• çərşənbə axşamı, 16 aprel, 17:29
  • Baku Bakı 19°C

Gənclər ailə qurarkən nəyə diqqət edir? - Polemika

01.04.14 12:38 4063
Gənclər ailə qurarkən nəyə diqqət edir? - Polemika
Ailə kiçik dövlətdir. Cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Çünki bir dövlətin, bir millətin inkişafı ailədən başlayır. Ailə qurarkən təbii olaraq hər kəs xoşbəxt olmaq istəyir. Lakin bu xoşbəxtlik hamıya qismət olmur. Kimisi bunu qismətə bağlayır, kimisi də düzgün seçimə. Bəziləri valideyn tövsiyəsi ilə, bəziləri də qarşılıqı sevgi əsasında ailə qurur. Bəs gənclər nə düşünür? Xoşbəxt ailə qurmağın sirri nədir? Onlar həyat yoldaşı seçərkən nələrə diqqət edirlər?
“Ailə sevgi üzərində qurulmalıdır”
Nəzərbəy Hacıağayev, “nezermedia.az” xəbər portalının baş redaktoru
Nəzərbəy düşünür ki, ailə münasibətlərinin qurulmasında onun üçün ən önəmli amil ailənin sevgi üzərində qurulmasıdır. Onun sözlərinə görə, uzun müddət dost münasibətlərində olduğunuz qadınla ailə qurmaq insanı şübhəsiz xoşbəxt edər: “Ailə mənim üçün ən önəmli və ən prinsipial hesab etdiyim məsələlərdən biridir. Çünki, ailənin möhkəmliyi, birliyi kişini güclü edən əsas amillər sırasındadır. Azərbaycanın ailə modeli milli mənəvi dəyərlər sistemində formalaşıb. Bu modeldə qadına verilən önəm ailənin əsasını təşkil edir. Mən də xarici ölkələrlə müqayisə etdikdə, ölkəmizin ailə modelinə üstünlük verirəm. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir.Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Mənim üçün ən önəmli amil ailənin sevgi üzərində qurulmasıdır. Hesab edirəm ki, bu zaman cütlüklərin ailə münasibəti daha maraqlı və möhkəm olar”. Ailə qurmaq istədiyi insanda üstünlük verdiyi keyfiyyətlərdən danışan həmsöhbətimiz, ailədə sevgi ilə yanaşı, hörmətin də vacib olduğunu bildirdi: “Ailənin qorunub saxlanılmasında əsas məsələ tərəflərin bir-birinə olan hörmətidir. Sevgi ailənin qurulmasına vasitə olduğu kimi, hörmət də ailənin qorunmasında əsas vasitəçidir. Düşünürəm ki, hörmət tərəflərin bir-birinə olan sevgisindən yarandığı zaman daha mükəməl olur. Ailə quracağım xanımda önəm verdiyim əsas keyfiyyətlər həyat yoldaşımın mənim idealarıma, məsləyimə, düşüncələrimə verdiyim qərarlara hörmətlə yanaşmasıdır. Tərəflər istəklərini, arzularını bir-birlərinin dilindən eşitmədən bilməli, onların ürəyi bir döyünməlidir”.
“Kitabları çox olan oğlanla ailə quracam”
Dursun Rzabəyli, tələbə
Dursun xanım deyir ki, ailə quracağı insanda diqqət etdiyi ən önəmli məsələ qarşılıqlı inamın olmasıdır. Həmsöhbətimizin sözlərinə görə, əgər ailədə iki nəfər bir-birinə inanmırsa, bu ailənin xoşbəxt olması mümkün deyil: “Ailə quran cütlüklər ailə qurmadan bir-birlərinə nə qədər inandıqlarını gözdən keçirməlidirlər. Bəzən insanlar hər şeyi qismətə bağlayırlar. Lakin, qismətlə yanaşı, davranışlarımızdan da çox şey asılıdır. İlk növbədə isə ailə həyatı qurduğumuz şəxsin kimliyi, xarakteri, tələbləri önəm daşımalıdır. Bir anlıq ağ gəlinlik, bəylik kostyumu geyməyin həvəsi ilə yaşayıb kor-koranə addımlar atmaqdan çəkinməliyik. Bu geyimlər həyatımızın yalnız bir günü üçün önəm kəsb edirsə, verdiyimiz bu qərar bütün yaşamımız boyu bizim üçün əhəmiyyətli təsirə malik olur”. Dursunun sözlərinə görə, o, həmişə çox kitabı olan oğlanla ailə qurmağı arzulayıb: “Ailə quracağım insanın dünyagörüşlü, savadlı olması mənim üçün çox önəmlidir. Ailə qurarkən yalnız mənim, övladlarım üşün deyil, cəmiyyət üçün də yararlı insanla ailə qurmaq istəyərəm. Çoxlu kitab oxuyan oğlanlar isə həmişə mənim üçün real namizəd sayılır”.
Evlilyin geri dönüşü yoxdur
Rəşad Talıblı, dizayner
Rəşad da ailə qurarkən diqqət edilməli olan ən önəmli məsələnin sevgi olduğunu düşünür. Onun sözlərinə görə, insan nə qədər müsbət keyfiyyətlərə malikdirsə, arada sevgi yoxdursa, bu ailə uğurlu olmur: “Ailə qurarkən ən öməli məsələ iki insan arasında sevginin olmasıdır. Çünki, qarşıdakı insan hər nə qədər müsbət xüsusiyyətlərə malik olursa-olsun arada sevgi deyə bir şey yoxdursa, məncə, evlənməz öncə bir daha yaxşı düşünmək lazımdır. İkincisi, qadının sədaqəti, qüruru, mənliyi, həyat yoldaşına bağlılığı da xoşbəxt ailənin təməllərindən biridir. Hər nə qədər müxtəlif düşüncəli, fərqli mədəniyyətli cəmiyyətlər olsa da, mənə görə, qadının yeri kişisinin yanındadır. Üçüncüsü, qarşı tərəfin dünyagörüşü, düşüncə tərzi, mədəniyyəti, tolerant və mehriban olmağı, bir sözlə, şəxsi keyfiyyətləridir. Bura siyasi, dini və s. bu tip sahələrdə ən fərqli seçimli insanlara qarşı münasibəti aiddir. Bərabər və ya tolerant olmağı istər kişi, istərsə də qadın üçün ən gözəl xüsusiyyətlərdən biri hesab edirəm. Əlbəttə, qadının gülərüz, ailəcanlı olması, az “dır-dır” etməsi də onun əsas gözəlliklərindəndir”.
Rəşad deyir ki, insana daha çox inanan və onu sevən xanımla ailə qurmaq lazımdır: “Hansısa qadın gözəldir deyə, ilk baxışda evlilik təklif edənlərə, sadəcə, yazığım gəlir. Bu zaman özünüzü gözəl aşiq və alicənab kimi göstərə bilərsiniz, yalnız bu keyfiyyətlərə görə ailə qurub gələcəyinizi sual altında qoymaq sözün əsl mənasında ağılsızlıqdır”.
Qarşılıqsız sevgi ilə ailə qurmağın təhlükəli olmasından danışan müsahibimiz deyir ki, hörmət yalnız sevgi olduqdan sonra yaranır: “Qarşılıqsız sevgi əsasında ailə qurmaqdansa, heç sevmədiyiniz ancaq sizə qiymət verən biriləri ilə münasibət qurmaq lazımdır. Ümumiyyətlə, ailə qurmazdan öncə insan mütləq ciddi şəkildə götür-qoy etməli, yüz ölçüb, bir biçməlidir. Ömür boyu bir yerdə olacağın adamı düzgün seçdiyinə əmin olmalısan. Boşanma-filan boş şeydir, məncə, evliyiyin geri dönüşü yoxdur. Antik yunan filosofu Sokrat evlənmək haqqında belə bir fikir söyləyib: “ Evlənin, ya arvadınız yaxşı olacaq, xoşbəxt olacaqsınız, ya da pis olacaq, filosof olacaqsınız”. Filosof olmağı heç kimə arzu etmirəm”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər