• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Gəncədə Xocalı soyqırımı abidəsinin açılışı olub - Fotolar

26.02.17 18:45 1822
Gəncədə Xocalı soyqırımı abidəsinin açılışı olub - Fotolar
Gəncədə Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılışı olub.

AZƏRTACxəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalı və işğal olunmuş digər rayonlardan olan və Gəncədə məskunlaşan qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.

Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, hündürlüyü 6,12 metr olan abidə kompleksi 3 bölmədən ibarətdir. Abidənin mərkəzində, postament üzərindəki relyefdə Xocalı faciəsini əks etdirən kompozisiya yaradılıb. Postament üzərindəki hüznlü qadın heykəli Xocalı faciəsində gözü yaşlı, əlacsız qalan ananı tərənnüm edir. Kompleksin sağ və sol yanlarındakı mərmər lövhələrdə Xocalı soyqırımının başvermə tarixi və faciə qurbanları haqqında məlumat qeyd edilib. Xocalı soyqırımı abidəsinin ətrafı abadlaşdırılıb.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı abidəsinin açılışını edib, önünə gül dəstələri qoyub.

Anım mərasimində çıxış edən icra başçısı bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Elmar Vəliyev qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib, Ümummilli Liderin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildirib.

Digər çıxış edənlər vurğulayıblar ki, amansız cinayətə rəvac verən ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.

Hadisə şahidləri bildiriblər ki, bu gün xocalılılar ölkənin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birinin məqsədi, arzusu doğma torpaqlara - Xocalıya qayıtmaq, işğal olunmuş torpaqları azad etməkdir.

Çıxışlardan sonra Rəna Teymurqızının "Dərd yükü” adlı poemasının motivləri əsasında səhnələşdirilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.




banner

Oxşar Xəbərlər