• cümə, 29 Mart, 12:30
  • Baku Bakı 14°C

Gecə səsləri...

10.02.20 11:07 4784
Gecə səsləri...
Həyat Allahın gördüyü yuxudur!
X.L.Borxes
Dünyadan çox sənətkarlar gəlib keçib, özünəməxsusluq qazananı da olub, itib batanı da, insanların ədəbi-mədəni, ictimai-fəlsəfi düşüncəsində qələmlərinin gücüylə iz buraxmağa çalışanları da. Bəziləri isə çalışmadan, eləcə ruhunun bir ucundan süzülənləri sözlərə çeviriblər. Və... belə sənətkarlardan biri də Argentinalı yazıçı X.L.Borxesdir. O məşhur "Ölümsüzlük” hekayəsində bir gün Ölümsüzlər Şəhərinin axtarışına çıxdığını yazaraq əlavə edir: "Həmin gecə nədənsə yuxuya gedə bilmədim, ürəyim səhərə qədər narahatlıqla döyünürdü”
Bir qədər sonra yenə davam edir...
"Şərq tərəfdən qan içində yorğun bir süvarinin mənə tərəf çapdığını gördüm.
O, bir neçə addımlığımda ölü kimi atdan yerə yıxıldı. Latın dilində yalvarış dolu zəif səslə suları şəhər divarlarının dibini yalayan çayın adını soruşdu. Misir çayı olduğunu və yağış sularından əmələ gəldiyini dedim. "Mən başqa çay axtarıram, insanın həyatından ölümü yuyub aparan çay” deyə naməlum yolçu kədərlə pıçıldadı.
...Sübh şəfəqləri söküləndə o, canını tapşırdı. Mən isə nəyin bahasına olursa-olsun həmin çayı və şəhəri axtarmaq qərarına gəldim”.
Yaradıcılıq insanın tənhalığının məhsuludur, deyirlər. Onu real həyatdan daha uzaq və daha az sərhəd məhdudiyyəti tələb edən zehni məşğuliyyət də adlandırırlar. İnsan yaradıcı qüvvəyə malik olanda yavaş-yavaş zamandan və insanlardan uzaqlaşır və öz gerçək dünyasından sıyrılıb çıxır. Bizi düşündürən nə varsa, o bizi reallığımıza qaytaran amildir. Bir də var bizim düşündüklərimiz və bizim bu həyatdan istədiklərimiz. Hər zaman istədiyini əldə etmək mümkün olmur, bax onda şüuraltı qatda yığılıb qalan vulkanabənzər püskürmələr bir gün özünü işıqlığa çıxarmağa çalışır.
"Mövcudluğunəbədiolmadığını dərk edən insanlar özlərini buna uyğun aparırlar.” Yenə Borxesə üz tuturuq...
Biz əlimizdə olmayanları da əldə etməyi bacarırıq. Bu, yaradıcı insanlara xas olan yeganə cəhətdir ki, onlar əmindirlər, gec-tez istədiklərinə nail olacaqlar.
Yazıçı-publisist Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə” povestinin qəhrəmanı Həbib kimi. Əsərin adı da təsadüfi seçilməyib, elə əsər qəhrəmanının da... Axı "Həbib” sözünün anlamı sevgili, sevimli, əziz, dost deməkdir. Həbibin axtarışında olduğu o səslə adının bir bağlılığı varıydımı görəsən?
Həmin gecə Həbibin də ürəyi nədənsə narahatlıqla döyünürdü. Həbib hardansa; pəncərədən gəldimi, bacadan girdimi, eləcə yuxuda eşitdimi, yoxsa şüuraltı dünyasından çökdümü, bilmədən, bir səsə tərəf ayaqlanır. Həmin qış gecəsinin içində bizi də çəkib öz dünyasına aparır. Gecəboyu Həbiblə bir başına qalırıq. Otağında var-gəl edən Həbib Göyəmlidən bu üzə gələn yolüstə süfrə açır, Gülxar arvadı öz uşaqlığından çəkib çıxarır, Gülxarın simasında çox uzaqlarda qalan uşaqlığını haraylamağa və qaranlıq qatlarını işıqlandırmağa başlayır.
Povesti oxuduqca Həbib bizi eləcənə kəndlərinə qonaq çəkir, bulaqlarının başınacan dartıb aparır. Ordan gələn Amanayla Nazgülün pıçıltıyla etdikləri giley-güzarları kimi uzanan yolun böyrünün üstündə saxlayır. Bütün səslər içində isə Həbib yenə də itirib axtardığı və qəfildən onu yerindən edən qıyha səsinin dalısıyca təntiyir. Həm özü uşaqlığından gəncliyinə ötür, həm bizi eyni dönəmdə maraqlı hadisələrin tən ortasında, ancaq səhnəarxasında saxlamağı bacarır. Məsinin bir fikri var: "Birtəhər əlimə bir kişi keçirim...” Və bu obrazın dalısıyca adını çəkmədiyi bir başqa qadın obrazı gəlir... Papaqçı dükanında özünə-başına yaraşdırıb seçdiyi papağı kişinin əlindən alıb satıcıya qaytaran və söylənən qadın: "Sən hara, özbaşına papaq seçmək hara?”
Əsər davam edir... Və... şirin "huuy” səsini qonşu qadının dilindən eşitdirir bizə Həbib, dost evindən boylanır səslər... it yuvasında qırılır... Çox zaman səni feyziyab edir, ancaq eyni zamanda da ağrı doğura bilir. Axtarışa çəkdiyi hisslərin içindən gələn hər səsə, pıçıltıya, qıyhaya qulaq kəsilirsən. Həbib özlüyündə var-gəl etdikcə onun daxilindən gələn səslərə də qulaq şahidliyi edirsən.
Səslər bir-birini əvəz etdikcə daha da qartqarış hala gəlir. Onları bir ucdan ilmə kimi çözmək də istəyirsən, çözməmək də... Hər ömrün müəyyən mövsüm dayanacağı var. Öz qazancının dalısıyca ömrünü sərf edənlərin isə bir dayanacaqları olur, onda da yorulub durduqca nəfəs dərirlər. Xədicə o gün yenə böyük şəhərin avtovağzalında başına gələnləri bir ağrı telinin üstünə sərib "küləkləyirdi”. Həbib onun gözlərinin içinə baxaraq eşitdiyi qıyha səsini də, sanki onun qəzəbdən alcalanmış gözbəbəklərinin içində tapacaqdı. Bu dəfə oxu hədəfə vurmuşdu, Xədicə yanıqlı-yanıqlı danışırdı. Həbibə də bu lazımıydı. Kimisə danışdırıb dinləmək. Əsərin dilinin axıcılığı da ondadır ki, sanki onu özün oxumursan, göz gəzdirib yaşayırsan, bu obrazdan digərinə keçid alarkən "ayağın maneələrə dolaşmır”. Dinləmək bu yerdə də Həbibin harayına çatır. Dalısıyca gəzdiyi səs sahibini tapdığını zənn edib ürəyinə toxtaqlıq verir. Xədicə özünü bir düzənbazın cəngindən xilas edə bilmişdir, amma artıq içində bir tel qopmuşdur, insanlara etibarı sarsılmışdı.
Həbibin beynini qurcalayan ən ağrılı axtarış səsi, tükürpədici qıyhası küçəyə atılmış bir körpənin səsi qədər faciəli və dəhşətli də ola bilir. Bəzən, ya da yox, hətta çox zaman insan havalanmaq dərəcəsinə gələndə ürəyindən ya oynamaq istəyi keçir, ya da qəşş eləmək. Hər iki hal bayatı qədər acı verir ürəyə...
Ağrı böyüyür, şişir və çərçivəsini dağıdır. İliyindən-sümüyündən taa ürəyinəcən işləyir. Nüsrətin başına gələnlərdən söz açılır. Həbib sanki burada da ad dəyişdirir, Nüsrətə çevrilib onun başına gələnləri bizə danışır. Küçəyə atılmış çağa səsi qeyri-ixtiyari bizim də əsəblərimizi tarıma çəkməyi bacarır. Nə qədər olsa da, real həyata qayıtmaq istəməsək də qayıdıb bütün eşidə biləcəyimiz səsləri dinləyib-dinşəyirik. Bu zaman müəllif haqlı olaraq qanlı tariximizə güzgü tutur və bizlərə, Qarabağ savaşı zamanında amansız düşmənin zorundan qaçan bir ananın, səsi eşidilməsin deyə sinəsinə basaraq boğulmaq həddinə çatdırdığı körpəsinin ağrı səsini eşitdirir.
İnsan bütün ağrılara dözə biləcəyini zənn edir. Ancaq bir çox hallarda ona elə gəlir ki, ağrıdan qorxduğu kimi heç kimdən və heç nədən qorxmur.
Həbib insanlardan üz çevirib heyvanlara, quşlara üz tutur. İtlərdən vəfa, atlardan sədaqət görür, bu da "Hop-hop” quşu nəğməsi... Bütün çıxılmazlarından baş götürüb eşitdiyi qıyha səsini boş meydan bilir, "Səməndər” adlı atını o meydanın içində səhərə qədər səyirdir. Oxucusunu da tərkinə alıb çapır, özünü də, oxucusunu da yorulmaqdan xilas edir. Pay-piyada bu boyda bir qıyhanın dalısıyca nə qədər gəzəsidir ki? Çarığı deşilib, çuxası yırtılıb, azuqəsi bitib... Əslində, "Səməndər” də bir quş adıdır. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür. Müəllif bu dəfə atını Səməndər quşuna bənzədir və onunla dərdləşmədən keçmir. İnsanın dili var, sənin sirlərini yaya bilər, ancaq heyvanların dili yox, ağzı yoxdur, ürəyini boşalda bilərsən deməkdir. Əslində, öz atına elə öz-özündən şikayət edir... Burda real həyatdan boylanaraq dostlarına bir at seçir müəllif. Qələm dostu Aydını bir ata, güzar yoldaşı Səbuhini də digər atının belinə mindirib özünə həmfikir, yanına yoldaş edir. Nədənsə oxucuya elə gəlir ki, artıq gecənin bu yerində Xeyir Allahı Hörmüz Şər Allahı Əhlimənə qalib gəlir. Qaranlıqlar işığa qovuşur, düyünlər çözülür... Ürəyi axtardığı səs ilə bütövləşir...
Sinəsinin altındakı göyərçin yemləyən bir qadını gecəsinə qonaq gətirir. Bu zaman oxucuları da yaddan çıxarıb onunla baş-başa qalmağı seçir. Povestin bu yerində oxucu müəllif üçün "axtardığını, axır ki, tapdı” deyə düşünür... Maləsəf, yanılır, özünə sadiq qalır yazıçı, bu zaman içində də bir niyyət sahibidir: Görəsən, tanımaq istədiyi qıyha səsinin sahibini tapacaqmı? Bütün suallarına cavab verəcəkmiş kimi baxır o Qadına... Qaranlıq Qadının gözlərinin çuxurunda daha aydın görünür. Müəllif o Qadını həyatından keçən bütün qadınlardan seçərək özü bu əsər üçün yaratmışdı sanki, istədiyi zamanda həyatına gətirə bilir, gecəsini aydınlatdırır, ürəyinin pasını atdırır, ağrılarını ovundurur... Onunla tapmaca dilində danışmağa başlayır. "Tanış olun” deyir, bu "Səs”di, bu "Sus”, bu da "Əfsus”du... Amma Əfsus ki, Səs Susur...
Dünyada bu adlar altında bütün maneələri aşaraq öz sədasına qovuşmaq istəyir Həbib. Məktublarlaşmaları, mesajlaşmalarla davam edir, ancaq hamısı da şüuraltı, səssiz və oxunaqsız...
Məndən qaçma, mənə yürü,
Məndə məndən də çox sən var!..
Səs sahibi yaxınlaşır... uzaqlaşır... doğmalaşır... ögeyləşir... Müəllif bütün səslərin, sədaların içində sabahın şirin yuxusunun ağuşunda mışıl-mışıl uyuyan Həbibin axtarışına son vermədən bizi yenə də maraqda buraxır...
X. L. Borxes Ölümsüzlər şəhərinin axtarışında dünyanı gəzirsə, Novruz Nəcəfoğlu da yuxusuna haram qatan qıyha səsinin dalısıyca sübhəcən gözüaçıq qalır. Əlinin çatdığı, ününün yetdiyi nə varsa, göz önündən gətirib keçirir, tapırmı, tapmırmı, bunu özü və Tanrısı bilir...
Qələminin gücünə yaxşı bələd olduğum yazıçımız, əminəm ki, bu dəfə də oxucularının qarşısına çox maraqlı bir əsər qoya bilmişdir.

AY Bəniz ƏLİYAR
banner

Oxşar Xəbərlər