Gəlirdə və sayda müşahidə edilən artım keyfiyyətdə də özünü göstərirmi?
Azərbaycanda səyahət
agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb. Trend-in
məlumatına görə, 2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9
manat gəlir əldə etdiyi halda, 2018-ci ildə bu məbləğ 56 439,4 manata çatıb. Ötən
müddətdə səyahət agentlikləri və turoperatorların da sayı artıb. 2013-cü ildə
səyahət agentlikləri və turoperatorların sayı 197, 2018-ci ildə 374 olub. Xatırladaq
ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib.
Dövlət Turizm Agentliyinin
sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv
edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir. Turizm
şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini
açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta
mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab
verməlidir: "Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki,
riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz
üzərinə götürməsin".
Maraqlıdır, turizm
agentliklərinin gəlirlərində və saylarında qeyd olunan artım nədən qaynaqlanır,
bu, onların göstərdiyi xidmətin keyfiyyətinə necə təsir edir, artımın
davamlılığını təmin etmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Pərviz Heydərov qeyd edir ki, bu sahənin gəlirliliyini davamlı etmək üçün
stimullaşdırıcı işlər görülməlidir: "2015-ci ildə baş verə məlum böhrandan
sonra qeyri-neft sektorunun inkişaf etdirilməsi zərurəti ortaya çıxdı. Bu
istiqamətdə əsas prioritet kənd təsərrüfatı və turizm sahəsi oldu. Son illər
turizm kifayət qədər inkişaf etmiş sahələrdəndir. Qeyd etmək lazımdır ki,
turizmin inkişafı ilə bağlı ölkəmizdə çox yaxşı infrastruktur yaradılmışdır.
Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi üçün böyük potensial var. Bu
sahədə lisenziyanın ləğv edilməsi tur şirkətlərinin sayının artmasında böyük
rol oynadı. Belə ki, bir çox sahibkar biznesini bu sahədə qurdu və ciddi
gəlirlər əldə etdi. Turizmin Azərbaycan kimi bir ölkənin inkişafında, onun
dövlət gəlirlərinin təmin edilməsində rolu əvəzsizdir və bu, gələcəkdə özünü
daha çox göstərəcəkdir. Hazırda Azərbaycan regionda ən stabil və güvənli
ölkədir. Son illər ərzində bu sahədən əldə edilən gəlirlər gözləniləndən yüksək
oldu. Bu özü də onu göstərir ki, bu sahədə çox böyük gəlir əldə etmək imkanları
var. Amma iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizmdə də qeyri-leqal
dövriyyənin yaranmasına imkan verilməməlidir. Bu istiqamətdə biznes fəaliyyəti
üçün nə qədər çox sərbəst şərait yaradılsa da, eyni zamanda, paralel olaraq
dövlət büdcəsindən yayınma halında gəlir əldə edilməsinə də imkan
verilməməlidir. Bu sahədə müvafiq nəzarət mexanizmi yaradılıb tətbiq
edilməlidir. Əgər bu və ya digər sahəni inkişaf etdirmək və bu inkişafın
davamlılığını təmin etmək istəyiriksə, hər cür stimullaşdırıcı şəraiti
yaratmalıyıq”.
Turizm üzrə ekspert Əhməd
Qurbanov deyir ki, turoperatorlar
keyfiyyətli iş görməli və turların sayını artırmalı, müxtəlif bazarlara çıxış
etməlidir: "Turizmin günü-gündən inkişaf etməsi fərdi kiçik və orta
sahibkarlığın da genişlənməsinə təsir edir. 2015-ci ildən lisenziyaların ləğv
edilməsi ilə turizm şirkətlərinin sayında ciddi artım baş verdi. Eyni zamanda
həmin dövrdə vizaların tətbiqi də asanlaşdırıldı və nəticə etibarı ilə bu
sahədə fəaliyyət göstərənlərdə stimul yarandı. Elə həmin vaxtdan turizm
şirkətlərinin sayı artır. Şirkət sayının artması sahənin inkişafına təkan
verməklə yanaşı, gəlirlərin genişlənməsinə səbəb olur. Vizaların
sadələşdirilməsindən sonra gəlmə turizmin inkişafı sürətləndi, ölkəmizə ciddi
şəkildə turist axını baş verdi. Bunun nəticəsi olaraq turoperatorların
gəlirlərinin səviyyəsi artdı. Qeyd edilən artım tempi növbəti illərdə də
müşahidə ediləcək. Çünki ölkəmizin turizmin potensialı beynəlxalq arenada
kifayət qədər tanıdılır, təbliğat işləri aparılır. Artımı müsbət
qiymətləndiririk. Artım getdikcə də genişlənəcək. Davamlılığı qorumaq üçün isə
turoperatorlar keyfiyyətli iş görməli və turların sayını artırmalı, müxtəlif
bazarlara çıxış etməlidir. Ölkəmizin turizm potensialını tanıtmaq üçün
beynəlxalq sərgilərdə aktiv şəkildə iştirak etməlidirlər”.
"Luna Travel” şirkətinin
rəhbəri Rəhman Quliyev turizm şirkətlərinin sayı
ilə göstərdikləri xidmətin keyfiyyətinin düz mütənasib olmadığını bildirir,
həmçinin turoperatorların və agentliklərin gəlirlərinin artması fikri ilə də
razı olmadığını qeyd edir: "Ölkədə tur şirkətlərinin sayının durmadan artdığı
bir dövrdə gəlirin artmasından danışmaq mümkün deyil. Düşünün, 5 il bundan
əvvəl bir turizm şirkəti 10 min nəfərə xidmət göstərirdisə, bu gün həmin 10 min
nəfərə bir neçə şirkət xidmət göstərə bilir. Demək, turistlər əvvəllər 300 şirkət
arasında bölünürdü, indi şirkət sayı 10 dəfə artıb. Bu məntiqlə bir şirkətin
gəlirliyi nə qədər arta bilər? Turizm agentliklərinin sayı çoxaldığı üçün rəqabət
mühitində elə şirkətlər var ki,
göstərdikləri xidmətin qiymətini çox ucuz qoyublar. Bu halda ucuz xidmət
keyfiyyətin də aşağı olmasına gətirib çıxarır. Çox yaxşı olardı ki, lisenziya
dövrü geri qayıdardı. Ən azından, lisenziya rüsumu ləğv edilsə də, lisenziya
üçün lazım olan sənədlər hər bir turizm şirkətindən tələb edilərdi. Bu da bir
növ nəzarət mexanizmi olardı”.
Günel Azadə