• cümə axşamı, 18 aprel, 19:47
  • Baku Bakı 21°C

“Futbolda vahid bacarıq yoxdur”

18.06.14 14:16 1356
“Futbolda vahid bacarıq yoxdur”
“Mançester Yunayted” klubu ilə əməkdaşlıq çərçivəsində Bakcell tərəfindən Azərbaycana gətirilmiş Yay Futbol Məktəbinin Bakıda keçirilən təlim-məşq günlərində Duayt York da yenidən Bakıya gəldi. Klubun keçmiş əfsanəvi oyunçusu “Kaspi”yə eksklüziv müsahibəsində azərbaycanlı uşaqların futbola həvəsini və məsuliyyətli yanaşmalarını yüksək dəyərləndirib.
- «Mançester Yunayted»in yay futbol məktəbinə qatılacaq uşaqlarla bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

- Uşaqlar mənim çox xoşuma gəldi. «Bakcell»in sponsorluğu ilə keçirilən bu layihə uşaqların qarşısında geniş imkanlar açır. Bu, həmçinin ölkənizdə uşaq futbolunun inkişafına da təkandır. Uşaqların ruh yüksəkliyi çox xoşuma gəlir. Onlar məşqlərə məsuliyyətlə və həvəslə yanaşırlar. Bu uşaqlar doğurdan çox layiqlidirlər və həftə ərzində seçilən ən yaxşılar da Mançesterə gedir. Yay məktəbi yüksək səviyyədə keçirildi. Bütün uşaqlar yaxşı işlədilər. Təşkilati standartlarda da təkmilləşmə var. Bu, əlbəttə ki, bizi sevindirir.
- Bu uşaqların gələcəkdə peşəkar futbolçu olmaları üçün ümid varmı?

- Əlbəttə, ümid var. Ola bilər ki, bu uşaqlar gələcəkdə Azərbaycanın futbol komandalarında oynasınlar. Hazırda Mançesterə gedəcək 5 uşaq seçilib. Mançester onlar üçün uşaq arzularının ən yüksək zirvəsi, arzularının çin olduğu yer olacaq. Bu, uşaqlara ömürlük bir təcrübə verəcək. Ümid edirəm ki, bu, onlara ümid verəcək ki, davam etsinlər və həyatda bütün məqsədlərinə çatsınlar. Həmçinin Azərbaycana qayıdandan sonra digər uşaqlarla bu təcrübəni bölüşsünlər. Əminəm ki, Mançester onların çox xoşuna gələcək.
- Siz gələcəkdə onların peşəkar futbolçu olmaları üçün hansı məsləhətləri verərdiniz?

- Peşəkar futbolçu olmaq hər bir uşağın arzusudur. Ola bilsin ki, valideynləri də onların peşəkar oyunçu olmasını istəyir. Əsas odur ki, onlar futbola həvəslə yanaşsınlar. Uşaqlar sadəcə inkişaf etməlidirlər. Onlar inkişaf yolunu keçməli və həvəslə oyuna davam etməlidirlər. Biz bilirik ki, onların istedadı, bacarıqları var. Əgər öz üzərlərində işləməyə davam etsələr, onların böyük gələcəyi ola bilər. Mançesterdə keçəcəkləri təcrübə nəticəsində onlar biləcəklər ki, nəyə qadirdirlər, nəyə yox. Çünki onlar orada da ən yaxşı futbolçularla rəqabət aparacaqlar.
- Siz azərbaycanlı uşaqların hansı bacarıqlarını xüsusi fərqləndirərdiniz?

- Futbolda vahid bacarıq yoxdur. Bu, əslində bacarıqların kombinasiyasıdır. Bütün bacarıqları kompleks şəkildə inkişaf etdirmək lazımdır. Müəyyən məqam çatacaq, bu gənclər özləri başa düşəcəklər ki, onlar artıq peşəkar ola bilərlər.
- Siz həmişə Bakıda çalışmaq istərdinizmi?

- Mən «heç vaxt» sözünü deməyi xoşlamıram. Hazırda burada «Mançester Yunayted» futbol klubunu təmsil edirəm. Əlbəttə, biz bacardığımız qədər kömək etmək istəyirik. Mənim üçün burada müəyyən imkanlar da var. Ona görə də “heç vaxt” deməyi xoşlamıram.
- Siz artıq ikinci dəfədir ki, Bakıdasınız. Şəhərimizi yaxşı gəzə bildinizmi?

- Keçən il də Bakını görmüşəm. Mən çox şəhərlər, ölkələr görmüşəm. Burada özümü evdəki kimi hiss edirəm. Sizin çox gözəl şəhəriniz var.
- «Mançester Yunayted»in növbəti mövsümdə İngiltərə Premyer Liqasında yeri barədə proqnozunuz necədir?

- Mən hər şeyə ümidlə yanaşıram. Klubun yeni baş məşqçisi var. Ümid edirəm ki, yenidən komanda Premyer Liqada zirvəyə doğru irəliləyəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər