• cümə, 29 Mart, 10:25
  • Baku Bakı 5°C

Gənclər əcnəbilərlə nikaha necə baxırlar?- Diskussiya

17.03.17 11:00 2367
Gənclər əcnəbilərlə nikaha necə baxırlar?- Diskussiya
Ötən əsrlərdə azərbaycanlıların əcnəbilərlə evlənməsi faktına az rast gəlinirdi. Bu evliliklər daha çox rus qadınlarla olurdu. Qızlarımızın əcnəbilərlə evlənməsi isə çox nadir hadisələrdən sayılırdı. Müstəqillik illərində bu tendensiya dəyişdi. Azərbaycanlı oğlanlar sovet dönəmi ilə müqayisədə əcnəbi qadınlarla daha az evlənməyə başladılar. Qızlarımıza gəlincə, onların xarici vətəndaşlarla evlilik statistikasında ciddi artım qeydə alındı. Bu sırada Türkiyə və İran vətəndaşları üstünlük təşkil etsə də, ingilis, ərəb və digər millətlərin nümayəndələri ilə ailə quran xanımlar da az olmadı.
Bəs gənclər nə düşünür, onlar əcnəbilərlə nikaha necə baxırlar?
Bu sualı Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə müzakirə etdik.

İlqar Oruclu

- Düşünürəm ki, öz qızlarımız qala-qala, əcnəbilərlə ailə qurmağın mənası yoxdur. Bizim öz milli mentalitetimiz var. Məncə ailə dəyərləri də bizdən başqa heç bir ölkədə bu qədər önəmli deyil. Buna görə də öz oğullarımıza demək istəyirəm ki, ağıllı, ismətli azərbaycanlı qızlar olduğu halda, əcnəbilərlə evlənmək, yaxud da əcnəbilərə qız vermək düzgün deyil. Mən özüm də əcnəbi bir qadınla ailə həyatı qurmaram. Çünki biz bir xanımla ailə qurmazdan əvvəl onun haqqında xeyli araşdırma aparırıq. Tanımadığım, adətini bilmədiyim millətin qadını ilə ailə həyatı qura bilmərəm.

Fərrux Zeynallı

- Əgər bir azərbaycanlı xanım xarici bir vətəndaşla evlənirsə, burada ya maddi maraq, ya da başqa bir ölkədə yaşamaq marağı var. Düşünmürəm ki, kimsə sevgiyə görə xarici vətəndaşla evlənsin. Sevgi ilə insan ancaq öz vətəndaşı ilə ailə qura bilər. 99 faiz əcnəbi ilə ailə quran insanlar ya pula, ya da xaricdə yaşamağa görə gedirlər.

Leyla Həsənli

- Mən əcnəbilərlə ailə qurmağa pis yanaşmıram. İnsan hər yerdə insandır. Düzdür, mentalitet məsələləri var. Amma insanın keçmişinə deyil, gələcəyinə baxmaq lazımdır. İki insan arasında sevgi varsa, fərqi yoxdur, o, əcnəbidir, yaxud yerli. Sevib, sevilib ailə qura bilərlər.

İlahə Fərruxun fikirlərinə qarşı çıxır.

İlahə Həsənova


- Mən əcnəbi ilə ailə qurmağa pis baxmıram. Bu tamamilə normal haldır. Mənim öz nənəm də əcnəbi olub və babamla ailə həyatı qurub. Sadəcə, maddi maraq məsələlərinə toxunmaq istəyirəm ki, əcnəbinin də az-çox ağlı var və başa düşür ki, bu səninlə pula, yoxsa sevgiyə görə evlənir. Sevgi varsa, ailə qurmaq olar. Düzdür, bizim mentalitetlərimiz fərqlidir, amma sevginin qarşısında heç bir maneə olmur. Özümə gəldikdə isə əcnəbi ilə ailə qurmaram. Amma övladlarımı da məcbur etmərəm ki, əcnəbi ilə ailə qurma, yaxud da əksinə. Sadəcə, mən çox vətənpərvər olduğum üçün əcnəbi ilə ailə qurub xaricdə yaşaya bilmərəm. Çünki mənim üçün Azərbaycan daha əzizdir.

Orxan Mərdanlı:

- Əcnəbi ilə ailə qurarkən əngəl təkcə dini problemidir. Fərqli dinlər əcnəbi ilə qurulan ailələrdə bəzi problemlər yaradır. Məhz bu səbəbdən mən əcnəbi ilə ailə qurmaram.

Leyla:

- Məncə, din o qədər də ciddi problem deyil. Çünki hər kəs Tanrıya müxtəlif cür ibadət edir. Buna görə də hər kəsin dini inancına hörmət etmək lazımdır. Şərt deyil ki, hər kəs xristian, yaxud müsəlman olmalıdır. İnsanlar bir-birini olduğu kimi qəbul etməlidir.

İlqar:

- Bu məsələlərdə xanımların və kişilərin fikirləri bir qədər fərqlidir. Məncə, əcnəbi ilə ailə quranda əsas problem evdə yaranacaq. Mənim onun valideynləri ilə münasibətim, yaxud da onun mənim valideynlərimə qarşı olan münasibəti və rəftarı ailədə problem yarada bilər. Çünki xarici ölkələrdə mentalitet tamam fərqlidir. Ailədə qayınanaya və qayınataya münasibət tamam başqa cürdür. Kişi ilə qadın arasında problem düşünürəm ki, yalnız bu mövzuda yarana bilər. Din məsələsinə gəldikdə isə əvvəlcədən razılaşıb evləniblərsə, deməli, ciddi problem yoxdur. İlahənin də qeyd etdiyi kimi, tərəflərdən biri o birinin dinini qəbul edə də bilər və problem ortadan qalxar.

İlahə:

- Əcnəbi ilə ailə quranda tək problem qadının keçmişi ola bilər. Qadının ailə qurmazdan öncə ardıcıl münasibətlərinin bitməyi və yenidən başlamağı bizdə qəbuledilməzdir. Ona görə də bir çox kişilərimiz bunu qəbul etmir. Ən böyük problem də məhz budur. İkinci böyük problem isə qısqanclıq məsələsidir. Din və digər məsələlər isə həll olunası problemlərdir.

Leyla:

- Düşünürəm ki, problemlərdən biri də kişinin qadına sadiq olması məsələsidir. Qızların ən çox qorxduğu məqam kişilərin başqa qadınlara meyl etməsidir. Bu xaricilərdə daha çoxdur. Əcnəbi ilə ailə quran mütləq xəyanətlə üzləşir. Çünki bir kişinin başqa xanımla münasibət qurması onlarda pis qarşılanmır.

İlahə:

- Mən Leyladan fərqli olaraq, düşünürəm ki, azərbaycanlı kişilər xəyanətə xarici kişilərdən daha çox meyllidir. Düşünmürəm ki, azərbaycanlı qız xarici oğlanla münasibət qurursa, o cəhətdən problem yaşansın. Əksinə, bizim oğlanlar xəyanətə daha meyllidir.

İlqar:
- İlahənin fikri ilə razıyam ki, azərbaycanlı oğlanlar xəyanətə daha çox meyllidir. Buna ətrafımda da şahid olmuşam. Səbəb isə əksərən kişilərin evdə həyat yoldaşından istədiyi münasibəti görməməsidir. İstədiyi diqqət və qayğını görməyən kişi digər qadınlara meylli olur. Qafqazlı kişilər diqqətə və qayğıya daha çox meylli olduqları üçün başqa qadınlara meyl edirlər.

İlahə:

- Belə bir deyim var ki, insan hər gün eyni yeməyi yeyə bilmir. Bizim kişilər də bu məsələyə eyni aspektdən yanaşır. Onlar düşünür ki, bu qaydadır və mütləq belə də olmalıdır. Başqa bir qadınla münasibəti olmayan birinə indiki cəmiyyətimizdə qəribə baxırlar. Düzdür, indiki dövrdə qızların da xəyanəti az deyil. Bu danılmaz faktdır. Amma bu da həqiqətdir ki, bizim kişilər xəyanətə daha çox meyllidirlər. Bu, onlar üçün yazılmamış qanundur.

Leyla:

- Məncə, hər şey 99 faiz qadından asılıdır. Bunun fərqi yoxdur, əcnəbi ya yerli. Qadının kişiyə göstərdiyi münasibətdən çox şey asılıdır. Əgər qadın münasibətə diqqət göstərsə, kişi başqa birinə meyllənməz.

İlahə:

- Leylanın fikri ilə razı deyiləm. Mənə görə əksinə, 99 faiz bu, qadından asılı olmayan bir şeydir. Sadəcə, bizim kişilər əllərində olanın dəyərini bilmirlər. Qadın həmişə 100 faizi ortaya qoyur. Əgər bir kişi başqa bir qadına meyllidirsə, qadın nə etsə də o geri dönmür.

İlqar:

- Oğlanlar ciddi münasibət qurmazdan öncə həmin xanımı daha çox araşdırır. Mən özüm də ailə quracağım qadının keçmişini daha yaxşı bilmək istəyərəm. Yaxın dostum həyat yoldaşının deyinməyindən bezdiyini deyir. Mənim özümün də ciddi münasibətim var. O, istədiyim münasibəti göstərdiyinə görə, mənə başqa heç bir qadın maraqlı deyil. Qadın dır-dır edib kişini evdən qaçırırsa, bu kişinin günahı deyil.

İlahə:

- Azərbaycanlı kişilər adətən, evləndiyi qadınları sadəcə, uşaqlarının anası olsun deyə seçirlər. Amma xaricilərdə uzun müddət ailəli olsalar belə, sevgili kimi münasibəti saxlamağı bacarırlar. Bizdə ailə həyatının bir ili tamam olduqda hər şey sadələşir və maraq ölür. Kişilər fikirləşir ki, ailə qurduq, uşaqlarımız oldu, vəssalam. Əgər ailə həyatı sevgi ilə başlayıbsa, axıra kimi də sevgi ilə getməlidir. Elə ailələr tanıyıram ki, nəvələri olsa belə, sevgililər gününü qeyd edir, yaxud işdən çıxıb əl-ələ evə gedirlər. Belə münasibətlər olan yerdə heç bir qadın və kişi bir-birindən bezməz. Amma hər şey qarşılıqlı olmalıdır. O fikirlə mən də razıyam ki, kişi bir addım atdıqda, qadın 10 addım atmalıdır. Amma qadın 10 yox, yüz addım atsa belə, dərk edir ki, artıq mümkün deyil. Ona görə də qadın geri çəkilir.

Naib İskəndərov:

- Mən də İlqarın fikri ilə razıyam ki, öz xanımlarımız qala-qala, əcnəbi ilə ailə qurmaq yersizdir. Ancaq ola bilsin ki, xaricdə yaşayıb və bir-birilərini sevib evlənsinlər. O halda isə əcnəbi bizim mentalitetimizi və dinimizi qəbul etməlidir. Mənə görə yalnız bu halda əcnəbi ilə ailə qurmaq mümkündür. Mentalitetimizi qəbul etməyən biri ilə əsla ailə qurmaq olmaz. Yəni, əcnəbini azərbaycanlılaşdırmaq lazımdır.

İlahə:

- Bizim problemimiz məhz odur ki, hər kəsi olduğu kimi qəbul edə bilmirik. Mütləq dəyişməliyik. Sən bir əcnəbini o cür bəyənmisənsə, onu niyə dəyişməyə çalışırsan ki?

Naib:

- Əgər sevgi məsələsi ciddiləşirsə, İlqarın fikri ilə razıyam ki, araşdırılmalıdır. Bu ta qədimdən belədir və bütün Azərbaycan kişiləri üçün keçərlidir. Biz qadınların keçmişdə yaşadığı münasibətləri əcnəbilərdən fərqli olaraq, qəbul etmirik.

Leyla:

- Sən bir əcnəbi ilə ailə qurursansa niyə onun keçmişini araşdırırsan? Yaxşı olar ki, gələcəyi fikirləşəsən. Belə daha yaxşı olar. Hər kəsin keçmişində neqativ hadisələr ola bilər. Sən onunla gələcək qurmağı istəyirsənsə, keçmişə yox, gələcəyə baxmalı, onu necə xoşbəxt edəcəyini fikirləşməlisən. Naib "əcnəbini öz dinimizə uyğunlaşdırmalıyıq” deyə bir fikir irəli sürdü. Amma bütün kişilər öz dininin qaydalarına tamamilə əməl edirmi? Sözdə hamı əcnəbini dinimizə görə tənqid edə bilər. Amma hər kəs öz dininin şərtlərinə əməl edirmi?

Naib:

- Düzdür, bütün kişilər və eləcə də mən özüm dinin bütün qayda-qanunlarına əməl etməsək də, digər dinlərin elə cəhətləri var ki, bizdə birmənalı şəkildə qəbul olunmur.

İlahə:

- Fərqi yoxdur, əcnəbi ya yerli. Əgər ailə qurulursa, "münasibət bitdi” deyə bir şey olmamalıdır. Necə başlayıbsa, elə də davam etməlidir. Çalışmaq lazımdır ki, münasibət köhnəlməsin.

Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ

banner

Oxşar Xəbərlər