• cümə, 19 Aprel, 19:51
  • Baku Bakı 24°C

Gəlin, sizi şəhərlə tanış edim...

25.02.20 09:30 1152
Gəlin, sizi şəhərlə tanış edim...
Halbuki, əvvəlcə bir çox bələdçilərin özlərini zəruri biliklərlə "tanış etmək” lazımdır
Bələdçi - ekskursiyalar aparan mütəxəssisdir. Turistləri müşayiət edərək onları görməli yerlərlə tanış edir. Onlar çox zaman tur bələdçisi adlanır. Peşəkar təcrübədə hesab edilir ki, bu peşəyə tarix, psixologiya, mədəniyyət, coğrafiyanı bilənlər, xarici dillərdə danışmağı bacaranlar daha çox uyğundur. Adətən bələdçilər müəyyən bir bölgədə və ya marşrutda ixtisaslaşırlar. Buna görə turistik yerlər haqqında yaxşı məlumatlara sahibdirlər. Hər bina və ya abidə haqqında detallı danışa bilirlər, həmçinin bir çox əlavə suallara cavab verirlər.
Bir bələdçi nə qədər məlumatlıdırsa, dünyagörüşü genişdirsə, hekayəsi də bir o qədər maraqlı olacaq. Bələdçi peşəsi çox həyəcanlı, lakin məsuliyyətlidir. Bələdçi, öz növbəsində, həmişə intizamlı olmayan turistlər üçün də məsuliyyət daşıyır. O, səfəri turistlər üçün mümkün qədər maraqlı və cəlbedici etməlidir. Bu baxımdan, o, turistlərlə ünsiyyət qura bilən, bacarıqlı, yaxşı nitq qabiliyyətinə sahib şəxs olmalıdır. Çox vaxt bir neçə tur keçirən bir bələdçi daha yaxşı hazırlanır, daha geniş dünyagörüşə və təcrübəyə malik olur.
Ölkəmizdə turizmin inkişafı bu sahədə peşəkar bələdçilərin yetişməsi zərurətini ortaya çıxarıb. Əgər bundan əvvəl bələdçilər kortəbii fəaliyyət göstərirdilərsə, artıq bu sahədə də nizam yaranmağa başlayıb. Bələdçilərin qarşısına qoyulan tələblər də dəyişib.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova ölkəmizdə turistlər tərəfindən daha çox hansı dil və sahə üzrə biliklərə malik olan bələdçilərə ehtiyac olduğunu açıqlayıb. Belə ki, bələdçilər müxtəlif dillərdə bələdçilik üzrə təlimləndiriləcək. S.Əsgərovanın sözlərinə görə, ölkəyə turist axını ilə əlaqədar daha çox Çin, italyan, ivrit dillərində bələdçilərə ehtiyac yaranır və müraciətlər olur: "Eyni zamanda, Koreya dili üzrə də müraciətlər var. Biz keçən il alman dili üzrə 12 nəfərdən ibarət xüsusi qrup hazırladıq. Bu il də qeyd etdiyim dillər üzrə xüsusi qruplarda bələdçilər hazırlanacaq. Bizim işimiz bələdçi hazırlığıdır. Onların dillə bağlı hazırlığı özlərinin məsuliyyətidir. Biz onlar üçün dil kursları təşkil etmirik. Sadəcə, onların dilbilmə səviyyəsini yoxlamaq üçün assosiasiya komissiyasında hər dil üzrə ekspert var. Əgər ekspert bələdçinin dilbilmə qabiliyyətinə yaxşı qiymət verirsə, biz artıq onu bələdçi kimi hazırlamağa başlayırıq. Dil, əgər mükəmməl deyilsə, heç bir bələdçi hazırlığından söhbət gedə bilməz».
S.Əsgərova bildirir ki, yerli turizm üzrə bələdçilərin ixtisaslaşması sərbəstdir: «Biz hələlik onlara Bakı-Abşeron marşrutunu öyrədirik. Hələlik marşrutu əhatə edəcək dərs materialları, attestasiya komissiyasının üzvləri və ekspertlərimiz var. Regionlarda bələdçilərə yalnız texnikanı öyrədirik. Gələcəkdə assosiasiya böyüdükcə, ekspertlərin sayı artdıqca və tədris materialları zənginləşdikcə, biz regionlarda da marşrutlar üzrə informasiyalar verməyə başlayacağıq. Hazırda regionlarda verdiyimiz təlimlər Ümumdünya Turizm Federasiyası bələdçilərinin texniki peşə bilikləri üzrədir. Növbəti üç ildə marşrut baxımından regionları da əhatə edəcəyik». S.Əsgərovanın dediyinə görə, Asiya ölkələrindən gələn turistlərlə bağlı bəzən dil baxımından problemlər yaşanır: «Dil və mədəniyyətlər arasında olan dialoq, həmçinin onların yemək, musiqi istəyi, onlara yaxınlaşma metodu baxımından problemlər olur. Məsələn, onlardan biri kommunikasiyaya meyl edirsə, digəri ünsiyyətdən qaçır. Birini daha çox iqtisadi-siyasi mövzular maraqlandırırsa, digərini incəsənət, tarix və şoppinq mövzuları maraqlandırır. Bu baxımdan, bələdçi üçün təkcə dil biliyi əhəmiyyətli deyil, xalqın etnik-mədəni kodeksini də bilməlidir”. Bələdçilərin seçiminə gəlincə, ATBA həmtəsisçisi bildirir ki, bu seçimdə yaş limiti yoxdur. Ancaq bakalavr təhsilini başa vurmuş insanların seçiminə üstünlük verilir: "Təkcə bilikdən və savaddan söhbət getmir. Yəni insanlarla işləməkdə, kütlənin idarə edilməsində təcrübə önəmlidir. Bələdçilərin ilk yoxlanışı dil biliyi ilə yanaşı, psixoloji məqamlar, humanitar biliklər - tarix, coğrafiya və s. ilə bağlı informasiyalara malik olmaları ilə bağlıdır». S.Əsgərova qeyd edir ki, bələdçilər üçün vacib keyfiyyətlər bu biliklərə malik olmaları, yüksək ünsiyyət bacarıqlarına yiyələnmələri, liderlik qabiliyyətləri – kütləni idarə etmə xarizması və yüksək fiziki göstəriciləri əsas götürülür. Eyni zamanda, səs və səlis danışıq qabiliyyəti əsasdır. Bələdçilərin iş yerinə gəlincə, bu şəxslər günəmuzd çalışırlar və daimi iş yerləri yoxdur: "Onlar turu ya internetdən əldə edirlər, ya sifarişi turizm şirkətlərindən, ya da müştərilərdən alırlar. Bələdçiliyə müraciətdə gender bərabərliyi mövcuddur. "Həm qızlar, həm də oğlanlar müraciət edirlər. Əgər əvvəl deyirdilərsə bu, qadın işi deyil, bu fikir artıq yoxdur. Artıq qadınlar da kişilərlə bütün sahələrdə bərabər işləmək hüququna malikdirlər. Təkcə bələdçiliklə bağlı deyil, bütün turizm sahəsində, otellərimizdə, turizm şirkətlərində biz bu bərabərliyə rast gələ bilərik”.
Ölkəmizdəki yerli turizm şirkətlərinin bələdçilərlə işləmə qaydasına gəlincə, onlar da təbii ki, ilk növbədə peşəkarlığa üstünlük verirlər. Bu təkcə turistlərin cəlbində deyil, həmçinin ölkə haqqında məlumatların verilməsində mühüm amildir.
«Luna Travel» Turzim Agentliyinin direktoru Rəhman Quliyevin fikrincə, bələdçi mükəmməl biliyə sahib olan mütəxəssisdir: "Bələdçi ən azı iki dil bilməli, ölkənin tarixi, coğrafiyası haqqında mükəmməl məlumata, səlis nitq qabiliyyəti, həmçinin siyasi biliyə malik olmalıdır. Bunlar bələdçinin peşəkar kimi formalaşması üçün vacib şərtlərdir. Çünki evə qonaq gəldikdə, onu ilk qarşılayan bələdçi olur. Qonaq hansı tərzdə qarşılanırsa, özünü o evdə necə aparacağı bu münasibətdən asılıdır. Yəni qonaqda ab-hava elə yaranır. Azərbaycan bizim ailəmizdir. Ölkəyə gələn turistləri yaxşı qarşılamaq üçün bu kriteriyalara cavab verməliyik. Ölkəmizə gələn turist yaxşı təəssüratla geri qayıdarsa, o yenidən Azərbaycana gələcək. Həmçinin o öz ətrafındakı insanlarla Azərbaycan haqqında yaxşı təəssüratları bölüşəcək. Bu isə ölkəmizə daha çox turistin cəlb olunması deməkdir. Bu sahədə çalışmaq peşəkarlıq tələb edir. Biz də bu baxımdan çalışırıq ki, hazırlıqlı kadrlarla işləyək”.
Turizmçinin fikrincə, bələdçi eyni zamanda vətənpərvər olmalıdır: "Bu gün Azərbaycanda turistləri qarşılamaq üçün kifayət qədər bələdçilərimiz yoxdur. Təəssüf ki, bəzi turistləri taksi sürücüləri qarşılayır. Onlar bəzən özlərini turizm şirkətlərinin əməkdaşları kimi qələmə verirlər. Onlar turistləri rayonlara aparır, şəhərdə gəzdirir, məlumatsız olduqlarından ölkə haqqında yanlış məlumatlar verirlər. Dövlət Turizm Agentliyi bu istiqamətdə böyük işlər görür. Artıq "Turizm Reyestrinin Aparılma Qaydası” təsdiqlənib. Vahid mənbəyə daxil ediləcək turizm şirkətləri, otellər, eyni zamanda, sertifikatlı bələdçilər bu siyahıda cəmlənəcək. Hesab edirəm ki, bu sahədə qaydalar təkmilləşdikcə, tədricən bu cür neqativ hallar da aradan qaldırılacaq”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər