"Qırğızıstandan Azərbaycana böyük bir heyət
qonaq gəlib. Onlar gənc şairlər olsalar da, öz ölkələrində tanınırlar. Onların
gəlişi ədəbi əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verəcək”. Bakıda səfərdə
olan Qırğızıstanın bir qrup gənc şairinin "Kaspi” qəzetinin kollektivi ilə
görüşündə səslənən bu fikirlər Azərbaycan-Qırğız
ədəbi əlaqələrinin daha da möhkəmlənməsinin nümayişi oldu. Görüşdə "Gənc
qırğız şeiri antologiyası”nın təqdimatı da keçirildi.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıbu görüşün Qırğızıstan-Azərbaycan ədəbi
əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında yeni əlaqələrin yaranmasına təkan
verəcəyini qeyd etdi: "Bu antologiyada
müstəqillik dövrü qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Ziyalılarımız
bu kitaba rəy, məsləhətçi və ön söz müəllifi kimi öz töhfələrini veriblər.
Həmçinin Azərbaycanın Qırğızıstan Respublikasında Fövqəladə və səlahiyyətli
səfiri Hidayət Orucov və millət vəkili Cavanşir Feyziyevin də antologiya ilə
bağlı təəssüratları kitabda qeyd edilib”.
Ə.Qoşalı
Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrinin köklü keçmişi olduğunu
söylədi: "Bəlkə sovet dövründə daha yaxın olmuşuq. Ancaq müstəqillik illərində
bu əlaqələrdə bir qədər geriləmə oldu, son illərdə isə ortaq türk qurumlarının,
o cümlədən "Kaspi” kimi tarixi qəzetlərin sayəsində bu münasibətlər yeni bir
mərhələyə keçdi. Dünya Gənc Türk Yazarlar Birliyinin də bu əlaqələrin
formalaşmasında rolu var”. Qırğız ədəbiyyatının dünyada Çingiz Aytmatov kimi görkəmli
nümayəndələrinin olduğunu deyən Ə.Qoşalı, həmçinin sosializm realizminə uyğun
gəlmədiyinə görə yaradıcılığı pərdə arxasında qalan, tanınmayan, repressiya
qurbanı olan qələm adamlarının olduğunu dedi: "Milli düşüncəni yaşatmış, ancaq
təəssüf ki, qırğız elində indiyə qədər tanınmamış insanları da var. Biz həmin
yazarları türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda tanıtmaq məqsədilə
işlərə başladıq”.
Tanınmış şairə, filologiya üzrə elmlər doktoru Sona VəliyevaMilli Mətbuat Gününə təsadüf edən görüşü
ikiqat bayram adlandırdı: "Hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan
həm də onun ikinci vətənidir. Biz eyni ruhun daşıyıcılarıyıq. Biz bir-birimizlə
dil vasitəsilə, ruh vasitəsilə, düşüncə vasitəsilə anlaşırıq. Bununla da qürur
duyuruq ki, biz türkük, kökən etibarilə hər birimiz eyni bulağın suyunu
içmişik, eyni ağacın koğuşundan çıxmışıq. Yer üzündə ilk dəfə Tanrının səsini
eşidən türk övladıdır və bununla qürur duymağa dəyər. Ona görə də bu gün türk coğrafiyasında,
eləcə də özbək, qazax, Azərbaycan, Türkmənistan diyarlarında mövcud olan ilk
türkdilli xalqların Tanrıya münasibətini qoruyub saxlayan pirlər, ocaqlar var.
Bax, buna görə də qürur duyuruq ki, ilk dəfə Tanrını tanıyan, Tanrıya
münasibəti olan türk millətiyik. Bizdən sonra dinlər yaranıb. Məhz bununla
qürur duymağa dəyər. Sovet dövründə bu ideologiyanı qoruyub saxlamağımız ciddi
uğurdur”.
S.Vəliyeva "Gənc qırğız
şeiri antologiyası”nı yüksək dəyərləndirərək, şeirlərdən təsirləndiyini
bildirdi: "Hər bir şeir Tanrı duasıdır. Mən oxudum, çox təsirləndiyim şeirlər
də oldu. Əlbəttə, bizim tərcüməçilər də bunu çox gözəl çevirib. Yəni bizi çox
da böyük dil fərqi ayırmır. Bu şeirlər dua kimi içimdə yer aldı”. S.Vəliyeva
layihənin rəhbəri, millət vəkili Cavanşir Feyziyevə, Türk Dünyası Gənc Yazarlar
Birliyinin fəxri rəhbəri Əkbər Qoşalıya təşəkkürünü bildirdi: "Harda bir türk
varsa, iki cümlə şeir yazılıbsa, Əkbər Qoşalının ondan xəbəri var, onu tapıb
bizə çatdırır, özümüzünküləşdirir. Bu yazarlar birliyi böyük işlər görür. Həm
də Qırğızıstandakı səfirimiz, qələm adamı Hidayət Orucova təşəkkürümü
bildirirəm. Onun Qığızıstandakı fəaliyyəti sözə xidmət üzərində qurulub. Bu
yaxınlarda Hidayət müəllimlə söhbətimizdə sonuncu sufi şairimiz Hüseyn Cavidin
əsərlərinin qırğız dilində tərcümə olunub, oradakı universitetdə təqdimatı
haqqında danışdıq. İnanıram ki, bu təqdimat tezliklə olacaq”.
S.Vəliyeva antologiyada
yer alan şeirlərin - insan, sevgi, təbiət, ətraf aləm, dünya, ölkə, Vətən
haqqında mətnlərin müəlliflərinə təşəkkürünü bildirdi: "Bu şeirlər özümün və ya
Azərbaycanın hər hansı bir şairinin yazdığı kimi bizə doğma gəldi. İnanıram ki,
Qırğızıstanda da Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antologiya
çap olunacaq. Belə görüşlərimiz də davamlı olacaq və əlaqələrimizin
möhkəmlənməsinə xidmət edəcək”.
Qırğız Milli Yazıçılar Birliyinin (QMYB)
başqanı Nurlan Kalıbekovsəmimi münasibətə görə təşəkkür etdi: "Bizi
birləşdirən ədəbi əlaqələr, mədəniyyət və sənətdir”. O, bundan sonra ədəbi
əlaqələrimizin daha da inkişaf edəcəyini bildirdi. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail,
Kaliça Yaqub və Bekbolat Sarıbayda çıxış edərək Azərbaycana səfər etməkdən
məmnun olduqlarını söylədilər.
Daha sonra QMYB başqanı Nurlan KalıbekovBirliyin "Qızıl
qələm” mükafatını Sona Vəliyevaya təqdim etdi. S.Vəliyeva "öz yaradıcılığımla
bu qələmə layiq olmağa çalışacağam» - deyə bildirdi. O, "Kaspi” qəzeti adından iki ölkənin müştərək duyğularından bəhs edən
ornamentlərdən hazırlanmış xalçanı Ə.Qoşalıya təqdim etdi.
Qeyd edək ki, "Gənc qırğız şeiri
antologiyası”nın layihə rəhbəri - Milli Məclisin deputatı Cavanşir Feyziyev,
baş redaktoru - Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Antologiyaya
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və yazıçı-publisist Yunus
Oğuz rəy verib. Nəşrin məsləhətçiləri akademik Nizami Cəfərov və fəlsəfə üzrə
elmlər doktoru Sona Vəliyevadır.
Antologiyanı Qırğızıstanın istedadlı gənc
yazarları - DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib
ediblər. Kitaba ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov "Təqdim”,
Cavanşir Feyziyev "Ön söz”, Qırğızıstanın mədəniyyət, informasiya və turizm
naziri Azamat Jamankulov isə "Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü
yazıb.
Otuz beş gənc qırğız şairinin müxtəlif mövzularda
yaradıcılıq örnəklərinin toplandığı nəşrə daxil edilən şeirləri dilimizə
İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan, Pərvanə Məmmədli, Gülnar Səma,
Əkbər Qoşalı və başqaları çevirib.