AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gecələr gözətçi işləyir, səhərlər dərsə gedirdim – Mən gənc olarkən

Gecələr gözətçi işləyir, səhərlər dərsə gedirdim – Mən gənc olarkən

Gənclik qəzeti
11 Mart 2014, 10:13 1866
“Mən atamla, oğlum mənimlə razılaşmır”

Rubrikamızın bu dəfəki qonağı 11-ci ildir Milli Televiziya və Radio Şurasının sədri olan Nuşirəvan Məhərrəmlidir. Nuşirəvan Məhərrəmli ilə birlikdə onun gənclik illərinə ekskurs etdik
.
O, İmişli rayonunun Muradxalı kəndində anadan olub. Uşaqlığı da sözügedən kənddə keçib. Atası kolxozda müxtəlif vəzifələrdə – mühasib, baş mühasib, aqronom, baş aqronom, təftiş komissiyasının sədri, partiya komitəsinin sədri və s. vəzifələrdə çalışıb. Buna görə də uşaq vaxtı elə bir ciddi sıxıntıları olmayıb. Atası müxtəlif vəzifələrdə olmasına baxmayaraq ailələrindəki 7 uşağın hamısı digər uşaqlar kimi kolxozun taxıl briqadalarında işləyib, hətta pambıq da yığıblar. Orta məktəbdə qiymətləri həmişə əla olduğundan şəkilləri şərəf lövhəsindən düşməyib. Hətta bütün fənləri əla oxuduğuna görə məktəblərini təmsil etmək üçün tez-tez rayon mərkəzində olimpiadalarda iştirak edib.

Atasına görə hüquqşünas ola bilmir

İxtisas seçiminə gəlincə, N.Məhərrəmli deyir ki, ədalət çarçısı olmaq, cəmiyyətdəki nöqsanları aradan qaldırmaq, ədaləti müdafiə etmək üçün daha çox hüquq-mühafizə orqanlarında çalışmaq, prokuror olmağı arzulayıb. Amma həmin vaxt çıxan yeni qərara görə, hüquq fakültəsinə yalnız fəhlə və kolxozçuların övladlarının sənəd vermə şansı olduğundan baş mühasibin oğlu kənarda qalır: “Atam deyirdi ki, mənə görə sən istədiyin ixtisasasa qəbul ola bilmədin. Düzdür, hərbi xidmətdən sonra atam artıq baş mühasib olmadığına görə sənədlərimi hüquqa verdim, amma kənd məktəbində xarici dili zəif öyrətdiklərinə görə müsabiqədən keçmədim. Beləliklə, tale məni indiki Bakı Dövlət Universitetinin Hüquq yox, Tarix fakültəsinə gətirib çıxartdı”.

17 yaşında ilk dəfə Bakıya sənəd verərkən gələn N.Məhərrəmli qatarda ayaq üstə özünə güclə yer edib düz 6 saat yol gəlir. Tarix fakültəsində üç il oxuyandan sonra həmsöhbətimizin Moskvada təhsilini davam etdirməsi üçün şans yaranır: “Orta məktəbdə olduğu kimi, universitetdə də çox yaxşı oxuyurdum, həmişə şəklim şərəf lövhəsində olardı. Hər il Bakı Dövlət Universitetinin Tarix fakültəsindən milli kadr kimi 3 nəfər tələbənin Moskva universitetinə göndərilməsi məni də cəlb etdi və bu şansı dəyərləndirmək istədim. O dövrdə belə bir qərar çıxdı ki, əsgərliyə getməyənlərin hamısı oxuduğu müddətdə hərbi xidmətə yollanacaqlar. Mən də hərbi xidməti başa vurduğumdan şansım daha da artdı. O qərar çıxmasaydı, yəqin ki, başqa vasitələrlə getməyə imkanı olanlar Moskvada oxuyacaqdı”.

Müəllim özündənrazı tələbəni bəyənmir

Bakı Dövlət Universitetində oxuduğu dövrlərdən danışan həmsöhbətimiz tələbə olmamışdan əvvəl hərbi xidmətdə artıq bərkdən-boşdan çıxdığını bildirdi: “Buna görə də biz həyatı orta məktəbi qurtaranlara nisbətən daha fərqli görürdük. Anlayırdıq ki, buraya oxumaq üçün gəlmişik və əsas məqsədimiz oxumaqdır. Yaşımızdan irəli gələn özünəinama görə müəllimlərdən qətiyyən qorxmazdıq. Bizim qrup çox fəal idi və oxuyan uşaqlar daim bir-birləri ilə yarışırdılar”.

Müəllimləri ilə arada münaqişəyə girən N.Məhərrəmli tələbə olarkən başına gələn əhvalatı da bizimlə bölüşdü: “İkinci kursda Seyfəddin Qəndilov Kommunist Partiyasının tarixindən mühazirə oxuyurdu. Həmin fəndən seminar müəllimimiz Xaqani müəllim idi. Mən də özümə çox arxayın olduğumdan imtahanda bileti çəkən kimi cavab vermək istədiyimi dedim. Özümə arxayın olmağım Seyfəddin müəllimə xoş getmədi və dedi ki, arxada oturub gözləyim. Gözlədim və gördüm, müəllimdən səs çıxmır, bir də cavab vermək istədiyimi bildirdim. Üstəlik, yay olduğundan istidən otaqda durmaq mümkün deyildi və mən icazəsiz pəncərəni açdım. Bu hərəkətim də Seyfəddin müəllimin xoşuna gəlmədi və onunla bir az mübahisə etdik. Nəticədə ilk “4”-ü mənə o, verdi. Seminar müəllimimiz də orada idi və seminarlarda həmişə əla cavab verdiyimə görə çox pərt oldu. Buna görə ikinci semestrdə başqa qrupa dərs dedi. Mən də ikinci semestrdə sözügedən fəndən “5” aldım”.

N.Məhərrəmli «Siyasi iqtisad»dan dərs deyən müəllimi ilə də az qala əlbəyaxa döyüş həddinə çatır: “Bəzən haqsızlığı görəndə onu qəbul etmək çətin olurdu. Yaxşı oxumağıma baxmayaraq, Sabir müəllim siyasi iqtisaddan mənə “4”, məndən qat-qat aşağı səviyyədə oxuyanlara “5” yazırdı və bunlar gözümüzün qarşısında baş verirdi”.

Qrupun komsomol nümayəndəsi

Bakıya asanlıqla adaptasiya olan kənd uşağı Moskvaya adaptasiya olmaqda da çətinlik çəkmir. Çünki sözügedən universitetdə əvvəlki illərdə oxuyan azərbaycanlı tələbələrlə daim əlaqəsi olduğundan onlarla mütəmadi görüşürlər. Yalnız rus dilini təmiz bilmədiyinə görə ilk vaxtlar əziyyət çəkir: “İlk vaxtlar seminarlarda çıxış etmək mənim üçün çətin idi. Bu, daha çox utancaqlıqdan irəli gəlirdi. Düşünürdüm ki, birdən danışanda səhvə yol verərəm, qrup yoldaşlarm mənə gülər. Amma sonrakı mərhələlərdə bu kompleksim aradan qalxdı və universiteti qırmızı diplomla qurtardım. Təkcə mən deyil, qrup yoldaşım, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da universiteti qırmızı diplomla bitirdi. Hətta mən fəallığıma görə qrupumuzun komsomol nümayəndəsi seçildim”.

“Babulya” evi mənim adıma keçirdi

Moskvada ev tutaraq rus “babulya”sı ilə birgə qalan həmsöhbətimiz yemək-içmək problem yaşamayıb: “O, mənə bir nənə kimi baxırdı və yemək-içməyimi hazırlayır, təmizlik işlərini edirdi. Bu münasibət qarşılıqlı olduğu üçün mən 1992-ci ilə qədər orada yaşadım. Hətta elə mən tələbəykən o, Azərbaycana gəlib bizdə qonaq oldu. “Babulya” məni o qədər çox istəyirdi ki, Moskvanın mərkəzindəki evini mənim adıma keçirdi. Amma mən sonradan fikirləşdim ki, onun qohumları var, sonra gəlib evə sahiblənmək istəyəcəklər, buna görə o evi istəmədim. Həm də düşündüm ki, mən öz qazanmadığım evdə necə qala bilərəm. Təhsilimi başa vurub qayıtdıqdan uzun müddət sonra yolum yenə Moskvaya düşdü və onun evinə getdim. Amma o yox idi. Hələ mən ordaykən 75 yaşı vardı, yəqin ki, Allahın rəhmətinə qovuşmuşdu”.

Moskvaya gedərkən əvvəlcə 15-16 gün yataqxanada qalan müsahibimiz deyir ki, onun əlindən yaxşı yemək bişirmək gəlmirmiş: “Ən dadlı yeməyi Əli Həsənov bişirirdi. Bütün tələbəlik illərimiz onunla birlikdə keçib. Bir qrupda, bir kafedrada olmuşuq, bakalavr pilləsindən sonra aspiranturaya da birgə qalmışıq. Bu baxımdan deyə bilərəm ki, Əli müəllimin gözəl əl qabiliyyəti vardı”.

Tələbəlik dövründə həmişə ehtiyatda pulunun olduğunu deyən N.Məhərrəmlinin sözlərinə görə, yaxşı təqaüd alırlarmış. Amma dostları Əli Həsənov və Aslan Xəlilovun oxuya-oxuya işlədiyini görüb müsahibimiz fikirləşir ki, “mən niyə işləməyim?”. Beləliklə, gecələr Kremlin düz yanında yerləşən Stomatoloji poliklinikada gözətçi kimi çalışır. Universitet tələbəsinin işləyib öz zəhməti ilə pul qazanmasını bəyənən poliklinikanın baş həkimi N.Məhərrəmliyə əlavə maddi dəstək üçün sanitar kimi də onu işə götürür. Sanitar kimi deyil, yalnız gözətçi kimi vəzifəsini yerinə yetən müsahibimiz sanitarın da maaşını alır. İşi rahat olduğuna görə elə işdəcə dərslərinə hazırlaşır.

Mən atamla, oğlum mənimlə razılaşmır

N.Məhərrəmli öz oğlunun timsalında gənc oxucularımıza öz məsləhətlərini verdi: “Mən də gənc olanda hər şeyin yaxşısını tez əldə etməyə çalışırdım, daha radikal idim, ətrafımdakı hadisələrə isti-isti, daha fərqli gözlə baxırdım. Araşdırmadan, təhlil etmədən hadisələr haqqında fikir yürüdürdüm. Amma illər öz işini gördükcə həyata fərqli baxırsan. Gəncləri hadisələrə dərindən diqqət etməyə çağırıram. “Həyatda hər şeyin öz vaxtı var” anlayışına fikir versinlər. Amma bu, o demək deyil ki, sən oturub gözləyəsən ki, nəsə olacaq. Bu yolu keçdiyim üçün bunları öz övladıma da deyirəm. Bəzən o mənimlə razılaşmır, necə ki, mən atamla razılaşmırdım. Özüm də bunu yaşadığım üçün bəzən üstündən keçib gedirəm. Bir də əsas odur ki, gəncliklərinin qədrini bilsinlər. Mən indi də Moskvada oxuduğum müddətdə vaxtım olduğu halda ingilis dilini dərindən öyrənmədiyimə təəssüflənirəm. İstərdim ki, gənclərimiz vaxtlarını boş-boş şeylərə sərf etməsinlər. Təbii ki, mənim “boş-boş” dediyim şeylər gənclər üçün boş deyil, onlar fərqli düşünürlər. Demirəm ki, bütün həyatlarını oxumağa, işləməyə sərf etsinlər, gəncliyi də yaşamaq lazımdır – amma vaxtdan səmərəli istifadə etmək şərtilə”.

Lalə MUSAQIZI