• cümə, 19 Aprel, 04:57
  • Baku Bakı 18°C

Gələn il ipoteka bazarı genişlənə bilərmi?

07.12.16 14:16 1588
Gələn il ipoteka bazarı genişlənə bilərmi?
Bu il ipoteka kreditləşməsi istiqamətində aktivlik müşahidə edilmədi. Son aylar isə demək olar ki, kreditlər dayandırılmışdı. Amma "Azərbaycan İpoteka Fondu" ASC-nin saytındakı məlumata əsasən, ötən ay 3,19 milyon manat həcmində 52 ipoteka krediti verilib. Yəni artıq ipoteka kreditləşməsi bərpa edilib. Bəs növbəti il üçün gözləntilər nələrdir? Gələn il ipoteka bazarı genişlənə bilərmi?
İqtisadçı alim Vüqar Bayramov "Kaspi”yə açıqlamasında bildirdi ki, 2016-cı il ipoteka kreditləşməsi baxımından elə də yaddaqalan il olmadı: "İpoteka kreditləşməsində problemlərin olması reallıqda bu kreditləşmənin dayandırılması kimi yadda qaldı. 2016-cı ildə bunların baş verməsi həm də İpoteka Fondunun statusunun dəyişilməsiylə bağlıydı. İpoteka Fondu artıq Mərkəzi Bankın nəzdində deyil, ayrıca cəmiyyət kimi fəaliyyətə başladı. Bu da 2016-cı ildə ipoteka kreditləşməsində fasilənin yaranmasına səbəb oldu”.
Fond tərəfindən ötən ay verilən ipoteka kreditləşməsi üçün vəsaitin haradan əldə edilməsinə gəlincə, iqtisadçı dedi ki, fond əvvəlki dövrlərdə verdiyi kreditlər üçün faiz ödənişləri cəlb edir. Büdcədən vəsait ayrılmasa belə, əvvəlki illərdə verilmiş kreditlərə görə ödəniş əsasında fondun kredit təklif etmək imkanı var.
V.Bayramov deyir ki, 2017-ci ildə sosial ipoteka kreditlərinə ən azı 50 milyon ayrılacaq. Nəticədə ilkin qiymətləndirilmələrə görə, 120 milyon manatdan artıq vəsait bazara daxil olacaq. Amma bu vəsaitin daha çox olması da güman edilir. Bu birbaşa İpoteka Fondunun istiqrazlarını hansı səviyyədə yerləşdirməsindən, büdcədənkənar mənbələri necə cəlb etməsindən asılı olacaq: "2017-ci il üçün həm də ipoteka kreditlərinin məbləği artırılaraq 100 milyon manata çatdırılıb. Bu da son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri idi. Məbləğin artırılmasına ehtiyac varıydı”.
İqtisadçı hesab edir ki, 2017-ci il ipoteka kreditlərində dəyişikliklərin tətbiq edilməsi ilə yadda qalacaq: "Artıq elektron ipoteka portalı aktivdir. Vətəndaşlar bu portaldan istifadə etməklə ipoteka kreditləri ilə bağlı müraciət edə bilərlər. 2017-ci ilin ipoteka kreditləşməsi bir neçə fərqli xüsusiyyətlərə malik olacaq. Əvvəla, sənədlərin sayı kəskin azalıb. Əvvəllər 18 sənəd tələb olunurdusa, elektron ipoteka sisteminin tətbiqi az sayda sənədlə müraciət imkanı verir. İş yerindən arayışa ehtiyac yoxdur, dövlət qurumları elektron sistemdə məlumatı bölüşəcək, banklarla bağlı məlumata ehtiyac yoxdur. Digər bir çox sənədlər elektron olaraq bölüşüləcək. Vətəndaş elektron olaraq hansı banka müraciət etmək istədiyini seçəcək və banka sistem tərəfindən müraciət ünvanlanacaq. Əvvəlki dövrdə bəzi bankların vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etməsi halları vayırdı. Bu da ipoteka kreditləşməsinə mənfi təsir göstərirdi. Elektron sistem bu problemlərin aradan qaldırılmasına yardım edə bilər. Digər tərəfdən, 2017-ci ildə sosial ipotekanın sosial mənzilə - "uyğun qiymətə mənzil”ə yönəldilməsi nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, "uyğun qiymətə mənzil” alanlar sosial ipoteka almaq imkanı olan kateqoriyadır. Həmin vəsaitlərin sosial ipoteka vasitəsilə təqdim edilməsi nəzərdə tutulub. Nəticədə sosial ipoteka almağa imkanı olanlar "uyğun qiymətə mənzil” - sosial mənzil alaraq mənzil problemlərini həll etməyə nail olacaqlar”.
V.Bayramov bildirdi ki, bütün bu dəyişikliklərlə yanaşı, 2017-ci ilin ən böyük problemi İpoteka Fondunun büdcədənkənar maliyyə cəlb etməsi ilə bağlı olacaq: "Çünki manat ifadəsilə faizlər yüksəkdir, banklar depozitlərə görə yüksək faizlər təklif edirlər, manatın məzənnəsi dollara nisbətdə aşağı düşür. Bu konteksdən, İpoteka Fondunun aşağı faizli istiqrazlarına maraq azalacaq. Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 8 olduğu üçün İpoteka Fondu istiqrazlarını aşağı faizlə yerləşdirməyə məcburdur. Ona görə də əsas problem ipoteka istiqrazlarının aşağı faizlə satılmasında olacaq. Daha məqsədəuyğundur ki, fond beynəlxalq maliyyə qurumlarından, sığorta şirkətləri və digər institutların, investorların vəsaitlərini cəlb etsin. Beynəlxaq maliyyə qurumlarından vəsaitlərin cəlb edilməsi istiqamətində fəaliyyətin genişləndirilməsinə ehtiyac var. Bu, İpoteka Fondunun büdcədənkənar maliyyə mənbəyi kimi daha çox vəsait təklif etməsinə imkan yarada bilər. Güman olunur ki, büdcədən ayırmalarda problem olmayacaq. Əsas problem fondun büdcədənkənar mənbələrdən vəsait cəlb etməsi ilə bağlı ola bilər”.
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirdi ki, ipoteka kreditləşməsinə gələn il üçün iki mənbədən vəsait cəlb edilməsi gözlənilir: "Birincisi, İpoteka Fondu 50 milyon manat istiqraz yerləşdirilməsi haqda artıq elan edib. Bildiyimə görə, hələ istiqrazların yerləşdirilməsi həyata keçirilməyib. Bu vəsaitlər ipoteka kreditləşməsi proqramı üzrə adi ipoteka kreditlərinin verilməsinə yönəldiləcək. Həmin kreditlər 8 faizlə verilir. İstisna etmək olmaz ki, fond 2017-ci ildə yenə istiqraz satışı həyata keçirsin. Ancaq əvvəl də qeyd etmişəm ki, fond üçün vəsaitləri bu formada cəlb etmək çox çətin olacaq. Çünki cəlbedici faiz dərəcəsi ilə pul yerləşdirilməsi hazırda problemdir.
İkinci pul mənbəsi isə dövlət büdcəsindən ayrılacaq vəsaitlərdi. Tam dəqiq olmasa da, söhbət 100 milyon manatdan gedirdi. Bu vəsaitlər güzəştli ipoteka kreditlərinin verilməsinə yönəldiləcək. Ancaq dövlət büdcəsindən hansısa vəsaitin ayrılmasının nəzərdə tutulması hələ o demək deyil ki, mütləq o vəsait ayrılacaq. O cümlədən İpoteka Fondunun istiqrazlar vasitəsilə cəlb edəcəyi vəsaitlər haqqında da məsələ sual altındadır. Çox güman ki, hər iki istiqamət üzrə cəlb olunacaq məbləğ ən azı 100 milyon manat olacaq. Amma vəsaitin həcmi çox da ola bilər”.
R.Əliyev bildirdi ki, ipoteka ilə bağlı hazırda əsas problem vəsaitin cəlb olunması ilə əlaqədardır: "Əgər maliyyə olsa, kreditləşmə işi aparılsa, tələbat istənilən halda olacaq. Çünki şərtlər müəyyən qədər yüngülləşdirilib. İstənilən halda, ipoteka kreditlərinin sayı o qədər çox deyil. Ona görə də bu kreditləri almaq istəyən həmişə tapılır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər