AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənclər bu parkın sakitliyini sevir - Reportaj

Gənclər bu parkın sakitliyini sevir - Reportaj

Gənclik qəzeti
11 Noyabr 2014, 11:14 7284
Dənizkənarı Milli Parkdan sonra Bakıda ikinci böyük parkı sayılan Dədə Qorqud parkı insanların sevimli istirahət guşəsidir. Hətta havaların soyuq keçməsinə baxmayaraq burada istirahət edənlərə rast gəlmək mümkündür. İşgüzar həyatdan yorulan, təmiz hava almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salır. Biz də istirahət edən insanlarla söhbətləşmək, açıldığı gündən bu günə qədər adı dillərdən düşməyən bu istirahət guşəsi ilə yaxından tanış olmaq üçün metronun Gənclik stansiyasının yaxınlığında yerləşən Kitabi-Dədə Qorqud parkına yollandıq.
Adından da göründüyü kim bu park istər dizayn, istərsə də tarixi əhəmiyyət baxımından digərlərindən fərqlənir. Park Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanı kimi sakinlərini özünə cəzb edir.

“Qorqud babanın parkı”

Parka daxil olduqda girişdə “Kitabı Dədə Qorqud” abidəsi diqqətimizi çəkir. Abidədə dastanın müqəddiməsi və 12 boyundan hissələr əks olunub. Parkın sakinləri abidənin yanında şəkil çəkdirir, onu müzakirə edirlər. Nəvəsinə abidə haqqında məlumat verən Arif baba deyir ki, Dədə Qorqud parkı Azərbaycanın tarixini əks etdirir: “Qızım, nəvə baldan şirindir. Onunla gəzmək, ona nə isə öyrətmək mənə zövq verir. Üstəlik, hər yanı tarix, mədəniyyət qoxan belə parkda nəvəmlə həm istirahət edirik, həm də, Dədə Qorqud dastanı haqqında ona məlumat verirəm. Hətta nəvəm bu parka Qorqud babanın parkı deyir”.
Parkda diqqət çəkən ikinci amil süni göldür. Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılıb. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilib. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. İnsanların diqqətini isə ən çox məhz bu göl çəkir.
Məlumat üçün bildirək ki, gölün tikintisi və onun mühəndislik həlli bütövlükdə xarici mütəxəssislər tərəfindən layihələndirilib. Gölün inşası zamanı bu sahədə ən son nailiyyətlər tətbiq edilib. On min kvadratmetrə yaxın əraziyə təbii yaşıl örtük döşənib. Parka istirahətə gələnlər xüsusi qayıqlarla gəzintiyə çıxa biləcəklər. Bunun üçün iki liman inşa edilib. Ümumi su tutumu 25 min kubmetrə yaxın olan göl üçün əlavə olaraq 1200 kubmetr tutumu olan yeraltı ehtiyat hovuz inşa edilib.

“Sevgi parkı”

Təəssüratlarını öyrənmək üçün əl-ələ tutaraq gölün kənarında gəzən sevgililərə yaxınlaşırıq. Adlarının çəkilməsini istəməyən cütlük deyir ki, parkın açıldığı gündən onlar buranın daimi sakinləridir: “Əvvəllər gəzməyə bulvara gedirdik. Orada çox adam olduğu üçün narahat oluruq. Bura isə həm gözəldir, həm də sakitlikdir. İnsanlar mədəni şəkildə istirahət edirlər. Üstəlik qayıqla gəzmək imkanımız da var. Bura bizim sevgi parkımızdır. İnsallah övladlarımızı da burada gəzdirəcik”.

“Qafqazın böyük beşliyi”

Parkda diqqət çəkən məqamlardan biri də yerüstü 3 d qraffiti layihəsidir. Gənclərin marağına səbəb olan bu layihənin məqsədi ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yönəltməkdir. Azərbaycanda ilk yerüstü qraffiti əsəri “Qafqazın böyük beşliyi”nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir. Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə “Qafqazın böyük beşliyi” adlı layihəyə start verilib. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri aiddir. Məhz parkda çəkilən bu əsərdə də həmin heyvanlar əks edilib. Əsərin üzərində qızının şəklini çəkən Sevinc deyir ki, parkda çəkilən layihənin şəkillərini qızı ona internetdə göstərib: “Həqiqətən çox maraqlı və təsirlidir. İstər ictimaiyyətə verdiyi mesaj baxımından, istərsə də insanları əyləndirmək üçün düşünülmüş gözəl ideyadır. Ümumiyyətlə mən bu parkı çox sevirəm. Düşünürəm ki, Bakıda salınmış ən gözəl parkdır”.

“Ana kimi narahat oluram”

Təbii ki, hər yerdə olduğu kimi bu parkdan da narazı olanlar var. Burada ən mübahisəli məsələ isə parkın ətrafında yeraltı keçidin olmamasıdır. Daha çox gənc ailələrin istirahət güşəsinə çevrilən parkda keçidin olmaması insanları narahat edir.
Parkda oğlunu və qızını gəzdirən Aynur deyir ki, bu parkı çox sevir, amma hər gün yolu keçəndə narahat olur: “Evimizin yaxınlığında belə ecazkar parkın açıldığını eşidəndə sevinmişdim. Çünki, uşaqları gəzdirəndə xeyli kənara gedirdim. Amma “Dədə Qorqud”parkı açıldıqdan sonra hər gün uşaqlarımı bura gətirirəm. Düzü uşaqla bərabər özüm də dincəlirəm. Lakin, gözəlliklə yanaşı parkın ətrafında keçidin olmaması bir ana, vətəndaş kimi məni narahat edir. Hər yolu keçəndə həyəcan keçirirəm”.
Günel də parkın daimi sakinlərindəndir. O, hər gün bu parka gəlir, kitab oxuyur. Həmsöhbətimiz deyir ki, onu bura cəlb edən parkın sakitliyidir: “Dədə-Qorqud parkı ən çox sevdiyim və ziyarət etdiyim parklardan biridir. Mənimçün oranı fərqli qılan təbiiliyi, sakitliyi, ən çox da doğmalığıdır. Mehriban ailələr, velosiped sürən uşaqlar, şirin heyvanlar parka rəng qatır. İnsanların səhhətlərinin qeydinə qalaraq axşam gəzintisi və qaçış sərgilədiyini görmək isə məni lap sevindirir. Arada kitabımı götürüb gedib, gölün kənarında otururam. Bu yaxınlarda orada ilk dəfə Qafqazın nəsli kəsilmək üzrə olan heyvanların qorunması naminə 3d qraffiti layihəsini öz aparatımla işıqlandırdım. Ümid edirəm belə məkanların sayı şəhərimizdə daha çox olar”.
Qeyd edək ki, hələ 2000-ci ilin aprelində ulu öndər Heydər Əliyev bu ərazidə Dədə Qorqud abidəsi və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında fərman imzalamışdı. Prezident İlham Əliyevin 2007-ci il 2 aprel tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu fərmanın icrası üçün müvafiq tədbirlər görmək tapşırılmışdı.

Aygün ƏZİZReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">