• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

Gəlinlər toydan niyə qaçır?

08.09.14 14:47 1998
Gəlinlər toydan niyə qaçır?
Belə ki, gəlinlərin toy günü və yaxud toydan 1 gün öncə qaçması ilə bağlı bir-birinin ardınca gələn xəbərlər insanların narahatlığına səbəb olur. Ölkəmizdə son 1 ayda 4 gəlinin toy günü və ya toydan qabaq qaçması təbii olaraq cəmiyyəti həyəcan təbili çalmağa vadar edir.
Bəs gündəmi zəbt edən bu xəbərlərlə bağlı gənclər nə düşünür? Onların başlarına belə hadisə gəlsə, nə edərlər?
“Nə şiş yansın, nə kabab”
Xanım Cəfərova, tələbə
Xanım düşünür ki, gəlinlərin toydan qaçması daha çox ailə təzyiqi altında qalan qızlar arasında müşahidə olunur. Həmsöhbətimizin sözlərinə görə, qızını hər hansı bir ailəyə gəlin verən valideyn yüz ölçüb, bir biçməlidir: “Bu gün bəzi ailələr, xüsusilə regionlarda yaşayanlar qızın fikrini soruşmadan sırf ailə qurmaq xatirinə evliliyə məcbur edirlər. danmaq olmaz ki, bir sıra ailələrdə belə qərarlar uğurlu nəticə verir. Lakin, bu, hər vaxt belə olmur. Ürəyində başqa biri olan qız bu halı qəbul edə bilmir və son çarə olaraq qaçır. Bəzən də olur ki, qız və oğlan bir-birini sevərək nişanlanır, lakin bir müddət sonra aralarında problem olur, bu izdivac qız və ya oğlanın başqasına könül verməsilə nəticяlənir. Cəmiyyətdə belə problemlərlə qarşılaşmamaq üçün valideynlər öz övladlarına qarşı diqqətli, qayğıkeş və ciddi yanaşmalıdırlar. Necə deyərlər, “yüz ölçüb bir biçmək lazımdır ki, son çarə qaçmaq olmasın”.
Müsahibimiz gəlinin toy günü qaçmasını gülünc hesab edir. O deyir ki, toy günü qaçaraq ailəsinin qınaq obyekti olmasına risk edən qız bu izdivaca toya qədər razı olmaya da bilərdi: “Qaçan gəlinlər yəqin ki, son anda kiməsə qurban etdiyi həyatını gözünün önünə gətirir və son çarə olaraq toydan qaçmağı gözə alır”.
Xanım hesab edir ki, normal düşüncəli insan toy günü qaçmaz: “Bu həyat insana bir dəfə bəxş edilir. Mən öz xoşbəxtliyimi heç kimə qurban vermərəm. Buna razı olsam belə toy günü qaçmaram. Məncə, bütün qızlar valideyni ilə yaxın olmalı və həyatları barədə onları məlumatlandırmalıdır ki, valideynlər də gözlənilmədən onların əvəzinə qərar verməsinlər. Necə deyərlər, ” Nə şiş yansın, nə kabab”.
“Səbəb azad seçimin zəifliyidir”
Tural Qasimov, yazar
Tural deyir ki, gəlinlərin toydan qaçmasının əsas səbəbi şəxsi seçimin zəifliyidir. Onun sözlərinə görə, bir çox sahələrdə olduğu kimi, ailə qurmaq sahəsində də valideyn təzyiqi özünü göstərir: “Son zamanlar ölkəmizdə gəlinlərin toydan qaçmasının mənə görə bir neçə səbəbi var. Bunun içərisində ən əsası şəxsi seçim hüququnun zəifliyidir. Ölkəmizdə bir çox sahələrdə olduğu kimi ailə qurmaq sahəsində də valideyn iradəsi, təzyiqi özünü göstərir. Belə olan halda bu cür qurulan ailələrin ömrü ya qısa olur, ya ailə daxili problemlər yaşanır, ya da qeyd etdiyiniz kimi, toydan qaçma halları baş verir. Düşünürəm ki, bunun əsas səbəbi iradə azadlığı, azad seçimin zəifliyi, ya da ümumiyyətlə, olmamasıdır. İkinci səbəb kimi isə iqtisadi güzəranın aşağı səviyyəsi və savadsızlıq nəticəsində baş verdiyini deyə bilərəm. Belə ki, iqtisadi güzəranı aşağı olan ailələrin üzvləri savadsız və təhsilsizdirsə, nəticədə həmin ailədə olan qız uşağı artıq varlıq kimi qəbul edilməyə başlayır və ondan qurtulmağın əsas çıxış yolunu “ərə verilməsində” görürlər”.
Tural vurğuлayır ki, onun yarı heç vaxt toydan qaçmaz: “İnanmıram ki, belə bir hadisə mənim başıma gəlsin. Mən insanın fərdi azadlığının tərəfdarıyam. Hər bir insan bu həyata bir dəfə gəlir və hər kəsin həyatı mənalı, gözəl yaşamaq hüququ var. Əgər mənim evləndiyim qız məni sevirsə, niyə toydan qaçmalıdır? Mən tərəflərin bir-birini tanıyıb, sevib evlənməyin tərəfdarıyam. Əgər sevdiyim qızdan özümə qarşı sevgi hiss etməsəm, normal şəkildə danışıb münasibətimizi bitirərəm”. Müsahibimiz belə halların qarşısının alınması üçün cəmiyyətdə maarifləndirmə işinin aparılmasını labüd sayır. O düşünür ki, maarifləndirmə güclü gedərsə, cəmiyyətиmizdə də belə neqativ hallar yaşanmaz.
“Haray bu başdan”
İlhamə Əbülfət, jurnalist
İlhamə də gəlinin toydan qaçmasının başlıca səbəbinin sevmədiyi insanla evləndirilməsi olduğunu düşünür: “Şahidi olduğum bir hadisəni bölüşmək istəyirəm. Belə ki, tanıdığım bir ailə qızını sevmədiyi biriylə evləndirmək istəyirdi. Qız toydan bir gün öncə öz sevdiyi oğlana qoşulub qaçdı. Buna normal baxıram, amma özüm belə hərəkəti heç vaxt etmərəm, belə bir hadisənin başıma gəlməsini də istəmərəm. Mən sevmədiyim insanla ailə qurmaram. Amma məcburiyyətdən belə bir hadisə başıma gəlsə belə, heç zaman toydan qaçmaram. O insanla ailə qurmaq istəmədiyimi öz valideynlərimə başa salmağa çalışaram. Mənim üçün evlilik iki bədənin deyil, iki ürəyin bir yerdə olmasıdır. Ürəyi başqasında olan biri olaraq başqa bir oğlanla ailə qurmağım həyatımın ən böyük səhvi olardı”.
İlhamə deyir ki, əgər gəlin toydan qaçırsa, bu, yalnız qızın deyil, həmin qızla evlənmək istəyən oğlanın da günahıdır: “Hər kəs bunun səbəbini valideynlərdə görür, onları günahlandırır. Hər bir valideyn övladının xoşbəxt olmasını istəyər. Əgər gəlin toy günü toydan qaçırsa, bunda valideynlərlə yanaşı, həmin qızla evlənmək istəyən oğlanın da günahı var. Başına belə bir işin gəlməsini istəməyən oğlan ailə quracağı insanı daha yaxından tanımalı və sevgisinin qarşılıqlı olmasına əmin olmalıdır”.
Müsahibimizin sözlərinə görə, bəzi oğlanlar var ki, onların nişanlısının toydan belə qaçması doğru addımdır: “Məsələn, bu yaxınlarda Cəlilabadda olan hadisəni yadımıza salaq. Cəlilabadın Günəşli kəndində gəlinin toydan qaçması ilə bağlı yerli KİV-lər xəbər vermişdilər. Gəlin oğlan toyuna saatlar qalmasına baxmayaraq, başqa bir oğlana qoşularaq qaçıb. Digər məqam isə toy günü bəyin də başqa bir qızı qaçırtması olub. Belə ki, gəlinin qaçdığını eşidən oğlan toyu təxirə salmamaq üçün kəndin subay qızlarından birini qaçırdaraq toyunu edib. Bu hadisə həqiqətən gülməlidir. Deməli, oğlan üçün kiminlə evlənməsinin o qədər də fərqi yox imiş. Əslində gəlin gec də olsa, düz qərar verib. Haray bu başdan deyib və qaçıb. Belə bir insanla yaşamaqdansa, qaçmaq daha yaxşıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər