir gəncliyi təsəvvür etmək mümkün deyil. Bununla yanaşı, həmsöhbətimiz hesab edir ki, gənclərin internetdən asılı olması düzgün deyil : “İnternet nəinki mənim, bütün düşünən gəncliyin əsas informasiya və fikir mübadiləsi vasitəsidir. İnternetsiz bir gənclik düşünə bilmirəm. Mən fikirlərimi, düşüncələrimi internet vasitəsilə insanlarla bölüşür, onların rəyləri ilə özümü formalaşdırmağa çalışıram. Amma internetdən asılı olmaq da lazım deyil. Bəli, internet çox şey deməkdir, amma hər şey demək deyil. İnternetsiz həyat mənim üçün kitab oxumaq, yazı yazmaq və film izləməkdən ibarətdir. Düşünürəm ki, insanlar internetdən uzaq düşməməli, həm də internetə ifrat dərəcədə aludə olmamalıdır”. İnternetin canlı ünsiyyətə mənfi təsir etdiyi fikirlərinə gəldikdə isə müsahibimiz düşünür ki, bu dərəcədə bədbin düşünmək düzgün deyil: “Bəzi insanlar var ki, müəyyən səbəblərdən dolayı canlı ünsiyyətdən qaçır və bu zaman internet vasitəsilə özlərinə həmdəm tapırlar. Heç bir formada gəncin səhərdən axşama qədər əyləncə və çat saytlarında vaxt keçirməsini düzgün hesab etmirəm”.

“İnternet məni valeh edir”
Flora Şəmiyeva, müəllimə.

Flora da digər gənclər kimi internetsiz həyatı təsəvvür edə bilmir. Onun sözlərinə görə, bir müəllimə kimi şagirdlərinə dərs deyərkən internetin imkanlarından çox istifadə edir: “Müasir dövrdə internet insan həyatında çox böyük rol oynayır. İnternetin məlumat toplamaq, dünyagörüşü, intellektual səviyyəni artırmaq, dünyanın hər yerindən yeni informasiyalar əldə etmək, gündəlik bütün xəbərləri izləmək kimi istifadə imkanları var. Bir çox insanlar kimi mən də internetdən informasiya mənbəyi kimi istifadə edirəm. Xarici dil müəlliməsi olduğum üçün, internet vasitəsilə öz şagirdlərimə çoxlu sayda material axtarmalı oluram. İnternet mənə öz vaxtıma qənaət etməyə və maraqlı informasiya tapmağa kömək edir. Xarici dilin öyrənilməsi, məşğələlərin keyfiyyətli olması 4 əsas tərkib hissədən asılıdır. Bunlar oxu, yazı, dinləmə və danışmadır. Oxumaq üçün internetdən müasir dövrə aid mətnlər seçirəm, danışma və dinləmə üçün isə yenə internetdən xarici filmlər yükləyib baxırıq”. Flora işdən əlavə də boş vaxtlarını internetdə keçirir. Sosial şəbəkələr isə onu maraqlandırmır. Onun sözlərinə görə, internet onu valeh edir: “İşdən əlavə, internet mənə şəxsi vaxtımı da maraqlı keçirməyə kömək edir. Buna filmlərə baxmağı və musiqilərə qulaq asmağı aid etmək olar. Ayrı-ayrı sahələrdən olan suallarıma cavab tapmaq üçün internetə müraciət edirəm. İnternetdə hər hansı sözün hansı mənalar verdiyini, hansı kitabları oxuyacağımı və hətta axşam hansı stildə geyinəcəyimi axtara bilirəm. Bir sözlə, internet məni valeh edir”. Flora canlı ünsiyyətə üstünlük verdiyi üçün sosial şəbəkələrdən istifadə etmədiyini bildirdi.

Aygün Əziz