• şənbə, 20 Aprel, 06:09
  • Baku Bakı 14°C

Gecələr təbim gəlir... – Şou-biznes

19.05.14 09:57 5215
Gecələr təbim gəlir... – Şou-biznes
Deyirlər niyyətin haradırsa, mənzilin də oradır. Bir insan hansısa sahəyə yiyələnməyi daha çox istəyirsə və bunun üçün fədəkarlıq göstərirsə, istəyinə mütləq nail olur. Doğrudan da bu belədir. Buna müsahibimizlə danışarkən daha çox əmin olduq.
Ötən gün Filarmoniyanın gənc solisti Nəzrin Hacıqızı “Gənclik qəzeti”nin qonağı oldu. Uzun müddətdir ki, xanəndəlik sənətinin sirlərini öyrənən ifaçı öz yaradıcılıq yolunda dəyişiklik edərək estrada janrına üz tutub. İfaçı pop üslubda ifa etdiyi “Yaralı” klipini tamaşaçılara təqdim edib.
Klipdə fərqli görünən Nəzrin estrada ifaçısı olmağı uşaqlıqdan arzuladığını deyir.
Onu da deyək ki, 22 yaşlı Nəzrin Bakıda anadan olub. Süleyman Ələsgərov adına 1 saylı incəsənət məktəbinin həm fortepiano, həm də xanəndəlik şöbəsini bitirdikdən sonra Musiqi Kollecinin fortepiano şöbəsini əla qiymətlərlə başa vurub. Hazırda Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
“Bu mahnı mənim olmalıdır”
- Şou-biznesdə ilk addımınızı atmaq üçün nədən məhz “Yaralı” mahnısına müraciət etdiniz?

- İlk növbədə mahnının sözləri çox mənalıdır. Mahnını birinci dəfə dinləyəndə ürəyimə çox yatdı. Özlüyümdə dedim ki, bu mahnı mənim olmalıdır. Həm də bizim şou aləmində bu mövzuya kifayət qədər də müraciət olunmayıb. “Yaralı” deyəndə avtomatik olaraq göz qabağına lirik mahnı gəlir. Ancaq bu mahnı bir az fərqlidir. Bəlkə də məhz ona görə bu mahnıya müraciət etdim.
- Olmaya kimsə sizin qəlbinizi yaralayıb, bu mahnını belə ürəklə ifa edirsiniz?
- 22 yaşım var və bu yaşıma qədər həyatımda qaranlıq olan heç bir şey olmayıb. Mahnını dinləyənlər isə söyləyir ki, sanki mahnında kiməsə müraciət edirsən, sözlərini məhz o insana ünvanlayaraq söyləyirsən. Qətiyyən belə bir şey yoxdur. Ümumiyyətlə, səsimin tembri elədir ki, pop mahnıları mənim ifamda daha yaxşı alınır. Ona görə də bu janra müraciət etdim.
- Yaradıcılığınıza nə üçün muğam ifaçısı kimi deyil, estrada ifaçısı kimi davam etmək niyyətindəsiniz?

- Mən Arif Babayevdən xanəndəlik dərsləri almışam, həm də Filarmoniyanın solistiyəm. Filarmoniyanın səhnəsində xalq janrından istifadə edirəm, bu mənim işimdir. Orada orkestrlə, rəqs ansamblı ilə çıxışlarım olur. Biz orada həm Azərbaycan milli rəqslərini göstərir, həm də milli mahnılarımızı ifa edirik. Ancaq mənim istəklərim tamam başqadır. Yəni efirdə mənim göstərmək istədiyim başqa bir Nəzrindir. Klipdə gördüyünüz Nəzrin mənim iç dünyamdan xəbər verən qızdır. Bəlkə də bu obraz məndə ona görə daha yaxşı alınıb.
Daim yenilik axtarışında...

- İfanızdakı janr dəyişkənliyinin əsas səbəbi nədir?

- Pop janrı mənə çox yaxındır. Fikirləşdim ki, səs imkanlarım bu janrda mahnı ifa etmək üçün mənə imkan verir. Elə xanəndələr var ki, pop janrında mahnılar oxuyanda elə də yaxşı görünmür. Mənim pop janrında ifamı dinləyən insanlar deyə bilməzlər ki, bu qız xanəndəliyi bitirib. Bu qəti şəkildə mənim ifamda özünü büruzə vermir. Yalnız peşəkarlar mahnını diqqətlə dinlədikdə orada muğam çalarlarını hiss edə bilirlər. Ola bilər ki, gələcəkdə hansısa bir pop mahnıya muğam çalarları əlavə edim. Pop janrından daha çox istifadə edəcəm. Efirdə pop ifaçısı kimi tanınmaq istəyirəm. Daim yenilik, təkrar olunmamış üslublar axtarıram. Mən şou aləmində yeni addımlarımı atıram. Bu klipimlə görürəm ki, insanları maraqlandırıram. Çünki təqdim etdiyim klipdəki ssenari təkrarsızdır. Orada təkrar bir şey etsəydim, bəlkə də nə mənə, nə də mahnıma fikir verən olmayacaqdı.
- Filarmoniya səhnəsi ilə şou-biznes səhnəsi arasında fərqlər hansılardır? Özünüzü harada daha rahat hiss edirsiniz?

- Bunların arasında yerlə göy qədər fərq var. Filarmoniyada məhz Mahnı və Rəqs ansamblında milli janrda çıxışlar edirəm. Klipimdə isə tamamilə bunun əksini etmişəm. Ancaq heç zaman filarmoniya səhnəsini qoyub şou-biznesi seçmərəm. Allahın köməkliyi ilə, ikisini də eyni vaxtda yüksək səviyyədə davam etdirəcəm. İkisi də mənə çox doğmadır. Pop ona görə mənə doğmadır ki, bu mənim istədiyim janrdır. Elə uşaqlıqdan da estrada janrına daha çox meyl göstərirdim. Bu mənim uşaqlıq arzumdur desəm heç də yanılmaram.
İlk dinləyicisi qonşulardır
- Şou-biznes aləminə daxil olmağa hazırsınızmı?

- Onu deyim ki, şou aləminə yeni qədəm qoyuramsa bu o demək deyil ki, kiməsə söz atacam və ya qalmaqal yaradacam. Mən hər zaman öz işimlə məşğul olmuşam. Kənardakı insanların atmacalarına elə də önəm vermirəm. Bundan sonra da belə olacaq.
- Nəzrin Hacıqızının şou aləminə gəlişi ilə Azərbaycan səhnəsində hansı yeniliklərin şahidi olacağıq?

- Gəlişimlə Azərbaycan səhnəsində tam yeni bir ifaçı olacaq. Zaman keçdikcə bu sözümün şahidi olacaqsınız.
- Maraqlıdır, şou-biznes səhnəsinə gəlişiniz valideynlərinizin etirazına səbəb oldumu? Onların bu fikrinizə reaksiyası necə oldu?

- İlk növbədə insanı xoşbəxt edən mənəvi dəstəkdir. Məni xoşbəxt edən valideynlərimin mənə mənəvi dəstək olmasıdır. Həyatda bundan gözəl heç bir şey yoxdur. Valideynlərim mənə hər zaman dəstək olublar. Bundan sonra da dəstək olacaqlar. Onlardan başqa mənə ikinci dəstək olan insan Hatəm Nəbioğludur.
- İlk dinləyicilərini valideynlərin hesab etmək olarmı?
- Hər şeyi ilk növbədə valideynlərimlə paylaşıram. Oxuyacağım mahnını onlara zümzümə edirəm. Ancaq bir mahnını başdan axıra heç vaxt onların yanında oxumamışam. Təklikdə oxumaq mənə daha çox xoş gəlir. Onlardan məsləhət alıram. Ümumiyyətlə, uşaqlıqdan hər zaman evdən çıxan kimi mahnı oxuyuram və qonşular anam gələndə deyirdilər ki, Nəzrin yenə başlamışdı oxumağa (gülürük). Yəni mənim ilk dinləyicilərim qonşularımız olur. Ən çox gecələr təbim gəlir. Təb gəldisə onu saxlamaq mümkün deyil.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər