Gəncədə sahibkarların hüquqlarının müdafiəsinə dair tədbir keçirilib
Bu gün Gəncədə İqtisadiyyat Nazirliyinin (İN) təşkilatçılığı
ilə "Sahibkarların hüquq və mənafelərinin müdafiəsi”
mövzusunda keçirilmiş tədbirdə İqtisadiyyat
və Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri
və sahibkarlar iştirak edib. İN mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, İqtisadiyyat
Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov dövlət
başçısı cənab İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən
ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarların
iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Elçin İbrahimov
sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanından
irəli gələn vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Qeyd
edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması,
sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və rüsumların əsaslı
şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi
sahibkarlığın inkişafına əlavə stimul verir. Ölkə ərazisindən dəmir yolları, dəniz
nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin
daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi, investisiyaların təşviqinin
artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştləri,
qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin
yaradılması, dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr
sahibkarlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və
yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması
sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq
Şəfiyev Gəncədə yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri
barədə məlumat verib, şəhərdə özəl bölmənin inkişafına dövlət dəstəyi tədbirlərinin
davam etdiyini və nəticədə yeni iş yerləri yaradılaraq əhalinin məşğulluğunun təmin
olunduğunu qeyd edib. İcra başçısının müavini sahibkarların hüquqlarının
qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, ölkədə həyata
keçirilən iqtisadi islahatların hər bir bölgədə olduğu kimi, Gəncədə də fəaliyyət
göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaratdığını
bildirib.
İqtisadiyyat
Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov tədbirdə iştirak edən
iş adamlarına investisiya təşviqi sənədinin verilməsi qaydası,
investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya
layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata
keçiriləcəyi inzibati ərazi vahidləri, investisiya təşviqi sənədinin forması, tələb
olunan sənədlər, müraciət qaydasını izah edib, onların suallarını
cavablandırıb.
Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev və İqtisadiyyat
Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin əməkdaşı Xalid
Balakişiyev sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində qanunvericilik,
normativ aktlara edilmiş son dəyişikliklər, həmçinin sahibkarlıq sahəsində
aparılan yoxlamaların təşkili və aparılması qaydaları, yoxlamaların təşkili ilə
bağlı risklərin idarə edilməsi, yoxlama zamanı məhdudlaşdırıcı tədbirlər barədə
məlumat veriblər.
Tədbirin sonunda sahibkarlarımaraqlandıran
suallar cavablandırılıb.