• cümə, 19 Aprel, 15:06
  • Baku Bakı 25°C

Futbolumuzun ümid yeri - Portret

09.09.14 11:24 3260
Futbolumuzun ümid yeri - Portret
Futbol böyük təbliğat vasitəsidir. Dünyanın ən populyar idman növü olması onunla məşğul olanlara bir addım öndə olmaq imkanı yaradır. Futbolçular dünyanın əksər ölkələrində ikiqat, üçqat Olimpiya çempionlarından belə çox tanınır, böyük sevgi ilə qarşılanır, hörmət edilir. Bu rəğbətin əvəzində isə onlar meydanda son saniyələrinə qədər mübarizə aparır, qələbələr qazanır, minlərlə, milyonlarla azarkeşi sevindirirlər. Azərbaycanda bu baxımdan işlər o qədər də yaxşı olmasa da, tanınmış, sevilən futbolçularımız var. Onlardan biri də Ruslan Abışovdur.
Qardaşının təzyiqi ilə futbola
10 oktyabr 1987-ci ildə Bakıda anadan olan Ruslanın özündən başqa iki böyük qardaşı da futbolla məşğul olub. Ancaq içərilərindən yalnız o, özünə karyera qura bilib. Altı yaşında bu oyunun sirlərinə yiyələnməyə başlayan balacanı həvəsləndirmək işi böyük qardaşı Sərxanın üzərinə düşüb. Məhz o, balaca qardaşını futbola aparıb, daim dəstək olub. İndi də hər saniyə yanındadır, rəsmi agentidir. Valideynləri sonbeşiklərinin başqa iş dalınca getmələrinin – atası yaxşı oxumasını, anası isə skripkaçı olmasını istəyib – tərəfdarı olsalar da, Sərxanın israrı öz işini görüb. Abışov Uşaq Gənclər Futbol Məktəbində ilk olaraq Əli Məmmədov, daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında top qovub.
Enişli-yoxuşlu karyera
Maraqlıdır ki, o artıq 15 yaşında olanda legioner həyatı yaşamağa macal tapıb. Türkiyənin “Dənizlispor” klubunun əvəzedici heyətində 4 ay top qovan Ruslan, Türkiyə vətəndaşlığı olmadığından geri qayıtmaq məcburiyyətində qalır. Tezliklə, yetirməsi olduğu “Neftçi”nin əsas komandasına yüksəlir. İlk olaraq ona bu dəvəti hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov göndərir. Hələ o vaxtlar Ruslanın potensialına inanması, onun böyük futbolçu olacağına ümidi boşa çıxmır gənc mütəxəssisin. Abışov 18 yaşında ilk peşəkar müqaviləsini imzalayır. “Neftçi”də keçirdiyi 6 ildə 153 oyunda meydana çıxır və 18 dəfə rəqib qapılarına yol taparaq azarkeşləri sevindirir. “Ağ-qaralar”ın heyətində iki dəfə ölkə çempionu olan Ruslan, gözlənilmədən bakılıların əzəli rəqibi “Xəzər Lənkəran”a transfer olunur. Burada keçirdiyi 15 oyunda iki qol vuran Abışov 2012-ci ilin sonlarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilir. Həmin il mətbuat da onu ən yaxşı elan edərək nümayiş etdirdiyi futbola lazımi qiyməti verir. 2013-cü ilin fevralında azad agent kimi Rusiyaya yollanan Ruslanı Kazanın “Rubin” klubu heyətinə qatır. Təəssüf ki, buradakı karyerası yaxşı alınmır. Tatarıstan təmsilçisinin formasında cəmi 15 oyunda meydana çıxır və onlardan yalnız birini – aprelin 19-da “Amkar”a qarşı olanını 90 dəqiqə keçirir. Mövqeyində yetərincə böyük rəqabət olmasına baxmayaraq, mübarizəsini əldən verməsə də, komandaya gələn yeni baş məşqçi hər şeyin üstündən xətt çəkir. Onu komandaya gətirən və perspektiv vəd edən Kurban Berdıyevdən fərqli olaraq Rinat Bilyaletdinov həmyerlimizə şans vermir və bunu açıq bəyan edir. Məcbur qalan Abışov bu ilin yayında icarə əsasında vətənə qayıdır və “Qəbələ”də oynamağa başlayır.
Millinin qol ümidi
Ruslanın millidəki oyunu həmişə yaxşı olub. Klubdakı durumu, fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq azarkeş ondan həmişə maksimumu gözləyib. Azərbaycanın bütün aşağı yaş qruplarından keçərək əsas milliyə yüksələn Abışovun buradakı debütü 2009-cu ilin avqust ayına - Finlandiya və Almaniya milliləri ilə keçirilən oyunlara təsadüf edir. Cəmi üç ay sonra yoldaşlıq görüşündə Çexiyanın qapısından qol keçirən Ruslan ona olan etimadı doğrultmağa başlayır. Onun qolçuluq bacarığı xüsusilə son DÇ-2014-ün seçmə mərhələsində ortaya çıxır. Həm İsrail, həm də Lüksemburqun (bu matçda o zədədən yeni qayıtmışdı və ümumiyyətlə meydanda olmaya bilərdi) qapısına vurulan toplarla millimizə xallar qazandıran dayaq yarımmüdafiəçi xeyli haqlı tərif qazanmışdı. İndi onun 40 oyunda hesabında 4 qol var və bu rəqəmin gələcəkdə artacağına şübhə yoxdur.
Universal döyüşçü
Dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, məşqçilər onu bir çox digər mövqelərdə də sınayıblar. Cinah və mərkəz müdafiəçisi, mərkəz və cinah yarımmüdafiəçisi, hətta bəzən hücumameylli yarımmüdafiəçi qismində oynadılması Ruslanın əsl universal olduğunu göstərir. Abışov güclü və dəqiq zərbələrə malik, bu yolla bir neçə vacib qola imza atmış biridir. Ampluası üçün çox güclü texnikası var, driblinqləri, keçidləri müxtəlif videoçarxların bəzəyidir. Rəqibin cərimə meydançasında düzgün mövqe seçimi və başla dəqiq oyunu komandasının hesabına dəfələrlə qol yazdırmaq imkanı verib. Zərif görünməsinə baxmayaraq, ikili sərt mübarizələrdən çəkinmir, belə hallarda güc tətbiq etməyi bacarır. Uzun ötürmələri isə… Bir dayaq yarımmüdafiəçisinin təxminən 60-70 metr məsafəyə dəqiq ötürmə vermək bacarığı onu rəqiblərindən bir baş üstün edir. Azərbaycan səviyyəsində super futbolçu olan Ruslanın çatışmazlıqları olsa da, ölkədən kənarda da öz bacarığını layiqincə nümayiş etdirəcəyi gün uzaqda deyil.
Dəli futbol sevgisi
Ruslanın futbola olan sevgisi haqda çox şeylər danışmaq olar. Ancaq baş verən bir hadisə hər şeyi izah edir. Doğma qardaşının toyu olan vaxtı “Neftçi”nin səfər oyunu vardı. “Simurq”la oynamaq üçün Zaqatalaya yollanan komandada olan Ruslan geri qayıtmamışdı. Qardaşının toyu oyun gününə təyin olunsa da, toy ikinci plana keçmişdi. “Əsas olan sevimli komandanın matçıdır” deyərək ən yaxın ailə üzvünün ən xoş gününü futbola qurban vermişdi Abışov.
Tərbiyəli oğlan
Ruslan Abışov Azərbaycanın müstəqillik dövründə yetişən ən istedadlı futbolçulardandır. Oynadığı klubların səviyyəsinə şübhə yoxdur. Bu isə eyni zamanda yaxşı qazanc deməkdir. Adətən pulu çox olan oyunçuların xasiyyəti dəyişir, özlərini başqalarından üstün saymağa başlayırlar. Ruslanda belə deyil. Onu tanıyanlar həmişə “yaxşı oğlandır” deyirlər. Boşuna deyilən sözlər deyil. Abışov ailədən gələn tərbiyəsini həmişə nümayiş etdirən, böyük-kiçik tanıyan, dostları ilə səmimi olan, gülərüz, əliaçıq, təvazökar, səxavətli biridir.
Şou-biznesdə də olub
Media ilə normal münasibətdə olan futbolçu, həm də şou-biznesdə görünməyə macal tapıb. Onun müğənni Sevda Yəhyayevanın klipinə çəkilməsi xeyli əks-səda doğurmuşdu. Artıq ölkənin ən məşhur futbolçusu durumuna gəlsə də, bu vəziyyət də onu dəyişmədi. Futbolu şou-biznesə qurban vermədi. Ki, ən doğrusu da budur.
Portreti
Yaşı 27 olsa da, o, hələ də həmin 6 yaşlı, Əhmədli küçələrində top qovan uşaqdır. Simasındakı təbəssüm həmişə o balacanı ələ verir. Meydanda və ondan kənardakı hərəkətləri ilə bu oyuna olan sevgisini aşkar büruzə verir qəhrəmanımız. 246 saylı məktəbin birinci mərtəbəsinin arxa pəncərəsindən qaçaraq getdiyi futbolun dəlisidir, bunun üçün çox şeyini verməyə hazırdır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər