• cümə, 29 Mart, 13:09
  • Baku Bakı 14°C

Gənclər evlilik öncəsi tibbi müayinə haqda nə düşünür? - Polemika

04.11.14 11:48 4280
Gənclər evlilik öncəsi tibbi müayinə haqda nə düşünür? - Polemika
Bundan sonra nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayış təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib. Bir sözlə, tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək. Bundan başqa, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS/AİDS – L.M.) olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər. Gənclır “Ailə Məcəlləsi”nə edilən dəyişikliklə bağlı nə düşünürlər?
“Bu qərar çoxdan qəbul edilməli idi”
Afaq Mirayiq, jurnalist
Afaq deyir ki, xeyli vaxtdır sözügedən məsələ barədə cəmiyyətə məlumat ötürülsə də, buna heç də birmənalı yanaşmırlar: “Kimisi tibbi müayinədən keçməyi özünə təhqir hesab edir, kimisi gənclərin sevgisinə qarşı qanun kimi dəyərləndirir. “Qohum-əqrəba nə deyər”, “eldən-obadan ayıbdır” kimi düşüncə tərzi olan insanlar da çoxluq təşkil edir. Sözügedən dəyişikliyi dəstəkləyən az sayda insanlar var. Bu, onu deməyə əsas verir ki, Azərbaycanda evlənmədən öncə tibbi müayinənin aparılması məcburi qaydada olmalıdır”.
Müsahibimizin fikrincə, belə bir qərar parlamentarilər tərəfindən çoxdan verilməli idi: “Hətta deyərdim ki, çox gecikmişik. Elə ətrafımıza nəzər salmaq kifayətdir ki, deyilənlər təsdiqini tapsın. Tanışların, qohumların, yaxınların ailə qurduqdan sonra hansı fəsadlarla üzləşməsi problemin haradan sızdığına işarə edir. Yaxın qohumlar ailə qururlar, amma illər keçir, övlad sahibi ola bilmirlər. Həkimə müraciət etdikdə məlum olur ki, səbəb qohum evliliyi imiş. Yenə də qohumların təkidi ilə evlənən başqa bir ailə övlada sahib olur, amma bu uşağın əqli inkişaf etmir, yaşıdlarından çox geridə qalır. Digər qohum evliliyinə misal - övladlar dünyaya gəlir, heç biri yaşamırlar. Sadaladığım bu misallar real həyatda müşahidə etdiyim çox acı faktlardır. Bu kimi faktların sayını artırmaq da olar”.
Afaq təəssüflə bildirir ki, hələ də “əyalət” düşüncəsindən qurtula bilməmişik: “Çox vaxt gənclər öz razılıqları ilə deyil, yaxınlarının müdaxiləsi ilə izdivac qururlar. Hətta düşünürəm ki, bu qanun qəbul edilsə belə, tibbi müayinədən keçməmək üçün “dəridən-qabıqdan” çıxanlar az olmayacaq. Nəzərə alsaq ki, əsasən bölgələrdə gənclər yaxın qohumların “köməyilə” ailə qurur, bu müayinə bir çoxları üçün sözün əsl mənasında əngəl olacaq”.
Problemin yalnız qohum evliliklərində müşahidə edilmədiyini deyən Afaqın sözlrinə görə, qohumluq əlaqəsi olmadan nikaha girən bir çox gənclər var ki, onlar da sonradan çətinliklərlə üzləşirlər: “Ən pisi odur ki, bir çox hallarda sevib ailə quran cütlüklərdə ya irsi xəstəliklər, ya da digər fəsadlar yaranır. Bu həmin gənclər üçün ən böyük əngələ və ən pis sınağa çevrilir”.
Müsahibimiz deyir ki, yeni dəyişikliyə qarşı çıxanlar bunun gənclərin azad seçiminə mane olduğunu deyirlər: “Azad seçim elə məhz evlilikdən əvvəl tibbi müayinənin aparılması ilə olmalıdır. Onlar gələcəkdə hansı problemlə üzləşəcəklərindən əvvəlcədən xəbər tutmalıdırlar. Əgər xəstəlik aşkarlanarsa, özləri qərar verməlidir ki, bu sevgi və evlilik bütün çətinliklərə dayanıqlı olacaqmı? Ümumiyyətlə, sevgiyə görə, valideyn olmaqdan imtina etməyə dəyərmi? Əgər bu qərarı verə bilsələr, daha sonradan valideynlərin də töhməti ilə üzləşməyəcək, həttə özlərini də qınamayacaqlar. Heç kimə sirr deyil ki, bir çox ailələrin dağılmasına səbəb məhz övladın dünyaya gəlməməsi ilə bağlıdır. Belə olan təqdirdə, ətrafdakılar ailənin şəxsi işinə müdaxilə etməyə başlayırlar. Nəticədə həmin ailənin müqəddəratı mənfi sonluqla bitir. Bu baxımdan Milli Məclisdə qəbul edilən qanun layihəsini olduqca vacib sənəd sayıram. Düşünürəm ki, bu qərar gənclərdə azad fikrin formalaşmasında böyük rol oynayacaq, gələcək həyatlarını zamanın axarına buraxmayıb, ağılla qurmağa cəhd edəcəklər”.
“Tibbi uyğunluq üstündə ailə qurmaq yanlışdır”
İlham Murquzov, menecer
İlham dəyişikliyə tibbi nöqteyi-nəzərdən yaxşı yanaşdıını deyir: “Bu, bəzi gələcək xəstəliklərin qarşısını ala bilər. Heç kəs qarşı tərəfin hər hansı bir səhvindən sonra yaranmış xəstəliyin daşıyıcısının qurbanı olmağa borclu deyil. Yəni tərəflər əvəlcədən qarşı tərəfdə hansı xəstəliklərin olduğunu bilsələr, yaxşı olar. Amma eyni zamanda, bu qərar qurulacaq ailənin qurulmamışdan dağılma ehtimalının da əsasını qoyur”.
Müsahibimiz digər tərəfdən insanlar arasında sevginin, münasibətin, qarşılıqlı anlaşmanın mövcud olmasının daha çox tərəfdarıdır: “Ailəni tibbi uyğunluq üstündə qurmaq, məncə, yanlış fikirdir. Bunu gənclərin hüquqlarının tapdalanması kimi qiymətləndirmək olar. Məncə, sağlam ailənin, sağlam övladın olması üçün başqa qərarlar qəbul edilsə, daha yaxşı olar. Buraya əhalinin rifah halının yüksəldilməsi, gənc ailələrə sosial yardımları, tibbdə islahatları, əxlaqsızlıq, narkomaniya və digər sağlamlığa zərər verə biləcək hallarla mübarizənin gücləndirilmısini və s. aid etmək olar”.
Ilhamın sözlərinə görə, əvvəllər hç bir həkim müayinəsi olmadan həm sağlam ailə, həm də sağlam uşaqlar dünyaya gəlirdi: “Deməli, problemin kökünü başqa yerdə axtarmaq lazımdır. Məncə, qanuna edilən sözügedən dəyişiklik problemi həll etməyəcək”.
“Ən azı qan analizi mütləqdir”
Sevda Alışova, müəllimə
Sevda bizdən fərqli olaraq qərb ölkələrində bu məsələyə ciddi yanaşıldığını düşünür: “Məncə, nikahdan öncə ən azı qan analizi mütləqdir. Bizdə də bu qanunun tətbiq olunmasına çox sevindim. Ölkəmizdə boşanmalara nəzrə yetirdikdə, nikaha girən şəxslərin ailələrinin dağılmasında tərfələr arasında hər hansı bir xəstəliyin olması da səbəb kmi götürülür. Yaxud sonradan ortaya çıxan sonsuzluq da boşanmaya gətirib çıxarır. Məncə, ilk öncə həkim müayinəsindən keçib sonra qərar vermək həm də boşanlamaların sayını azalda bilər”.
Sevda deyir ki, ailə qurmamışdan öncə tubbi müayinədən keçmək daha çox gələcəkdə quracağımız xoşbəxt bir ailənin təminatıdir: “Məncə, sağlam bir gələcək qurmaq istəyiriksə, tibbi müayinə vacibdir. Uşaqsız ailə duzsuz yeməyə bənzəyir. Nə qədər sevgi olsa belə ailədə sağlam övlad yoxdursa, o ailə duzsuz yemək kimdir. Bu da tərflər arasında müəyyən müddətdən sonra davamlı mübahislərə gətirib çıxarır və hər iki tərəfin psixologiyasina mənfi təsir edir. Ən pis halda isə boşanmayla nəticələnir. Sağlam ailə qurmaq istəyiriksə, nikahdan öncə tibbi müaniyədən keçmək mütləqdir”.
Yağmur MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər