• cümə axşamı, 25 aprel, 11:30
  • Baku Bakı 14°C

Gənclər ekstrasenslərə inanırmı? - Polemika

25.11.14 11:48 2443
Gənclər ekstrasenslərə inanırmı? - Polemika
Son zamanlar falçılar, özlərini ekstrasens adlandıran baxıcılar televiziyaların gündəmini zəbt edib. Geniş müzakirələr apararaq inadla gələcəyi gördüklərini, insanlara yol göstərdiklərini deyirlər. Bu da həqiqətdir ki, hər bir ekstrasensin də kifayət qədər müştərisi var. Hətta bəzilərinin qəbuluna düşmək üçün günlərlə növbədə belə gözləyirsən. Çıxılmaz, çarəsiz vəziyyətdə olduğunu düşünən insanlar son ümid yeri olaraq falçı, baxıcı müasir adla ekstrasens qapılarına üz tuturlar. Belələrinə molla deyənlər belə var.
Bəs gənclər nə düşünür? Ekstrasens həqiqətən gələcəyi görə bilərmi?
“Ekstrasenslər fırıldaqçıdırlar”
Aytac Əliyeva, rejissor
Aytac ekstrasenslərə inanmır. O deyir ki, hər hansı baxıcıya inanmaq ona hər zaman gülünc gəlib: “Fal gələcəyi heç vaxt deyə bilməz. Gələcək olmayan bir şeydir. Hələ olmayan bir şeyi kim, hansı məntiqlə görə bilər ki? Ronda Bernin “Sirr” adlı kitabında göstərilir ki, insan gələcəyinə necə inanırsa, gələcək o şəkildə də baş verir. Falçı da əgər insanları inandırsa ki, bu, belə olacaq, insan artıq öz gələcəyini elə proqramlaşdırmış olur. Daha sonra deyirlər ki, filan falçı düz baxır. Düşünürəm ki, hər şey Allahın əlindədir. Həyatımızı heç bir bəndə idarə edə və ya gələcəyimizi görə bilməz”. Aytacın sözlərin görə, inanmadığı üçün heç vaxt ekstrasensə yolu düşməyib. O deyir ki, tanıdığı insanlar ekstrasens yanına getsə də, fırıldaqçılıqla qarşılanıblar: “Düzdür, çox vaxt ekstrasenslər keçmiş barədə düzgün proqnozlar verə bilirlər. Amma söhbət gələcəyə gəldikdə, ağızlarına nə gəldi danışırlar. Ekstrasens adlandırdığımız və bu gün məşhur olan həmin insanlar müştəriyə cadulandığını, bəxtlərinin bağlandığını söyləyir və 2 min manat qarşılığında cadu açacağına inandırırlar. Bu fırıldaqçılıqdan başqa bir şey deyil. Müşahidə etdiyim bu hadisələrin nəticəsi olaraq ekstrasenslərə inanmıram. Onlar öncəgörücüdən çox, cadugər, şarlatan və fırıldaqçıdırlar”.
“Ekstrasens yanına gedənlərin əksəriyyəti kişilərdir”
Elvin Elxan, jurnalist
Elvin deyir ki, Vanqa kimi mükəmməl proqnoz verən ekstrasenslər ola bilər. Onun sözlərinə görə, ölkəmizdə vəziyyət bir qədər fərqlidir. Müsahibimiz düşünür ki, Azərbaycanda ekstrasenslər öncəgörücüdən çox peşəkar psixoloqdurlar: “Mən bir müddət Rusiyada yaşayan azərbaycanlı ekstrasenslə çalışmışam. Həmin şəxsin mətbuat katibi idim. Gəncləri qoyuram kənara, orta və yaşlı təbəqənin nümayəndələri bu halı qəbul etmirlər. Bunu xurafatçılıq, geri zəkalılıq kimi dəyərləndirirlər. Amma onu da qeyd edim ki, ekstrasenslər də fərqli olur. Ölkəmizdə mükəmməl proqnoz verən bir şəxsi tanımıram. Ekstrasenslikdən başqa onlar çox gözəl psixoloqdurlar. Qarşısındakı bir insanı 2-3 cümləylə psixologiyasına bələd olurlar. Hamısı da ağız dolusu keçmiş həyatları ilə bağlı proqnozlar verirlər. Keçmiş həyat kimə lazım. Gücünüz çatır gələcəkdən proqnoz verin. Eynən Vanqa kimi... Onun proqnozları bu günümüzə kimi çıxır, hər kəs də təəccüblənir”. Bir müddət ekstrasensin mətbuat katibi işləyən gənc həmsöhbətimiz deyir ki, onların maraqlı görüşlərinin şahidi olub: “Mətbuat katibi olduğum üçün günümün çoxu onlarla keçirdi. Hətta müsahibələr belə almışam. Müsahibə aldıqlarım sırasında nə istəyirsən onu yaz deyəndə olub, pul təklif edəndə. Amma biri ekstrasens var idi, indi çox populyardı. Ekstrasens yarışmasının qaliblərindən biri idi. O mənimlə söhbət zaman çox maraqlı suallar verirdi. Başqaları haqda soruşurdu. Sonradan mən dediklərim sözləri həmin adama demişdi. Söhbət vaxtı həmin xanıma dedim ki, o “ekstrasens”ə mən demişəm. Yəni bu gün ölkəmizdə düzgün baxan, danışan, elmi cəhətdən izahını verən biri yoxdu. Çox gözdən düşüblər, proqramlarda yersiz və məntiqsiz danışmaqları insanlarda onlara qarşı qıcıq yaradır”. Elvin deyir ki, bu gün insanlar, xüsusilə də gənclər problemlərdən azad olmağın asan yolunu ekstrasens yanına gəlməkdə görürlər. Əvvəllər qadınlar çox olduğu halda, indi kişilər belə baxıcı yanına gəlir: “ Şəxsən mən çalışdığım ekstrasensin müştərilərinin əksəriyyəti kişilər idi. Bu nə qədər normaldır? Kişi məşuqəsini götürüb falçı yanına gəlir ki, bizim axırımız necə olacaq? Nə qədər gülməlidi. Sadə vətəndaşlardan əlavə elə məmurlar qəbula gəlirdi ki, insan dəhşətə gəlir. Əsas məsələ isə həmin şəxsləri vəzifədən çıxarmamaq üçün müxtəlif üsullara əl atırdılar. Etik cəhətdən bu şəxslərin adlarını çəkmək düzgün olmazdı. Peşə etikası xatirinə ad çəkmirəm. Amma bütün bunlar olduqca acınacaqlı və dəhşətlidir”.
“Beynin qeyri-adi gücə malik olması təəccüblü deyil”
Günel Kərimova, reklam meneceri
Günel yoldaşlarından fərqli olaraq hər hansı insanın gələcəyi görə biləcəyinə inanır. O deyir ki, insan beyninin qeyri-adi güclərə malik olması təəccüblü deyil: “Parapsixologiyada telepati deyilən bir anlayış var ki, o, uzaqdan ötürülmə mənasına gəlir. Nəzərə alsaq ki, insan uzaq məsafədən bir birinə fikir və duyğularını ötürə bilir, beynin qeyri adi güclərə malik olması təəccüblü deyil. Bundan əlavə Nastradamusun öncəgörücülük qabiliyyətini hamımız şahidiyik. Mendeleyevin məşhur kimyəvi cədvəlini yuxuda görməyi hamımıza məlumdur. Hətta bəzən qəza keçirən bir insan heç qabiliyyəti olmadığı halda xarici dil bilir yaxud onda öncəgörücülük qabiliyyəti yaranır. Buna səbəb isə beynin işlək olmayan hüceyrələrinin işlək vəziyyətə düşməsidir. Məlumdur ki, beynimizin yalnız 3 faizi işləyir. Yoga meditasiya kimi yöntəmlərlə hər bir insanın beyin hüceyrələrini inkişaf etdirərək müxtəlif güclər edinmə bacarığının olacağına böyük əminliklə inanıram”. Günel deyir ki, ekstrasensliklə falçılıq fərqli sahələrdir. Onun sözlərinə görə, falçılar daha çox yalana, fırıldağa meyillidirlər: “Hamı ekstasenslik qabiliyyətinə malik ola bilməz. Nastradamus deyirdi ki, zaman anlayışı oldur. Mən onun özündə yolçuluq etmişəm qabaqcadan görməmişəm. O zamanlarda olmuşam. Məncə ekstrasenslikdə məncə, bununla əlaqəlidir. Amma yenə də özünü ekstrasens adlandıran fırıldaqçılar da az deyil. Onlardan ehtiyat etmək lazımdır. Bəziləri də gipnoz yolu ilə, müştəridən fikirlərini alır və yenidən ona danışmağa başlayır . Müştəri də elə bilir ki, falçı onun gələcəyini görür”. Günel ekstrasensliklə bağlı maraqlı hadisəni bizimlə bölüşdü. O, deyir ki, yaxın rəfiqəsinə ekstrasens nə demişdisə, həyatı o şəkildə də davam etdi: “Rəfiqələrimdən birinin sevdiyi oğlan var idi. O ayrılacağını ağlına belə gətirmirdi. Bir gün ekstrasens yanına getmişdik. O qıza dedi ki, mən sənin taleyini qətiyyən bu oğlanla görmürəm. Sən ağbaşlı yaşlı kişiyə gedəcəksən. Onda biz çox gülüşmüşdük. Amma hazırda həqiqətən də həmin rəfiqəm sevgilisndən ayrıldı və özündən 20 yaş böyük ağ başlı kişi ilə ailə qurdu”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər