“Gənc istedadlarımızı tanıyaq”  layihəsinə start verilib - Fotolar

“Gənc istedadlarımızı tanıyaq” layihəsinə start verilib - Fotolar

Təfsilat
07 Sentyabr 2016, 14:25 1893
M.Ə.Rəsulzadə Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə "Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verilib. Layihə çərçivəsində ilk olaraq qəsəbə sakini, gənc rəssam Güllər Həşimovanın evində görüş keçirilib. Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edərək, gənc rəssamın əl işləri ilə yaxından tanış oldular.
 
M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışaraq bildirib ki, istedadlı gənclər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onlar üçün hər cür şərait yaradılıb. Istedadlı qəsəbə sakininin əl işləri ilə tanışlıqdan sonra bələdiyyə sədri gənc rəssama uğurlar diləyib.
 
Görüşdən məmnunluğunu ifadə edən ailə başçısı gənclərə göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.
 
Sonda gənc rəssam öz əl işlərindən birini M.Ə.Rəsulzadə Bələdiyyəsinə hədiyyə edib.
 
Qeyd edək ki, Güllər Həşimova 115 saylı orta məktəbi bitirib, hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Müasir rəssamlıq” sahəsi üzrə ali təhsil alır. O, 2014-cu il dekabrın 23-də Heydər Əliyev Mərkəzində M.Y.Lermontovun 200 illiyi ilə bağlı təşkil edilmiş sərgidə öz əsəri ilə iştirak edib və mükafatlandırılıb. Bununla yanaşı, bir çox sərgilərdə fəal iştirak edərək müxtəlif yerlərin sahibi olub. Almaniya Mədəniyyət Mərkəzində Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Baddi ayısı” müsabiqəsində ən gözəl ideya sahibi olaraq birinci yeri tutub.