• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Futbolumuzun təzadlı lideri - Portret

10.06.14 12:36 2151
Futbolumuzun təzadlı lideri - Portret
Futbol həmişə yaralı yerimiz olub. Güləş, boks, cüdo, şahmat və başqa növlərdə dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qaliblərini yetişdirə bilsək də, bu idman növündə uğur qazana bilmirik. “Neftçi”nin 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması isə tariximizin ən böyük nailiyyəti olaraq qalır. Bu o demək deyildir ki, Azərbaycanda yaxşı futbolçular olmayıb, indi də yoxdur. Var, sadəcə, kollektiv idman növlərindəki zəif çıxışlarımız burada da özünü göstərir. Futbol isə əsl komanda oyunudur. Meydandakı 11 nəfərdən birinin belə zəif halqa olması, kollektivi məğlubiyyətə apara bilər. Bu yazıda sizə heç vaxt zəif halqa olmayan, ən azından buna cəhd edən birisi haqda danışacağıq. Tanış olun: Rəşad Sadıqov - əsl lider!
Dəcəl uşaq, yaxşı idmançı
1982-ci ilin iyun ayının 16-da Bakıda anadan olan Rəşad, uşaqlıqdan idmana, xüsusilə də futbola həvəs göstərib (Məhz bu yerdə haşiyəyə çıxıb deyək ki, Sadıqov tar alətinin ən mahir ifaçılarından hesab olunan, bu aləti ilk dəfə 11 simli edən Sadıqcanın - Mirzə Sadıqın nəvəsidir). 1989-cu ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbə gedən Sadıqov, bir il sonra ailəsi ilə başqa yerə köçdüyündən təhsilini 34 nömrəli məktəbdə davam etdirib. Çox dəcəl olub, dərs oxumağı da sevməyib. Məktəbə də az qala zorla göndəriblər onu. Səhər tezdən ayılmaq, dərsləri hazırlamaq istəyi sıfıra bərabər olan gələcək futbolçu, yalnız idman dərslərində həvəslə iştirak edib, ən yaxşılardan olub. Hər halda riyaziyyat, ədəbiyyat və rus dilinə maraq göstərən Sadıqov 9-cu sinfə qədər dəsrlərini yaxşı oxuyub. Peşəkar futbolçu karyerası qurmaq istədiyindən sonradan məktəb ikinci plana keçib. Bunu hardasa, təbii qarşılaya bilərik. Çünki hər ikisini eyni dərəcədə uğurla davam etdirən çox nadir şəxslər var. Rəşadda da bu, alınmadı. Ancaq bir şeyi qeyd etmək vacibdir ki, azərbaycanlı futbolçular arasında ən səlis danışan, ən çox məlumatlı olan, müsahibələrində həqiqətən də dünyagörüşünün ən yaxşılardan olduğu görünən də məhz odur.
Topla yatıb, topla durub...
Futbola 10 yaşında gəlib. İlk məşqçisi də Tofiq Bəhramov adına futbol məktəbində çalışan tanınmış uşaq futbol mütəxəssisi Vaqif Paşayevdir. Məhz onun rəhbərliyi altında futbolun sirlərinə yiyələn Rəşad, özünə qarşı tələbkar, tapşırıqları maksimum yerinə yetirən, çalışqan biri kimi fərqlənib. Sözün hər iki mənasında topla yatıb, topla duran qəhrəmanımız həvəskar karyerası ərzində "Şərur", "Real" Bakı, "Hava qüvvələri" komandasında oynayıb. Gənc istedadın ilk peşəkar klubu "Turan" olub. Tovuz klubunda iki mövsüm - 1999-2001-ci illər ərzində cəmi 9 oyun keçirən müdafiəçi, 2001-ci ildə "Neftçi"yə transfer olunur.
Get-gəlli karyera
O dövrlər ölkə futbolundakı durğunluqla üst-üstə düşdüyündən bir il sonra karyerasını İranda - “Fulad” klubunda davam etdirməli olan futbolçu, burada 20 oyuna çıxandan sonra yenidən - “ağ-qaralar”ın düşərgəsinə qayıdır. 2005-ci ilin yayında Ərtuğrul Sağlamın dəvəti ilə Türkiyə “Kayserispor”una yollanan Sadıqov, avqustun 20-də “Dənizlispor”la oyunda debüt edir. Başlanğıcda komandanın əsas heyət üzvlərindən olsa da, qışda zədələnməsi işlərinə mane olur. 6 aylıq müddətə “Neftçi”yə icarəyə gəlib, sonra yenidən Türkiyəyə qayıdır. Burada “UEFA İntertoto Kuboku”nda qalib adının qazanan futbolçu, adət etdiyi mərkəz yox, sağ cinah müdafiəçi mövqeyində oynadıldığından vətənə dönür. Sonra yenidən “Neftçi”də oynayan Sadıqov, 2008-ci ildə alman baş məşqçi Hans Yurgen Gede tərəfindən əvəzedici komandaya göndərilir. Fiziki formasını qorumaq üçün bir müddət orada oynayan Rəşad, yenidən Türkiyəyə gedir. Buna qədər İspaniyanın “Valyadolid” klubunda ikinci heyətdə bir müddət məşq edir, ancaq sənədləşmə məsələlərində problem çıxdığından bu iş alınmır. “Kocaelispor”da bir mövsümdə 16 oyuna çıxan həmyerlimiz, 2009-cu ildə "Qarabağ" klubunun heyətinə qoşulub. Aftandil Hacıyevin zədəli olmasına görə UEFA Avropa Liqası oyunlarında 2 oyunluq “Qarabağ”a kömək etmək üçün klubla razılığa gəlir. 16 iyul 2009-cu ildə Norveçin “Rusenborq" klubu ilə səfər oyununda “köhlən atlar”ın heyətində debüt edir. Bir müddət sonra - 2009-cu ilin yayında Rəşad Ağdam klub ilə 1 illik müqavilə imzalayır. "Qarabağ" rəhbərliyi ona xarici klublardan təklif gələcəyi halda, problem yaratmayacağını bildirir və Dortmund “Borussiya”sına 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra Sadıqov “Əskişəhərspor”un dəvətini qəbul edir. Ancaq burada cəmi 5 oyunda meydana çıxan futbolçu, 2011-ci ilin əvvəlində türk klubundan ayrılıb, “Qarabağ”a qayıdır. O vaxtdan bəri bu komandanın şərəfini qoruyur. 2014-cü ilin iyun ayında Rəşad "Qarabağ"la müqaviləsini 3 il - 2017-ci ilədək uzadıb.
Qalmaqallı milli karyerası
Rəşad 2001-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 6 oktyabr 2001-ci ildə DÇ-2002-nin seçmə oyunları çərçivəsində İsveçə qarşı keçirir. Yığmada ilk qolunu 28 mart 2004-cü ildə yoldaşlıq görüşündə Qazaxıstanın qapısından keçirib, indiyə qədər millidə yüzə yaxın oyuna çıxıb və 4 dəfə rəqib qapıçıları məyus edib. Xüsusilə Şahin Diniyevin ölkənin əsas komandasına rəhbərlik etdiyi dövrdə onun milli karyerası keşməkeşli olub. 2006-cı ilin avqustunda Ukraynayla yoldaşlıq görüşündə 0:6 hesabıyla məğlub olur. Bu matçdan sonra Sadıqovun yığmaya yolu 15 ay ərzində bağlanır. Ortaya müxtəlif iddialar atılmışdı: oyunçuların bilərəkdən uduzması, baş məşqçinin təhqir edilməsi və s. Hər halda Rəşad yığmaya yalnız Diniyev gedəndən sonra, Coko Hacıyevskinin dövründə qayıda bildi. O vaxtlar Diniyevlə Sadıqov bir-birinə düşmən kəsilmişdilər. Verdikləri açıqlamalar, atdıqları addımlardan bunu sezmək asan idi. Ancaq hər şeyin bir sonu var və 6 ildən sonra - 2013-cü ildə Azərbaycan Premyer-Liqasının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" - "Rəvan" oyunundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla “Rəvan”ın baş məşqçisi Şahin Diniyev matçdan sonra görüşərək, səmimi söhbət etdilər. İncikliyə həmin andan son qoyuldu.
“Barselona”da oynamağa layiq futbolçu
Onunla işləyən məşqçilər həmişə razılıqlarını dilə gətiriblər. Ən azından istedadı baxımından. Vaxtilə türkiyəli mütəxəssis Naci Şensoy Rəşad haqda dediyi sözləri olduğu kimi təqdim etmək yetərlidir: “Futbolçu olaraq Rəşadın yeganə problemi odur ki, o, azərbaycanlıdır. O, “Rəşadoviç” olsaydı, indi Avropada adlı-sanlı müdafiəçilərdən biri idi. Çünki Avropada Azərbaycandan normal futbolçu çıxacağına inanan yoxdur. Mən “Barselona”da baş məşqçi işləsəm belə, Rəşadı komandama apararam”.
Əsl lider!
Rəşadın karyerası çox dağınıq olsa da, hamı onda əsas bir xüsusiyyəti fərqləndirib. O, getdiyi hər komandada liderlik bacarığını ortaya qoyub, bununla da şərəfini qoruduğu komandanı zirvəyə daşıyıb. Deyilənə görə, təxminən 16-17 yaşlarında, hələ peşəkar futbolçu olmadığı, ancaq buna doğru böyük həvəslə can atdığı dövrdə məşqlərdən birində maraqlı hadisə baş verir. Məşqin gedişində kiçik bir söhbət əsnasında Rəşad Sadıqov “mən gələcəkdə Azərbaycan futbolunun lideri olacağam” cümləsini işlədir. Komanda yoldaşları ona gülürlər və bu sözləri ciddiyə almırlar. Hətta bir çoxları onu məsxərəyə tutaraq adını Rəşad yox, “lider” deyə çağırırlar. Ancaq sən saydığını say, gör o nə sayır. Müstəqillik dövrünün yetişdirdiyi ən istedadlı futbolçu olan Rəşad Sadıqov, milli komandanın və “Qarabağ”ın şəksiz lideridir. İstək və əzmin insanı haralara apardığını görürsünüzmü?
Ehtiyac və kasıblığın nə olduğunu bilir
“Son zəng?! Bir o yadımdadır ki, son zəngə geyinməyə ayaqqabım yox idi. Bir “krossovka”m vardı, o da cırıq. Mama onu tikdirdi, sahmana saldı, geyindim. Və bugünə qədər yadımdadır; qızlar mənim “krossovka”ma baxıb gülmüşdülər. Məktəbimizin imkanlı, yekəxana qızları var idi. İnsanlığa yox, geyimə dəyər verirdilər. Mən özüm elə olmamışam deyə, qızların bu hərəkətindən çox pərt olmuşdum. Amma özünü sındırmırdım, büruzə vermirdim. O vaxtdan bəri onlarla qarşılaşmamışam. Bu günə qədər də bu hadisə tez-tez yadıma düşür. Bir bu günümə baxıram, bir də on beş-iyirmi il geriyə. Bu gün Allahıma çox şükür hər şey yaxşıdır”. Rəşad Sadıqovun sözləridir. Bu qədər hirsli və əzmkar olmasına səbəb axtarmaq üçün bu dediklərinə diqqət etmək yetərlidir.
Portreti
Bütün təzadlara rəğmən o liderdir. Həyatının, komandasının, klubunun, olduğu hər bir kollektivin. Bütün çətinliklərlə qarşılaşmış, onlara birtəhər güc gəlməyi bacarmış bir şəxs kimi özü ilə öyünməyə haqqı çatır. Peşəkarlığı, həyat tərzi onun haqda xoş sözlər işlətmək üçün yaxşı səbəbdir. Rəşad Sadıqov müstəqil Azərbaycan futbolunun 23 illik tarixinin ən güclü futbolçusudur. Sıfırdan zirvəyə qalxmağın nə demək olduğunu yaxşı bilən idmançıdır, portretində də bu cizgilərlə təsvir olunmalıdır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər