• cümə, 19 Aprel, 12:14
  • Baku Bakı 25°C

Gələn il “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi qeyd olunacaq

08.08.16 07:21 1367
Gələn il “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi qeyd olunacaq
Gələn il "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi qeyd olunacaq.
"Azərsu” ASC-nin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, 2017-ci ildə "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 ili tamam olur. Bakı şəhərinin inkişafına müstəsna töhfələr verən bu layihə Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisə, böyük nailiyyət sayılır. "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyinin geniş qeyd olunması ilə əlaqədar "Azərsu” ASC sədrinin əmri ilə Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planına əsasən, 2017-ci il martın 16-da "Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Şollar - unikal su qurğusu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda "Şollar su kəməri – dayanıqlı və etibarlı su təchizatı sistemi”, "Qədim, tarixi su qurğuları”, "Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, "İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək. Konfransda elm və təhsil müəssisələrinin tələbə, magistr və aspirantları, alim və mütəxəssisləri iştirak edə bilərlər. Konfransa elmi məqalə təqdim olunması ilə bağlı ətraflı məlumat www.azersu.az saytında yerləşdirilib: (http://azersu.az/143-%C5%9Eollar+100).
Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan Şollar-Bakı su kəməri paytaxtın içməli su təchizatı üçün çəkilmiş ilk magistral su xəttidir. XIX əsrin sonları və XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar Bakı şəhərinin sürətlə böyüməsi, əhali artımı Abşeron yarımadasını daha etibarlı və məhsuldar mənbə hesabına su ilə təmin etmək zərurəti yaradıb. Uzun müzakirələrdən sonra su mənbəyi kimi Xaçmaz rayonu Şollar kəndi yaxınlığındakı yeraltı sulardan istifadə olunması qərara alınıb.
İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında 1903-cü ildə 187 kilometr uzunluğunda Şollar-Bakı su kəmərinin tikintisinə başlanılıb. Kəmərin tikintisində yaranan fasilələr səbəbindən "Şollar” suyu Bakı əhalisinə 14 il sonra - 1917-ci ildə çatdırılıb. Bu layihənin həyata keçirilməsində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük dəstəyi olub.
Şollar-Bakı su kəməri artezian üsulu ilə qazılmış 24 quyunun, eləcə də lay və bulaq sularından qidalanır. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.
banner

Oxşar Xəbərlər