• şənbə, 20 Aprel, 07:49
  • Baku Bakı 14°C

Futbolumuzun Xavisi - Portret

25.11.14 12:49 3450
Futbolumuzun Xavisi - Portret
Azərbaycan futbol ölkəsi deyil. Nə qədər çalışsaq da, nə qədər iddia etsək də futbol ənənələrimizin zənginliyi ilə öyünməyimiz çətindir. Dünya futbolunda ulduz hesab ediləcək futbolçularımız da yoxdur. Bəlkə də əvvəllər belələri olub. Amma son illər usta xüsusiyyətlərə malik gənc futbolçular yetişdirməkdə çox irəli gedə bilməmişik. AFFA-nın, klubların nəzdində futbol akademiyaları yaradılsa da, futbolun inkişafı ilə bağlı ən müxtəlif layihələr icra edilsə də, gələcək vəd edən futbolçularımız çox deyil. Bəlkə də barmaqla sayılacaq qədərdirlər. Belələrindən biri də Ağdamın «Qarabağ» klubunun və yığmamızın gənc dayaq yarımmüdafiəçisi Qara Qarayevdir. Qurban Qurbanovun rəhbərliyi altında oyunlara hazırlaşan Qara ildən-ilə ulduz olmaq istiqamətində daha qətiyyətli addımlar atır. O artıq klubunun aparıcı oyunçularından birinə çevrilib. Ölkə çempionatının, kubokun oyunlarında «Qarabağ»ı Qarasız təsəvvür etmək çox çətindir. Elə beynəlxalq təcrübə baxımından da bu bəstəboy oğlan digər həmyaşıdlarını qabaqlamaqdadır. Həm 19 yaşlıların, həm 21 yaşlıların, həm də əsas yığmanın heyətində oyunlara çıxaq gənc futbolçu «Qarabağ»ın Avropa Liqasındakı oyunlarında da özündən söz etdirməyi bacarır. Klubunun Bakıda Avropa Liqasının qrup oyunları çərçivəsində Fransanın «Sent-Etyen» və Ukraynanın «Dnepr» klublarına qarşı keçirdiyi oyunlardan meydanda ən yaxşılardan biri məhz Qara Qarayev idi.
Horadizdən Yasamala
Anadan olandan sonra bir il ailəsi Horadizdə yaşayıb Qaranın. 1993-cü ildə Füzulinin ermənilər tərəfindən işğalından sonra Bakıya köçüblər. Həmin vaxtdan Yasamal rayonunda məskunlaşıblar. Qaranın da bütün uşaqlığı Yasamalda keçib. Orta məktəbi 50 nömrəli məktəbdə oxuyub. Fəhlə ailəsində böyüyüb Qara Qarayev. Atası fəhlə anası evdar qadın olub. Ailədə 4 qardaş olsalar da, idman sahəsinə istiqamət götürən yalnız o özüdür.
2014-ün ən yaxşısı
Qara elə orta məktəbdən özünü idmana həsr edib. Bununla əlaqədar ali təhsil ala bilməyib. Amma özü də müsahibələrinin birində deyib ki, həyatındakı bu boşluğu bilir. Sadəcə olaraq məşq rejimi elədir ki, başqa işlərə vaxt qalmır. Bununla belə, gənc futbolçumuz ali təhsil almaqda qərarlıdır. Deyir ki, bir az vaxt tapan kimi ali təhsil almağa çalışacaq. Daha çox Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına üstünlük verməyi düşünür. Bu faktın özü Qaranın necə əzmkar olduğunu ortaya qoyur. Bu əzmkarlığı futbol meydanlarında da həmişə ona yardımçı olub. Uğurlarının əsasında duran da məhz bu qabiliyyəti olub. Artıq onun müəyyən uğurları da var. «Qarabağ»ın heyətində Azərbaycan çempionatının gümüş (2012-13), 2 bürünc (2009-10, 2010-11) və qızıl medallarını (2013/2014) qazanıb. Yavaş-yavaş yığmadakı yerini də möhkəmləndirməyə başlayıb. Bəzi saytlar Qara Qarayevi 2014-cü il üçün yığmamızın ən yaxşı futbolçusu elan etməyə başlayıblar. Belə ki, o, yığmanın heyətində forma geyən oyunçular arasında ən yaxşı nəticəni göstərib. Qara bu il yığmanın heyətində Dmitri Nazarovla birgə ən çox oyun keçirən futbolçu olub. Komandanın meydana çıxdığı 8 oyundan 7-də meydana çıxıb və özünü ən yaxşı tərəfdən göstərib. 2014-cü ilin ən yaxşı futbolçusu elan olunmağa da əsas namizədlərdəndir.
Ən böyük arzusu
Qara Qarayev hələ çox gəncdir. O, 22 yaşını bu il oktyabrın 12-də tamam edib. 21 yaşı olarkən həm 21 yaşlılardan ibarət yığmamızın, həm də əsa yığmanın şərəfini qoruyub. Füzuli rayonunda dünyaya göz açan Qara uşaqlıqdan futbola böyük marağı ilə yaşıdlarından seçilib. Məhəllədə səhərdən axşama yaşıdlara futbol oynamaqdan doymayıb. Amma futbolçu olmağını ailələrində heç kim istəməyib. Atası hər dəfə işdən gələndə oğlunun məhəllədə yaşıdları ilə futbol oynadığını görəndə onu danlayıb. «Bəsdir vaxtını boş-boşuna xərclədin, normal bir işlə məşğul ol» deyib. Amma futbol eşqi həmişə bu danlaqlara üstün gəlib. Qara məhəllə futbolundan peşəkar futbol yol açıb özü üçün. Bu da tam təsadüfən olub. İlk müəllimi Elnur Zeynalovun rəhbərliyi altında məşqlərə gedərkən “Qarabağ”ın seçim turlarının olduğunu eşidib. Müəllimindən icazə alıb həmin turlara qatılıb. Seçimdə iştirak edən 365 nəfər arasında fərqləndirilən iki nəfərdən biri olub. Bu, onun üçün xəyalların çin olması istiqamətində ilk addım olub. Axı Qara uşaqlıqdan «Qarabağ»ın azarkeşi olub. Hələ «Qarabağ»da məşq etmədiyi vaxtlarda da bu klubun oyunlarına tamaşa etməyə gedib. Yəqin ki, bu seçimində özünün də qarabağlı olması rol oynayıb. Heç ağlına da gəlməyib ki, günlər keçəcək özü də «Qarabağ»ın formasını geyəcək. İndi isə «Qarabağ»ın vuran ürəyidir. İndiyədək ancaq bu klubun şərəfini qoruyub. İstəyir ki, karyerasının sonuna da məhz bu klubda çatsın. Amma gələcəkdə legioner həyatı yaşayıb özünü ölkə xaricində də təsdiqləmək istəyir. Ən böyük arzusu isə “Barselona”nın formasını geyməkdir.
Futboldan kənardakı Qara
Futboldan kənarda da Qara nümunəvi olmağa çalışır. İndiyədək haqqında ancaq xoş təəssürat formalaşdırmağı bacarıb. Sözünün yerini, böyük-kiçik yeri bilən, ətrafdakılarla yaxşı münasibət qurmağı bacaran birisidir. Futboldan başqa da əlindən çox iş gəlir. Məsələn özünün dediyinə görə yaxşı qəssablığı var. Futbola peşəkar səviyyədə məşğul olmamışdan öncə qəssablıq edib. İndi də etiraf edir ki, əgər futbolçu olmasaydı, elə qəssab olardı.
Uşaqlıqda çəkdiyi əziyyətləri heç vaxt yaddan çıxarmır. Deyir ki, həmişə aldığı pulun haqqını verməyə çalışır. Həm çıxış etdiyi klubda, həm də milli komandada.
Azərbaycan futbolunun gələcəyi
Çoxları Azərbaycan futbolunun gələcəyini Qara Qarayev kimi perspektivli gənclərlə görür. Qara da həmişə özünün və yoldaşlarının gücünə inanır. İnanır ki, yaxın gələcəkdə Azərbaycan yığma səviyyəsində dünya futbolunda öz sözünü deyəcək. Üstəlik hesab edir ki, yığma komandanı milliləşən legionerlər hesabına gücləndirmək doğru deyil. Onun fikrincə, milliləşən legioner hər hansı bir azərbaycanlının yolunu bağlayır. Həmin mövqeyə artıq azərbaycanlı futbolçu gedə bilməyəcək. «Qoy hər hansı bir legionerdən 4-5 qat zəif olan azərbaycanlı futbolçu millinin şərəfini qorusun nəyinki qeyri-azərbaycanlı. Çünki səhərisi gün biz uğur qazananda deyəcəklər ki, legionerlərin xeyrinə udursunuz» - deyir Qara.
Beləliklə, Qara Qarayev hazırda çətin dövrünü yaşayan Azərbaycan futbolunun parlayan ulduzudur. Təvazökarlığı, ulduz xəstəliyinə tutulmaması, işini sevməsi onun gələcəyinin parlaq olduğu qənaətinə gəlməyə əsas verir. Oyun manerası, topla rəftarı, meydanı görmə qabiliyyətinə görə onu «Qarabağ»ın və ümumilikdə Azərbaycan futbolunun Xavisi də adlandırmaq olar. Gələcəyi, daha yaxşı oyunları isə hələ qabaqdadır…
K.Həsənoğlu
Qara Qarayev — 4,58
Kamran Ağayev — 3,41
Vaqif Cavadov — 3,40
Araz Abdullayev — 3,20
Rəşad Sadıqov — 3,08
Ən aşağı qiymətə layiq görülən beş futbolçu isə bunlardı:
Rauf Əliyev — 2,83
Ruslan Abışov — 2,80
Rahid Əmirquliyev — 2,75
İlkin Qırtımov — 2,50
Rasim Ramaldanov — 2,0

banner

Oxşar Xəbərlər