• çərşənbə axşamı, 19 mart, 15:20
  • Baku Bakı 8°C

“Gecə işıq yandırmadan 7 saat piyada yol getdik” - FOTOLAR

16.01.21 12:30 1560
“Gecə işıq yandırmadan 7 saat piyada yol getdik” - FOTOLAR
Araz Ağayev: "Xüsusi təyinatlılarımız insanın ağlına gəlməyəcək fədakarlıq, qəhrəmanlıq nümayiş etdirdilər”
Oktyabrın 14-ü səhər zəng gəlir və Vətən Müharibəsində iştirak etmək üçün səfərbərliyə cəlb olunur. Sentyabr ayında əməliyyat olunduğunu, həkimin "bir neçə ay özünü soyuqdan, ağır yük qaldırmaqdan qorumalısan” tapşırığını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bildirmir. "Vətənin dar günündə "mən əməliyyat olunmuşam” deyərək xidmətdən yayınmağı özümə sığışdırmadım” - deyir. Vətən Müharibəsinin iştirakçısı, baş leytenant Araz Ağayevdən söhbət gedir.
Qeyd edək ki, A.Ağayev hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Bundan öncə "Kaspi” qəzetində baş redaktorun müavini, "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi və s. vəzifələrdə çalışıb.


A.Ağayev bu savaşla əyninə 3-cü dəfə hərbi forma geyindiyini bildirdi: "İlk dəfə hərbi formanı tələbə olarkən daşımışam. İnstitutumuzda hərbi kafedra var idi və müvafiq fəndən dövlət imtahanı verməliydik. Qaydalara əsasən, hərbi hazırlıq üzrə təcrübə də nəzərdə tutulurdu. Bəzi ali təhsil müəssisələrində təcrübə elə kafedradaca keçirilirdi. Lakin bizim kafedranın müdiri müharibə görmüş peşəkar hərbçi idi. O dedi ki, çalışacağam siz birbaşa hərbi hissədə staj keçəsiniz, o mühitdə yaşayasınız, əsgər sıyıqının dadına baxasınız. Beləliklə, 1995-ci ilin yayında bizi hərbi hissələrə böldülər, hərbi and içdik və 1 ay müddətində ordumuzun bir parçasına çevrildik.

İkinci dəfə hərbi formanı 1997-ci ildə, institutu bitirəndən sonra, həqiqi hərbi xidmətə çağırıldığım gündən daşımışam. Həmin vaxt leytenant rütbəsində xidmətə başladım. Müddətli həqiqi hərbi xidmətin müddəti 1 il 6 ay olsa da, o dövrdə orduda kadr çatışmazlığı səbəbindən 2 il 6 ay xidmət etdim. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi xidmət edərək baş leytenant rütbəsi ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxıldım. Nəhayət, üçüncü dəfə hərbi formanı hamımıza qürur və fəxarət hissi yaşadan Vətən Müharibəsində geyindim”.


"Bu faktdan istifadə etmək düz çıxmır”

A.Ağayev deyir ki, müharibə başlayan andan etibarən yaxınları və doğmaları ilə söhbətlər edib, müharibəyə gedəcəyini bildiyi üçün bir növ ailədə psixoloji iş aparıb: "Sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng edildi və mən də səfərbərliyə cəlb olundum. Həmin gün daha çox sənədlərin və komandaların dəqiqləşdirilməsi aparıldığından, mənə də bildirdilər ki, gözləyin, ehtiyac olacaqsa, çağırılacaqsınız. Bu səbəbdən də artıq müharibə başlayanda cəbhəyə gedəcəyimi bilirdim. Ona görə də, ailə üzvlərimi psixoloji cəhətdən hazırlayırdım ki, çağırış gözləniləndir, yəqin ki, çox tezliklə mən də hərbi xidmətə yollanacağam.

Oktyabrın 14-də işdə idim, səhər zəng vurdular ki, hazırlaşın, idarəyə gəlin və hərbi xidmətə yollanacaqsınız. Ailədə apardığım psixoloji hazırlığın rolu o oldu ki, evdəkilər məni stressiz və belə deyim ki, ağlayıb-sızlamadan yola saldılar. Onu da qeyd edim ki, bu stressiz yolasalma hərbi xidmət boyunca insana xeyli kömək edir”.


Müsahibimiz orduya çağırılmazdan bir müddət əvvəl, sentyabrda cərrahiyyə əməliyyatı keçirsə də, bunu səfərbərlik xidmətində bildirmir: "Düşünürəm ki, orada cərrahiyyə əməliyyatı olunduğumun qabardılması düzgün olmazdı. Sadəcə, əməliyyatdan öncə, təxminən 3 ay müddətində xroniki ağrılar olduğundan orqanizmim zəifləmişdi. Hələ əməliyyatdan öncə özümdə yorğunluq hiss edirdim. Təbii olaraq, əməliyyatdan sonra da bir müddət reabilitasiyaya ehtiyac var idi. Həkim ciddi tapşırmışdı ki, bir neçə ay özünü soyuqdan, ağır yük qaldırmaqdan qorumalısan. Amma müharibə dövründə səfərbərliyə cəlb olunanda bu faktdan istifadə etmək düz çıxmır. Pafoslu çıxmasın, amma Vətənin dar günündə "mən əməliyyat olunmuşam” deyərək xidmətdən yayınmağı özümə sığışdırmadım. Hələ müharibə başlamamışdan öncə də istər evdə, istərsə də dost-tanışla söhbətlərdə deyirdim ki, Qarabağ problemi gələcək nəsillərə miras qalmamalı, bizim tərəfimizdən həll olunmalıdır. İndi məhz bu düyünü bizim çözməyimiz üçün fürsət yaranmışdı və mən də bu müqəddəs missiyada iştirak etməyə yollandım”.


"Ordudakı həmrəylik daha böyük, daha əzəmətli idi”

A.Ağayev savaş dövründə "indiki gənclər korlanıb” kimi stereotiplərin onun üçün tamamilə qırıldığını deyir: "Müharibədə gördüyüm gənclərin hər biri davranışı, əməlləri ilə özlərini sübut edən, tarix yazan igidlərdir. Düzü, bir neçə il öncəyədək bir qayda olaraq daha yaşlı nəslin istifadə etdiyi "indiki gənclər korlanıb” fikri bəzən məndə də yaranırdı. Amma son bir neçə ildə mənim üçün bu kimi yanlış stereotiplər yoxa çıxıb. Müharibə dövründə isə buna bir daha əmin oldum. Çünki müharibə bütün digər proseslərin, hərbi sahə isə digər sahələrin fövqündə dayanır. Adi həyatda müşahidə etmədiklərinlə müharibədə qarşılaşırsan. Bu müharibədə də gənclər və daha yaşlı olanlar, zabit və əsgərlər bir-birlərinə söykəndilər, bir-birlərinə dayaq oldular. Düzdür, müharibə dövründə xalqımızın hər bir nümayəndəsi həmrəy oldu, amma ordudakı həmrəylik daha böyük, daha əzəmətli idi”.

A.Ağayevin sözlərinə görə, qələbəni şərtləndirən əsas amillərdən biri döyüşçülərin ruh yüksəkliyidir: "Belə bir fikir var ki, mənəvi-psixoloji hazırlıq zəfərin dörddə üçünü təmin edir. Bu mənada döyüşçünün ruh yüksəkliyi qələbəni şərtləndirən əsas amillərdən, bəlkə də, birincisidir. Xoşbəxtlikdən, ordumuzda böyük ruh yüksəkliyi vardı. Ələ keçirilən, məhv edilən düşmən texnikalarını gördükcə, işğaldan azad olunan torpaqların hər qarışından keçdikcə bu ruh yüksəkliyi daha da artırdı. Digər tərəfdən, mənəvi dəstəyi qeyd etməliyəm. Döyüşçülər ailə üzvləri, yaxınları ilə əlaqə saxladıqları zaman doğmalarının onlara necə dəstək olduqlarını hər birimiz görürdük. Ah-uf etmək, ağlayıb-sızlamaq yox, məhz dəstək göstərmək, ruhlandırmaq hərbçilərə əlavə güc verirdi”.


A.Ağayev deyir ki, müharibədə çətinliklər adiləşir, heç kim yaşadığı çətinliklərdən şikayət etmir: "Müharibədə vəzifən budur ki, səngər qazasan, qorunasan, hücum üçün mövqe hazırlayasan. Hansısa binada yerləşib rahat yatmaqla bunları etmək mümkün deyil. Meşələrdə, dağlarda, çöllərdə qalmaq, səngər qazmaq müharibənin tələblərindən biridir. Müharibə və komfort anlayışları bir araya sığmır. Məsələn, biz Füzulidə olarkən gecə işıq yandırmadan 7 saat piyada yol getdik. Müharibənin siması budur, bu, məhz belə olmalıdır. Müharibədə çətinlik yaşamaq, soyuq yerdə yatmaq, bir şüşədən on nəfərin su içməsi, ağır yük daşıması təbiidir. Burada əsas məsələ səngərdə olanların mənəvi-psixoloji hazırlığı, ruh yüksəkliyi, bir-birinə güvənidir. Ona görə də heç kəs ən çətin anlarda belə şikayətlənmirdi ki, soyuqdur, ağırdır, çətindir, dözə bilmirəm”.
"Mübaliğəsiz olaraq ən böyük zəfərlərdən biridir”

Döyüş yolu Füzulidən başlayan, müharibə boyunca bir çox yerlərdən keçən A.Ağayev Şuşanın azad edilməsinin canlı şahidi, bu şanlı zəfər yolunun iştirakçısı olan döyüşçülərdəndir. Deyir ki, Azərbaycan hərbçiləri Şuşada qızıl hərflərlə tarix yazıblar: "Mənim döyüş yolum Füzulidə başladı və briqadamızın tərkibində Şuşaya qədər gedib çıxdım. Bu müddətdə hər bir gün yaddaqalan və qəhrəmanlıqlarla dolu olub. Noyabrın 2-də biz Tuğ kəndindən çıxaraq meşə yolu ilə Şuşa istiqamətində irəlilədik. Bizim bölmələrin əsas döyüş tapşırığı Şuşanın azad olunmasında iştirak edəcək digər bölmələrə hücumda dəstək vermək, eləcə də müdafiə olunaraq düşmənin içərimizə sızmasının qarşısını almaq idi. Noyabrın 2-də axşam artıq Daşaltı ətrafındakı meşələrdə cəmləşdik. Orada döyüş tapşırıqları verildi və hər bir qrup ona tapşırılanı yerinə yetirməyə başladı. Xoşbəxtəm ki, komandir müavini olduğum bölük də Şuşaya daxil olan ilk bölüklərdəndir və bu, mənim üçün ömürlük fəxarət hissidir. Onu da deyim ki, Azərbaycan hərbçiləri Şuşada həqiqətən də qızıl hərflərlə tarix yazdılar. Adını tariximizə qızıl hərflərlə yazanlar içərisində ilk yerə isə xüsusi təyinatlıları qoyardım. Həqiqətən də xüsusi təyinatlılarımız bəzən insanın ağlına gəlməyən fədakarlıq, qəhrəmanlıq nümayiş etdirdilər. Digər bölmələrimizin də zəhməti danılmazdır, onlar da verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdilər. Yeri gəlmişkən, bir daha qeyd edim ki, müharibədə hər bir bölmənin, qrupun öz döyüş tapşırığı var idi. Belə bir tapşırıq yox idi ki, məsələn, 1000 nəfərin hamısı əlbəyaxa döyüşə girməlidir. Kimsə əlbəyaxa döyüşə girməli, kimsə qayalara dırmanmalı, başqa birisi daha arxadakı mövqeyi qoruyub düşmənin sızmasının qarşısını almalı idi. Yəni bölmələrdən asılı olaraq döyüş tapşırıqları da dəyişirdi. Və hər bir hərbçi bu tapşırıqları fədakarlıqla yerinə yetirməklə qələbəmizə öz töhfəsini verib. Bu mənada Şuşanın azad olunması Azərbaycan hərbçilərinin hər biri üçün böyük şərəfdir. Bu, hərb tariximizdə mübaliğəsiz olaraq ən böyük zəfərlərdən biridir. Mən əminəm ki, Şuşadakı hərbi əməliyyatlar hərb sənəti üçün öyrəniləcək məktəbdir”.


Həm xidmət keçdiyi müddətdə telefonla, həm də tərxis olunduqdan sonra döyüşlərlə bağlı çoxsaylı suallar ünvanlanıb və bu, hələ də davam edr. Ən yadında qalanı isə kiçik qızı Ayanın sualıdır: "Böyüklərin verdiyi suallar aydındır, çox vaxt eyni məzmunlu, oxşar xarakterli olur. Kiçik qızımın verdiyi sual isə məncə, daha orijinaldır. Bir gün dedi ki, ata, sən heç orda ermənilərlə güləşibsən? Düzü, məni gülmək tutsa da, suala cavab verdim. Dedim ki, orda ermənilərlə güləşməmişəm, amma uşaq vaxtı yaylaqda idik, orada ermənilərlə güləşib onları yıxmışam”.

"Bunu yada saldıqca insan çox təsirlənir”

A.Ağayev bildirdi ki, müharibə həm də ağrı-acı dolu prosesdir, orada gördüklərin evə qayıdandan sonra insanı daha çox düşündürür: "İstər hərbi əməliyyatların getdiyi, istərsə daha sonrakı dövrdə hiss etmədiyim bəzi şeyləri evə gələndən sonra daha çox hiss etməyə başlamışam. Yəqin ki, bu, müharibədən qayıdan döyüşçülərin hər birində baş verir. Bəzən, bəlkə də haqlı olaraq deyirlər ki, müharibədən qayıdanların psixoloji reabilitasiyasına ehtiyac var. Həqiqətən də evə döndükdən sonra buna daha çox ehtiyac hiss edirsən. Səngərdə hərbçi yoldaşların yanında olur, onlarla bir mühitdə yaşayırsan və bəlkə də çox şeyi dərindən dərk etmirsən. Sonradan bəzi məqamlar sənə xüsusilə ağır təsir etməyə başlayır. Ən ağırı da eyni qabdan yemək yediyimiz, su içdiyimiz, çiyin-çiyinə dayandığımız yoldaşlarımızın yanımızda olmamağıdır... Bunu yada saldıqca insan çox təsirlənir, kövrəlir, ağrıyır. Çox gənc yaşlarında şəhid olan əsgərlərimiz yadıma düşür, o ağrını yenidən, daha dərindən yaşayıram. Amma digər tərəfdən də fikirləşirəm ki, onlar ən ali məqama – müqəddəs şəhidlik zirvəsinə yüksəliblər. Bu böyük zəfər onların qanları ilə qazanılıb. Allah onlara rəhmət eləsin!”.


A.Ağayev deyir ki, müharibədə hər bir döyüşçü üçün ən ağır məqam yanındakının yaralanması, həyatını itirməsidir: "Evlə telefonla danışırdın, amma növbəti dəfə zəng edib-etməyəcəyin sual altında idi. İndi bəziləri, xüsusən də uşaqlar elə bilir ki, müharibədə hamı əlində avtomat üz-üzə dayanıb, yaxud daşın arxasında gizlənib döyüşür. Amma indiki müharibənin xarakteri də dəyişib, bu, daha ağır, PUA-lar, ağır artilleriya, minaatanların müharibəsidir. Bəzən ağlına gəlməyən yerdə minaatan mərmisi yanına düşə və həyatına son qoya bilər. Daşaltına gedərkən hərəkət etdiyimiz yolu minaatanlarla intensiv şəkildə vururdular. Düzdür, nəhəng ağac deyildi, amma bir ağac qopub başıma düşdü. Belə məqamda tam hərbi geyimdə, zirehli gödəkcə, dəbilqədə olmağın üstünlüyünü hiss edirsən. Minaatan mərmisi bir neçə dəfə çox yaxınlığa düşüb. O an hamı özünə və yanındakılara baxır ki, görsün qəlpə kiməsə dəyibmi?”

A.Ağayev döyüşçülərdə heç vaxt pessimistlik müşahidə etmədiyini, sadəcə, çox kövrəldici anların şahidi olduğunu da bildirdi: "Döyüşə girməzdən öncə bir-birindən yadigar əşya istəyənlər olurdu. Bəzən bir əsgər telefonunu, yaxud özü üçün qiymətli saydığı əşyanı yoldaşına verirdi ki, mənə nəsə olsa, bunu evə çatdır. O, yoldaşının deyil, məhz özünün şəhid olacağını düşünərək bunu edirdi. Bir əsgərimiz şəhid olanda demişdi ki, anama deyin məni bağışlasın, onu çox incitmişəm. Bu kimi ağır anlar heç vaxt unudulmayacaq. Əsgərlərin yaşı zabitlərlə müqayisədə daha az idi. Bir çoxunun övladı azyaşlı idi. Döyüşlərin arasında ən çox uşaqlarından danışırdılar. Yəni hətta, səngərdə də duyğusallıq var. Amma bu kimi duyğusal anlar səni həm də sağ qalmağa ruhlandırır, başa düşürsən ki, səni sevənlər və öz sevdiklərin naminə sağ qalmağa, qalib gəlməyə borclusan. İlk borcun isə Vətənədir”.

Qeyd edək ki, Araz Ağayev Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə tətif olunub. Ukrayna Qarapapaq Türkləri Milli Şurası isə onu "Şərəf” ordeninə layiq görüb.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər