• çərşənbə axşamı, 19 mart, 15:28
  • Baku Bakı 8°C

Gecikmiş yazı

15.05.17 11:06 4520
Gecikmiş yazı
Ötən həftə dostlarla asudə vaxtı səmərəli keçirmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında uzun müddətdir ki, yer alan "Hasarın o üzü” tamaşasını izləməyə yollandıq. 21 dekabr 2013-cü il tarixdə premyerası gerçəkləşən tamaşa haqqında nə üçün belə gec yazdığımı da sual edəcəksiniz. Tamaşa repertuara daxil edilən ərəfələrdə zaman qıtlığından onu izləmək şansım olmamışdı. Düşünürdüm ki, üzərindən çox vaxt keçdiyi üçün tamaşa haqqında yazı yazmaq bir qədər etik çıxmaz. Ancaq tamaşanı izləyərkən qazandığım təəssüratlar məni bu tamaşa haqqında yazmağa məcbur etdi.
"Hasarın o üzü”-ndən baxanda bu üzündə gördüklərimiz
Nədənsə məndə elə təsəvvür yaranmışdı ki, sözügedən tamaşada acı talelərdən, qəmli hadisələrdən, ölümlə nəticələnən fəryadlardan bəhs ediləcək. Lakin tamaşanın süjet xətti mənim düşündüyüm kimi olmadı. Hətta rejissor əsərdə o qədər maraqlı nüansları tutub, ona səhnə həlli vermişdi ki, tamaşanın birinci hissəsində zaldan gülüş sədaları əksilmirdi.
İlk olaraq onu qeyd edim ki, təkcə teatrın ştatında olan aktyorlarla deyil, eyni zamanda, digər teatrların aktyorları ilə işlədiyi üçün Gənc Tamaşaçılar Teatrına alqış düşür. Bu, çox sevindirici haldır. Teatrın müxtəlif aktyorlarla əməkdaşlıq etməsi tamaşaçılar tərəfindən də müsbət qarşılanır.
Sonuncu dəfə Gənc Tamaşaçılar Teatrında "Müharibə” tamaşasını izlədikdən sonra anlamışdım ki, səhnədə 4-5 nəfərin ifası ilə möhtəşəm tamaşa hazırlamaq mümkündür. Bu dəfə də bunun şahidi oldum. Belə ki, 4 nəfər aktyor heyətinin iştirakı ilə möhtəşəm bir tamaşanın şahidinə çevrildim. Teatr camesinin bir sözü var: Deyirlər ki, tamaşa çox oynanıldıqca oturuşur, obrazlar, mizanlar öz yerini tapır. Deyəsən, mənim gəlişim tamaşanın lap "bişmiş”, "yetişmiş” dövrünə təsadüf etmişdi. Tamaşanı izləyərək özümü qınayırdım ki, indiyə qədər nə üçün bu tamaşaya baxmamışam.
Tamaşanı analiz etməmişdən əvvəl onu da diqqətinizə çatdırım ki, "Hasarın o üzü”nün quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova (Zərif) və Asya Atakisiyeva (Şəbnəm) ifa edirdilər.
İşıqlar söndü, səhnədən namaz sədaları eşidildi....
Diqqətimi çəkən digər bir məqam isə tamaşa başlamazdan öncə əsərin müəllifi Əli Əmirlinin zala daxil olaraq kənar oturacaqların birində əyləşməsi oldu. Tamaşa zamanı ara-sıra onu müşahidə edirdim. Müəllif tamaşanı diqqətlə izləyir, tez-tez üz mimikaları dəyişirdi. O, hərdən gülür, hərdən isə aktyorların hansısa jestinə görə onları alqışlayırdı da.
Beləliklə, tamaşa Həmidə Ömərovanın canlandırdığı Humay obrazının namaz qılması ilə başlayır. Onun həyat yoldaşı Qərib həkim otağa daxil olur. Həyat yoldaşının namaz qılmasından şikayətlənən Qərib həkimin dili ilə evdə baş verən hadisələr tamaşaçılara çatdırılır. Qapıda rastlaşdığı atasını saymayıb sürətlə onun yanından ötüb keçən qızı Zərifə şikayətlənən həkim hirsini xanımın üzərinə tökür. Çox tanınmış və peşəkar həkim olan Qərib obrazı şən, mehriban və mülayim insan təsiri bağışlayır. Ancaq nə fayda ki, onun daxilində Allaha inam, Allah sevgisi yoxdur. Dinə çox bağlı olan Humay xanım həyat yoldaşının hər nə qədər fikrini dəyişdirməyə çalışsa da o buna nail ola bilmir. Hə kəsə örnək olan Humay xanımın ailəsində vəziyyət heç də ürəkaçıcı deyil. Belə ki, ailənin yeganə övladı yaşlı kişi ilə eşq macərası yaşayır. Ana bundan xəbər tutsa da o öz qızı Zərifə təsir edə bilmir. Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən səhnə əsəri olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Qərib həkim kimsəsizlər evindən çıxmış Şəbnəm adlı qızı əməliyyat etməklə ona yardım göstərir. Humay xanımın inadı sayəsində onu evlərinə gətirirlər. Humay xanım qızı dinə gətirir, dua və nəvazişlə o ölümdən xilas olur. "Hasarın o üzü” obrazlı adı ilə hazırlanan tamaşada əslində Ali Qüdrətin insanlardan tələb etdiyi mənəvi saflıq, insanpərvərlik kimi gözəl bəşəri duyğular tərənnüm olunur. Allaha tapınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir.
Namazla başlayan tamaşa...namazla da bitir...
Tamaşanın musiqi dramatirgiyası, işıq effektləri diqqəti cəlb edir. Belə bir fonda gözəl aktyor ifası hər şeyi tamamlayır. Səhnədə yalnız istifadə olunan masa, stol və səhnənin kənarlarında qapıya bənzəyən divarlar qurulmuşdu. Sadə dekorlarla bəzədilən səhnəni yalnız 4 aktyorun oyunu tamamlayırdı.
Tamaşada bir an belə olsun seyrçi sıxılmırdı. Rollarının öhdəsindən ustalıqla gələn Nurəddin Mehdixanlı ilə, Həmidə Ömərova tamaşaçıların diqqətini özlərinə cəm edirdilər. Zərif obrazını canlandıran aktrisa Günel Məmmədova ərköyün qız övladı rolunun öhdəsindən peşəkarcasına gəlirdi. Tamaşanın ikinci hissəsində gözüyaşlı qalan Zərifin makiyajı axır, üzü gülmür. Amma nədənsə tamaşa boyu qızların geyimləri dəyişmir. Zərif ərköyün qız olarkən də, hamilə qadın rolunu oynayarkən də eyni geyimdə səhnəyə çıxır. Tamaşanın ikinci hissəsində göz yaşları üzündən əksik olmayan aktrisanın üzü yalnız tamaşanın finalında, nişanlısı ona sevgisinin rəmzi olan qızıl gül təqdim etdikdən sonra gülür.
Beynində problem yaranan xəstə qız rolunu canlandıran Asya Atakişeyva da obrazının öhdəsindən layiqincə gəlir. Sakit təbiətli, taleyi ilə barışan bir obraz olan Şəbnəmin dinə inancı onu ölümdən xilas edir. Səhnə boyu başı sarğılı gəzən aktrisa hər zaman ailəsini yuxusunda görür. İlahi bir varlığın onunla danışdığını deyir.
Qərib həkimin evində iki böyük əks qütb yaranır – biri dinə, Allaha inanan Humay xanımla, Şəbnəm, digər tərəfdə isə Allahı tanımayan, onu inkar edən, dini lağ obyektinə çevirən Qərib həkimlə, onun qızı Zərif. Nəticədə, ailə qurmadığı halda bir kişidən hamilə qalan Zərif çarəsiz şəkildə özünə qapılır. Qərib həkim isə bunu biləndən sonra beynində xərçəng əmələ gəlir və xəstəlikdən əziyyət çəkir. Tamaşanın sonunda Qərib həkim Şəbnəmi anlayır və Allahım mövcudluğuna inanır. Humay xanımın namazı ilə başlayan tamaşa Qərib həkimin namaz qılması ilə başa çatır.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər