• çərşənbə axşamı, 23 aprel, 17:38
  • Baku Bakı 24°C

Gələn il Bakıda "Rəqəmsal bankçılıq və təhlükəsizlik" adlı konfrans keçiriləcək

08.11.17 10:40 670
Gələn il Bakıda "Rəqəmsal bankçılıq və təhlükəsizlik" adlı konfrans keçiriləcək
2018-ci ilin aprel ayında Bakıda MDB və regional bankların iştirakı ilə "Rəqəmsal bankçılıq və təhlükəsizlik" adlı konfrans keçiriləcək.
AZƏRTACxəbər verir ki, konfransda Azərbaycanın bank sistemində bu istiqamətdə həyata keçirilmiş tədbirlər və cari vəziyyət yerli bank və maliyyə qurumlarının rəhbərləri tərəfindən geniş müzakirə olunacaq. Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal "nou-hau", xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.
Konfransda rəqəmsal bankçılıq, ona keçid və gələcək imkanları haqqında "Denizbank" (Sberbank), İBM, TEB-BNP Paribas (Türkiyə Ekonomi Bankası), "UBİQ innovations", "KüveytTürk" və başqa bankların məsul şəxslərinin çıxışları olacaq, kibertəhlükəsizlik, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi sahəsində müasir tədbirləri barədə ORACLE maliyyə xidmətləri, "Microsoft", "Paypal", "İntertech" (Sberbank), "KOD-A", "Fit Solutions", "Kasperski" laboratoriyaları və s. şirkətlərdən olan spikerlərin çıxışları dinləniləcək. Çıxışlar "dəyirmi masa" müzakirələri və iştirakçıların suallarına cavablar şəklində tamamlanacaq.
Konfransda Azərbaycan bank və maliyyə qurumlarının rəhbərləri ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Qırğızıstan mərkəzi bankları nümayəndələrinin, MDB və Avropa ölkələri banklarının rəhbər heyətinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.
Tədbir Türkiyənin bank innovasiyaları üzrə lideri Denizbank (Sberbank), VİSA, Intertech (Sberbank) və dünyanın nüfuzlu kibertəhlükəsizlik və antivirus şirkətlərindən biri hesab olunan "Kasperski Laboratoriyası" şirkətlərinin dəstəyi və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.
Belə bir regional maliyyə tədbirinin məhz Azərbaycanda keçirilməsi qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatların nəticəsidir. Maliyyə sektorunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması Azərbaycanı regionun maliyyə mərkəzinə çevirəcək strategiyanı mümkün edir.
Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.
banner

Oxşar Xəbərlər